Məhkəmə qərarları › İş №2(103)-9360/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9360/2021

04.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9360/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Əmrulla oğlunun nümayəndəsi Nümayəndə və digər nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Əmrulla oğlunun Cavabdeh qarşı “himayədə olma faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı olan X1 ruhi-əsəb xəstəsi olmaqla 1987-ci ildən “Şizofreniya Paranoid” xəstəliyindən əziyyət çəkdiyini, həmin vaxtdan xəstə qardaşına, eləcə də qardaşının oğlu Cavabdeh baxdığını, qardaşının indi də özünün himayəsində olduğunu, həyat yoldaşının da həm atası Əmrullaya, həm qardaşı övladı Ruslana, eyni zamanda Ağacan Zeynalovun özünə qayğı göstərdiyini, onların yeməyini-içməyini təşkil etdiyini, evi mütəmadi təmizlədiyini, Cavabdeh özünün böyütdüyünü, Ağacan Zeynalovun reseptləri üzrə dərmanlarını aptekdən həmişə özünün aldığını, atası Əmrulla Zeynalovun 29.08.2019-cu il tarixdə vəfat etməsindən sonra Ruslanın babasına məxsus seyfdən 13000-15000 manat civarında pulu və külli miqdarda qızıl-zinət əşyalarını oğurladığını, atası Ağacanın Ruslanı maraqlandırmadığını, atasının pensiya kartını alıb oradakı pulları xərclədiyini, Ağacan Zeynalovu sonuncu dəfə 2020-ci ilin aprel ayında xəstə olarkən xəstəxanaya yerləşdirdiyini, Cavabdeh həmin vaxt da atasının yanında olmadığını, Ağacan Zeynalovun fəaliyyət qabiliyyətsiz olmasının məhkəmə qətnaməsi əsasında müəyyənləşdirildiyini bildirmiş, buna görə də qardaşı X1 özünün himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına uyğun gəlməyən qətnamə çıxarması, maddi hüquq normasını düzgün tətbiq etməməsi, iddiaçı olan əmisinin məqsədinin atasının mirasını ələ keçirmək olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış apellyator (cavabdeh) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri (vəkili) isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ərizənin təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 307.2.2-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan işlər sırasında həmçinin şəxsin öhdədə olması faktının müəyyən edilməsi haqqında işlərə baxır; 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 306.4-cü maddəsinə görə isə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir”. Belə olan halda kollegiya hesab edir ki, hüquq haqqında mübahisə olduğundan iddiaçı iddia icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlı olsa da, onun iddiasının təmin edilməsi üçün Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər ümumiyyətlə mövcud olmamışdır. Kollegiyanın qənaətinə gprə əgər iddiaçı, qardaşının onun öhdəsində olması faktının təsdiq edilməsini istəyirsə bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət ünvanlamalı, həmin orqan bundan imtina etdikdə isə onun hərəkətindən (qərarından) inzibati məhkəməyə şikayət etməlidir. Göstərilənlərə əsasən kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir; bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2273/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Əmrulla oğlunun Cavabdeh qarşı “himayədə olma faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar