Məhkəmə qərarları › İş №2(103)-9279/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9279/2021

27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9279/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, maraqlı şəxs ləğv prosesində olan "xxxx" ASCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 753/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında Y-136 nömrəli 01.01.2019-cu il tarixli və Y-140 nömrəli 08.05.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə 2019-cu il və 08.05.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ona və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı iş üzrə 02.05.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 23.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X3 96.254,23 manat məbləğində əsas, 19.117,16 manat məbləğində faiz, 500 manat məbləğində dəbbə, cəmi 115.871,39 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın 23.07.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin, 42 saylı mənzilinə, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinə, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 51 saylı mənzilinə yönəldilməsi, həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğləri ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi İddiaçı qaytarılması, eləcə də Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 42 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 34 saylı mənzilin ilkin satış qiyməti 110.000 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 51 mənzilin ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı yaşadığı ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılması qət edilmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı iş üzrə 02.05.2018-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh X6 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.03.2019-cu il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi həmin qətnaməsindən cavabdeh Ramin Salahov və vəkili tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Ali Məhkəməsinin 23.09.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Hazırda kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır. Nərimanov Rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almadığı vaxtlarda cavabdeh "xxxx" MMC tərəfindən 25.01.2019-cu il tarixli və 01.03.2019-cu il tarixli bildiriş göndərilmişdir. 25.01.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinin 58 saylı 15.01.2019-cu il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak açıq hərraca çıxarılmışdır: 1. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 51, əmlakın ilkin satış qiyməti 75.000 manat; 2. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 42, əmlakın ilkin satış qiyməti 80.000 manat. Bundan başqa, 01.03.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17/68-5294-30 saylı, 31.01.2019-cu il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır - Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 57, mənzil 34, əmlakın ilkin satış qiyməti 110.000 manat. Qətnamənin qanuni qüvvəsini almadığı və qətnamədən apellyasiya instansiya məhkəməsinə şikayət verildiyindən cavabdeh "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə və Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada məlumat verilərək bildirilmişdir ki, qətnamədən apellyasiya şikayəti verildiyindən hərracın keçirilməsinin dayandırılması xahiş olunmuşdur. Göstərilənlərə baxmayaraq cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq 01.05.2019-cu il tarixdə və 08.05.2019cu il tarixdə hərraclar keçirilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-753/2020 saylı, 15 sentyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və tələblərinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işi atraflı araşdırmadan tələsik qətnamə çıxarmışdır. Qətnamədə qeyd olunanlardan da, aşkar şəkildə görünür ki, hələ qətnamə qanuni qüvvəsini almadan icra şöbələri hərracın keçirilmələri barədə qanunsuz sifariş etmiş, "xxxx" MMC tərəfindən keçirilmiş qanunsuz harracda isə Y-136 nömrəli, 01 may 2019-cu il tarxli və Y-140 nömrəli, 08 may 2019-cu il tarixli protokolları və harracın yekunları üzrə əmlakların alqı-satqısı barədə 01 may 2019-cu il və 08 may 2019-cu il tarixli müqavilələr bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi 27 mart 2019-cu ildə çıxarılmışdır. Buna baxmayaraq hərrac markəzi may ayında hərrac keçirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsini və tələblərinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının saylı 16 iyul 2021ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “apellyasiya kollegiyası nəzərə almamışdır ki, hərracın keçirilməsi üçün əsas olan "xxxx" ASC-nin cavabdehlər X6 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və istifadə hüququnun itirilməsi” barədə iddia tələbinə dair mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini almamışdır. Belə ki, iddiaçının mübasiləndirdiyi "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında Y-136 nömrəli 01.01.2019-cu il tarixli və Y-140 nömrəli 08.05.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə 2019-cu il və 08.05.2019-cu il tarixli müqavilələri Ali Məhkəmənin Mülki kollegiyasının 19.06.2020-ci il tarixli qərarından əvvəl bağlanmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan hərrac barədə bildirişlərin göndərilməsi, “Market” qəzetində elan verilməsi və hərrac keçirilməsi “İcra haqqında” Qanununun yuxarıda qeyd edilən tələblərinə uyğun deyildir”. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bötövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verərək iddianın təmin olunmasını xahiş etmişdir. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, 02.05.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 04/31 saylı, 11.01.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (Köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili ilkin satış qiyməti 75.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 47813 manata "xxxx" ASC-yə təklif olunmuş, və həmin mənzil 47813 manata "xxxx" ASC-yə satılmışdır. Bundan başqa Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, 02.05.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon icra və probasiya şöbəsinin 17/68-5294- 30 saylı, 31.01.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili ilkin satış qiyməti 110.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 70.125 manata "xxxx" ASC-yə təklif olunmuş və həmin mənzil 70.125 manata "xxxx" ASC-yə satılmışdır. Birinci instansiya məhkəməsi hərraclarının keçirilməsində qanunvericiliyin bütün tələblərinə riayət edildiyindən və hər hansı qanun pozuntusuna yol verilmədiyindən iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, 02.05.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, 23.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X3 96.254,23 manat məbləğində əsas, 19.117,16 manat məbləğində faiz, 500 manat məbləğində dəbbə, cəmi 115.871,39 manat məbləğində borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın 23.07.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23 A/8 saylı evin, 51 saylı mənzilinə, Sumqayıt şəhəri, 9cu mikrorayon (köhnə), 23 A/8 saylı evin, 42 saylı mənzilinə, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğlərinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışdan əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - İddiaçı qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi cavabdeh X3 tutulması, hərraca çıxarılarkən ipoteka predmetləri olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23 A/8 saylı evin, 51 saylı mənzilin ilkin satış qiyməti 75.000 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23 A/8 saylı evin 42 saylı mənzilinin ilkin satış qiyməti 80.000 manat və Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti açıq hərracdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı yaşadığı ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 728 manat məbləğində pul vəsaitinin cavabdeh X3 alınaraq "xxxx" MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi isə "xxxx" ASC-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən ünvan 1 ünvanlanmış 18.04.2019-cu il tarixli məktubundan görünür ki, iş üzrə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat şöbənin icraatına daxil olmadığından hərracın dayandırılması mümkün deyildir. İş materiallarında olan "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 30.04.2019-cu il tarixli məktubdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar hərraca çıxarılmış İddiaçı mülkiyyətində olan Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinin açıq hərracdan alınması ilə bağlı təklifini qəbul etmişlər. İş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 01.05.2019-cu il tarixli Y-136 N-li protokolun kserosurətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, 02.05.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 04/31 saylı, 11.01.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (Köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili ilkin satış qiyməti 75.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 47813 manata "xxxx" ASC-yə təklif olunmuşdur. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 2019-cu il tarixli müqavilənin kserosurətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili 47813 manata "xxxx" ASC-yə satılmışdır. İş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 08.05.2019-cu il tarixli Y-140 N-li protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, 02.05.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon icra və probasiya şöbəsinin 17/68-5294-30 saylı, 31.01.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili ilkin satış qiyməti 110.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 70.125 manata "xxxx" ASC-yə təklif olunmuşdur. İş materiallarında olan yekunları üzrə əmlakın alqı-satqısı barədə 08.05.2019-cu il tarixli müqavilənin kserosurətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili 70.125 manata "xxxx" ASC-yə satılmışdır. İş materiallarından görünüdüyü kimi hərracların keçirilməsi üçün əsas olmuş Nərimanov Rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3553/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, 02.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3553/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin 2(102)-1861/2021 saylı, 19.06.2020-ci il tarixli tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3553/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında protokollardan görüdüyü kimi hərraclar 01.05.2019-cu il və 08.05.2019-cu il tarixlərdə keçirilmişdir. Göründüyü kimi faktiki olaraq Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, 02.05.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmədən hərraclar keçirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, 02.05.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalı idi. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək icraat dayandırılır. İşin müəyyən olunan hallarından göründüyü kimi isə Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, 02.05.2018-ci il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayəti verildiyi üçün həmin qətnamə əsasın verilmiş icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalı olduğu halda dayandırılmamış və nəticə olaraq "xxxx" tərəfindən qanuni qüvvəyə minməmiş qətnamə əsasında hərraclar keçirilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; həmin Məcəllənin 416.2-ci maddəsinə görə isə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsiqətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-753/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-753/2020 saylı, 15 sentyabr 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında Y-136 saylı, 01 yanvar 2019-cu il tarixli və Y-140 saylı, 08 may 2019-cu il tarixli protokollar və hərracın yekunları üzrə əmlakların alğı-satqısı barədə 2019-cu il və 08 may 2019-cu il tarixli müqavilələr etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar