Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-94/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zolağında inşa edilmiş tikilinin sökülməsi, su kəmərinin sanitar mühafizə rejiminin təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin Bakı şəhəri üzrə rayonların, o cümlədən Suraxanı rayonu ərazisindən keçən müxləlif diametrli su və kanalizasiya kəmərlərinin, mərkəzi su anbarlarının və nasos stansiyalarının istismar olunmasına xidmət göstərdiyini, “Su təchizatı və tullantı suları haqqında” qanunun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanunun, “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifat”ın və digər normativ hüquqi aktların tələblərinin cavabdeh tərəfindən kobud surətdə pozularaq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsindən keçən su kəmərinin üzərində (mühafizə zolağında) qeyri-qanuni qeyri-yaşayış obyektinin inşa olunduğunu, “Su təchizatı və tullantı suları haqqında” qanunun 70-ci maddəsinin “a” bəndinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magıstrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan 5 (beş) metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirməyin su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan qadağan edildiyini, cavabdehin 500 mm diametrli yeraltı su kəmərinin üzərində inşa etdiyi qeyri-yaşayış obyektinin daim təhlükə mənbəyi olduğunu irəli sürmüş, buna görə də sözügedən qeyri-yaşayış obyektinin (aptek) əvəzi ödənilmədən cavabdehin hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ASC-nin balansında olan 500 mm diametrli iki ədəd su kəmərinin sanitar mühafizə zonasında – Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində Cavabdeh tərəfindən tikilmiş qeyri-yaşayış obyektinin (Aptek) əvəzi ödənilmədən onun hesabına sökülməsi və su kəmərlərinin sanitar mühafizə rejiminin bərpa edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, sökülməsi tələb olunan qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi isə şikayətin əsassız olduğunu və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmiş, eyni zamanda cavabdehə verilmiş mülkiyyət sənədini inzibati məhkəmədə mübahisələndirdiklərini bildirmişdir. Məhkəmənin 30 may 2019-cu il tarixli qərardadı ilə işin icraatı İddiaçı ASC-nin Suraxanı rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Cavabdeh qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırdığı “sərəncamın və çıxarışın ləğv edilməsi” iddiası üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmış, sonradan işin icraatı təzələnmiş, lakin təyin olunmuş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələr) məhkəməyə gəlməmişlər. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunıericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. “Su təchizatı və tullantı suları haqqında” qanunun 70-ci maddəsinin “a” bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağan edilir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış sahəsində, İddiaçı ASC-yə məxsus su xətlərinin mühafizə zonasında Cavabdeh məxsus qeyri-yaşayış sahəsi (aptek) mövcuddur və iddiaçı təşkilat da məhz həmin tikilinin özbaşına tikili olduğunu irəli sürməklə onun sökülməsi, yəni su kəmərinin mühafizə zonasının təmin edilməsi məqsədilə hazırkı apellyasiya baxışının predmeti olan tələblərlə məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 3D ünvanında yerləşən və iddiaçının sökülməsini tələb etdiyi əmlak Cavabdeh 15.05.2012-ci il tarixdə Xatirə Mirzəyeva tərəfindən 15 000 manata satılmış, 07.06.2012-ci il tarixdə isə sonuncunun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; cavabdehə məxsus qeyri-yaşayış sahəsinin isə lazımi icazələr alınaraq şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun inşa edilmiş daşınmaz əmlak olmaqla dövlət reyestrində qeydə alındığı müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2560/2018 saylı iş üzrə 17 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC-nin Cavabdeh qarşı “su kəmərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zolağında inşa edilmiş tikilinin sökülməsi, su kəmərinin sanitar mühafizə rejiminin təmin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-94/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-94/2021
08.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver