Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9393/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(011)-3992/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən tibbi xidmət üçün ödədiyi 6000 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülki dövriyyənin azad iştirakçısı kimi müqavilə bağlayıb cavabdehin xidmətlərindən yararlanmaq istəyərkən ona xeyli miqdarda maddi və mənəvi ziyanın vurulması halı ilə qarşılaşmışdır. Belə ki, 2015-ci ilin iyun ayında “Medholding” klinikasında diş həkimi kimi fəaliyyət göstərən Cavabdeh1 “vinir” diş qoyulması üçün müraciət etmişdir. Cavabdeh1la aralarında olan şifahi razılığa əsasən, 20 ədəd dişə lyumminir vinir qoyulması müqabilində 1 diş üçün 300 manat olmaqla, cəmi 6000 manat pul ödəmişdir. Bu dişlərə görə Cavabdeh1 ona yenə şifahi formada 10 il zəmanət vermişdir. Pulun ödənişinə dair heç bir çek və sair sənəd isə təqdim etməmişdir. Vinir dişlərin qoyulması başa çatdıqdan sonra çox vaxt keçmədən problemlər üzə çıxmağa başlamışdır, yəni alt çənə damağında stomatit (irinli iltihablaşma) yaranmış və buna görə cavabdeh həkim 3 ədəd dişinin sinirlərini çıxartmışdır. Lakin buna rəğmən yenə də son 3 il ərzində dişlərində problemlər mütəmadi davam etmişdir. Yararsız müalicə nəticəsində tam 3 il boyunca dişlərində yaranan problemlərdən mütəmadi əziyyət və ağrılar çəkmişdir. Dişlərində həssaslıq həddindən artıq artmış, müalicəsi əslində çoxdan başa çatmış olsa da, davamlı şəkildə müayinə olunmaq üçün həkimə getmək məcburiyyətində qalmışdır. Nəticə olaraq, xeyli miqdarda ödəniş etmiş, uğursuz və yararsız diş müalicəsi almış, dişlərində yaranan həssaslıqdan dolayı fiziki ağrı-iztirab çəkmiş, vaxt itkisiylə üzləşmiş və bütün bunlardan dolayı mənəvi iztirab keçirmişdir. Bundan sonra, müalicədən artıq hər hansı yaxşı nəticə gözləməyin mənasız olduğunu anladıqdan sonra Cavabdeh1 öz narazılığını bildirmişdir. Bu zaman cavabdeh ona çox rahat bir şəkildə, razı olmadığı halda başqa həkimə müraciət etməsini söyləmişdir. Bundan sonra, xeyli sayda "vinir”lə işləyən həkimin yanında olmuş, dişlərini rentgen etdirmişdir. Rentgenə və dişlərinə baxaraq həkimlər eyni diaqnozu (Diaqnoz: dişlərin boyunlarında diş daşları və ərpləri yığışdığı üçün yerli gingivit yaranmışdır. Səbəb isə lamina vinirlərin düzgün hazırlanmamasıdır. Müalicə: diş daşlantəmizlənməli, küretaj (keyitmə ilə diş ətinin dərindən təmizlənməlidir. Sonrakı prosesdə vinirlər mütləq dəyişdirilməlidir) qoymuşdur. Bundan əlavə Cavabdeh1 müalicə etdiyi dişlərində qüsurlar və zədələnmələr (kistalar və s.) aşkar edilmişdir. Bir sıra digər ixtisaslı diş həkimləri ilə məsləhətləşdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 xeyli miqdarda ödənişinin qarşılığında onun dişlərinə qoyduğu “vinir” saxta imiş, daha doğrusu aralarında şifahi müqavilə bağlanarkən razılaşdıqları kimi, heç də bahalı və keyfiyyətli yox, əksinə ən ucuz və tamamilə keyfiyyətsiz “vinir”lə dişləri müalicə edilmişdir. Bundan əlavə, Cavabdeh1 tərəfindən dişlərinin müalicəsi (yonulması) zamanı dişləri travma almış (kistalar yaranmış), bununla əlaqədar həmin dişlərini yenidən müalicə etdirmək məcburiyyətində qalmışdır. Bundan əlavə həmçinin qeyd edir ki, vinirlər dişin üzərinə qoyulan çox nazik qat olduğu və qoyulduğu zaman dişlərin formasını aldığı üçün, estetik gözəllik səbəbilə vinir qoyulması zamanı bir çox hallarda mövcud dişlərin yonulmasına ehtiyac yaranır. Lakin, vinir diş qoyulması ilə bağlı tibbi məlumatlara görə, əgər vinirlərin qoyulması üçün dişlərin yonulması tələb olunursa, diş minası zəifdirsə, bu yolla vinirlərin qoyulması zərərlidir. Cavabdeh1 onun dişlərini vinir qoymaqdan əvvəl yonarkən səhvə yol vermişdir, dişlərinin minası zəif olduğu üçün vinir qoyularkən ya dişləri ümumiyyətlə yonulmamalı, ya da xüsusi həssasslıqla və incəliklə yonulmalı idi. Lakin, Cavabdeh1 dişlərini yonarkən diş minasını zədələmiş, nəticədə diş sinirlərinin üstü açılmış, bu da qış vaxtı olduğu üçün soyuğa həddindən artıq həssaslığın yaranmasına, güclü ağrılar çəkməsinə, hətta soyuq havanın qəbulu ilə əlaqədar danışmaqda belə çətinlik çəkməsinə səbəb olmuşdur. Həmçinin, həddən artıq həssaslıq yaranması səbəbilə, bir neçə dişinin ümumiyyətlə sinirini çıxartdırmalı olmuşdur, halbuki müalicə düzgün formada aparılsaydı buna ümumiyyətlə ehtiyac olmayacaqdı. Lyumminir vinir qoyulması zamanı ümumiyvətlə dişlərin yonulması tələb olunmur. Dişinə lyumminir vinir qoyulması üçün müraciət etdiyi halda, tibbi savadsızlığından istifadə edərək dişləri də yonulmuş, dişlərinə saxta vinirlər qoyulmuşdur. Burdan belə nəticə çıxır ki, Cavid Ourbanov dişlərinə vinir qovmazdan əvvəl onları müalicəvə hazırlayarkən tibbi səhvə vol vermiş, nəticədə dişlərini zədələmisdir. Cavabdeh1 və cavabdeh klinika tərəfindən uğursuz müalicə olunması nəticəsində ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Çünki ödəmiş olduğu 6000 manat pulun müqabilində nəinki dişləri müalicə edilməmiş, hətta ona dişlərinin yenidən müalicəsi üçün xeyli miqdarda əlavə maddi zərər də dəymişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdeh qisməndə cəlb olunmasını,Cavabdeh1 tibbi xidmət üçün ödədiyi 6000 manat məbləğində pulun alınaraq ona qaytarılması, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(011)-3992/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tibbi məlumata görə, lyumminirlərin qalınlığı 0,5 mm-dən çox olmur. Xaricdə istehsal olunur. Lyuminirlorin bərkidilməsi üçün xüsusi yapışqandan istifadə olunur. Həmin yapışqanın sayəsində lyuminirlər təbii diş kimi şəffaf görünür. Lyuminirləri qoymaq üçün dişlərin yonulması tələb olunmur. Estetik cəhətdən dişi qısaltmaq lazım gəlsə yonmaq olar. Lyuminirləri qoyduqdan sonra peşman olduqda yenidən çıxartmaq mümkündür. Diş minasına ziyanı dəymir. Lyuminirlər də xarici təsirlərə davamlıdır. Rəng və formasını dəyişmir. Həssas diş minasını qoruyur, dişin üzərinə qoyulduqda keyləşdirici tələb olunmur. 20 və daha çox il istifadə oluna bilər. Demək ki, belə hasil olur ki, cavabdehin ona qoyduğu vinir ümumiyyətlə lyumminir olmamışdır, çünki əgər belə olsaydı onun yonulmağına ehtiyac olmayacaqdı. Elə məhz buna görə də, lyumminir vinirlər digərlərindən (keramit, kompozit) qiymət baxımından daha bahalıdır. Halbuki, onun dişinə lyumminir vinir qoyulması üçün müraciət etdiyi halda, tibbi savadsızlığından istifadə edərək dişləri də yonulmuş, dişlərinə saxta vinirlər də qovulmuşdur. Burdan belə nəticə çıxır ki, Medholding Stomatoloii&Fstctik Klinikasının stamatoloqu Cavabdeh1 ümumivvətlə həkimlik təcrübəsi olduqca aşağı imiş, o dişlərinə vinir qoymazdan əvvəl onları düzgün müalicəyə hazırlayarkən tibbi səhvə yol vermiş, nəticədə dişlərini zədələmiş, həmçinin, ikinci tərəfdən, öz öhdəliyini verinə yetirməyərək razılaşdırqlarının əksinə onun dişinə saxta, yararsız vinirlər qoymuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, və iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərində və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının iddia tələbinin tam yoxlanılması təşkil edir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.07.2019-cu il tarixli, 2(004)-330/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “maddi zərərə görə 16.970 manat, mənəvi zərərə görə 10.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi zərərə görə 400 manat, hüquqi xidmətə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 460 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.11.2019-cu il tarixli, 2(103)-12578/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2(102)-2662/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.11.2019-cu il tarixli, 2(103)-12578/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya baxışı zamanı tələb edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)- 12578/19 saylı mülki işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 05/KEŞ saylı 21.02.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Tibbi təcrübəyə əsasən, aparılmış manipulyasiyalardan asılı olaraq həkim-stomatoloq tərəfindən dişlərin yonulması individual xarakter daşıyır. İddiaçı mütəxəssis müayinəsi zamanı dişlərinin həddindən artıq tünd rəngli olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, manipulyasiya ediləcək dişlərin ön və uc hissəsilərin yonulmasına göstəriş olmuşdur. Belə ki, vinir qapaqlar nazik olduğundan, dişin öz rənginin üzə çıxmaması üçün dişlərin yonulmasına düzgün qərar verilmiş və icra edilmişdir. Birinci instansiya məhkməsinin mövqeyinə görə, İddiaçı Cavabdeh1 tərəfindən dişlərinə vinir qoymazdan əvvəl onları müalicəyə hazırlayarkən tibbi səhvə vol verdiyini, nəticədə dişlərini zədələdiyini, uğursuz müalicə olunması nəticəsində ona xeyli miqdarda maddi ziyan vurulduğunu iddia etsə də, həmin hallar tərəflər arasında eyni mübahisə üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə təkzib olunmuş, dişlərin yonulmasına Cavabdeh1 tərəfindən düzgün qərar verildiyi və icra edildiyi təsbit edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalı; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməli; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalı; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 25 iyul 1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən bu Qanunun 31-1 maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Həmin Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirərək ləğv edilməsi ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və qətnamənin ləğv edilməsinə əsas ola biləcək hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.07.2019-cu il tarixli, 2(004)-330/2019 saylı qətnaməsində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 05/KEŞ saylı 21.02.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Tibbi təcrübəyə əsasən, aparılmış manipulyasiyalardan asılı olaraq həkim-stomatoloq tərəfindən dişlərin yonulması individual xarakter daşıyır. İddiaçı mütəxəssis müayinəsi zamanı dişlərinin həddindən artıq tünd rəngli olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, manipulyasiya ediləcək dişlərin ön və uc hissəslərin yonulmasına göstəriş olmuşdur. Belə ki, vinir qapaqlar nazik olduğundan, dişin öz rənginin üzə çıxmaması üçün dişlərin yonulmasına düzgün qərar verilmiş və icra edilmişdir. İddia tələbi isə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nəzərə alınmalıdır ki, sübut edilməsi yükü iddiaçı üzərinə düşən halları sübut edə bilmədikdə, cavabdehin iddianı təkzib etmək zərurəti aradan qalxmış olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya stomatoloji xidmətlər göstərilən zaman iddiaçının sağlamlığına ziyan vurulması və stomatoloji xidmətlərin keyfiyyətsiz aparılmasına dair məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri iddiaçının sağlamlığına ziyan vurulması müəyyən edilmir və qeyd edilən hallar qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq edilmişdir. Bundan başqa iddiaçı tərəfindən Cavabdeh1 6.000 manat mbləğində pul vəsaitinin verilməsi də işmaterialları ilə sübuta yetirilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin ediməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(011)-3992/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov, Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9393/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9393/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver