Məhkəmə qərarları › İş №2(103)-9370/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9370/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9370/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2415/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə 17.692,39 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Hafiz oğlu tərəfindən idarə olunan “Toyota Vitz” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 30.10.2018-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən 12.10.2018-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. "xxxx" tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 22.692,39 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 24.05.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 22.692,39 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsi mülki məsuliyyətinin icbari sığortası üzrə 5000 manat "xxxx" ASC-nin hesabına ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2415/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Hafiz oğlundan 10.373 (on min üç yüz yetmiş üç) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 60 (altmış) manat hissəsinin Cavabdeh Hafiz oğlundan, 40 (qırx) manat hissəsinin iddiaçı "xxxx" ASC-dən tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Hafiz oğlu apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2415/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsini qanunsuz və əsassızdır. İlk növbədə bildirmək istəyirəm ki, iddiaçı "xxxx" ASC tərəfindən irəli sürülmüş iddia tələbinin əsasını təşkil edən və iş üzrə məhkəməyə təqdim edilən 29.05.2019-cu il tarixli zərər aktı həqiqəti əks etdirmir. Belə ki, həmin zərər aktına əsasən 22.692,39 manat məbləğində şişirdilmiş ziyan hesablanmışdır. Məhkəmə prosesində keçirilmiş ekspertiza zamanı dəymiş zərərin 15.373 manat olduğu müəyyən edilmişdir. Zərərin əvəzi olduğundan daha artıq hesablanmışdır. Belə ki, avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə zərərin müəyyən edilməsi zamanı bu amillər daha dəqiqliklə nəzərə alınsaydı dəymiş zərər 15.373 manatdan daha aşağı məbləğ müəyyən olunardı. Ekspert rəyi ilə dəymiş zərərin əvəzi çox hesablanmaqla bu qədər məbləğin tutulması qanunvericiliklə müəyyən olunmuş hüquqlarına toxunur. Belə olduğu təqdirdə ekspert rəyi tam və aydın olmadığından əlavə ekspertiza təyin edilməli idi. Mövcud olan zərərlə ekspert rəyində qeyd olunan dəymiş zərərin əvəzi arasında olduqca böyük fərq olduğundan ekspertiza yenidən keçirilməlidir. Beləliklə də, məhkəmə tərəfindən prosessual hüquq normaları pozularaq, işin faktiki hallarına uyğun olmayan yanlış hüquqi nəticəyə gəlmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2415/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissədə ləğv olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh Hafiz oğlu verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2415/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2415/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh Hafiz oğlu apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, C-MİC-0501/18 saylı, 01.04.2018-ci il tarixli avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin və ona 1 saylı əlavənin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC-yə məxsus “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 01.04.2018-ci il tarixdən 31.03.2019-cu il tarixədək sığortalanmışdır.(İ.vər. 16 - 17) İş materiallarında olan, Bakı şəhəri Nizami RPİ-nin TŞ-si tərəfindən araşdırılması aparılmış HK-1/522 saylı material üztə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 noyabr 2018-ci il tarixli qərarın surətindən görünür ki, 30.10.2018-ci il tarixdə Cavabdeh özünə məxsus “Toyota Vıtz” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qara Qarayev prospekti ilə hərəkət edib sola Azər Manafov küçəsinə dönən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3cü hissəsinin tələblərini pozaraq sağdan, Qara Qarayev prospektindən gələn X1 idarə etdiyi "xxxx" MMC-yə məxsus “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı 7A saylı sərnişin avtobusunu gözləməmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir.(İ.vər. 25 - 26) İş materiallarında olan, TP ******* saylı İnzibati tənbeh vermə haqqında 16.11.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati qaydada 60 manat məbləğində cərimə edilmişdir.(İ.vər. 24) İş materiallarında olan, "xxxx" MMC tərəfindən təqdim olunmuş 1931 saylı, 30.10.2018-ci il tarixli Zərər aktının təsdiq edilmiş surətindən görünür ki, “İveco Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 22.692,39 manat müəyyən edilmişdir.(İ.vər. 14 - 15) İş materiallarında olan, 22.05.2019-cu il tarixli Sığorta aktının və ona əlavə olunmuş ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti tərəfindən dəymiş ziyana görə faydalanan şəxs "xxxx" MMC-nin hesabına 22692,39 manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmış və şəxsi hesabına köçürmə həyata keçirilmişdir.(İ.vər. 14 - 15) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1880 saylı, 29 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Baku Bus” təmir mərkəzinin 30.10.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 15.373 manat olduğu müəyyən edilmişdir.(İ.vər. 64 - 65) Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə kollegiyası hesab edir ki, nəqliyyat vasitələrinin toqquşmasının Cavabdeh hüquqa zidd hərəkətləri üzündən baş verməsi və qanunvericiliyin tələbinə əsasən cavabdehin məsuliyyət daşıması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəymiş zərərin olduğundan daha artıq hesablanması ilə bağlı dəlilinə münasibət bildirərərk qeyd edir ki, dəymiş zərərin ekspert rəyində göstəriləndən daha az olması barədə sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin təkrar məhkəməəmtəəşünaslıq ekspertizası keçirilməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi vaxtdan üzün müddət keçdiyi ücün təkrar ekspertizanın keçirilməsinə zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində göstərdikləri həmin dəlilləri əsassızdır. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı mötəbər sübutları apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2415/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2415/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar