Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9432/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə pul tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı komputer-texniki ekspertizası təyin olunaraq işin icraatı ekspert rəyi alınanadək dayandırılmış, həmin qərardaddan iddiaçının verdiyi şikayət isə birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qərardaddan verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 97-98-ci maddələrinin mənasına görə, qanunvericilik istər ekspertiza təyin edilməsi, istərsə də ekspertiza təyin edilməsindən imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, ekspertizanın təyin olunması barədə vəsatət üzrə qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Kollegiya qeyd edir ki, ekspertiza təyini zamanı icraat dayandırılmışdırsa məhkəmənin bununla bağlı qəbul etdiyi qərardaddan şikayət verilə bilər; lakin iddiaçının şikayətinin məzmunundan görünür ki, o, icraatın dayandırılmasından deyil, ekspertiza təyin olunmasından şikayət vermiş, şikayətini isə müvafiq qərardadda texniki səhvlərə yol verildiyi ilə əsaslandırmışdır. Bu baxımdan kollegiyanın qənaətinə görə, verilmiş şikayətə apellyasiya qaydasında baxmaq və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Kollegiya onu da qeyd edir ki, əslində bu cür vəziyyət birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını düzgün tətbiq etməməklə ekspertiza təyininə dair qərardadda həm də icraatın dayandırılması qənaətini əks etdirməsi nəticəsində yaranmışdır; halbuki, ekspertiza təyini və icraatın dayandırılması ayrı-ayrı prosessual hüquq institutları olmaqla yaratdıqları hüquqi nəticələr fərqlidir və bu səbəblə onların eyni məhkəmə aktı ilə rəsmiləşdirilməsi məqsədəmüvafiq hesab olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9432/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9432/2020
07.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver