Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9324/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakların üzərindən həbsin götürülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 avqust 2021-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şöbəyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı mənzildən götürülmüş 94,928 manat dəyərində olan qızıl-zinət əşyalarının, 102.000 ABŞ dolları məbləğində nağd pulun, 269.700 manat dəyərində olan və Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin, 12 saylı adına olan mənzilin, 269.700 manat dəyərində olan və Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı adına olan mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi və adı çəkilən əmlakların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.08.2021-ci il tarixli qərardad ilə iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsaslı olmadığından ləğv edilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.08.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) yuxarıda qeyd edilən şikayətin dəlillərini, habelə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv olunmalı, iddia ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.12.2017-ci il tarixli hökmündən (İş № 1(101)-64/2017) apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.02.2018-ci il tarixli qərarı (İş № 1(103)-362/2018) ilə hökmlə xüsusi müsadirə tətbiq edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan İddiaçı yaşadığı mənzildən götürülmüş 94.928 manat dəyərində olan qızıl-zinət əşyaları, 102.000 ABŞ dolları məbləğində nağd pul, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş hər birinin qiyməti 269.700 manat olan və iddiaçının adına olan (yuxarıda qeyd edilən) 12 və 15 saylı mənzillərin, iddiaçının adına olan 11.006,10 manat dəyərində **-VK-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobilə cinayət işi üzrə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin "xxxx" ASC-dəki hesabına ödənilmiş 300.000 manat Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi və s. qərara alınmışdır. Hazırki iddianın icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə istinadən hesab etmişdir ki, iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bunu nəzərə alaraq iddia ərizəsinin qəbulundan imtina etmişdir. Rayon Məhkəməsinin qərardadından görünür ki, Rayon Məhkəməsi iddianın qəbulu məsələsini müzakirə edərkən iddianın qəbulu məsələsini Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsinin tələbləri baxımından müzakirə etməmişdir. Halbuki, CİM-nin 183.2-ci maddəsinin tələbinə görə, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardadı ləğv olunmalı, iddia ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, əgər iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərsə, onda Rayon Məhkəməsi həmçinin nəzərə almalıdır ki, Bakı Apellyasiya Məhkəməsi oxşar işə baxırkən, məhkəmə praktikasında cinayət işinin icraatı zamanı üzərinə həbs qoyulan və sonradan cinayət işinə baxan məhkəmənin yekun qərarı ilə barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilən əmlakın kimə mənsub olması haqqında mübahisəyə baxılma mexanizmi ilə bağlı müxtəlif yanaşmaların olduğu müəyyən edilmiş və bu məqsədlə “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsində təsbit olunmuş “müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir” göstərişinin hansı qaydada həyata keçirilməli olması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142-ci, 383.1-ci və 408.3-cü maddələri, eləcə də Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi kontekstində şərh edilməsi” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 avqust 2021-ci il tarixli qərardad ləğv edilsin və İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi tələbi barədə” iddia ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-9324/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9324/2021
17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver