Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9392/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə ərazi aidiyyət ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə paylı mülkiyyəti hesab edilmiş Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, ümumi sahəsi 77.5 kv.m, yaşayış sahəsi 46.2 m2 olan üç otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması, mənzilin giriş qapısının açarlarının bir nüsxəsinin cavabdehdən alınıb ona verilməsi və mənzildən maneəsiz istifadə edə bilməsi barədə və mənzili kirayə verərək əldə etdiyi 3000 manat məbləğində gəlirin yarısının-1500 manatın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(074)-794/2021 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2(010)-4889/2021 saylı qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı paylı mülkiyyətçisi olduğu ev üzərində hüquqlarının (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) pozulmasını aradan qaldırmaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş qərarında ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməli olduğu göstərilsə də nəzərə alınmalıdır ki, hazırkı iddia birgə mülkiyyətin bölünməsi ilə bağlı deyil, evin paylı mülkiyyətçisinin evdən istifadə ilə bağlı hüquqlarının pozulmasının aradan qaldırması ilə bağlı qaldırılmışdır. Odur ki, mülki iş müstəsna aidiyyət qaydasında evin yerləşdiyi rayonun məhkəməsində Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinin tələbinə uyğun olaraq, hazırkı mülki işə ərazi aidiyyəti üzrə Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, ümumi sahəsi 77.5 m2, yaşayış sahəsi 46.2 m2 olan fərdi yaşayış evinin yerləşdiyi yer üzrə Şamaxı Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9392/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9392/2021
14.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver