Məhkəmə qərarları › İş №2(103)-929/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-929/2023

24.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-929/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Cavabdeh4, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə dair verilmiş order, mənzil icarə müqaviləsi, əmrin etibarsız sayılması, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh4 və onun nümayəndəsi (vəkili) Vəkil1, tərcüməçi X3 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Cavabdeh4, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmrin, icarə müqaviləsinin və özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X7 Bakı şəhəri, Sabunçu rayonu, M.Aydınbəyov küçəsi (indiki X1) ev 27 ünvanında yerləşən 8 saylı mənzilə dair Bakı şəhər X17 tərəfindən xx.xx.1987-ci il tarixdə 074349 saylı order verilmişdir.

2. X10 ilə X18 arasında 23 mart 1991-ci il tarixdə nikah bağlanmış, nikah Ukrayna Respublikasının Xerson vilayətinin Dudçinskiy sovetliyində qeydə alınmış, nikahdan sonra arvada “Muradova” soyadı verilmişdir.

3. İddiaçı Qriqoriyevna xx.xx.1991-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin 8 saylı mənzilindən qeydiyyatdan çıxarılmışdır.

4. Bakı şəhəri Sabunçu Rafon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin 8 saylı mənzilində yaşamaları faktı müəyyən olunmuş, onların həmin mənzilidə pasport qeydiyyatına alınmaları qət edilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin xx.xx.2007-ci il tarixli 402 saylı əmri ilə icra edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin sahəsi 38.0 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzilinin şəxsi hesabı 4 nəfər ailə üzvü olan (özü, h/yoldaşı Arzu Şükürova, qızı Vüsalə Şükürova, oğlu Murad Şükürov) Cavabdeh4 ilə icarə müqaviləsi bağlanmış, Cavabdeh4 adına yeni şəxsi hesab vərəqəsinin açılması MKXD-nin 11 saylı MİS-nə tapşırılmış, əmrin surətlərinin Cavabdeh4 Şiikür oğluna və 11 saydı MİS-nə göndərilməsi Mənzil İstismar Sahələri ilə iş şöbəsinə tapşırılmışdır.

6. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin xx.xx.2022-ci il tarixli SOCAR **********10210033B00003 saylı məktubunda göstərilmişdir ki, Sosial İnkişaf İdarəsinin Mənzil Kamumunal Xidmətlər Departamentinin xx.xx.2007-ci il tarixli 402 nömrəli əmiri ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi icra edilərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin 8 saylı mənzilinə dair icarə müqaviləsi Cavabdeh4 adına bağlanmışdır.

7. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin 8 saylı mənzili xx.xx.2013-cü il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh4 adına qeydiyyata alınmış, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* saylı çıxarış verilmişdir.

8. Hazırda həmin mənzildə Cavabdeh4 və ailə üzvləri yaşayırlar və orada pasport qeydiyyatındadırlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Cavabdeh4, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi (indiki X1) ev 27, mənzil 8-ə dair Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 402 nömrəli əmrin, həmin əmr əsasında Cavabdeh4 ilə bağlanmış icarə müqaviləsinin, mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhər X9 xx.xx.1987-ci il tarixli 074349 saylı orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi (indiki X1) ev 27, mənzil 8 ona məxsusdur. 1989-cu ilin təqribən mart ayında Rusiya Federasiyasına getmiş, Azərbaycana qayıdanda evinə gəlib görmüşdür ki, evi məcburi köçkün Cavabdeh4 və onun ailəsi tərəfindən zəbt edilmişdir. Həmin dövrün qanununa əsasən onları mənzilindən çıxara bilməyəcəyini bildiyindən məhkəməyə müraciət etməyib gözləmək qərarına gəlmişdir. 2013-cü ildə öyrənmişdir ki, Şükürov X13 Rayon Polis İdarəsinə qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbi ilə Sabunçu Rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi ev 27, mənzil 8-də yaşamaları faktı müəyyən edilmiş və onların həmin mənzilə pasport qeydiyyatına alınmaları qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti versə də, prosessul müddətin ötürülməsi səbəbindən şikayəti geri qaytarılmışdır. 2013-cü ildə baş tutmuş məhkəmə iclaslarında bəzi prosessul pozuntulara yol verilmiş, rusdilli olmasına, Azərbaycan dilində danışmağı, yazıb oxumağı bacarmamasına baxmayaraq məhkəmə iclaslarında tərcüməçinin iştirakı təmin edilməmiş, sənədlərin sürətləri ona verilməmişdir. Bu il ona məlum olmuşdur ki, məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması barədə iddia ərizələri təmin edilir. Bu məqsədlə Sabunçu Rayon Məhkəməsinə müraciət edib məhkəmənin arxivində olan 2-1418/2007 saylı iş materialları ilə tanış olmuş, lazım olan sənədlərin surətini götürüb “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi vermək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə iş materialları ilə tanış olduğu zaman müəyyən etmişdir ki, Cavabdeh4 onun mənzilini öz adına sənədləşdirərək Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış almışdır. Bundan sonra vəkil sorğusu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, həmin İdarədən verilən cavab məktubunda sözügedən çıxarışın verilməsinə əsas olmuş sənədin Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 402 nömrəli əmr olduğu bildirilmişdir. Bakı şəhər X9 xx.xx.1987-ci il tarixli 074349 saylı Orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi (indiki X1) ev 27, mənzil 8 ona məxsus olduğuna görə, həmin mənzilə dair Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən mənzilin Cavabdeh4 verilməsi barədə xx.xx.2007-ci il tarixli 402 nömrəli əmri qanunsuz və əsassızdır. Çünki mənzilə dair adına order mövcuddur və qüvvədədir. Bu səbəblə də həmin əmr etibarsız hesab edilməli və Cavabdeh4 adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış ləğv olunmalıdır.

11. Cavabdeh Dövlət Neft Şirkətinin birinci instansiya məhkəməsinin iclasında iştirak edən nümayəndəsi X15 iddia tələbinin əsassız olduğunu bildirmiş, onun rədd edilməsini xahiş etmişdir.

12. Cavabdeh4 və onun nümayəndəsi (vəkili) iddia tələbinin əsassız olduğunu bildirərək izahatlarında göstərmişlər ki, Cavabdeh4 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və məcburi köçkün deyildir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 33 saylı evin, 4 saylı mənzili Bakı şəhəri Lenin RİK-si tərəfindən 16 sentyabr 1965-ci il tarixli orderə əsasən onun atası X8 verilmiş, həmin mənzil Lenin RİK-nin 14 may 1992-ci il tarixli qərarına əsasən yaşayış üçün yararsız hesab olunaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi 27 saylı evin, 8 saylı mənzili ailə üzvləri nəzərə alınmaqla X8 ayrılmış, “Balaxanıneft” NQÇİ-nin həmkarlar ittifaqının Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli birgə iclas protokoluna əsasən mənzili Ş.Şükürova təhvil verilmişdir. X12 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin 8 saylı mənzili onlara verilən vaxtdan etibarən mənzili Cavabdeh4 təmir etmiş və yaşayış üçün yararlı vəziyyətə gətirərək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsinə əsasən, onun ailə üzvləri ilə birlikdə sözügedən mənzildə 1992-ci ildən yaşamaları faktı müəyyən edilmiş, onlar həmin mənzilə pasport qeydiyyatına alınmış,qətnamənin icrası qaydasında Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin 27 noyabr 2007-ci il tarixli 402 nömrəli əmri ilə mənzilə dair şəxsi hesabı 4 nəfər ailə üzvü nəzərə alınmaqla onunla icarə müqaviləsi bağlanmışdır. Sonradan mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 31 may 2013-cü il tarixli RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi 27 saylı evin 8 saylı mənzilinin onun istifadəsində və eyni zamanda mülkiyyətində olması barədə məlumatı olmuş, bu xüsusat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qəradadında öz əksini tapmışdır. Həmin məhkəmə iclasında iddiaçının özü və nümayəndəsi iştirak etmişdir. X11 2013-cü ildə Sabunçu Rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməsi barədə ərizə ilə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərardadı ilə ərizə təmin olunmuş, həmin qərardaddan Cavabdeh4 verdiyi şikayəti Bakı Apellyasiya Məhkəməsində baxılarkən, məhkəmə qərardadın əsaslandırıcı hissəsində qeyd etmişdir ki, 20 iyun 2007ci il tarixli qətnamə qanuni qüvvəsini almaqla icraya yönəlmiş və 2007-ci ilin dekabr ayında tam icra edilmişdir. Məhkəmə qərardadında həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ərizəyə baxarkən İddiaçı hazırki mülki işə münasibətdə prosessual tərəf olubolmamasını və 20 iyun 2007-ci il tarixli qətnamənin onun hər hansı hüquq və vəzifələrinə, maraqlarına toxunub-toxunmamasını müəyyən etməmişdir. Məhkəmə qərardadında onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbini üzürlü hesab etməklə buraxılmış prosessual müddəti bərpa edərkən 074349 saylı orderi əsas tutmuşdur. Həmin orderdə qeyd edilən X5 ərizə ilə məhkəməyə müraciət etmiş İddiaçı ilə ilə eyni şəxs olub-olmamasını müəyyən etməmiş, qərardadın təsviri və əsaslandırıcı hissəsində ümumiyyətlə ərizəçinin soyadını qeyd etməmiş, nəticə hissəsində isə ərizəçinin adını “Mina” kimi qeyd etməklə yanlış nəticəyə gəlmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2013-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməsinə dair İddiaçı ərizəsinə yenidən baxılması üçün işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi müddətin bərpasına dair ərizəyə baxarkən müəyyən etmişdir ki, Bakı şəhəri X17 tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 074349 nömrəli orderdə X10 qeyd edilsə də, ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətində X11 qeyd edilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, “Nina” adının qanuni yolla “Mina” adı ilə əvəzləşdirilməsi və qeydiyyat orqanlarında qeydiyyata alınması barədə M.Qriqoryevna məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli qərardadına əsasən, X6 ərizəsi təmin olunmayaraq 20 iyun 2007-ci il tarixli qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddət bərpa edilməmişdir. İddiaçı hazırda müraciət etdiyi iddia ərizəsinə Bakı şəhəri X17 tərəfindən X7 verilmiş xx.xx.1987-ci il tarixli 074349 nömrəli orderi əlavə etmişdir. Məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsində isə İddiaçı kimi qeyd edilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi 27 saylı evin 8 saylı mənzilinə dair Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 402 nömrəli əmri və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışı mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçının subyektiv hüquqa malik olmaması iddianın təmin edilməsini istisna etdiyindən, əqdlərin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərə riayət edilib edilməməsi ilə bağlanması halının araşdırılması zəruriliyini də aradan qaldırır. Artıq X6 ərizəsi əsasında bu işə 2013-cü il tarixdə baxılmışdır və Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2013-cü il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli qanuni qüvvəyə minmiş qərardadları mövcuddur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində 2013-cü il tarixdə müddətin bərpasına dair işə baxılarkən, mənzilə dair Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 402 nömrəli əmr, Cavabdeh4la bağlanmış icarə müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarış iş materiallarında olmuş, məhkəmə tərəfindən həmin sənədlərə baxılmış, sübutlarla birlikdə tədqiq edilərək artıq hüquqi qiymət verilmişdir. Bundan başqa 2013-cü il tarixdə işə baxılarkən, iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin 30 oktyabr 2013-cü il tarixli məktubundan görünür ki, İddiaçı barəsində 1959-1965-ci illər üzrə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Eyni zamanda 2013-cü il tarixdə işə baxılarkən, iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 05 noyabr 2013-cü il tarixli məktubundan görünür ki, Muradova (Qazarova) Nina Qriqoryevnanın barəsində 1959- 1965-ci illərə dair ilkin, 1962-1979-cu illərə dair isə bərpa akt qeydləri yoxlanılmış, doğum haqqında akt qeydi aşkar olunmamışdır. Göründüyü kimi Muradova (Qazarova) Nina Qriqoryevnanın doğum akt qeydi olmadığı halda şəxsiyyət vəsiqəsinin alınması qeyrimümkündür. Bütün bunlar əsas verir ki, Muradova (Qazarova) Nina Qriqoryevna saxta yolla şəxsiyyət vəsiqəsi almışdır. Məhkəmə tərəfindən işə baxılarkən bunlara hüquqi qiymət verilməlidir. İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ olsaydı belə əqdin etibarsızlığı ilə bağlı bir il müddətinə iddia qaldırmalıydı. Cavabdeh4 mənzildə 22 ildən çoxdur ki, ailə üzvləri ilə birlikdə yaşayır, iddiaçının mənzilin onun mülkiyyətində olması barədə məlumatı iddia ərizəsində qeyd etdiyi kimi 1990-cı ildə olmuşdur.

13. Cavabdeh4 iddia müddətinin tətbiqi barədə ərizə də təqdim edərək, iddia tələblərinin həm də iddia müddətinin ötürülmüş olması əsası ilə rədd edilməli olmasını bildirmişdir.

14. Məhkəmənin 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 27 saylı evin 8 saylı mənzilinn xx.xx.2013-cü il tarixdən mülkiyyətçisidir. Qeyd edilən daşınmaz əmlakın cavabdehinin mülkiyyətinə verilməsinə əsas olmuş sənədlər isə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 402 nömrəli əmri və həmin əmr əsasında Cavabdeh4 ilə bağlanmış icarə müqaviləsidir. İddiaçı qeyd edilən əmirin və icarə müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı etibarsızlığın qanunvericiliklə müəyyən edilmiş konkret əsaslarının mövcudluğu müəyyən olunmamışdır.

16. Məhkəmə Cavabdeh4 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, iddia tələbi üzrə etibarsızlıq əsasları mövcud olmadığından, müqavilənin etibarsızlığı üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətin tətbiq olunmasına dair zərurut aradan qalxmışdır.

17. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 152.1-ci, 157.1-ci, 337-ci, 421-ci maddələrinə istinad etmişdir.

18. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

19. Cavabdeh4 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etiraz iddiaya etirazla eyni məzmunda əsaslandırılmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

20. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər.

21. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 və nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu, erməni millətindən olan iddiaçının 1989-cu ildə ölkəni tərk edib getdiyini, bundan sonra mənzilin Cavabdeh4 “Balaxanıneft” NQÇİ-də işləyən atasına verildiyini bildirmişlər.

22. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi Nümayəndə mənzilin Cavabdeh4 verilməsində hər hansı qanunsuzluğa yol verilmədiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlərin nümayəndələri məhkəməyə gəlməmişlər.

24. Kollegiya işin hallarını və şikayətə işdə toplanmış sübutlar əsasında baxılmasının mümkün olmasını nəzərə alaraq, gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını qərara almışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi

25. Maddə 6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür.

26. Maddə 33 (1-ci hissə). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X17 icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər.

27. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

28. Maddə 49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər.

29. Maddə 51 (1-ci hissə). Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

30. Maddə 62. İcarədarın müvəqqəti başqa yerə getməsi, onu yaşayış sahəsini icarə müqaviləsi üzrə bütün vəzifələri yerinə yetirməkdən azad etmir.

31. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

33. Maddə 337.1 və 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.

34. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

46. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

47. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin gəldiyi nəticə və iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

49. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

50. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

51. İddiaçının özünün bildirdiyi faktiki hal ondan ibarətdir ki, milliyətcə ermənidir - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi (indiki X1) ev 27 ünvanında yerləşən 8 saylı mənzilə dair ona xx.xx.1987-ci il tarixdə order verilmiş, 1989cu ilin mart ayında Rusiya Federasiyasına getmiş, Azərbaycana qayıtdığı zaman mübahisəsi gedən mənzilin Cavabdeh4 və onun ailəsinin sahibliyində oluğunu görmüş, 2013-cü ildə isə onların həmin mənzilə pasport qeydiyyatına alındıqlarını öyrənmişdir.

52. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına görə, order yalnız yaşayış sahəsinə köçmək üçün əsasdır (§ 27); icarədarın daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi isə yaşayış sahəsinin icarə müqaviləsinin onun getdiyi gündən pozulmuş hesab edilməsi ilə nəticələnir (§ 31).

53. Bu mənada kollegiyanın qənaətinə görə, mübahisəsi gedən mənzilə dair Cavabdeh4la icarə müqaviləsi bağlanarkən və müvafiq əmr verilərkən iddiaçının mənzil üzərində hüququ olmamışdır (qalmamışdır).

54. Bu zaman həm də nəzərə alınmalıdır ki, sözügedən əmr məhkəmənin qanuni qüvvədə olan qətnaməsinin icrası ilə bağlı verilmiş, həmin qətnamə əsasında həm də Cavabdeh4la icarə müqaviləsi bağlanmışdır.

55. Beləliklə, mübahisələndirilən əmrin və icarə müqaviləsinin, eləcə də mənzil Cavabdeh4 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsinə əsas olan hallar mövcud deyildir.

56. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, “Cavabdeh4 adına verilmiş çıxarışın ləğv olunması” tələbi üzrə ayrıca əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü həmin çıxarışın verilməsinə əsas olmuş özəlləşdirilmənin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən əmələ gələn müvafiq tələbin dispozitiv şərtlərini də istisna edir.

57. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3647/2022 saylı iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar