Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9364/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(004)-2302/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən girov qismində saxlanılan iddiaçıya məxsus 1 ədəd qolbaq, 1 ədəd boyunbağı 583 əyarlı, çəkisi 43,5 qram dəyəri 1449,5 ABŞ dolları, bir ədəd klon qızıl sadə, 750 əyarlı, çəkisi 1 qram dəyəri 57,1 ABŞ dolları, bir ədəd üzük qızıl 375 əyarlı, çəkisi 3,6 qram dəyəri 85,7 ABŞ dolları – cəmi 1592 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının alınıb ona təhvil verilməsi, bu mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının ümumi dəyəri kimi 1592 ABŞ dollarından 812 ABŞ dolları çıxılandan sonra qalan 780 ABŞ dollar, yəni 1326 manat vəsaitin Gəncə Apelyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə qət etdiyi 1144,11 manat borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 iyun 2014-cü il tarixdə 846/10 saylı kredit müqaviləsinə əsasən BOKT “Viator Mikrokredit Azərbaycan“MMC-nin Gəncə filialından 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi qeyd edilən qızıl-zinət əşyalarını girov qismində borc verənə təhvil vermişdir. Həmin qızıl-zinət əşyalarının ümumi çəkisi 48,1 qram təşkil edir. 1 ədəd qolbaq, 1 ədəd boyunbağı 583 əyar, çəkisi 43 qr – 1522 manat, 1 ədəd kulon 750 əyar, çəkisi 1.0 qr – 60 manat, 1 ədəd qızıl üzük 375 əyar, çəkisi 3,6 qr – 90 manat, cəmi 1672 manat, yəni 1592 ABŞ dolları bazar dəyəri ilə qiymətləndirilmişdir. Siyahıda sıra üzrə üçüncü qeyd edilən üzüyün üzərində beş ədəd brilliant qaş vardır. Üzüyün qiymətləndirilməsi zamanı 60 ABŞ dolları göstərildikdə o, etiraz etmiş və ümumiyyətlə girov qismində qoyduğu qızıl-zinət əşyalarına qoyulan qiymətlərin həqiqəti əks etdirmədiyini əməkdaşlara bildirmişdir. Üzüyün üzərindəki brilliant qaşların hər birinin bazar qiymətinin 100 ABŞ dolları olduğunu izah etmişdir. Ona bildirmişlər ki, bu simvolik qiymətdir və narahatçılığa heç bir əsas yoxdur. Kredit məbləğini götürdükdən sonra 11 iyun 2015-ci il tarixədək ödəniş qrafıkinə müvafiq olaraq ödəniş etmişdir. Ancaq məlum devalvasiyadan sonra onun gəlirlərində heç bir fərq olmadığından ödəniş qabiliyyəti zəifləmişdir. Müqavilədə dəyişiklik edilməsini, müəyyən güzəşt tətbiq etmələrini xahiş etsə də, təklifi cavabdeh tərəfindən təmin edilməmişdir. Lakin cavabdeh kompromis variantlar təklif etmək əvəzinə, onun xəbəri olmadan girov qismində qoyduğu qızıl-zinət əşyalarını satmaqla mülki qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Eyni zamanda, qızıl-zinət əşyalarının satılmasını bildikdən sonra ona həmin əşyaların hansı qiymətə, kimə satılması barədə məlumat verilməsini və alqısatqı qəbzinin surətini vermələrini tələb etsə də, tələbi təmin olunmamışdır. Cavabdehin bu hərəkətləri qanunsuzdur və o, bunu qızıl-zinət əşyalarının onlar tərəfindən mənimsənilməsi kimi qiymətləndirir. 31 oktyabr 2019-cu il tarixdə cavabdehə müraciət edərək qızıl-zinət əşyalarının hansı əsasla, hansı qiymətə satılması barədə sənədlər təqdim etmələrini tələb etsə də, yazılı müraciətinə bu günədək cavab ala bilməmişdir. Hətta cavabdehin ona qarsı pul tələbinə dair Kəpəz rayon Məhkəməsində iddia tələbi araşdırılarkən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin iddiaya baxılarkən qızıl-zinət əşyalarına münasibət bildirilməmişdir. Cavabdeh qanunun tələblərinə riayət etsə idi, girov qoyulan qızıl-zinət əşyaları aşağı qiymətə satılmazdı. Həmçinin qızıl əşyalarının real bazar qiyməti nəzərə alınaraq onun kredit borcu silinə bilərdi. Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh girov qoyulmuş əşyaları guya 812 ABŞ dollarına sataraq, onun borcunun azaldılmasına yönəltmişdir və nəticədə iddiaçının hazırki borcu 1144,11 manat təşkil edir. Halbuki 2015-ci ildə qızıl əşyaları real bazar qiymətinə, yəni 1592 ABŞ dollara satılsa idi, bu halda 1592 ABŞ dollarından 812 ABŞ dollar məbləği çıxılandan sonra qalan 780 ABŞ dollar məbləğ, yəni 1326 manat vəsait artıqlaması ilə onun hazırda 1144,11 manat borcunu bağlamaq imkanı verirdi. Cavabdeh isə qanunsuz hərəkətləri ilə onun ağır maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Eyni hərəkətlərə görə həmin əməkdaşlar barədə cinayət işi açılıb müvafiq hökmlər qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(004)- 2302/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamış, prosessual hüquq normaları pozulmuş, işdə olan mütəxəssis rəyi nəzərə alınmamış, onun vəsatətinə əsasən ekspertiza təyin olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı vermiş olduğu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan kreditalan İddiaçı ilə kreditverən BOKT "xxxx" MMC arasında bağlanmış 11 iyun 2014-cü tarixli 8460/10 saylı kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana illik 28,8 faizlə 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 11 iyun 2014-cü tarixli depozit müqaviləsindən görünür ki, İddiaçı qızıl-zinət əşyalarını girov qoymuş, krediti ödəməyi gecikdirərsə, yaxud ödəmə zamanı problemlər yaranarsa girov qoyulmuş əşyaların satışına razılıq vermişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(104)-365/2020 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli 2(043)-1826/2018 saylı qətnaməsinə əsasən "xxxx" MMC-nin xeyrinə cavabdehlər İddiaçı və X1 müştərək qaydada 1307,66 ABŞ dolları əsas, 37 ABŞ dolları faiz, 4 ABŞ dolları cərimə, cəmi 1348,66 ABŞ dolları milli manat ekvivalentində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli 2(043)- 1826/2018 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlər İddiaçı və X1 müştərək qaydada cəmi 1411,11 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(104)-365/2020 saylı qətnaməsinə əsasən hazırkı iddia ərizəsi üzrə mübahisələndirilən qızıl-zinət əşyaları 06.11.2015-ci il tarixdə məhz iddiaçının rəsmi ərizəsi əsasında girov əmlak kimi mövcud bazar qiymətinə satılaraq onun dəyəri qalıq kredit borcuna ödənilmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən hesab etmişdir ki, İddiaçı iddiası əsassızdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı ilə cavabdeh BOKT "xxxx" MMC-yə arasında kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan qızıl-zinət əşyalarına da hüquqi qiymət verilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində göstərilmişdir ki, 06.11.2015-ci il tarixdə İddiaçı rəsmi ərizəsi əsasında onun girov qoyduğu qızıl-zinət əşyaları mövcud bazar qiymətinə satılaraq onun dəyəri qalıq kredit borcuna ödənilmişdir. Belə olan halda, əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən qızıl-zinət əşyalarının da əksini tapdığı məhkəmə mübahisəsi və bununla əlaqədar qanuni qüvvəyə minmiş qətnamə olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə İddiaçı iddiasının əsassız olması iş materialları ilə öz təsdiqini tapır. Mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İş materiallarından göründüyü kimi mübahisəli qızıl-zinət əşyalarının iddiaçının öz ərizəsi əsasında satılaraq kredit borcuna yönəldilməsini müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və həmin məhkəmə aktının hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığını nəzərə alan Kollegiya bildirir ki, qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Bu baxımdan, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Kollegiya iddiaçı tərəfindən dəlillərin formal olaraq irəli sürülməsi qənaətinə gəlir və hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü formal mülahizələr məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(004)- 2302/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9364/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9364/2021
28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver