Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9385/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı2 nümayəndəsi və eyni zamanda İddiaçı1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1521/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Mahirə İsmayılovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Mahirə İsmayılovadan müştərək qaydada ödədiyi 8140 manat məbləğində pulun və 10 000 manat məbləğində mənəvi zərərin alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onların iki qız övladları var və qərara almışlar ki, oğlan övladları da olsun və bu məqsədlə Bakı şəhərinə gedib Mərkəzi Klinikanın Mama-qinekoloji şöbəsinin müdiri cavabdeh İsmayılova Mahirə ilə məsləhətləşmişlər. Həkim Mahirə İsmayılova onlara demişdir ki, süni mayalanma vasitəsi ilə cins problemini həll edə bilirlər. Bunun xərci isə cəmi 7000 manat edir. Əlavə olaraq o bildirdi ki, bu məbləğə əkiz oğlan uşağı da yaratmaq mümkündür. Onlar bildirdilər ki, iki oğlan övladı istəyirlər, amma əkiz yox tək-tək. Mahirə həkim demişdir ki, mümkündür, amma belə halda əlavə 3500 manat ödəməlidirlər. Həm də uşaqların doğulmasının arası müəyyən müddət keçməlidir. Onlar bildirmişlər ki, əgər nəticəyə 100 faiz söz verirsə, bu qədər xərci cəkərlər. Həm də uşağın keyser yolu ilə deyil, təbii doğuş olacağını istəyirlər. Mahirə həkim onlara 100 faiz söz vermişdir. Bundan sonra Bakıda Mahirə xanım, Gəncə şəhərində Mərkəzi Klinik Xəstəxanada Mahirə həkimin rəhbərliyi ilə Pərvinə həkim müalicəyə başladılar. Onlar transferədək 7000 manat xərc çəkmişlər. Transfer vaxtı əlavə onlardan 740 manat pul tələb olundu. Onlar xərcin bu qədər artmasına narazılıq etmişlər. Həkim isə bildirmişdir ki, pulu ödəməsələr transfer edilməyəcək. Məcbur olub əlavə 740 manat pulu ödəmişlər. Onlar həkimə bildirmişlər ki, maddi cəhətdən imkanları azdır. Gəncədən Bakı şəhərinə tez-tez gələ bilmirlər. Mahirə həkim demişdir ki, cəmi bir dəfə gələcəklər. Amma onlar əlavə xərc çəkib, 3-4 dəfə getmişlər. Sonra onlara dedilər ki, transfer edilib, hər şey uğurla keçmişdir. Ancaq bir müddətdən sonra dedilər ki, qan analizi göstərmişdir ki, gözlənilən nəticə alınmamışdır. Onlar Mahirə həkimə demişlər ki, o, istədikləri nəticənin alınacağına onlara 100 faiz söz vermişdir. O isə onlara söz verdiyini boynuna almamışdır. Hazırda bir oğlan uşağının transferi üçün imkan qalır. Ancaq Mahirə həkim buna da zəmanət vermir. Ona görə də, çətin vəziyyətdə qalıb məhkəməyə müraciət etməli olmuşlar. Beləliklə, cavabdeh Mahirə həkimin onları aldatması nəticəsində həm çəkdikləri xərc, həm də zəhmətləri itirilmişdir. Cavabdehlərin hərəkəti nəticəsində onlara Bakı Mərkəzi Klinik Xəstəxanasına transfer və müalicə üçün ödədikləri 7740 manat, Bakı şəhərinə gedibgəldikləri üçün ödənilən 400 manat, cəmi 8140 manat maddi ziyan dəymişdir. Məhkəməyə təqdim etdikləri qəbzlər transfer və həkim qəbulunun qəbzləridir. Onlar cavabdehlərdən onlara vurulmuş ziyanı tələb etmələrinə baxmayaraq, cavabdehlər həmin ziyanı ödəməkdən imtina etmişlər. Mahirə həkimdən çəkdikləri xərcin geri qaytarılmasını tələb etdikdə bildirdi ki, özləri müqaviləyə imza edib hər şeylə razılaşmışlar. Onlara pul qaytarmalı deyillər. Əslində isə onlara heç bir müqavilə təqdim edilməmişdir. Müalicə qurtarana yaxın onlara hansısa sənədə imza etdirdilər. Soruşdular ki, bu nə sənəddir, bildirdilər ki, işin arasında bu da olmalıdır. Onlar nağd odədikləri puldan başqa mənəvi ziyana düşmüşlər. Belə ki, iki il müddətində dəfələrlə sarsıntı keçirmişlər, həyat yoldaşı mənasız yerə orqanizm üçün zərəli olan ağır müalicələr götürmüşdür. Nəticədə isə bütün ümidləri puç olmuşdur. Hazırda hər ikisinin əsəbləri tam pozulmuşdur. Ona görə də, cavabdehlərdən maddi ziyanla yanaşı, mənəvi ziyana görə 10 000 manat təzminat da tələb edirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1521/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı2 və İddiaçı1 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmuna uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və eyni zamanda İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1521/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı2 18.09.2020-ci il tarixdə imzaladığı “Xəstə razılığı”ndan görünür ki, o, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədiyi (ƏDV daxil) 1840 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmiş, müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı1 18.09.2020-ci il tarixdə imzaladığı “Xəstə yaxını razılığı”ndan görünür ki, o, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədiyi (ƏDV daxil) 1840 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmiş, müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə xəstə (arvad) İddiaçı2 və xəstə yaxını (ər) İddiaçı1 arasında 18.09.2020-ci il tarixdə imzalanmış “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”nin 1.6-cı maddəsindən görünür ki, müdaxilə hər zaman hamiləliklə nəticələnməyə bilər: hamiləlik olsa belə, normal bir uşaqla nəticələnməyə bilər. Həmin Müqavilənin 3.1-ci maddəsindən görünür ki, ”Xəstə” və ya “Xəstə yaxını” nəticəsindən asılı olmayaraq göstərilən tibbi xidmətin qarşılığı olan (ƏDV daxil) 1840 manat məbləği xidmətin nəticəsindən asılı olmayaraq ödəməlidir. Həmin Müqavilənin 3.3-cü maddəsinə əsasən ”Xəstə” və ya “Xəstə yaxını” hazırki müqavilə ilə nəzərdə tutulmamış xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı2 arasında 18.09.2020-ci il tarixdə “Sperm, yumurta və embrionların dondurularaq saxlamaq haqqında” müqavilə imzalanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin arayışından görünür ki, tibbi xidmətin qarşılığı olaraq İddiaçı2 tərəfindən xəstəxanaya 2785,49 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, cavabdeh "xxxx" MMC ilə idiaçılar İddiaçı2 və İddiaçı1 arasında 18.09.2020-ci il tarixdə “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” imzalanmışdır ki, həmin müqavilə ilə iddiaçılar süni mayalanmanı qəbul etdiklərini bəyan etmiş və ortaya çıxa biləcək nəticələri həkim və xəstəxana əleyhinə istifadə etməmək barədə öhdəlik götürmüşlər. Həmin müqavilənin 1.6-cı maddəsinə əsasən müdaxilə hər zaman hamiləliklə nəticələnməyə bilər: hamiləlik olsa belə, normal bir uşaqla nəticələnməyə bilər. Eyni zamanda "xxxx" MMC ilə İddiaçı2 arasında 18.09.2020-ci il tarixdə “Sperm, yumurta və embrionların dondurularaq saxlamaq haqqında” müqavilə imzalanmışdır. Göstərilən tibbi xidmətin qarşılığı olaraq iddiaçılar tərəfindən xəstəxanaya 2785,49 manat ödənilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, müalicə nəticəsində süni mayalanma müsbət nəticə verməmişdir. Bununla əlaqədar olaraq, iddiaçılar cavabdehlərə qarşı transfer və müalicə üçün ödədikləri 7740 manat, Bakı şəhərinə gəlib- getmələri ilə bağlı çəkdikləri 400 manat xərcin, cəmi 8140 manat maddi ziyanın və mənəvi ziyana görə 10000 manatın alınıb onlara verilməsinə dair hazırki tələbi irəli sürmüşlər. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlərin hərəkəti nəticəsində onlara Bakı Mərkəzi Klinik Xəstəxanasına transfer və müalicə üçün ödədikləri 7740 manat, Bakı-şəhərinə gedib-gəldikləri üçün ödənilən 400 manat, cəmi 8140 manat maddi ziyan və 10000 manat məbləğində mənəvi ziyan dəymişdir. Göründüyü kimi, iddiaçılarla xəstəxana arasında bağlanmış xəstə razılığı və xəstə yaxını razılığına əsasən onlar əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədikləri (ƏDV daxil) 1840 manat məbləğin onlara geri ödənilməyəcəyini qəbul etmiş, müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşlər. İddiaçılar xəstəxana ilə “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” bağlayaraq müqavilənin bütün şərtləri ilə, o cümlədən “Müdaxilə hər zaman hamiləliklə nəticələnməyə bilər: hamiləlik olsa belə, normal bir uşaqla nəticələnməyə bilər” şərti ilə razılaşdıqlarına dair iradə ifadələrini bildirmişlər. Həmin müqavilə ilə iddiaçılar ortaya çıxa biləcək nəticələri həkim və xəstəxana əleyhinə istifadə etməmək barədə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçılar isə cavabdehin hərəkətləri nəticəsində onlara 8140 manat maddi və 10000 manat mənəvi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğunu nəzərə alarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Apellyasiya şikayətində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1521/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1521/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9385/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9385/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver