Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9416/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Xumar Afət qızı Mərdanovadan və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsindən Maliyyə Nazirliyinin Aparat rəhbəri tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 14 000 manat işə buraxılmadığı dövr üçün əmək haqqının, 1000 manat mənəvi zərərin əvəzinin ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin adından Nazirliyin Aparat rəhbəri Cavanşir Yusifov apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci və 363.1.2-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin adından məhkəmə aktlarından şikayətləri imzalamaq hüququ Nazirin birinci müavini X1-zadəyə verilmiş, Maliyyə nazirinin 31.07.2019-cu il tarixli əmrində isə, nazir müavinlərinin işdə olmadıqları müddət ərzində onlara təhkim olunmuş struktur bölmələrin (təşkilatların) işlərinə rəhbərlyin Aparatın rəhbərinə həvalə edildiyi göstərilmişdir. Kollegiyanın qənaətinə görə, təşkilatdaxili məsələləri tənzimləyən sənəd olan nazir müavinlərinə təhkim olunmuş struktur bölmələrin (təşkilatların) işlərinə rəhbərlyin həyata keçirilməsi mexanizmini tənzimləyən həmin əmr məhkəmə aktlarından verilən şikayətləri imzalamaq hüququ verən etibarnamə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsindən Maliyyə Nazirliyinin Aparat rəhbəri tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9416/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9416/2021
31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver