Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-943/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə Açar sözlər: artıq ödənilmiş pulun geri qaytarılması X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-3943/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən 8 saylı evin, 7 saylı mənzili İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətində olmuş və bu şəxs həmin mənzil üzrə elektrik enerjisinin istifadəçisi kimi abonent (abonent kodu **********80007) qismində qeydiyyata alınmışdır. Həmin mənzil üzrə elektrik enerjisindən istifadəyə görə borc yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5642/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı (abonent kodu **********80007) istifadə edilmiş elektrik enerjisi borcuna görə cəmi 2.868,25 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra vərəqi icra olunması üçün Bakı şəhəri Sabuçu rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin “İcraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5642/2021 nömrəli icra sənədi üzrə icraata “İcra haqqında” Qanununun 20.1.5-ci maddəsinə əsasən (icra sənəndi tam icra olunduqda) xitam verilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdeh "xxxx" ASCnin hesabına (bundan sonra “cavabdeh”) 7.556 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən artıq ödənilmiş 4.532 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5642/2021 nömrəli qətnaməsi ilə ondan "xxxx" ASC-nin xeyrinə cəmi 2.868,25 manat pulun tutulması qət edilmişdir. O, həmin borcu 2024-cü ilə kimi hissə-hissə cavabdehin hesabına ödəmişdir. 2024-cü ilin aprel ayında o, evinə dair alqı-satqı müqaviləsi bağlayarkən ona bildirmişlər ki, kompüterdə ona 7.400 manat məbləğində işığa görə borc yazılmışdır. Belə olan halda evi alan müştəri bildirmişdir ki, ya həmin məbləği ödə, ya da ki evi almır. Ona görə də məcburiyyət qarşısında qalaraq 2.868.25 manat əvəzinə, 7.400.90 manat pulu cavabdehin hesabına ödəmişdir. Bundan sonra evi satmışdır. Cavabdeh bu günədək artıq ödənilmiş pulu geri qaytarmamışdır.
4. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının MM-nin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Odur ki, "xxxx" ASC-nin iddiaçı qarşısında artıq ödənilmiş 4.532 manat məbləğində pulun və ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun geri qaytarılması öhdəliyi mövcud deyil. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3943/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4.502,65 manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim X7).
6. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçının qətnamə üzrə ödəməli olduğu cəmi borc 2.898.25 (2.868.25 manat borc + 30 manat dövlət rüsumu) manat təşkil etmişdir. Lakin cavabdeh sistem üzrə borcu qətnamə üzrə hesablanmış borca vaxtında uyğunlaşdırmamış, iddiaçının hesabında əsassız olaraq artıq borc əks olunmuşdur. İddiaçı mənzili özgəninkiləşdirərkən hesabda göstərilən bütün borcu ödəmişdir. Bununla da cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan əsassız olaraq varlanmışdır. Ona görə də varlanmış şəxs – hazırkı halda "xxxx" Açıq Səhmdar Cəmiyyəti əldə etdiklərini məhrum olanın – hazırkı halda İddiaçı onun tələbi ilə qaytarmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 439.4-cu, 1091.2-ci, 1092.1-ci, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 217-ci və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəində ləğv edilməsi və iddianın tam təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə materiallarda, xüsusən də iddia ərizəsində iddiaçının özü tərəfindən qeyd edilmişdir ki, iddiaçı 7.400.90 manat pulu cavabdehin hesabına ödəmiş ondan sonra evi satmışdır. Yəni iddiaçı həmin vəsaiti cavabdehin hesabına ödəyən zaman "xxxx" ASC ilə hələ də müqavilə münasibətlərində olmuşdur. Evin təzə sahibi sonradan yeni abonent kimi rəsmiləşdirilmişdir. Məhz bu səbəbdən də bu hal özlüyündə cavabdeh "xxxx" ASC-nin əsassız varlanmasına dəlalət etmir. Hesab edirik ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bu hal özlüyündə əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə iddia üzrə tələb edilən məbləğin iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapmır. Belə ki, iddiaçı elektrik enerjisinə görə borcun yarandığı mənzili başqa bir şəxsə satmışdır. Belə olan halda, iddiaçı mövcud vəziyyətdə bu məbləği tələb edə bilməz. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırda apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də rədd edilməsi xahiş olunduğundan, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
19. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən 8 saylı evin, 7 saylı mənzili üzrə elektrik enerjisindən istifadəyə görə borc yaranmışdır.
20. Həmin borcun ödənilməsi təmin edilmədiyindən cavabdeh iddiaçıya qarşı iddia ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və elektron sistem üzrə abonent məlumatlarına əsaslanaraq, istifadə edilmiş elektrik enerjisinə görə yaranmış cəmi 8.564,33 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Həmin iş üzrə aparılmış araşdırma nəticəsində son 4 il ərzində (2018 il - 377,31 manat, 2019-cu il 950,22 manat, 2020-ci il 951,68 manat, 2021-ci il 589,40 manat) mənzildə istifadə edilmiş elektrik enerjisinə görə ümumilikdə 2.868.25 manat məbləğində borcun yarandığı müəyyən edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5642/2021 nömrəli qətnaməsi ilə iddiaçıdan həmin məbləğdə borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir.
21. İddiaçı həmin mənzili özgəninkiləşdirmək istiyərkən cavabdehə ödənilməmiş borcunun olması səbəbindən bu məsələdə çətinliklər yaranmış və evi almaq istəyən şəxsin tələbi ilə xx.xx.2024-cü il tarixdə qeyd edilən qətnamə ilə müəyyən edilən (2.898,25 manat) məbləğdən artıq, yəni həmin vaxt Cavabdeh ASC-nin elekron sistemində qeyd olunan məbləği ödəmişdir.
22. Belə ki, **********80007 nömrəli abunə haqqında məlumata əsasən xx.xx.2024-cü il tarixdə bu mənzil üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış borcun bağlanması məqsədi ilə hökümət ödəniş portalı vasitəsi ilə 7.556 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilən qətnamə üzrə verilmiş icra sənədində göstərilən məbləğ həmin məbləğlə əhatə olunduğundan bu məbləğ hesabına icra sənədində göstərilən borc məbləği də ödənilmiş, bu səbəbdən icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. Buna baxmayaraq, iddiaçı iddia tələbində 7.556 manat deyil, daha aşağı, yəni 7.400,90 manat məbləğində ödəniş etməsinə istinad edərək, cavabdehdən bu məbləğlə qətnamə ilə ondan tutulan məbləğ arasında olan fərqin tutulmasını tələb edir. Bu səbəbdən məhkəmə kollegiyası artıq ödənilmiş məbləğin mövcud olub-olmamasının məhz iddiaçının istinad etdiyi məbləğ əsas götürülməklə müəyyən edilməsini qanuni və ədalətli hesab edir.
23. Bununla belə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5642/2021 nömrəli qətnaməsinə əsasən iddiaçının 2005-2021-ci il tarixləri üçün istifadə edilmiş elektrik enerjisinə görə yalnız 2.868,25 manat məbləğində borcun ödənilməsi öhdəliyi yaranmışdır. Bu da öz növbəsində iddiaçıdan həmin dövr üçün bu məbləğdən artıq məbləğdə borcun tələb edilməsini istisna etməklə, eyni zamanda, həmin qətnaməyə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının borcunun məbləği ilə bağlı elektron sistemdə (abonentin hesabında) müvafiq düzəlişlərin edilməsini şərtləndirmişdir. Lakin düzəlişlərin edilməməsi səbəbindən iddiaçı icra sənədində göstərilən 2.868,25 manat məbləğində borcu deyil, onun abonent hesabında borc kimi göstərilən 7.556 manat məbləğində borcu ödəmək məcburiyyətində qalmış və ödəmişdir.
24. Hüquqi nəticə etibarı ilə cavabdeh hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına 4.502 manat (iddia tələbinə uyğun olaraq hesablama 7.400,90 manat üzərindən aparılmaqla və bu məbləğdən 2.898,25 manat çıxılmaqla) məbləğində pulu əldə etmiş və sonuncuya məxsus olan bu məbləğ hesabına əsassız olaraq varlanmışdır. Bu məbləğ öhdəlikdən kənar ödənilmiş və iddiaçının tələbi ilə əsassız varlanma qaydalarına uyğun olaraq cavabdeh tərəfindən geri qaytarılmalıdır. Məhz bu səbəbdən qeyd edilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin istinad etdiyi Mülki Məcəllənin 383-cü maddəsi isə ümumiyyətlə bu münasibətlərə tədbiq edilə bilməz. İddiaçının həmin vaxt cavabdehlə müqavilə münasibətlərində olması da bu pulun tutulmaması (qaytarılmaması) üçün əsas yaratmır. Bununla belə, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuş və iddianı qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə 4.502,65 manat məbləğində pul tutmaqla düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlər apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və onların rədd edilməsini şərtləndirir.
25. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında səsləndirdiyi dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən məbləğ ödənilən zaman mənzil hələ iddiaçının mülkiyyətində olmuşdur. Bu məbləğin iddiaçı tərəfindən deyil, hər hansı başqa şəxs tərəfindən ödənilməsi də müəyyən edilmir. İş materiallarında olan cavabdehə məxsus bildiriş üzərində həmin mənzil üzrə abonent olaraq iddiaçının deyil, X6 istifadə edilmiş elektrik enerjisinə görə borcunun olmamasının göstərilməsi, habelə 7.556 manat məbləğində borcun ödənilməsini təsdiq edən abunə haqqında məlumatlarda abonent qismində bu şəxsin göstərilməsi həmin ödənişin məhz onun tərəfindən aparılmasını deyil, bu mənzilin hazırda mülkiyyətçisi olmasını təsdiq edir. Onun bu mənzili istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borc məbləği ilə birgə mülkiyyətinə qəbul etməsi də müəyyən edilmir. Bu da öz növbəsində bu dəlilin də əsassız olduğunu təsdiq edir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq ondan iddiaçının xeyrinə 4.502,65 manat məbləğində pul tutmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
27. Məhkəmə kollegiyası o halı da qeyd edir iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3943/2024 nömrəli qətnaməsi Cavabdeh ASC-nin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.