Məhkəmə qərarları › İş №2(103)-9435/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9435/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9435/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, e-2(010)-3097/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(010)- 3097/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 "xxxx" MMC-yə məxsus “AUDİ Q7” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 6172.88 (altı min yüz yetmiş iki manat, səksən səkkiz qəpik) manat və 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət xərcinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki iş geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; 361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası MPM-in 361-ci maddəsi ilə nəzərdə tutulmuş apellyasiya şikayətinin tərtib edilməsi qaydaları pozulmuşdur. Belə ki, apellyasiya şikayətinin nəticə (xahiş olunan) hissəsi nəzərdən keçirilərkən müəyyən olunur ki, apellyator apellyasiya şikayətinin təmin olunmasını, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3097/2021 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Yəni, cavabdehin apellyasiya məhkəməsindən etdiyi xahiş qeyri-müəyyəndir, şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissədə və hansı səbəbdən əsassız olması, yeni qətnamə çıxarılması ilə bağlı xahişi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qanunda nəzərdə tutulmuş məzmuna əməl edilmədən verildiyindən, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(010)- 3097/2021 saylı qətnaməsindən cavadeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar