Məhkəmə qərarları › İş №2(103)-9450/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9450/2020

09.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9450/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «hərracın nəticələrinin qanunsuz və etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi (vəkili) Könül Əliyeva tərəfindən birinci instansiya məhkəməsinin bütün tərkibinə verilmiş etiraza baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «hərracın nəticələrinin qanunsuz və etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İcraat zamanı iddiaçının nümayəndəsi (vəkili) Könül Əliyeva tərəfindən işə baxan hakim Əşir Səmədova və Sabunçu Rayon Məhkəməsinin bütün tərkibinə etiraz verilmişdir. Etiraza Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov tərəfindən baxılmış və xx xxxxxx 2020-ci il tarixli qərardadla hakim Əşir Səmədova verilmiş etiraz təmin olunmamış, lakin xx xxxxxx 2020-ci il tarixli məktubla mülki iş bütün məhkəmə tərkibinə verilmiş etiraza baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası etirazı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. İşdən görünür ki, işə baxan hakim Əşir Səmədova verilmiş etiraza Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov tərəfindən baxılmış və xx xxxxxx 2020-ci il tarixli qərardadla etiraz təmin olunmamışdır. MPM-nin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilən normadan göründüyü kimi, etiraz baxılmaq üçün o halda apellyasiya instansiyası məhkəməsinə göndərilir ki, etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmiş olsun. İşdən isə görünür ki, qeyd edilən hallar mövcud deyildir. Belə olan halda etirazın baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, MPM-nin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Qeyd edilən normanın dispozitiv şərtinə görə isə - iş o halda apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir ki, birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmiş olsun (yəni, birinci instansiya məhkəməsində bütün hakimlərə verilmiş etiraz məhkəmə sədri tərəfindən təmin olunmalı olmalıdır və s.). İşdən isə görünür ki, nəinki belə bir hal mövcud deyildir, əksinə işə baxan hakimə verilmiş etirazın özü belə məhkəmənin sədri tərəfindən təmin olunmamış, həmin hakim işə baxmaqda səlahiyyətli olmuşdur. Birinci instansiya məhkəməsi etirazın hansı əsaslara görə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmalı olmasını əsaslandırmamış, işdən isə belə bir zərurətin mövcudluğu görünmür. Həmçinin qeyd edilməlidir ki, MPM-nin 21.3-cü maddəsinin tələbinə görə məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. «Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 3-24/2005 nömrəli qərarındakı mövqeyinə görə bütün məhkəmə tərkibinə etiraz edildikdə hər bir hakimə münasibətdə etirazın əsasları konkret göstərilməlidir. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bütün məhkəmə tərkibinə verilmiş etirazın baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə hər hansı qanuni əsas olmadığından mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 19-22, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «hərracın nəticələrinin qanunsuz və etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi (vəkili) Könül Əliyeva tərəfindən birinci instansiya məhkəməsinin bütün tərkibinə verilmiş etirazın baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə hər hansı qanuni əsas olmadığından mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardad onun çıxarıldığı andan qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar