Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-932/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-763/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada evə dəymiş ziyana görə 80 000 manat, ev əşyalarının dəyəri, mənəvi ziyana görə 30000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə, iş № 2(003)-763/20) iddia təmin edilməmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsində 0,0143 ha sahədə bir mərtəbəli, 5 otaqdan ibarət ev tikmişdir. Həmin ev Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi 4589 T saylı bağ evidir. Hazırda qeyd edilən torpaq sahəsinin onun istifadəsində olması və evin ona məxsus olmasına dair Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsindən xx.xx.2018-ci il tarixli, Seriya ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin evdə cavabdehlərdən anasına və bacısına yaşamağa icazə vermiş, lakin onlar onun icazəsi olmadan qardaşlarını da gətirmişlər. Bundan sonra onlar onun həyat yoldaşını döyməyə, incitməyə başlamışlar. Həyat yoldaşı hamilə olmuş, bu dava nəticəsində övladı vaxtından əvvəl doğulmuş, üç gündən sonra isə vəfat etmişdir. 2016-cı ilin yanvar ayından onlar məcburiyyət qarşısında qalaraq öz evlərini tərk edib, başqa-başqa ünvanlarda kirayə yaşamağa məcbur olmuşlar. Dəfələrlə tələb etmişdir ki, cavabdehlər evdən çıxsınlar, lakin cavabdehlər könüllü evi tərk etməmiş və qanunsuz istifadə etməkdə davam etmişlər. Nəticədə isə o, öz qanuni mülkiyyətindən sərbəst istifadədən məhrum olmuşdur. Belə olan halda məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, X2 və X1 mübahisəli evdən əşyalarları ilə birlikdə çıxarılmalarını xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəməkləri tərəfindən qüvvədə saxlanıldıqdan sonra icraya yönəldilmişdir. İcra məmurunun iştirakı ilə mənzil boş vəziyyətdə ona təhvil verilən zaman mənzilin nəinki qapı pəncərəsi, hətta döşəmə və tavanı belə olmamış, divarlar çat-çat olmaqla ev yararsız vəziyyətə salınmışdır. Bundan başqa evdə olan əşyalar bir ədəd böyük ekran plazma “Qurundik” markalı dəyəri 1800 manat, bir ədəd soyuducu “Toşiba” nifroz sistemli dəyəri 1500 manat, qabaq stolu dörd ədəd oturacaq sutulu dəyəri 8500 manat, 2 ədəd qazan dəyəri 120 manat, stəkan dəst 40 ədəd boşqab dəyəri 100 manat, bıçaq dəsti dəyəri 40 manat, sini iki ədəd dəyəri 20 manat, şəxsi əşyalar geyim köynək səkkiz ədəd gödəkçə, bir ədəd daraq güzgü, foto albomlar, əskərlik şəkil albomu, dörd ədəd pərdə, çilçıraq çil-çırağın bir ədədinin qiyməti 130 manat, divan kreslo iki ədəd dəyəri 1750 manat, dolab dörd qapılı dəyəri 1000 manat termo güzgü dəyəri 350 manat, xalça bir ədəd dəyəri 270 manat, üç ədəd örtük dəyəri 180 manat, su sayğacı, qaz xəttini çıxarıb aparıblar, evin dam örtüyü sındırılıb yararsız vəziyətə salınıb, səkkiz ədəd pəncərə sındırılaraq yararsız vəziyətə salınıb, beş ədəd ev qapısı, bir ədəd hamam qapısı və evin seyf qapıları sınıdırılaraq aparılmış, evə gələn elektrik naqilinin 50 metri çıxarılaraq aparılmış, evin dibi qazılaraq su axıdılmış və evdə çatlar əmələ gəlmiş, həyətdə olan balaca tövlə tamamilə sökülmüş, razetkalar, evin cərəyan xətləri, razetka və cərəyan xətləri, şit sökülərək aparılmış, 200 metr su xətti çıxarılaraq aparılmışdır. Həmin evi o, tikməklə ev tam təmirli olmaqla evin ümumilikdə təmirinə 80 000 manat xərc çəkmişdir. Lakin evə köçən zaman ev tamamilə yararsız vəziyyətə salınmış və evin qapı pəncərələrini belə çıxarmaqla aparmışlar. Sonradan polisə xəbər verdikdən sonra əşyaların bir qismi yararsız vəziyyətdə qaytarılmışdır. Hazırda həmin evdə yaşamaq mümkün deyil və evin yenidən təmir olunmasına əlavə xərc çəkmək lazımdır. Buna isə hazırda onun maddi imkanı yoxdur. Bundan başqa iki ilə yaxın kirayələrdə yaşamaqla mənəvi iztirab çəkmişdir. Buna görə də cavabdehlərdən mənəvi zərərə görə 30 000 manat tutulmalıdır. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi 4589T saylı bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmuna malik olan apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, evin əvvəlki vəziyyəti və indiki vəziyyəti barədə şəkilləri və digər sübutları məhkəməyə təqdim etsə də, hakim bunları nəzərə almadan əsassız olaraq vəsatətini təmin etməmişdir. Onun vəsatəti təmin olunmalı, iş üzrə ekspertiza təyin olunmalıdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər doğma qardaşlardır. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi 4589 T saylı bağ evi iddiaçıya məxsusdur. İddiaçının həmin ev üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. Pirallahı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin iddiaçıya məxsus bağ evindən çıxarılması qət olunmuş və həmin qətnamə icra edilmişdir. İddiaçının hazırkı iş üzrə tələbi ona vurulmuş maddi və mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada 110 000 manat (80 000 + 30000) pulun tutulması barədədir. İddiaçı tələbini cavabdehlər tərəfindən onun evinin və ev əşyalarının yararsız vəziyyətə salınması, ona maddi və mənəvi ziyan yetirilməsi ilə əsaslandırmış və Mülki Məcəllənin 21, 443.7, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsi ilə əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı ona dəymiş 80000 manatlıq maddi zərərin cavabdehlər tərəfindən ödənilməli olduğunu Mülki Məcəllənin 1096-cı maddəsinin tələbləri qaydasında onların mülki hüquqi məsuliyyətinin yaranması ilə əsaslandırsa, belə bir məsuliyyətin yarandığı müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehlər həmin evdə yaşayarkən evin təmirinin yaxşı vəziyyətdə olmasını, lakin cavabdehlərdən qətnamənin icrası qaydasında evi təhvil alarkən onlar tərəfindən yarasız (zərər vurulmuş) vəziyyətdə olmasını qeyd etsə də, evin əvvəllər və sonradan hansı vəziyyətdə olmasına, o cümlədən məhz cavabdehlərin əməlləri nəticəsində evə zərər dəyməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçı həmin evdə ona məxsus məişət avadanlıqlarının olmasına və olduğu təqdirdə isə cavabdehlər tərəfindən həmin əşyaların yararsız hala salınmasına dair də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi üzrə istinad etdiyi hallar sübuta yetirilmədiyindən və iddiaçının ona dəymiş 80000 manatlıq maddi ziyanın cavabdehlər tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığından həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq iddia tələbinin əsassız və rədd edilməli olduğu qənaətinə gəlmişdir. Apelyatorun mövqeyinə görə, iş üzrə müvafiq ekspertiza təyin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq ekspertiza təyin olunması üçün əsas müəyyən etmədi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-932/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-932/2021
27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver