Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-936/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: birgə nikah dövründə aparılmış təmir işlərinə çəkilmiş xərclərin ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X6, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikilmiş evin tikintisinə sərf olunmuş pul məbləğinin müəyyən edilməsi, bölünməsi, ona düşən hissənin cavabdehdən xeyrinə tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 6B saylı, ümumi sahəsi 46.4 kv.m, y/s 23.20 kv.m olan bir otaqdan ibarət fərdi yaşayış evini xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1 almış, ev xx.xx.2002-ci il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.
2. Cavabdeh və X9 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, nikahları Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada “Əfəndiyeva” soyadı verilmiş, nikahlarından xx.xx.2007-ci il tarixdə Vüqar, xx.xx.2009-cu il tarixdə Səbinə adını verdikləri uşaqları dünyaya gəlmiş, Cəlilabad Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qiyabi qətnaməsi əsasında nikahları pozulmuşdur.
3. X10, X13, X12 və Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar.
4. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 6B saylı evi xx.xx.2020-ci il tarixli müqavilə əsasında anası X8 bağışlamış, yaşayış evi xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə Gülnarə Əfəndiyevanın adına qeydiyyata alınmışdır.
5. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 6B saylı evdə əlavə tikinti işləri aparılmış, yaşayış otağının daxilindən dikt materialından pilləkən qurularaq mansard tikilsi yaradılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək cavabdehlə birgə nikahda olduqları dövrdə evin tikintisinə sərf olunmuş pul məbləğinin müəyyən olunması, aralarında bölünməsi, payına düşən hissənin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2010-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından xx.xx.2007-ci il təvəllüdlü oğlu Vüqar və xx.xx.2009-cu il təvəllüdlü qızı Səbinə dünyaya gəlmiş, əvvəllər mehriban yaşamış, aralarında heç bir söz-söhbət olmamış, sonradan cavabdehin ona və ailəyə münasibəti dəyişmiş, nikahları Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onlar hələ nikaha daxil olmamışdan əvvəl - 2002-ci ildə - həyat yoldaşı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46.4 kv.m, y/s 23.20 kv.m olan bir otaqdan ibarət fərdi yaşayış evini almış, ev həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Həmin fərdi yaşayış evində birgə yaşadıqları dövrdə bir otaq genişləndirilmiş, orada tikini işləri aparılaraq iki və üç otaq tikilmiş, həyət döşənmiş, talvar yaradılmışdır. Sonradan həyat yoldaşı evi qaynanasına bağışlamışdır.
8. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 6b saylı evi 24 yanvar 2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən almış, oradakı əlavə tikililəri ailə qurmamışdan əvvəl - 2002-ci ildən 2005-ci ilədək inşa etmişdir. Yaşayış evini sonradan anası X11 bağışlamışdır.
9. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X16 ifadəsində göstərmişdir ki, Cavabdeh ilə 2003-cü ildən Qaraçuxur qəsəbəsində qonşu olmuşdur. Belə ki, 15-16 yaşlarında olanda, təxminən 2003-cü ildən 2005-cı ilə kimi dayısıgildə qonaq qismində qalmışdır. Həmin dövrdə qonşuluqda Əfqana məxsus İ mərtəbəli ev tikilirdi və həmin ev mansard tipli ev idi. Bundan əlavə o, Əfqanın anasını bazardan tanıyırdı və evi Əfqanın anası tikirdi. Lakin mübahisəli evdə olmamış, evin tikilməsi üçün pulun kim tərəfindən verilməsini görməmişdir.
10. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X14 ifadəsində göstərmişdir ki, Əfqanı 2003-cü ildən tanıyır, əsgərlikdən qayıtdıqdan sonra fəhlə işləmiş, Əfqan onu evin tikintisi üçün fəhlə işləri görmək üçün tutmuşdur. İki mərtəbədən ibarət ev hazır olmuş, lakin orada adi tikinti işləri aparılmışdır. Fəhlə kimi cəmi 7-8 gün ərzində həmin evdə işləmişdir. Həmin evdə 2015-2016-cı ildə qalmışdır və Əfqanla yaxın dostdurlar.
11. Məhkəmənin təyinatı əsasında tədqiqat aparmış Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli 10/1916 saylı rəyində göstərilmişdir ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, "Şərq” yaşayış sahəsində yerləşən 6B saylı fərdi yaşayış evində əlavə tikinti işləri aparılaraq yaşayış otağının daxilindən dikt materialından pilləkən qurularaq mansard tikintisi yaradıldığı, yaşayış evində (ümumi sahəsi 46,4 kv.m, yaşayış sahəsi 23.20 kv.m olan bir otaqdan ibarət hissəsi istisna olunmaqla) aparılmış əlavə tikintilərə və natamam təmir edilməsinə təqribən 15 270,00 manat məbləğində vəsait sərf edildiyi müəyyən edilmişdir.
12. Məhkəmənin 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi, 6b saylı fərdi yaşayış evində (ümumi sahəsi 46.4 kv.m, yaşayış sahəsi 23.20 kv.m olan bir otaqdan ibarət hissə istisna olunmaqla) aparılmış əlavə tikintilərə və təmir edilməsinə çəkilmiş 15 270 manat məbləğində vəsaitin ½ hissəsinin, yəni 7635 (yeddi min altı yüz otuz beş) manatın Cavabdeh tutularaq İddiaçı, ekspertiza xərci olan 50 (əlli) manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə yaşadıqları fərdi yaşayış evində əlavə tikinti işləri aparmışlar və təyin olunmuş ekspertiza rəyinə əsasən həmin tikinti işləri ilə bağlı 15 270 manat xərc çəkilmişdir. Cavabdeh tərəf həmin yaşayış sahəsində tikinti işlərinin birgə nikah dövründən əvvəl aparılmasını qeyd etsə də, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
14. Məhkəmə vurğulamışdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
15. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, şahidlər fərdi yaşayış evinin 2002-2003-cü illər ərzində tikilməsini və təmir edilməsini qeyd etsələr də, şahidlərdən birinin cavabdehlə dostluq əlaqələri mövcuddur, digər şahid isə həmin vaxt yetkinlik yaşına çatmamışdır.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 225.1-ci, Ailə Məcəlləsinin 32.1-ci, 32.2.2-ci, 36.1-ci, 36.4-cü, 37.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X2” Azərbaycan Respublikası Qanununun 1 -ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli və “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə” 2017-ci il 12 iyul tarixli, “G.Həsənzadənin şikayəti üzrə” 2015-ci il 20 aprel tarixli Qərarlarına istinad etmişdir.
17. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normasını səhv tətbiq etdiyi, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, evin təmir-tikintisinə iddiaçı tərəfindən xərc çəkildiyinin sübuta yetirilmədiyini, həmin tikintinin nikaha qədər olan dövrdə həyata keçirildiyinin müəyyən olunduğunu nəzərə almadığı, sübutetmə yükünün bölüşdürülməsinə dair prosessual qaydaları düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir (daxil olmamışdır).
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
19. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, İddiaçı və onun vəkili Rafiq Miriyev isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər; yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
21. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
22. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
23. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünün bölüşdürülməsinə dair özünün də vurğuladığı qaydalara əməl etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, müəyyən olunmuş hesab etdiyi halla bağlı ümumiyyətlə sübut olmadığını nəzərə almamış, beləliklə də nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.
37. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
38. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
39. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, onun cavabdehlə nikahda olduğu dövrdə cavabdehin nikahdan əvvəl əldə etmiş olduğu yaşayış evində müəyyən təmir-tikinti işləri aparılmışdır və həmin yaxşılaşdırmalar (əlavə tikililər) üçün ərarvad olaraq birgə xərc çəkmişlər.
40. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.7-ci və 225.1-ci maddələri (§ 20, 21) nəzərdən keçirilə bilər; bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.
41. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 24-27).
42. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair məhkəməyə heç bir sübut təqdim etməmişdir və belə olan halda kollegiya hesab edir ki, onun iddia tələbinin təmin olunması mümkün deyildir.
43. Bununla yanaşı kollegiya iddiaçıya izah edir ki, o, cavabdehə məxsus evə onun ailə üzvü qismində köçüb orada yaşamaqla həmin evdən istifadə hüququ əldə etmişdirsə (§ 23), bu hüququn ona tanıdığı imkanlardan istifadə etmək imkanlarına sahibdir.
44. Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-213/2022 saylı iş üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikilmiş evin tikintisinə sərf olunmuş pul məbləğinin müəyyən edilməsi, bölünməsi, ona düşən hissənin cavabdehdən xeyrinə tutulması” tələbləri təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X5, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fərrux Qasımov