Məhkəmə qərarları › İş №2(103)-928/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-928/2024

23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-928/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3314/2023 nömrəli 07 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər “X2” İctimai Birliyində birlikdə fəaliyyət göstərmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun şərəf və ləyaqəti alçaldığına görə ondan eyni yolla üzr istəməsi, həyat yoldaşı barədə ictimai birlik üzvlərinə göndərdiyi mantaj olunmuş şəkillərə və böhtan yazıları eyni yolla təkzib etməsi və ona vurduğu mənəvi ziyana görə 3000 manat, eləcə də ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 3050 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehi “X2” ictimai birliyindən tanıyır. Bir çox tədbirlərdə birlikdə iştirak etmişlər. Cavabdeh barəsində sosial şəbəkələrdə əxlaqsız paylaşımlar edildiyi zaman, o bütün bunlara görə əsassız olaraq onu günahlandırmağa başlamış və o bildirmişdir ki, bu olanların onunla heç bir əlaqəsi yoxdur. Cavabdeh heç bir əsas olmadan, 16 avqust 2022-ci il tarixində özünə məxsus ********** mobil nömrəsindən whatsapp vasitəsi ilə onun ********** whatsapp nömrəsinə 21 səsli mesaj göndərməklə, onu, ailəsini və nəslini təhqir edərək söyüşlər söymüşdür. O, cavabdehin bu 21 təhqirinə qarşılıq olaraq onu təhqir etmədən sadəcə yazmışdır ki, “buyur bütün səsləri göndər, hüquq-mühafizə orqanları hər halda araşdırar bu səsləri.” Cavabdehin ona və ailəsinə qarşı işlətdiyi şər-böhtan və təhqirlərdən sonra onun ailəsində böyük söz-söhbət yaranmış, hətta boşanmaq həddinə belə çatmışlar. Bir həftə onun evində söz-söhbət olmuş, o və yoldaşı çox ciddi mənəvi sarsıntı keçirmişlər. 24 avqust 2022-ci il tarixində Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə və Xətai rayonu Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin direktoru Rəfael Mehdiyevə, 64 nömrəli tam orta məktəbdə müəllimə və sinif rəhbəri olaraq fəaliyyət göstərən cavabdeh qeyri-etik hərəkətləri və müəllimə adına ləkə salması barədə şikayət ərizəsi ünvanlamışdır. Məktəbin direktoru tərəfindən, ona 26 sentyabr 2022-ci il tarixində göndərilmiş məktubda qeyd edilir ki, cavabdehə ciddi xəbərdarlıq edilib, sinif rəhbərliyindən azad edilib və dərs saatları azaldılıb. O, yoldaşı və övladıyla birlikdə 2022-ci ilin yanvar ayında cavabdehin evində qonaq olarkən o, öz mobil telefonu ilə onun yoldaşı və övladı ilə birlikdə bir-neçə selfi foto şəkillər çəkib. Cavabdeh onu, ailəsini və nəslini 21 səsli mesajla təhqir etdikdən sonra o və həyat yoldaşı cavabdehin nömrəsini blok etmişlər. Cavabdeh 21 avqust 2022-ci il tarixində anasına məxsus 070 *** ** ** whatsapp nömrəsi ilə onun həyat yoldaşına mesaj yazmışdır. Həyat yoldaşı nömrənin kimin olmasını ondan soruşmuş, o, öyrənib bilmişdir ki, yazan cavabdehdir və həmin anda çox sarsıntı keçirərək cavabdehi təhqir etmişdir. Hətta, 19 yanvar 2023-cü il tarixində xarici nömrədən +380 93 *** **** ona whatsapp vasitəsi ilə mesaj göndərilərək onu ailəsiylə şantaj etdilər. Onun həyat yoldaşının şəklini mantaj edib şəklin altından əxlaqsız sözlər yazmışlar. Həmin xarici nömrə ona yazmıışdır ki, “facebook-da Cavabdeh barədə yazılanları sil yoxsa yoldaşının bu şəklini hər yerə yayacağam.” O, isə həmin nömrəyə bildirmişdir ki, cavabdeh barədə sosial şəbəkədə nə yayılıbsa, bunun onunla heç bir əlaqəsi yoxdur. Həmin mantaj olunmuş yoldaşının şəklini məhz cavabdeh, o və ailəsi onlarda qonaq olarkən çəkmiş və whatsappdan ona da göndərmişdi. Birə-bir eyni həmin şəkildən cavabdeh özünü kəsib çıxarıb və onun yoldaşının şəkli ilə şantaj edirdi. Bundan sonra cavabdeh onun yoldaşının mantaj olunmuş şəkillərini X3 Şərəfxanova +**********40, Şahid4 +**********62 və Şahid3 +**********69 göndərərək onun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Bütün bu hadisələr nəticəsində nəinki o, hətta ailə üzvləri də mənəvi sarsıntı keçirib. Cavabdeh həmin səslərdə hətta ona hədə-qorxu belə gəlmişdir, nəsli barədə təhqir və böhtan dolu sözlər demişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 avqust 2023-cü il tarixli 2(011)-3314/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 1000 manat pul və ödənilmiş 16,50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh üzərinə “Whatsapp” sosial şəbəkəsində səsli ismarıc göndərməklə İddiaçı üzr istəmək vəzifəsinin qoyulması, ödənilmiş dövlət rüsumunun 33,50 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öncə həmin 21 səsli ismarıcdakı səslərin cavabdehə məxsus olması ilə bağlı qeyd etmişdir ki, cavabdeh özü xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclası zamanı iddiaçı tərəfindən təqdim edilmiş optik daşıyıcıda olan audio yazılardakı səsli ismarıcların ona aid olduğunu və onun tərəfindən cavabdehə göndərildiyini etiraf etmişdir.

6. İş materiallarına əlavə edilmiş, optik daşıyıcıda əks olunmuş audio yazının tədqiqi zamanı müəyyən olunur ki, qeyd olunan məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələrdir. Belə ki, həmin səsli ismarıclarda bütövlükdə əxlaqi prinsiplər baxımından insan üçün olduqca həssas məqamlara toxunulmuş, etik qaydalara uyğun olmayan fikirlər bildirilmişdir. Beləliklə də cavabdehin səsləndirdiyi və iddia ərizəsinə əlavədə yazılı şəkildə qeyd edilmiş ifadələrin iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələr olması şübhə doğurmur. İddiaçının şərəf və ləyaqətini ləkləyən söz və ifadələrin yayılması ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən göndərilmiş 21 səsli ismarıc “Whatsup” ani mesajlaşma mobil tətbiqi vasitəsilə yalnız iddiaçının özünə ünvanlansa da, cavabdeh tərəfindən iddiaçının ünvanına qeyd olunan ismarcın göndərilməsi iddiaçının özünü öz gözündə aşağılamaq üçün yetərli olduğundan, bu hərəkətlərin ləyaqəti alçaldan hərəkət olması mübahisəsiz haldır. Ləyaqətin alçaldılması da məhz bunu özündə ehtiva edir. Çünki ləyaqət hissi insanın özünün-özünə verdiyi qiymət olduğu üçün həmin hissi ləkələyən məlumatların şəxsin özünə deyilməsi də artıq kifayətdir. Göstərilən söz və ifadənin doğru olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, səsli ismarıclardakı səsləndirilən məlumatları həqiqəti əks etdirmir. Cavabdeh müəyyən faktlara istinad etdiyi halda, həmin faktların sübut etmə vəzifəsi məhz onun üzərinə düşür. Qanunvericilik qeyd olunan məlumatların həqiqətə uyğun olub-olmamasını sübut etmək vəzifəsini məlumatları yayan şəxsin üzərinə qoyduğu halda cavabdeh səsli ismarıclardakı səsləndirdiklərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, barəsində şərəf və ləyaqətini ləkələyən sözlərin və ifadələrin yayılması, heç şübhəsiz ki, iddiaçının şüurunda mənfi psixoloji emosiyalara səbəb olmuş, əsəb və psixoloji sarsıntılar keçirmiş və bunun nəticəsində o, mənəvi zərər çəkmişdir.

8. Məhkəmə iddia tələbinin iddiaçının həyat yoldaşı barədə ictimai birlik üzvlərinə göndərilən şəkillərə və böhtan yazıları eyni yolla təkzib etməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı öz şərəf və ləyaqətinin müdafiəsini tələb edə bilər, ailə üzvlərinin şərəf və ləyaqətinin müdafıəsi üçün müvafiq şəxsin özü iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasnın 46-cı maddəsinin 1-ci hissəsində qeyd olunub ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəsədə təmin edilə bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 23.1, 23.4, 1097.1, “Şərəf və ləyаqətin müdаfiəsi bаrədə qаnunvеriciliyin məhkəmələr tərəfindən tətbiq еdilməsi təcrübəsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 14 mаy 1999-cu il tаriхli 7 sаylı qərаrı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi onun səs yazıları olan disklərdəki səs yazısı da sadəcə iddiaçının onu təhqir etməsi nəticəsində ona verilmiş cavablar ola bilərdi. Yəni o qərəzli şəkildə və qəsdən iddiaçı barədə hər hansı bir şərəf və ləyaqəti ləkələyən məlumatlar yaymamış, aralarında olan mübahisə də yalnız ikisinə aid olmuş və digər şəxslərin bundan məlumatı olmamışdır. Şahid1 ona yaxınlaşaraq özü etiraf etdi ki, İddiaçı yoldaşının fotolarını Şahid3 onun vatsapp nömrəsinə və qrupa göndərmişdir. Şahid1 xx.xx.2023-cü il tarixli notariat qaydada verdiyi ərizədə də bunları təsdiq etmişdir. Şahidlər hakim tərəfindən məhkəmə prosesinə dəvət olunsalar da, heç biri məhkəmə prosesində iştirak etmədilər və məhkəmə linqvistik ekspertizası keçirilmədən məhkəmə İddiaçı xeyrinə qərar cıxardi. İşin hallarından da görünür ki, tərəfindən iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasını təsdiq edən hər hansı bir sübut olmadığı halda, məhkəmə əsassız olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin rədd edilməsini və qətnaməyə etirazını bildirərək, cavabdehdən 3000 manat təzminatın tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

13. Cavabdeh teleqram ünvanlayaraq, dərsdə olduğu üçün üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilmədiyindən, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

14. İddiaçı isə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəsəyini bildirərək, Xətai Rayon Məhkəməsinin qətnaməsini ləğv edilməsini, cavabdeh tərəfindən onun şərəf və ləyaqətini alçaldığına görə ondan eyni yolla üzr istəməsi və ona vurduğu mənəvi ziyana görə 3000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İşə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

16. Maddə 46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

20. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

21. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə ilə iddia tələbi qismən təmin edilmiş olsa da, yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən hazırki apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti həddində - iddia tələbinin təmin edilən hissəsində qətnamənin yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. İddiaçı tələbində cavabdehin onun istifadəsində olan mobil nömrəyə “Whatsapp” sosial mesajlaşma mobil tətbiqi vasitəsilə 21 ədəd səsli ismarıcın göndərilməsi nəticəsində şərəf və ləyaqətinin, işgüzar nüfuzunun alçaldılması və buna görə mənəvi zərər çəkdiyini iddia etmişdir.

32. Apellyasiya baxışı zamanı cavabdeh iddiaçı tərəfindən sübut qismində iş materiallarına əlavə edilmiş səs yazısının mötəbərliyini mübahisələndirmiş və göstərmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən səs yazısının ona aid olmasını əsəbiləşib, “hə, mənim səsimdir” demişdir, lakin iddiaçı tərəfindən təqdim edilmiş diskdəki səs yazıları ona məxsus deyil.

33. Bu səbəbdən Kollegiya tərəfindən məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli ekspert rəyinə görə ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində “Xətai rayon Məhkəməsinə”, “xx.xx.2023” xüsusi qeydi olan “Ahuang” markalı ağ rəngli diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı (3-cü səs yazısı, tədqiqatı tələb olunan mübahisəli fonoqramın adı: 1- Cavabdeh təhqirləri) danışıqların tədqiqi hissədə yazılmış yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur.

34. Ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində “Xətai rayon Məhkəməsinə”, “xx.xx.2023” xüsusi qeydi olan “Ahuang” markalı ağ rəngli diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı (3-cü səs yazısı, tədqiqatı tələb olunan mübahisəli fonoqramın adı: 1-Cavabdeh təhqirləri) danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

35. Göründüyü kimi cavabdeh apellyasiya baxışı zamanı səs yazılarının ona aid olmadığını bildirsə də, keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, həmin səs yazıları Cavabdeh məxsusdur.

36. Kollegiya qeyd edir ki, insan ləyaqətinə hörmət etmək, ona təminat vermək və onu qorumaq əslində insanın əsas həyati hüquqlarına hörmət etmək, onları qorumaq, ona layiqli həyat şəraitini təmin etmək, ona ali varlıq kimi münasibət bəsləmək deməkdir. Şərəf-cəmiyyətin üzvi kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Şərəf şəxsin müsbət sosial cəhətdən qiymətləndirilməsidir. Şərəf şəxsiyyətin müsbət cəhətlərini (vicdanlı, ədalətli, cəsur) əks etdirir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostların əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir.

37. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 nömrəli Qərarında Plenum qeyd etmişdir ki, şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir.

38. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir.

39. Ləkələyici məlumat dedikdə, fiziki şəxslər (hüquqi şəxslər) tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya fiziki şəxslərin şərəf və ləyaqətini və ya şəxslərin (fiziki və hüquqi şəxslərin) işgüzar nüfuzunu alçaldır, onları qiymətdən salır.

40. Cavabdeh tərəfindən iddiaçı barəsində səslənən məlumatların şərəf və ləyaqəti ləkəyələn məlumat olmasına münasibətdə məhkəmə haqlı olaraq göstərmişdir ki, qeyd olunan məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələrdir.

41. Kollegiya qeyd edir ki, səsləndirilmiş ifadələrin əxlaqi-mənəvi prinsiplərə, etik qaydalara uyğun olmadığı, şəxsin şərəf və ləyaqətini alçaldan və onu qiymətdən salan ifadələr olması kifayət qədər aydın və aşkardır (məhz bu səbəbdən cavabdehin Kollegiyaya ünvanladığı məhkəmə-linqvistik ekspertizasının keçirilməsi barədə vəsatətin təmin edilməsinə zərurət olmamışdır).

42. Sadalanmış qanunvericilik aktlarına əsasən, şərəf və ləyaqətin müdafiəsi işlərində yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə qarşı hər-hansı mötəbər sübut təqdim edə bilməmişdir.

43. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, aralarında olan mübahisə də yalnız ikisinə aid olmuş və digər şəxslərin bundan məlumatı olmamışdır.

44. Bununla bağlı məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdeh tərəfindən göndərilmiş 21 səsli ismarıc “Whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə yalnız iddiaçının özünə ünvanlansa da, cavabdeh tərəfindən iddiaçının ünvanına qeyd olunan ismarcın göndərilməsi iddiaçının özünü öz gözündə aşağılamaq üçün yetərli olduğundan, bu hərəkətlərin ləyaqəti alçaldan hərəkət olması mübahisəsiz haldır.

45. Mənəvi zərərlə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, mənəvi zərər hüquq pozuntusunun (cavabdehin təqsirli hərəkətlərinin) nəticəsi olduğuna görə iddiaçı mənəvi zərərin mövcudluğunu sübut etməyə məcbur edilə bilməz. Bununla belə, mənəvi zərərin məbləği ədalətli və ağlabatan olmalıdır.

46. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi zərər hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi zərərin mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi zərərlə bağlı təcrübəsi göstərir ki, mənəvi zərərin müəyyən edilməsi üçün dəqiq meyarlar yoxdur, mənəvi zərər xüsusi xarakterə malik olmaqla həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi zərərin məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

48. Bu baxımdan, kollegiya mənəvi zərərlə bağlı da iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iddiaçının yayılan məlumata görə keçirdiyi stresi, narahatlığı, məyusluğu birinci instansiya məhkəməsinin mənəvi sarsıntılar kimi qiymətləndirməsi və cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaitinin tutulması ağlabatan və ədalətli olmuşdur.

49. İddiaçı apellyasiya şikayətinə etirazda, həmçinin ünvanladığı ərizədə vurulmuş mənəvi ziyana görə cavabdehdən 3000 manatın tutulmasını tələb etsə də, Kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş və sonuncu tərəfindən apellyasiya şikayəti verilməmişdir. Ona görə də hazırda qətnamə yalnız cavabdehin apellyasiya şikayəti həddində - iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə yoxlanılır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3314/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri təşkil edən 150 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar