Məhkəmə qərarları › İş №2(103)-9354/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9354/2021

02.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9354/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “fərdi yaşayış evinin tikilərək əvvəlki vəziyyətə bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi döngə 7-də yerləşən və faktiki olaraq ona məxsus fərdi yaşayış evinin Cavabdeh ASC tərəfindən tikilərək əvvəlki vəziyyətə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, Cavabdeh ASC tərəfindən ona dəymiş maddi ziyana görə 15.000 manat pul vəsaitinin və ödədiyi 10 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tututalaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi döngə 7 də yerləşən fərdi yaşayış evini 2015-ci ildə faktiki olaraq almış və bu fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bələdiyyə qərarı olan şəxs ona etibarnamə vermiş və həmin ildə də bir otaqlı evi ona təhvil vermişdir. Bu fərdi yaşayış evinin aşağı hissəsində istifadə edilməyən su borusu olmuş və 2019-cu ilin mart ayında, o, xəstəxanada olarkən bu su borusu Cavabdeh ASC-nin əməkdaşları tərəfindən kəsilərək götürülmüş və nəticədə kanalizasiya xətti yararsız hala düşmüş, evin aşağı hissəsində torpaq sahəsi çökməyə başlamışdır. Bütün bu səbəblərdən də fərdi yaşayış evinin qırmızı kərpicdən olan hissələri, ümumiyyətlə hər bir tərəfində çatlar yaranmış, fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür və yaşayış üçün yararsız haldadır. O, bu barədə dəfələrlə Cavabdeh ASC-yə müraciət edərək evin tikilib əvvəlki vəziyyətinə bərpa edilməsini xahiş etsə də nəticəsiz qalmışdır. Onun müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Agentliyi tərəfindən əraziyə baxış keçirilmiş və verilmiş cavabda müraciətdə qeyd edilənlərin təsdiqini tapması göstərilmişdir. Lakin buna baxmayaraq bu günə kimi heç bir tədbir görülməmişdir. Onun 40 yaşında bir xəstə oğlu vardır, özü yaşlıdır, aldığı pensiyadan başqa heç bir gəliri yoxdur və bu fərdi yaşayış evi onların yeganə yaşayış yeridir. Hal-hazırda məcburdur ki, kiryədə yaşasın. Ev yararsız vəziyyətə düşmüşdür və onun öz hesabına tikməyi mümkünsüzdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ASC-dən dəymiş maddi ziyanın əvəzi olaraq 7.128 (yeddi min yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, dövlət rüsumunun kəsiri 20 (iyirmi) manatın 75%-i, yəni 15 (on beş) manatının iddiaçıdan, digər 25%-i, yəni 5 (beş) manat məbləğində pul vəsaitinin isə Cavabdeh ASC-dən tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50%-i, yəni 50 (əlli) manatı iddiaçıdan, digər 50%-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh ASC-nin nümayəndəsi X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə tətbiq edilməli olmayan normanı tətbiq etmişdir. İddiaçıya məxsus tökmə torpaq üzərində inşa edilmiş yaşayış evi Cavabdeh ASC-nin balansında olan diametri 1420 mm olan yerüstü iki paralel xəttin arasında (7-8 m intervalla) yerləşir. Cavabdeh ASC-nin əməkdaşları yerin üzərində yerləşən xətlərdən birini istehsalat zərurəti ilə əlaqədar sökərkən qeyd olunan ünvanda heç bir qazıntı işləri aparmamış və sözügedən evə hər hansı bir ziyan vurmamışlar. İnşa edilmiş tikili nəticəsində iddiaçı tərəfindən qüvvədə olan Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunun, Torpaq Məcəlləsinin, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun, “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 13.08.2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilən, 19.08.2015-ci il tarixdən qüvvədə olan və **********0004 qeydiyyat nömrəsi ilə X2 Reyestrində qeydiyyata alınan 2.11-1 nömrəli AzDTN-nin (Su təchizatı. Xarici Şəbəkə və qurğular) 13.2.4.1-ci bəndinə əsasən diametri 1000 mm-dən yuxarı magistral sudaşıyıcı boruların sanitariyamühafizə zolağının eni kənar sudaşıyıcı borudan 20 m məsafədə müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi, sözügedən tikili ilə boru arasındakı məsafə 7-8 metr təşkil edir. Bu da yaşayış sahəsinin sanitar-mühafizə zonasında qanunsuz olaraq tikildiyini təsdiq edir. Digər tərəfdən, sözügedən fərdi yaşayış sahəsi tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir. Tikinti bir kiçik vaqondan və ona bitişik ölçüləri 5.4mx6m olan boşluqlu kərpicdən inşa olunmuş bir otaqdan ibarət olmaqla Vulkan dağının ətəyində tökmə torpaq üzərində tikilmişdir. Bu cür inşa edilmiş tikilinin yağıntılar nəticəsində belə çökməsi mümkündür. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert təkcə qonşunun sözünə əsasən belə bir nəticəyə gəlmişdir. Belə ki, evə ekspertlə birgə baxış keçirilən zaman çəkilmiş fotoşəkillərdən də göründüyü kimi, evə hər hansı bir ciddi ziyan dəyməmiş, sadəcə olaraq evin qarşısının çökdüyü müəyyən edilmişdir. Bundan başqa, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, fərdi yaşayış evində həm rütubətin və nəmişliyin, həm də çatların aradan qaldırılması, evin tam təmirbərpası yolu ilə mümkün ola bilər. Buna münasibət olaraq bildirir ki, evin nəmişliyinin və rütubətinin yaranmasının borunun çıxarılması ilə nə kimi əlaqəsinin olması anlaşılan deyildir. Həmçinin, evin kosmetik üsulla təmirinin mümkün olmaması, yalnız tam təmir olunması fikri ilə də razılaşmır. Belə ki, öncədən də təmirsiz vəziyyətdə olmuş evin tam təmir olunması öhdəliyinin cavabdeh qarşısında qoyulması əsaslı deyildir. Qeyd edir ki, evin vaqon hissəsinə ümumiyyətlə ziyan dəyməmişdir, ekspert isə bunu nəzərə almadan fərdi yaşayış evinin ümumi sahəsinin (bir vaqon və bir otaq) ölçüsünə uyğun təmir xərcini hesablamışdır. Digər tərəfdən, iddiaçı məhkəmə iclasında dəfələrlə ona məxsus evi 6000 manata aldığını qeyd etmiş, lakin məhkəmə qətnamə qəbul edərkən bu faktı nəzərə almamış evin təmir olunması üçün 7.128 manat məbləğin tutulmasını qət etmişdir. İddiaçı evinə dəymiş hər hansı ziyanın məhz sözügedən borunun çıxarılmasından sonra yaranmasını sübut etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 335/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh ASC-yə ünvanladığı 02/12-11-11/11-31/93 saylı, 24.01.2020-ci il tarixli məktubundan görünür ki, vətəndaşın ailə vəziyyətini, eyni zamanda maddi durumunu nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması və fərdi yaşayış evinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə metal borunun götürüldüyü ərazidə məhkəmləndirmə tədbirinin görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir.(İ.vər. 8) İş materiallarında olan, Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 28.01.2020-ci il tarixli, 02/01-2/2/916 saylı məktubundan görünür ki, qeyd edilən ərazidə Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin balansında olan kanalizasiya şəbəkəsi yoxdur və ərazidə yerləşən fərdi yaşayış evlərində yaranan çirkab suları sakinlər tərəfindən primitiv üsulla çəkilmiş xətlər vasitəsilə açıq kanal formasında ərazidən kənarlaşdırılır. Bu da öz növbəsində antisanitariya vəziyyəti yaratmışdır. Tərəflərindən görülmüş tədbirlər nəticəsində çirkab suları axıdılan açıq kanalın əvəzinə d = 200 mm, İ = 30 p/m ölçülü boru vasitəsilə ilə yeni kanalizasiya xətti çəkilmiş və 2 (iki) ədəd baxış quyusu tikilmişdir. Halhazırda qeyd olunan ərazidə çirkab suların açıq şəkildə axıdılmasının qarşısı alınmış və yaranmış neqativ hal öz müsbət həllini tapmışdır.(İ.vər. 6) İş materiallarında olan, Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 14.08.2020-ci il tarixli, 04/01-5/4/10921 saylı məktubundan görünür ki, sonuncuya məxsus tökmə torpaq üzərində inşa edilmiş yaşayış evi Cavabdeh ASC-yə məxsus diametri 1420 mm olan yerüstü iki paralel xəttin arasında yeləşir və üzərində yerləşən həmin xətlər sökülərkən qeyd olunan ünvanda qazıntı işləri aparılmamış və Cavabdeh ASC tərəfindən evə xətər dəyməmişdir. Evə dəyə biləcək hər hansı ziyana görə Cavabdeh ASC məsuliyyət daşımır.(İ.vər. 24) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin Məhkəmə mühəndis-texniki ekspertizasının 10/3143 saylı, 11 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tikilidən 5-6 metr məsafədən keçən D+1m olan metal borcu xəttinin mexanizm vasitəsi ilə qazılaraq kəsilib çıxarılması tikilidə fasadların yaranmasına səbəb olmuşdur. İddiaçının qonşularının dediklərinə görə D-1 metr olan su borusunun ərazidən Cavabdeh ASC-nin işçiləri kəsib aparmış və torpağın qazılması qrunt strukturunun (boşalmasına) dəyişməsinə səbəb olmuşdur.(İ.vər. 87 - 88) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin Məhkəmə mühəndis-texniki ekspertizasının 10/1728 saylı, 27 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin bərpa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi mümkündür. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7də yerləşən fərdi yaşayış evinin təmir-bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 7.128 manat məbləğində müəyyən olunur.(İ.vər. 102 - 103) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh təşkilatın gördüyü işlər nəticəsində iddiaçının evinə birbaşa ziyan vurulması iş materialları ilə təsdiq olunduğundan, iddiaçı dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1115-ci maddələri və Mülki Prosessual Məcəllənin 101.3 və 206.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbinin maddi ziyanla bağlı gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi zərərin düzgün müəyyən edilməməsi barədə dəlilini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası, Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımovun apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ASC tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə görülmüş tədbirlər nəticəsində çirkab suları axıdılan açıq kanalın əvəzinə d=200 mm, l=30 p/m ölçülü boru vasitəsilə yeni kanalizasiya xətti çəkilmiş və 2 (iki) ədəd baxış quyusu tikilmişdir. Görülmüş tədbirlər nəticəsində tikilidən 5-6 metr məsafədən keçən D+1m olan metal borcu xəttinin mexanizm vasitəsi ilə qazılaraq kəsilib çıxarılması tikilidə fəasadların yaranmasına səbəb olmuşdur. Sözü gedən bu hal Ədliyyə Nazirliyi MEM-nin 10/3143 saylı, 11.03.2021ci il tarixli ekspert rəyi ilə də, öz təsdqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, həmin Məcəllnin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllnin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh təşkilatın gördüyü işlər nəticəsində iddiaçının fərdi yaşayış evinə ziyan dəyməsi, ekspert rəyləri və digər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımov apelyasiya şikayətində cavabdeh təşkilat tərəfindən qeyd olunan ünvanda heç bir qazıntı işlərinin aparılmadığını və sözügedən evə hər hansı bir ziyan vurulmadığını, sözügedən fərdi yaşayış sahəsi tikinti norma və qaydalarına uyğun inşa edilmədiyini göstərsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Həmçinin Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımov apelyasiya şikayətində iddiaçı evinə dəymiş ziyanın məhz sözügedən borunun çıxarılmasından sonra yaranmasını sübut etmədiyini və evi 6000 manata aldığını qeyd etsədə, evin təmir olunması üçün 7.128 manat məbləğin tutulmasınının düzgün olmadığını bildirməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh təşkilatın gördüyü işlər nəticəsində iddiaçının fərdi yaşayış evinə ziyan dəyməsi, ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır Odur ki, məhkəmə kollegiyası Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımovun apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Bundan başqa Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımovun apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-335/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar