Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9443/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1145/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 32.235,58 manat məbləğində sığorta ödənişinin, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə məxsus ** HJ *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 01 aprel 2016-cı il tarixdə Avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. 09.01.2017-ci il tarixində İsmayılova Sevda Eynal qızı idarə etdiyi ** MG *** dövlət qeydiyyat nişanlı “Nissan Qashqai” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən sığortalanmış ** HJ *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində sürücü İsmayılova Sevda Eynal qızı aldığı xəsarətlərdən vəfat etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 02 avqust 2017-ci il tarixində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, yol-nəqliyyat hadisəsində sürücü vəfat etmiş İsmayılova Sevda Eynal qızı təqsirli olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 29 mart 2017-ci il tarixli zərər aktına əsasən “İveco Crealis” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 36.272,61 manat, 23 oktyabr 2018-ci il tarixli zərər aktına əsasən isə təmir əlavə xərclər aşkar olunmuş bu xərc məbləği isə 962,97 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 24 may 2017-ci il tarixli sığorta aktına və 18 iyul 2019-cu il tarixli sığorta aktlarına əsasən "xxxx" ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 37.235,58 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin hesabına ödənilməsi qərar alınmış və köçürülmə həyata keçirilmişdir. İsmayılova Sevda Eynal qızının idarə etdiyi ** MG *** dövlət qeydiyyat nişanlı, “Nissan Qashqai” markalı avtonəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış sığortaçı "xxxx" sığorta şirkəti ASC tərəfindən 5.000 manat məbləği "xxxx" ASC-yə ödənilmişdir. Təqsirləndirilən şəxs sürücü İsmayılova Sevda Eynal qızı vəfat etdiyindən sonuncunun vərəsəsi Cavabdeh1 dəymiş zərər məbləğinin sığorta şirkətinə ödənilməmiş hissəsi olan 32.235,58 manatın "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin Cavabdeh1 tələb olunan vəsaiti "xxxx" ASC-yə ödəməmişdir. Beləliklə, sığortalı **-JH-*** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 32.235,58 manat məbləğində vəsaitin subroqasiya qaydasında İsmayılova Sevda Eynal qızının qanuni vərəsəsi Cavabdeh1 subroqasiya qaydasında tutulmalıdır. Bundan sonra iddiaçı "xxxx" ASC tələbinin dəyişdirilməsi, o cümlədən Abbasov Fərzalı Fərzalı oğlunu (onun qanuni nümayəndəsi qismində Cavabdeh1) və Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Abbasov Fərzalı Fərzalı oğlundan (onun qanuni nümayəndəsi Cavabdeh1) və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı "xxxx" ASCnin xeyrinə 32.235,58 manat məbləğində sığorta ödənişinin, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1145/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" MMC-yə məxsus “İveco Crealis” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində cavabdehlər Cavabdeh1 və Abbasov Fərzalı Fərzalı oğlundan (onun qanuni nümayəndəsi Cavabdeh1) müştərək qaydada 24.244,97 (iyirmi dörd min iki yüz qırx dörd manat, doxsan yeddi qəpik) manat məbləğində pul vəsaitinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 30 (otuz) manat hissəsinin iddiaçı "xxxx" ASC-dən, 70 (yetmiş) manat hissəsinin isə müştərək qaydada Cavabdeh1 və Abbasov Fərzalı Fərzalı oğlundan (onun qanuni nümayəndəsi Cavabdeh1) tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən cavabdeh Abbasov Fərzalı Fərzalı oğlunun qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ona və qardaşı cavabdeh Abbasov Fərzalı Fərzalı oğluna aid hissədə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi onlara aid hissədə qanunsuz və əsassızdır. Aşağıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin faktiki halı ondan ibarətdir ki, 09.01.2017-ci il tarixində anası İsmayılova Sevda Eynal qızının idarə etdiyi ** MG *** dövlət qeydiyyat nişanlı “Nissan Qashqal” markalı avtomobil "xxxx"ASC tərəfindən sığortalanmış ** HJ *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtomobillə toqquşmudur və bu yol- nəqliyyat hadisəsi nəticəsində anası İsmayılova Sevda Eynal qızı vəfat etmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən sığortalanmış ** HJ *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəyən zərərin ondan, bacısı Cavabdeh2 və 13.11.2004-cü ildə anadan olmuş və onun qəyyumluğunda olan qardaşı Abbasov Fərzalı Fərzalı oğlundan tutulmasına dair "xxxx"ASC tərəfindən məhkəməyə iddia verilmişdir və iddia ona və qardaşı Abbasov Fərzalı Fərzalı oğluna aid hissədə təmin edilmişdir. Mövcud vəziyyətdə mərhum anası İsmayılova Sevda Eynal qızının müalicəsinə, dəfninə və daş salınmasına 20.000 manat pul xərlənmişdir. Həmin dəfn xərcləri xalası Eynalova Sevil Eynal qızı və bibisi Məsimova Firuzə Sabir qızı tərəfindən ödənilmişdir və həmin borc onun tərəfindən ödənilməlidir. Bundan əlavə anasının vəfatından sonra "xxxx"ASC-yə və "xxxx"ASC-yə 27.000 manat borcu qalmışdır və həmin boc məbləğidə xalasə Eynalova Sevil Eynal qızı və bibisi Məsimova Firuzə Sabir qızı tərəfindən verilən vəsait hesabına ödənilərək kreditin təminatı kimi ipoteka qoyulmuş və hazırda yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrarayon, İ.Dadaşov küçəsi 91 saylı evin 30 saylı mənzili ipotekadan çıxarılmışdır və bu borc məbləği də onun tərəfimdən ödənilməlidir. Eyni zamanda 13.11.2004-cü ildə anadan olmuş qardaşı Abbasov Fərzalı Fərzalı oğlu 2015-ci ildən Kaspi liseyində təhsil alır və anasının vəfatından sonra onun təhsili üçün litseyə 12.450 manat pul ödənmişdir və bundan sonra da yetkinlik yaşma çatmamış uşağın saxlanması və təhsili üçün vəsait xərclənməlidir. Eyni zamanda Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 19.03.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, anası İsmayılova Sevda Eynal qızından miras qalmış ** VF *** dövlət qeydiyyat nişanlı, Hyundai Sonata markalı minik avtomobil onun tərəfimdən və qardaşı Abbasov Fərzalı Fərzalı oğlu tərəfindən qəbul edilərək 10.000 manata satılmışdır. Bildirir ki, həmin pulu anasının müalicəsinə, dəfninə və daş salınmasına çəkdikləri xərcin bir hissəsi kimi xalasıma və bibisinə ödəmişdir. Anasından miras qaldığı göstərilən 2 mənzillə bağlı olaraq bildirir ki, həmin mənzillər barədə məlumatı olmamışdır və məhkəmədə həmin mənzillərin mövcudluğu barədə məlumat əldə etmişdir. Bundan sonra araşdırmış və həmin mənzillərin qohumlarıma məxsus olduğu və rayonda qeydiyyatda olduqları üçün mənzillərin formal olaraq anasının adına qeydiyyata alındığı məlum olmuşdur. Bununla da müəyyən olunur ki, onun tərəfimdən və qardaşı Abbasov Fərzalı Fərzalı oğlu tərəfindən 10.000 manat dəyərində miras əmlak qəbul edilmişdir. Lakin anasının müalicəsi, dəfni və daş salınması üçün 20.000 manat, mərhumun ipoteka qoyulmuş kredit borcu üçün 27.000 manat, azyaşlı qardaşının təhsili üçün 12.450 manat vəsait xərclənmişdir və bundan sonra da yetkinlik yaşına çatmamış qardaşının saxlanması və təhsili üçün vəsait xərclənməlidir. Beləliklə işin faktiki halına və göstərilən qanunvericiliyə müvafiq olaraq verimiş iddianın hüquqi və faktiki əsası yoxdur və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamədən həmçinin iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə məhkəmə maddi hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamə çıxarmışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi sığortaçının müstəsna hüququdur. Məhkəmə qətnaməsində iddia tələblərini qismən təmin edən zaman yalnız məhkəmə araşdırması zamanı keçirilmiş 09.07.2020-ci il tarixli 9/1618 saylı ekspetiza rəyinə istinad etmişdir. Bu zaman yuxarıda sadalanan qanunvericiliyin imperativ normaları və sığortaçı kimi "xxxx" ASC-nin preyudisial hüququ olan sığorta hadisəsi zamanı zərərin müəyyən edilməsi hüququ məhkəmə tərəfindən təhrif edilmişdir. Belə ki, məhkəmə qətnaməsi çıxarılarkən heç birəsaslandırma aparılmamış, 09.07.2020-ci il tarixli, 9/1618 saylı ekspertiza rəyi ilə qüsur aktı arasında yaranmış fərqin aradan qaldırılması üçün heç bir araşdırma aparmamışdır. Ekspert rəyini məhkəmə üçün mötəbər sübut kimi qiymətləndirərək məcburi hal kimi nəzərə alaraq qətnamə qəbul etmişdir. Ancaq ekspert rəyində aparılmış tədqiqatın hər hansı müfəssəl təsvirindən söhbət gedə bilməz. Ekspert rəyində göstərilmişdir ki, "xxxx" MMC-yə məxsus **-JH-*** dövlət qeydiyyat nişanlı, İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmir bərpa xərcinin müəyyən edilməsi zamanı, “Orginal Motors” tərəfindən təqdim edilmiş 29.03.2017-ci il tarixli qüsur aktına əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla təmir bərpa xərcləri hadisə baş verən tarixə təxminən 28.282 manat müəyyən edilir (3-cü səh, 2-ciabzas). Həmçinin qeyd hissədə qeyd edilmişdir ki, **-JH-*** dövlət qeydiyyat nişanlı, İveco Crealis markalı avtomobilin dəyişilməli hissəsinin dəyəri işlənmiş, lakin təyinatı istifadəyə yararlı hissəsinin qiymətlərinə görə hesablandığına görə onların qiymətinə köhnəlmə faizi tətbiq edilməmişdir (3-cü səh, 1-ciabzaz). Yuxarıda qeyd olunanları nəzərə alsaq ekspert rəy verərəkən nəqliyyat vasitəsinin ehtiyat hissələrini qiymətləndirərkən köhnəlmə tətbiq etmədiyini qeyd etmişdir. Lakin, hansı üsulla hesablama aparıldığı və dəymiş zərərlə bağlı hansı qanuni hesablama yolundan istifadə etməklə bu qədər maliyə fərqinin yaranmasına səbəb olacaq halı göstərməmişdir. Həmçinin təmir bərpa xərclərini hansı əsasla 3000,00 manat hesablanmasıda öz əksini tapmamışdır. Bundan əlavə şirkət tərəfindən 18% ƏDV olaraq ödənilmiş 5533,11 manat hissəsi isə tamamən ödənilməmiş kimi qiymətləndirilmişdir. Halbuki, zərər dəymiş avtonəqliyyat vasitəsinin ölkə üzrə yalnız 1 təmir mərkəzi mövcuddur və sözügedən nəqliyyat vasitəsinin başqa təmir mərkəzində təmir olunması mümkünsüzdür. Belə olan halda sığortaçı tərəfindən təmir mərkəzində təmir edilən nəqliyyat vasitəsinin təmir xərclərini elektron ödəniş vasitəsi ilə ödədiyi məbləğ məhkəmə üçün mötəbər sübut kimi qiymətləndirilməmiş, lakin əsası və sübutu olmadan ekspert tərəfindən çıxarılmış rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmişdir. Əlavə olaraq qeyd edir ki, "xxxx" ASC tam qanuni əsaslarla fəaliyyət göstərən şirkət olaraq xidmət haqqını (ƏDVdaxil olmaqla) tam ödəmişdir. Bu hal isə ekspertin qiymətləndirilməsində öz əksini tapmamışdır, Dövlət rüsumunun ödənilməsi haqqında məlumat məhkəmə tərəfindən isə ödənilmiş məbləğ kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1145/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, 09 yanvar 2017-ci il tarixdə İsmayılova Sevda Eynal qızının mülkiyyətində olmaqla "xxxx" ASC-də sığortalanmış və onun tərəfində idarə edilən “Nissan Qashqaı” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmaqla "xxxx" ASC-də sığortalanmış və Məmmədov Malik Zahid oğlu tərəfindən idarə edilən “İveco Crealis” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Nəticədə “İveco Crealis” markalı nəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə zamanı İsmayılova Sevda Eynal qızı xəsarət aldığından Klinik Tibbi Mərkəzə yerləşdirilmiş, lakin aldığı xəsarətlərdən həmin gün xəstəxanada ölmüşdür. Faktla bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə cinayət işi başlanmış və istintaq zamanı İsmayılova Sevda Eynal qızının hərəkətlərində “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin və 69-cu maddəsinin tələblərinə uyğunsuzluğun olduğu bu müddəaların tələblərinin onun tərəfindən pozulduğu, onun hadisənin qarşısını almağa texniki imkanının olduğu, eyni zamanda, “İveco Crealis” avtobus markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Məmmədov Malik Zahid oğlunun əməlində cinayət tərkibinin olmadığı müəyyən edilmiş və şöbənin 02 avqust 2017-ci il tarixli qərarı ilə sürücü Məmmədov Malik Zahid oğlunun əməlində cinayət tərkibi olmadığından, həmçinin “Nissan Qashqaı” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İsmayılova Sevda Eynal qızı hadisə nəticəsində öldüyündən cinayət işi üzrə icraata xitam verilmişdir. "xxxx" MMC-nin qüsur aktına əsasən “İveco Crealis” avtobus markalı, 99-JH118 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı zərər 36.272,61 manat məbləğində müəyyən edilmiş və bu məbləğ iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Eyni zamanda, təmir zamanı aşkar edilmiş və 962,97 manat təşkil edən əlavə xərc məbləği də iddiaçı tərəfindən qarşılanmışdır. “Nissan Qashqaı” markalı, **-MG- *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından "xxxx" ASC tərəfindən iddiaçıya 5.000 manat məbləğində icbari sığorta məbləği ödənilmişdir. İsmayılova Sevda Eynal qızının ölümündən sonra Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.04.2017-ci il tarixli Sərəncamı ilə onun oğlu Cavabdeh1 qardaşı (İsmayılova Sevda Eynal qızının digər oğlu) Abbasov Fərzalı Fərzalı oğlunun qəyyumu təyin edilmiş və hər iki uşaq İsmayılova Sevda Eynal qızının vərəsəsi kimi tanınmaqla bununla bağlı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların İsmayılova Sevda Eynal qızından miras qalmış “Hyundai Sonata” minik markalı, ** VF *** dövlət nömrə nişanlı avtomobilə bərabər payları tanınmışdır. İsmayılova Sevda Eynal qızının digər uşağı Hüseynov Şövkət Tahir qızı onun vərəsəsi kimi tanınmamışdır. Bundan əlavə İsmayılova Sevda Eynal qızının ölüm anına Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 91 saylı evin, 30 saylı mənzili, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 12 saylı evin, 76 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 110 saylı evin, 141 saylı mənzili, habelə “Nissan Qashqai” minik markalı, ** MG *** dövlət nömrə nişanlı avtomobil də İsmayılova Sevda Eynal qızının mülkiyyətində olmuş və hazırda da onun mülkiyyəti kimi keçir. İddiaçı da 09.01.2017-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsində İsmayılova Sevda Eynal qızının təqsirli olduğunu və bu səbəbdən hadisə nəticəsində “İveco Crealis” avtobus markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi üçün sığortaçı olaraq tərəflərindən ödənilmiş 32.235,58 (36.272,61 + 962,97 – 5.000) manat pulun cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh Abbasov Fərzalı Fərzalı oğlunun qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh1 iddianı qəbul etmir. Onlara yalnız “Hyundai Sonata” minik markalı, ** VF *** dövlət nömrə nişanlı avtomobilin miras qaldığını və həmin avtomobilin də satılaraq, əldə edilmiş vəsait hesabına İsmayılova Sevda Eynal qızının əməliyyatı və dəfni ilə bağlı xərclərin əvəzinin ödənildiyini bildirir və başqa hər hansı əmlakın olmadığını, habelə Abbasov Fərzalı Fərzalı oğlunun qəyyumu təyin edildiyini və onun da təhsil haqqı və digər xərclərini qarşıladığını əsas gətirərək, iddianın rədd edilməsini xahiş edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 09 iyul 2020-ci il tarixli, 9/1618 nömrəli ekspert rəyinə əsasən “İveco Crealis” avtobus markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 28.282 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Məhkəmə kollegiyası qeyd edir ki, 09 yanvar 2017-ci il tarixdə İsmayılova Sevda Eynal qızının idarə etdiyi “Nissan Qashqaı” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMC-nin mülkiyyətində olmaqla "xxxx" ASC-də sığortalanmış və Məmmədov Malik Zahid oğlu tərəfindən idarə edilən “İveco Crealis” minik markalı, 99- JH118 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində məhz İsmayılova Sevda Eynal qızının təqsirli hərəkətləri nəticəsində “İveco Crealis” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində məhz İsmayılova Sevda Eynal qızının təqsirli olması Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin 02 avqust 2017-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” barədə qərarı ilə təsdiq olunur. Belə ki, həmin qərarla İsmayılova Sevda Eynal qızının hərəkətlərində “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin və 69cu maddəsinin tələblərinə uyğunsuzluğun olduğu bu müddəaların tələblərinin onun tərəfindən pozulduğu, onun hadisənin qarşısını almağa texniki imkanının olduğu müəyyən edilmişdir. Lakin bu şəxs hadisə nəticəsində ölmüş və onun vərəsələri qismində cavabdehlər (uşaqları) Cavabdeh1 və Abbasov Fərzalı Fərzalı oğlu tanınmaqla ondan miras qalmış avtomobili hər birinin ½ hissədə payı tanınmaqla qəbul etmişlər. Bu səbəbdən, “Nissan Qashqaı” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərlə bağlı sığorta ödənişi vermiş sığortaçı "xxxx" ASC-nin hadisəni törətmiş İsmayılova Sevda Eynal qızının vərəsələri olan Cavabdeh1 və Abbasov Fərzalı Fərzalı oğluna (onun qanuni nümayəndəsi Cavabdeh1) qarşı subroqasiya hüququ yaranmışdır Bununla belə məhkəmə kollegiyası hesab edir ki, “Nissan Qashqai” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İsmayılova Sevda Eynal qızı tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının İsmayılova Sevda Eynal qızının qanun üzrə vərəsələri olan cavabdehlər Cavabdeh1 və Abbasov Fərzalı Fərzalı oğluna (onun qanuni nümayəndəsi Cavabdeh1) qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehlərdən tutulmalı, Cavabdeh2 İsmayılova Sevda Eynal qızının vərəsəsi kimi tanınmadığından və ondan miras qalmış əmlakı hər hansı hissədə qəbul etmədiyindən iddia tələbi ona aid hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Abbasov Fərzalı Fərzalı oğlundan (onun qanuni nümayəndəsi Cavabdeh1) tutulmalı olan zərər məbləği ilə bağlı qeyd edir ki, bu cavabdehlər İsmayılova Sevda Eynal qızının vurduğu zərərin əvəzini qəbul etdikləri mirasda hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödənilməsi öhdəliyini daşıyırlar. Cavabdehlər də miras qismində yalnız ** VF *** dövlət nömrə nişanlı, “Hyundai Sonata” minik markalı avtomobili qəbul etmişlər və həmin avtomobilin də artıq satıldığını bildirirlər. Lakin araşdırma zamanı hadisəni törətmiş İsmayılova Sevda Eynal qızının öldüyü məqamadək mülkiyyətində müxtəlif ünvanlarda yerləşən 3 ədəd mənzilin də olduğu müəyyən edilmişdir. Hadisədə iştirak edən “Nissan Qashqai” markalı avtomobil də İsmayılova Sevda Eynal qızının mülkiyətində olmuşdur. Hüquqi nəticə etibarı ilə cavabdehlər “Hyundai Sonata” minik markalı avtomobilə sahiblik etməyə faktik başlamaqla həmin mənzilləri və qeyd edilən avtomobili də miras əmlak kimi qəbul etmişlər. Bütün bu əmlakların dəyəri (əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmədən) iddiaçının verdiyi sığorta ödənişinin əvəzinin tam şəkildə cavabdehlərdən tutulmasını mümkün edir. Məhkəmə haqlı olaraq vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilən qüsur aktında göstərilmiş ehtiyat hissələrinin və təmir-bərpa işlərinin qiymətlərinin hansı mənbələrdən götürüldüyünü, hansı məlumatlara əsasən müəyyən edildiyinin, habelə real bazar qiymətlərinə uyğun olub-olmamasının aşkar olmadığını qeyd edir. Bununla belə, məhkəmə, iş üzrə keçirilmiş ekspert tədqiqatı nəticəsində hazırlanmış 09 iyul 2020-ci il tarixli, 9/1618 nömrəli ekspert rəyini mötəbər sübutu kimi qiymətləndirib haqlı olaraq hesab etmişdir ki, avtomobilə dəymiş zərər məbləği müəyyən edilərkən dəyişilməli hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla müəyyən edilmiş 28.282 manat məbləği əsas götürülməli, həmçinin “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı əlavə xərclərə görə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 962,97 manat məbləğində pul vəsaiti də nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə haqlı olaraq hesab etmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 5.000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənildiyindən bu məbləğ məhkəmə tərəfindən zərər məbləği qismində müəyyən edilmiş (28.282 + 962,97 = 29.244,97) 29.244,97 manat məbləğindən çıxılmalı (29.244,97 – 5.000 = 24.244,97), qalan 24.244,97 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Abbasov Fərzalı Fərzalı oğlundan (onun qanuni nümayəndəsi Cavabdeh1) tutulmalı olan zərər məbləği kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-yə məxsus “İveco Crealis” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində cavabdehlər Cavabdeh1 və Abbasov Fərzalı Fərzalı oğlundan (onun qanuni nümayəndəsi Cavabdeh1) müştərək qaydada 24.244,97 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində Bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 30 manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 70 manat hissəsi isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və Abbasov Fərzalı Fərzalı oğlundan (onun qanuni nümayəndəsi Cavabdeh1) tutulub dövlət gəlirlərinə alınmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı məhkəmə tərəfindən sübut hesab edilən ekspert rəyi ilə razı olmadığını və cavabdehlərdən tutulmalı məbləğ hissəsində birinci instansiya məhkəməsinin qənaəti ilə razılşmadığını bildirsə də, iddiaçı tərəfindən təqdim edilən qüsur aktında göstərilmiş ehtiyat hissələrinin və təmir-bərpa işlərinin qiymətlərinin hansı mənbələrdən götürüldüyü, hansı məlumatlara əsasən müəyyən edildiyi, habelə real bazar qiymətlərinə uyğun olub-olmaması aşkar olunmur. Ona görə də məhkəmə haqlı olaraq ekspert rəyini sübut hesab etmiş və ekspert rəyi ilə müəyyən edilmiş məbləğin tutulmasını qət etmişdir. Kollegiya cavabdehlərin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, cavabdehlər mərhum anaları tərəfindən onlara yalnız “Hyundai Sonata” minik markalı avtomobil miras qaldığını və analarının adlarına olan mənzillərin formal olaraq onun adına rəsmiləşdirildiyini qeyd etsələr də, bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, əksinə iş materialları ilə cavabdehlərin apellyasiya şikayətində qeyd etdiyi dəlillər təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1145/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 və iddiaçı "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1145/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9443/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9443/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver