Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9440/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu 3 nömrəli Tam Orta Məktəbə qarşı “dərs saatlarının qaytarılması və sair tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2021-ci il tarixli qətnamədən cavabdeh Məktəbin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə verdikləri apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün, cavabdeh Məktəbin direktoru X3, üçüncü şəxs olan Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, direktor müavini işlədiyi cavabdeh Məktəb tərəfindən biologiya fənni üzrə həftəlik 6 saatlıq dərs yükünün ona qaytarılması və 01.11.2020-ci il tarixdən etibarən qətnamənin qəbul edildiyi tarixədək məcburi boşdayanmaya görə həmin dərs yükünə əsasən əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Məktəbinin üzərinə qoyulması, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdeh Məktəbdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının biologiya fənni üzrə həftəlik dərs yükü 2016-cı ilədək 12 saat, 2016-cı ildən isə 6 saat olmuşdur. Digər orta məktəblərdə də direktor müavinləri ayrı-ayrı fənləri tədris edir. Ötən illər ərzində iddiaçı tərəfindən də biologiya fənninin tədris edilməsi ilə bağlı hər hansı problem yaranmamış, o cümlədən bu fənni tədris edən digər müəllimlər buna heç vaxt etiraz etməmişlər. Onların etiraz etməsi barədə müraciətlərin yazılması isə məktəbin direktoru tərəfindən qərəzli şəkildə təşkil edilmişdir. Belə ki, həmin müəllimlərdən ikisi şagirdlərin biologiya fənni üzrə dərsdən kənar hazırlığı ilə məşğul olur və bu baxımdan onların mövcud dərs saatlarından artıq saatda yük daşımağa vaxtı yoxdur. Digər tərəfdən 2020-ci il üçün dərs yükü artıq bölünmüş və iddiaçı, 16.10.2020-ci il tarixinədək biologiya fənnini tədris etmişdir. Lakin həmin ilin noyabr ayında hər hansı bir əsas olmadan və qanunsuz şəkildə iddiaçıdan bu fənn alınaraq, digər müəllimlərə verilmişdir. Cavabdeh Məktəbin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Məktəbdə müəllim vəzifəsində deyil, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışır, onun əmək funksiyaları “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”nda təsbit edilmiş və dərslərin tədrisi bu funksiyalar sırasına daxil edilməmişdir. Digər tərəfdən Məktəbdə biologiya ixtisası üzrə 6 fənn müəllimi var və biologiya fənni üzrə ümumilikdə həftəlik 48 saat dərs yükü mövcud olduğuna görə həmin dərs saatları qanunvericiliyə uyğun olaraq ilk öncə həmin müəllimlər arasında bölüşdürülməlidir. Bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından Məktəbin rəhbər işçilərinə dərs yükünün verilməsi səlahiyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsinə aiddir və onlara dərs yükünün verilməsi vəzifəsi imperativ vəzifə kimi müəyyən edilməmişdir. Digər tərədən Məktəbdə müvafiq fənn üzrə müəllim sayından və dərs yükünün həcmindən asılı olaraq, direktor və direktor müavinlərinə dərs yükünün verilməsi və ya verilməməsi məsələsinə hər tədris ilində yenidən baxılır. Məktəbdə isə biologiya fənni üzrə mövcud olan dərs saatlarının miqdarı 6 fənn müəlliminin tələb olunan miqdarda dərs saatı ilə təmin edilməsini qeyri-mümkün edir. Belə bir vəziyyətdə iddiaçının biologiya fənnini tədris etməsi bu fənn üzrə digər müəllimlərin narazılığına səbəb olmuşdur. Bu səbəbdən biologiya fənnini tədris edən müəllimlər rəsmi olaraq müraciət edərək, onların həftəlik ən azı 12 saat dərs yükü ilə təmin edilməsini xahiş etmişlər. Bu səbəbdən iddiaçının tədris etdiyi həftəlik 6 saat 2020-ci ilin sentyabr ayından etibarən məktəbin digər 4 müəllimi arasında bölüşdürülmüş və həmin vaxtdan da iddiaçı bu fənni tədris etmir. Hazırki müəllimlərdən də sinif şagirdləri razıdırlar. Bununla belə, iddiaçıya münasibətdə hər hansı qanunsuzluğa yol verilməmişdir. Rayon Məhkəməsinin təşəbbüsü ilə iş üzrə üçüncü şəxs qismindən işin baxılmasına cəlb edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən bütün tipdən olan ümumtəhsil məktəblərinin direktorları və onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq həftədə 12 saata qədər dərs apara bilərlər. Müəllimlərin yeni tədris ili üçün dərs yükü isə müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda, həmin dərs saatları vakant hesab olunur və bununla bağlı olaraq Nazirliyin internet səhifəsində müvafiq elan verilir. Dərs bölgüsünü ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı olan Pedaqoji Şura təsdiq edir və dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Ötən illər ərzində cavabdeh Məktəb tərəfindən iddiaçının biologiya fənnini tədris etməsi ilə bağlı müraciət edilmiş və həmin müraciətə uyğun olaraq razılıq verilmişdir. Lakin 2020-2021-ci illər üzrə həmin Məktəbin direktoru tərəfindən bu barədə müraciət daxil olmamış və nəticədə iddiaçıya biologiya fənni üzrə hər hansı miqdarda saatın ayrılmasına razılıq verilməmişdir. Lakin bu zaman hər hansı qanunsuzluğa yol verilməmişdir. Belə ki, saatların çatışmazlığı səbəbindən Məktəbdə bu fənni tədris edən digər müəllimləri həftəlik dərs yükü ilə təmin etmək mümkün olmamışdır. Halbuki, artıq qeyd edildiyi kimi, ilk öncə onlar tələb olunan saat miqdarında dərs yükü ilə təmin edilməlidir. Bu səbəbdən də həmin fənni tədris edən müəllimlər bu məsələ ilə bağlı məktəbin direktoruna müraciət etmişlər. İddiaçıya da ayrılmış 6 saat miqdarında dərs yükü Məktəbin Pedaqoji Şurasının iclasında qəbul edilmiş qərara əsasən bu fənni tədris edən digər müəllimlər arasında bölüşdürülmüş və nəticədə həmin saatlar digər 4 müəllimə verilmişdir. Hətta bundan sonra da onların dərs yükü yenə də normadan aşağı qalmışdır. Bununla belə, qeyd edilən məsələdə hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının cavabdeh Məktəbində tədris etdiyi biologiya fənni üzrə 6 saat miqdarında dərs yükünün iddiaçıya qaytarılması və 01.11.2020-ci il tarixdən 24.05.2021-ci il tarixədək dövr üçün həmin dərs yükünə görə nəzərdə tutulmuş əmək haqqının iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Məktəbin üzərinə qoyulmasını, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin cavabdeh Məktəbdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh Məktəb və iş üzrə üçüncü şəxs olan Təhsil İdarəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Məktəbdə müəllim vəzifəsində deyil, uşaqlarla məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçısı vəzifəsində çalışır və onun əmək funksiyalarına dərs tədris edilməsi daxil deyil. İddiaçı ilə müəllim kimi əmək müqaviləsi bağlanmamışdır. İddiaçıya tədris üçün dərs saatlarının verilməsi isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26.01.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normaları”na əsasən həyata keçirilir. Belə ki, qeyd olunan Normalara əsasən, ümumtəhsil məktəblərinin, liseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə liseylərinin rəhbər işçilərindən 0,5 ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə taarifləşmə siyahısına salınmaqla həftədə 18 saata (ildə 720 saata) qədər dərs apara bilərlər. Bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər. Məktəbin rəhbər işçilərinə dərs yükünün verilməsi vəzifəsi Təhsil İdarəsinə aiddir və yuxarıda qeyd olunan Normalarda bu imperativ vəzifə kimi müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.05.2018-ci il tarixli, F-345 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən, dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. 2020/2021-ci tədris ilində məktəb üzrə biologiya ixtisası üzrə 6 fənn müəllimi var və biologiya fənni üzrə ümumilikdə 48 saat dərs yükü mövcud olduğuna görə həmin dərs saatları qanunvericiliyə uyğun olaraq ilk öncə həmin müəllimlər arasında bölüşdürlümüşdür. Bu məsələlər işə baxmış Rayon Məhkəməsinin hakiminin diqqətinə çatdırılsa da, hakim bunları nəzərə almamışdır. Cavabdeh Məktəbin direktoru və iş üzrə üçüncü şəxs olan Təhsil İdarəsinin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin olunsa da, iş üzrə iddiaçı, Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayətini cavabdeh Məktəb və iş üzrə üçüncü şəxs olan Təhsil İdarəsi vermişlər. Onlar, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsələr də, apellyasiya şikayətinin məzmunundan görünür ki, onlar, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmirlər. Odur ki, bunları və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının adına açılmış və iş materiallarına surəti əlavə edilmiş “Əmək kitabçasından” görünür ki, İddiaçı 22.05.1990-cı il tarixdən bügünədək cavabdeh Məktəbində məktəbdənkənar və sinifdən xaric işlər üzrə direktor vəzifəsində çalışır, eyni zamanda ixtisasına uyğun olaraq bilogiya fənnini tədris edir. Məktəbin Pedaqoji Şurasının 14.09.2020-ci il tarixdə keçirilmiş ilk onlayn iclasında iddiaçıya dərs saatlarının ayrılmasına razılıq verilməməsi səbəbindən keçən tədris ilində iddiaçıya ayrılan həftəlik 6 saat dərs yükünün dərs yükü az olan digər biologiya müəllimləri arasında bölüşdürülməsi qərara alınmış və nəticədə iddiaçının dərs yükü hesabına məktəbdə bu fənni tədris edən Sevda Acalovaya 1 saat, Nisəxanım Məmmədovaya 2 saat, Aybəniz İsmayılovaya 1 saat və Təranə Ömərovaya 2 saat ayrılmışdır. Cavabdeh Məktəbin direktoruna ünvanlanmış 23.09.2020-ci il tarixli müraciətdən görünür ki, Məktəbin digər müəllimlər ilə yanaşı, biologiyanı tədris edən Məshəti Eyvazova və Gülnarə Musayeva Məktəbin direktorundan xahiş etmişlər ki, onlar həftəlik ən azı 12 saat dərs yükü ilə təmin edilsinlər. Cavabdeh Məktəbin direktoruna ünvanlanmış 27.10.2020-ci il tarixli müraciətdən görünür ki, Məktəbin müəllimləri Nisəxanım Məmmədova və Məshəti Eyvazova onların dərs yüklərinin artırılmasını, Gülnarə Musayeva və Sevda Acalova isə onlara ayrılan dərs yükünün onlarda saxlanılmasını Məktəbin direktorundan xahiş etmişlər. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatları nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə görə, əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 16-cı maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Məcəllənin 16-cı maddəsinin 4-cü hissəsinə görə, ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Məcəllənin 57-ci maddəsinin 1-ci hissəsinə görə, işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Məcəllənin 57-ci maddəsinin 2-ci hissəsinə görə, əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş “Vahid X2”na əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Məcəllənin 57-ci maddəsinin 3-cü hissəsinə görə, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir. Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.13-cü yarımbəndinə görə, ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi Qaydaları”nın 2.2-ci bəndinə görə, müəllimlərin yeni tədris ili üçün dərs yükünün müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda, həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.01.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normaları”n 3-cü bəndinə görə, bütün tipdən olan ümumtəhsil məktəblərinin direktorları və onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq həftədə 12 saata qədər dərs apara bilərlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.11.2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3.1.2.6-cı yarımbəndinə görə, dərs bölgüsünün təsdiqi ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı olan Pedaqoji Şuranın vəzifələrinə daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20.12.2017-ci il tarixli, 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”na görə, tərbiyə işləri üzrə direktor müavini əmək funksiyalarına görə məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Gənclərin millimənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir. Cavabdeh Məktəb və iş üzrə üçüncü şəxs olan Təhsil İdarəsi apellyasiya şikayətində iddiaçının dərs yükündən azad edilməsinin birinci səbəbi kimi iddiaçının ixtisasının biologiya müəllimi deyil, Məktəbin direktor müavini vəzifəsini icra etməsini göstərirlər. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, iddiaçının 30 ildən artıq həmin məktəbdə biologiya fənnini tədris etməsi işin mübahisəsiz halıdır. O, Bakı Şəhəri Kirov (hazırki Binəqədi) Rayon Təhsil Şöbəsinin əmri ilə 22.05.1990-cı il tarixdə Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmiş və həmin vaxtdan etibarən bu Məktəbdə biologiya fənnini tədris edir. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.01.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibatitəsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normaları”n 3-cü bəndinə əsasən bütün tipdən olan ümumtəhsil məktəblərinin direktorları və onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq həftədə 12 saata qədər dərs apara bilərlər. İddiaçının müəllim kimi fəaliyyət göstərməsini istisna edəcək hüquqi baxımdan heç bir hal yoxdur. Həmçinin faktiki olaraq da iddiaçı 30 ildən artıq müddətə biologiya fənnini tədris etmişdir. Odur ki, iddiaçı cavabdeh Məktəbdə direktor müavini vəzifəsini icra etməklə yanaşı, onun əmək funksiyasına biologiya fənninin tədrisi də aiddir. Hazırda isə iddiaçının biologiya fənnini tədris etməkdən azad edilməsi onun əmək funksiyasının azalmasına səbəb olmuşdur. Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə görə isə, işçinin razılığı olmadan onun əmək funksiyasının azaldılması yolverilməzdir. Cavabdeh Məktəb və iş üzrə üçüncü şəxs olan Tədris İdarəsi iddiaçının 6 saat dərs yükündən azad edilməsinin ikinci səbəbini onunla izah edirlər ki, Məktəbdə biologiya fənni üzrə mövcud olan dərs saatlarının miqdarı 6 fənn müəlliminin tələb olunan miqdarda dərs saatı ilə təmin edilməsini qeyri-mümkün edir. Belə bir vəziyyətdə iddiaçının biologiya fənnini tədris etməsi bu fənn üzrə digər müəllimlərin narazılığına səbəb olmuşdur. Bu səbəbdən biologiya fənnini tədris edən müəllimlər rəsmi olaraq müraciət edərək, onların ən azı 12 saat dərs yükü ilə təmin edilməsini xahiş etmişdilər. İddiaçının tədris etdiyi 6 saat 2020-ci ilin sentyabr ayından etibarən məktəbin digər 4 müəllimi arasında bölüşdürülmüşdür. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddiaçının ona ayrılmış dərs yükündən azad edilməsi üçün əsas hesab edilə bilməz. Bu baxımdan Məhkəmə bu məsələ ilə bağlı Rayon Məhkəməsi ilə razılaşır ki, 03.09.2020-ci il tarixdə Məktəbə yeni direktor təyin edildikdən sonra 14.09.2020-ci il tarixdə keçirilmiş Pedaqoji Şuranın onlayn iclasında qəbul edilmiş qərara əsasən keçən tədris ilində iddiaçıya ayrılan 6 saat dərs yükü dərs yükü az olan digər biologiya müəllimləri arasında bölüşdürülmüş və buna uyğun olaraq məktəbin direktoru tərəfindən həmin tarixdə imzalanmış “dərs saatlarının bölüşdürülməsi barədə” əmrə əsasən iddiaçıdan alınmış 6 saat məktəbdə bu fənni tədris edən digər 4 müəllim arasında bölüşdürülmüşdür. Qeyd edilən qərarın qəbul edilməsi səbəbi kimi, birincisi – biologiya fənni üzrə mövcud orta dərs yükünün az olması, ikincisi - Təhsil İdarəsi tərəfindən iddiaçıya dərs saatlarının ayrılmasına razılığın verilməməsi göstərilmişdir. Halbuki, tədris ilinin 15 sentyabr tarixində başlaması, müəllimlərin isə məzuniyyətə tədris ili bitdikdən (14 iyun) sonra iyul ayında çıxması nəzərə alınaraq, qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi Qaydaları”nın 2.2-ci bəndinin məzmununa əsasən iddiaçının və digər müəllimlərin 2020-2021-ci tədris illəri üçün dərs yükü 2020-ci ilin sentyabr ayında deyil, 2020-ci ilin iyul ayınadək müəyyənləşdirilməlidir. Həqiqətdə bu məsələ məhz həmin Qaydaların 2.2-ci bəndinə uyğun olaraq həll edilərək, 2020-2021-ci tədris illəri üçün iddiaçının biologiya fənni üzrə dərs yükü artıq yenidən 6 saat miqdarında müəyyən edilmiş və bu bölgüyə uyğun olaraq, iddiaçı həmin fənni 16.10.2020-ci il tarixədək tədris də etmişdir. Nəticə etibarı ilə məktəbin direktoru yalnız iddiaçıya münasibətdə dərs yükünü yenidən bölmüşdür. Belə ki, məktəbin direktoru tərəfindən 14.09.2020-ci il tarixli əmrlə təsdiq edilmiş cədvəldən demək olar ki, hər fənn üzrə dərs yükünün müəllimlər arasında qeyri-proporsional bölündüyü müəyyən edilir. Məsələn, “Azərbaycan dili və Ədəbiyyat” fənni üzrə ayrı-ayrı müəllimlərin dərs yükü 6 saat, 10 saat, 18 saat və 23 saat arasında dəyişir. Eyni fərqlər “İngilis dili”, “Riyaziyyat” və digər fənlər üzrə də müşahidə olunur. Lakin həmin fənlər üzrə də dərs yükü balanslaşdırılmamış və iddiaçıya münasibətdə göstərilmiş “mövcud olan dərs yükünün az olması” əsası həmin fənləri tədris edən müəllimlərə tətbiq edilməmişdir. Halbuki, həqiqi niyyət və məqsədə uyğun olaraq dərs yükünün mümkün qədər bərabər bölünməsi digər fənlər üzrə də həyata keçirilməli idi. Bundan əlavə, mövcud prosedura əsasən direktor və direktor müavinləri tərəfindən hər hansı fənnin tədris edilməsi ilə bağlı məsələ Təhsil İdarəsi tərəfindən, lakin məhz Məktəbin direktorunun müraciətinə əsasən həll edilir. Bakı şəhəri Binəqədi rayonu üzrə də fənn tədrisinə cəlb edilmiş 11 direktor və direktor müavinindən yalnız üçünə 2020-2021-ci tədris illərində fənn tədris etməyə razılıq verilmişdir. Bu da onlar barədə Təhsil İdarəsinə müraciətin edilməməsi ilə bağlı olmuşdur. Başqa sözlə, iddiaçıya 2020-2021-ci tədris illərində biologiya fənninin tədris edilməsinə razılığın verilməməsi bilavasitə Məktəbin direktoru tərəfindən bu məsələ ilə bağlı Təhsil İdarəsinə müraciət etməməsi ilə bağlı olmuşdur. Əks halda, Təhsil İdarəsi ayrı seçkiliyə yol verməmək üçün digər 8 nəfərə də razılıq verməzdi. Bu səbəbdən Məhkəmə Pedaqoji Şuranın 14.09.2020-ci il tarixli qərarında iddiaçıya ayrılmış 6 saatın ondan alınması üçün səbəb kimi göstərilmiş halları əsassız hesab edir və belə qənaətə gəlir ki, bu qərarın qəbul edilməsinə ilk növbədə qanunvericiliyin tələbləri deyil, məktəbin yeni direktoru ilə iddiaçı arasında mövcud olan prinsipial münasibətlər əsas olmuşdur. Məhkəmə bu qənaəti çərçivəsində onu da qeyd etməyi zəruri hesab edir ki, biologiya fənnini tədris edən müəllimlər tərəfindən 23.09.2020-ci il tarixdə və 27.10.2020-ci il tarixdə məktəbin direktoruna ünvanlanmış müraciətlər məzmun etibarı ilə ümumiyyətlə anlaşılmazdır. Belə ki, Pedaqoji Şuranın bu məsələ ilə bağlı qərarı 14.09.2020-ci il tarixdə qəbul edilmiş və iddiaçının tədris etdiyi 6 saat hesabına bu fənni tədris edən Sevda Acalovaya 1 saat, Nisəxanım Məmmədovaya 2 saat, Aybəniz İsmayılovaya 1 saat və Təranə Ömərovaya 2 saat ayrılmışdır. Buna baxmayaraq, həm bu müəllimlər, həm də biologiyanı tədris edən Məhsəti Eyvazova və Gülnarə Müsayeva həmin qərardan 9 gün sonra, yəni 23.09.2020-ci il tarixdə Məktəbin direktoruna müraciət edərək, həyat şəraitinin yaxşılaşdırılması üçün onların hər birinin 1 stavka, yəni 18 saat, heç olmasa 12 saat dərs yükü ilə təmin edilmələrini xahiş etmişlər. Halbuki, Sevda Acalovanın həmin vaxt dərs yükü məhz 12 saat, Nisəxanım Məmmədovanın və Aybəniz İsmayılovanın dərs yükü isə 10 saat təşkil edirdi. Belə olan halda, Sevda Acalovanın heç olmasa 12 saat dərs yükü ilə təmin edilməsi barədə müraciəti anlaşılmaz olur. Nisəxanım Məmmədova və Aybəniz İsmayılova isə hər biri yük etibarı ilə böyük bir fərq etməyən 2 saat dərs yükünün mübahisəsini aparmış olurlar. Digər tərəfdən ötən illər ərzində də həmin müəllimlər qeyd edilən dərs yükünə malik olmuşlar. Lakin yalnız 23.09.2020-ci il tarixdə, yəni Məktəbə yeni direktor təyin ediləndən sonra dərs yükünün artırıması məsələsini qaldırmışlar və bunu bilavasitə həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqələndirmişdilər. Bu müəllimlər həmin müraciəti tərtib edən zaman iddiaçının dərs yükü artıq onların bəzilərinin arasında bölünmüş və onlar mövcud dərs yükü barədə tam məlumatlı olmuşlar. Onların 14.09.2020-ci il tarixdə aparılmış dərs bölgüsündən məlumatlı olmamaları əsas götürüldükdə (halbuki, bu mümkün deyil, belə ki, 15.09.2020-ci il tarixdən onlar dərslərin tədrisinə başlamalı idi) belə, əldə edilmiş nəticənin onlara məlum olmasını asanlıqla ehtimal etmək olur. Çünki onların müraciətləri təmin edildiyi ən yaxşı halda, bərabərliyin qorunması məqsədi ilə iddiaçıdan alınmış dərslər hesabına onların hər birinə 1 saat əlavə dərs verilə bilərdi. Bu halın da əmək haqqı məbləği etibarı ilə onların həyat şəraitinə nə dərəcədə müsbət təsir etməsinin özü də sual doğurur. Bu da öz növbəsində onların müraciətlərinin əhəmiyyətsiz və mənasız olduğunu, nəticə etibarı ilə dərs yükünün iddiaçıdan alınıb onların arasında bölüşdürülməsi, yəni Şuranın 14.09.2020-ci il tarixli qərarının iddiaçıya münasibətdə əsaslı olması və Məktəbin direktorunun istəyinə deyil, onların iradəsinə bağlı olmasını sübut etmək məqsədi daşıdığını bir daha təsdiq edir. Hər bir halda, bu məsələ həqiqətən də müəllimlərin iradəsinə bağlı olsa idi, həmin müraciətlər qərardan sonra deyil, ondan əvvəl edilməli idi. Başqa sözlə, qərar qəbul edilən zaman dərs yükünün azlığı ilə bağlı reallıqda hər hansı problem yox idi. O hal da nəzərə alınmalıdır ki, 23.09.2020-ci il tarixdə dərs yükünün artırılması tələbi ilə altı müəllim müraciət etməsinə baxmayaraq, nəticədə iddiaçıdan alınmış dərslər yuxarıda adları qeyd edilən müəllimlərin dördünün arasında bölüşdürülmüş və bu zaman yenə də proporsionallıq qorunmamışdır. Belə ki, həmin saatlar dərs yükü nisbətən çox olan Sevda Acalovaya, Nisəxanım Məmmədovaya, Aybəniz İsmayılovaya və Təranə Ömərovaya verilmişdir. Bu müəllimlərə münasibətdə dərs yükü nisbətən az olan Məhsəti Eyvazova və Gülnarə Müsayeva müraciətlərinə baxmayaraq, yenə də əlavə dərs yükü ilə təmin edilməmişdilər. Halbuki, əsas məqsəd bu problemi həll etməkdən ibarət olmuşdursa, iddiaçıdan alınmış saatlar ilk növbədə onlara verilməli idi. Cavabdeh Məktəb bu iki müəllimin digərlərinə münasibətdə daha az ixtisaslı olmasını da bildirmir. Məshəti Eyvazova bundan sonra, yəni 27.10.2020-ci il tarixdə də Məktəbin direktoruna dərs yükünün artırılması barədə müraciət etmiş və həmin müraciətdə dərs yükünün az olması səbəbindən başqa məktəbdə dərs demək məcburiyyətində qaldığını, nəticədə yükləndiyini, bu halın onun səhhətinə pis təsir etdiyini bildirmişdir. Halbuki, həmin miqdarda dərs saatı ilə Məktəbdə təmin olunduğu təqdirdə eyni qaydada yüklənmiş olacaqdır. Bu halın da onun səhhətinə eyni qaydada pis təsir etməsi ilə nəticələnməməsi də sual doğurur. Bu baxımdan həmin müraciət də anlaşılmazdır. 23.09.2020-ci il tarixli müraciətində həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə dərs yükünün artırılmasını xahiş edən Gülnarə Musayeva isə 27.10.2020-ci il tarixli müraciətində artıq başqa, ilk mövqeyinə zidd mövqedən çıxış edərək, onda olan mövcud dərs yükünün onda saxlanılmasını xahiş edir. Nisəxanım Məmmədova və Sevda Acalova isə 27.10.2020-ci il tarixli müraciətlərində onlarda olan, o cümlədən iddiaçıdan alınaraq onlara verilmiş dərs yükünün onlardan alınmamasını Məktəbin direktorundan xahiş etmişlər. Halbuki, həmin vaxt onlardan hər hansı miqdarda dərs yükünün alınması ilə bağlı hər hansı problemin olduğu müəyyən edilmir. Təranə Ömərova və Aybəniz İsmayılova isə bu məsələ ilə bağlı Məktəbin direktoruna müraciət etməmişlər. Ümumiyyətlə nəzərə alınmalıdır ki, mövcud vəziyyət digər müəllimlərlə müqayisədə maddi baxımdan daha çox iddiaçıya təsir etmiş olur. Hər bir halda, iddiaçı bu saatlara görə uzun illərdir əldə etdiyi əmək haqqından məhrum olmuş olur. O hal da nəzərə alınmalıdır ki, iddiaçıdan dərs yükünün alınmasına baxmayaraq, həmin dərslər 16.10.2020-ci il tarixədək iddiaçıda qalmış və iddiaçı tərəfindən tədris edilmişdir. Yalnız bu tarixdən sonra digər müəllimlərə verilmişdir. Bu hal cavabdeh Məktəbin işə baxmış Rayon Məhkəməsinə təqdim etdiyi və məktəbin Vİİ “a” və İX “ç” sinfinin şagirdləri tərəfindən yazılmış ərizələrlə də təsdiq olunur. Belə ki, Vİİ ”a” sinfinin şagirdləri tərəfindən yazılmış ərizədə şagirdlər 15 sentyabr – 15 oktyabr tarixlərində iddiaçı tərəfindən biologiya fənni üzrə ümumilikdə 5-6 dərsin keçirildiyini bildirmiş, habelə hazırki biologiya müəllimindən razılıq etmişlər. Təqdim edilmiş digər məlumatda isə məktəbin Vİİ “a” sinfinin şagirdləri tərəfindən sentyabr ayının 15-dən oktyabr ayının 16-dək biologiya fəni üzrə cəmi bir dəfə dərsin keçirilməsi barədə məlumat verilmişdir. Burdan da belə qənaətə gəlmək olur ki, 27.10.2020-ci il tarixli müraciətlər, habelə sinif şagirdlərinin ərizələri də şuranın 14.09.2020-ci il tarixli qərarının iddiaçıya münasibətdə əsaslı olması və Məktəbin direktorunun istəyinə deyil, onların iradəsinə bağlı olmasını sübut etmək məqsədi daşımışdır. Hər bir halda, ötən illər ərzində bu müəllimlərin eyni miqdarda dərs yükünə malik olmalarına baxmayaraq, belə məzmunlu müraciətlərlə Məktəbin direktoruna müraciət etməsi halı müşahidə olunmur. Təhsil İdarəsi də iddiaçının dərs yükü ilə təmin edilməsinin yuxarıda qeyd edilən qaydaların 2.2-ci bəndinə uyğun olmamasını bildirmiş və iddiaçının barəsində qəbul edilmiş qərarın düzgün olduğunu vurğulamışdır. Bununla da, belə qənaətə gəlmək olur ki, hazırda Binəqədi rayonu üzrə fənn tədrisinə cəlb edilmiş digər 8 məktəb üzrə dərs yükü ilə bağlı hər hansı problem yoxdur və həmin məktəblərdə direktor və direktor müavinlərinin tədrisə cəlb edilməsi qeyd edilən qaydaların 2.2-ci bəndinə tam uyğundur. Halbuki, bu halı araşdırmadan da tam əminliklə və qətiyyətlə demək olar ki, həmin məktəblərin ən azı yarısında da dərs yükü ilə bağlı problem mövcuddur. Təhsil İdarəsinin hazırda iddiaçıya qarşı bu mövqeyindən çıxış etməsi də iddiaçıya qarşı yol verilmiş ayrı-seçkilik kimi qiymətləndirilməlidir. İşə apellyasiya icraatı qaydasında baxılan zaman Məhkəmə tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyindən mütəxəssis cəlb edilmişdir. Mütəxəssis kimi Məhkəməyə göndərilmiş Azərbaycan Respublikası Təhsil X5 Mərkəzinin aparıcı mütəxəssisi X4 tərəfindən verilmiş rəydə göstərilmişdir ki, İddiaçı 32 il əvvəl direktor vəzifəsinə təyin edildiyini və 32 il müddətində direktor müavini vəzifəsini müxtəlif müəssisələrdə icra etdiyini təsdiq edir. Habelə o, 31 il müddətinə pedaqoji fəaliyyət göstərdiyini bildirir. Bu isə onun müəllim kimi deyil, direktor müavini kimi vəzifə təyinatı aldığını əks etdirir. İddiaçı müəllimlərin diaqnostik qiymətləndirmə prosesində iştirak etməsi (37/23) onun dərs saatları ilə mütləq təmin edilməsi mənasını daşımır. Müəllimlərin dərs saatları ilə təmin edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.05.2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları’nın 2.2-ci bəndinə əsasən, dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Təhsil müəssisəsində hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Müəssisədə biologiya fənni üzrə 6 müəllim diaqnostik qiymətləndirmədən keçmişdir. Dərs bölgüsünün aparılması qaydalarına əsasən müəssisənin fənn üzrə dərs yükü 54 saat olmaqla 6 müəllimin diaqnostik qiymətləndirmə nəticəsinin ixtisas ballarına nəzər saldıqda hər müəllim üçün ortalama dərs yükü 11 saat olaraq görünür. Bu isə müəllimlərin 18 saat dərs yükü ilə təmin edilmədiyini əks etdirir. Bu halda, diaqnostik qiymətləndirmədə iştirak etmiş direktor və müavin vəzifəsində çalışan şəxslərin dərs bölgüsündə iştirakı müvafiq hesab edilmir. Həmçinin Məktəbin direktoru da, iddiaçı ilə eyni fəndən, yəni biologiya fənni üzrə əvvəllər müəllim işləməsinə baxmayaraq, hazırki dərs bölgüsündə iştirak etməmişdir. Göstərilənlərə əsasən hesab edilməlidir ki, iddia əsassızdır. Məhkəmə mütəxəssis rəyi ilə bağlı qeyd edir ki, rəydə qeyd edilən məsələlər cavabdeh Məktəbin direktorunun və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olan Təhsil Nazirliyinin nümayəndəsinin məhkəmələrə bildirdikləri ilə eynilik təşkil edir. Odur ki, Məhkəmə mütəxəssisin rəyinə tənqidi yanaşaraq onu sübut kimi qəbul etmir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün odənilmiş ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə apellyatorların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu 3 nömrəli Tam Orta Məktəb və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellytorların özlərinə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9440/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9440/2021
19.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver