Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9459/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(011)-5317/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı-Cavabdeh MMC tərəfindən iddiaçıya vurulmuş maddi zərərə görə 2500 manat, mənəvi zərərə görə 15000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh MMC-yə fəhlə qismində işə qəbul edilmişdir və işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmiş, barəsində hər hansı inzibati tənbeh tədbirləri görülməmişdir. 04.10.2020-ci il tarixdə saat 18-00 radələrində Cavabdehnin əməkdaşı olan Bəxtiyar adlı şəxs iddiaçıdan xahiş etdi ki, nümunə üçün Azərbaycan Respublikasının bayrağını Cavabdeh-nin binasının qarşısında assınlar. İddiaçı bayrağı asmağa kömək etdi. Növbəti gün Cavabdeh MMC-nin şöbə müdiri olan Leyla xanım əlində bayrağın sapı ilə iddiaçının yanına gələrək bildirdi ki, onun işçisi Bəxtiyara kömək edib bayraq sancmalı deyil. Bu hadisədən sonra iddiaçıya təzyiqlər olunmağa başladı, buna baxmayaraq iddiaçı təzyiqlərə dözürdü. Sonda vəziyyət dözülməz hala gəldi və iddiaçı başqa şöbəyə keçmək istədiyini xahiş etdi. Lakin iddiaçıya bildirdilər ki, ərizəsini yazıb işdən çıxsın. 06.10.2020-ci il tarixdə Ruslan və Çingiz adlı əməkdaşlar iddiaçını bir neçə saat foyedə saxlayaraq otağa çağırdılar və işdən çıxmaqla bağlı ərizə yazmağını təkidlə tələb etdilər, iddiaçı başqa şöbədə işləmək istədiyini bildirdikdə Ruslan yüksək səslə iddiaçıya hədə-qorxu gələrək ərizə yazmağını tələb etdi. İddiaçını həmin vaxt çox sıxışdırdılar, işdən çıxmaq barədə ərizə yazmağına təzyiq göstərdilər, lakin iddiaçı ərizə yazmaqdan imtina etdi. 07.10.2020-ci il tarixdə Cavabdeh MMC-nin baş direktoru Murad Dadaşov iddiaçını qəbul etdi və bundan sonra bir müddət sakitçilik yarandı və iddiaçı işini davam etdirdi. 08.10.2020-ci il tarixdə Cavabdeh–nin işçisi Elnarə iddiaçını otağına çağırdı və yüksək səslə iddiaçını təhqir etdi, ona qarşı ifadə edilməsi mümkün olmayan, əxlaqdan kənar ifadələr işlətdi və iddiaçını məcbur etdi ki, öz xahişi ilə işdən azad edilməsi barədə ərizəni imzalasın. İddiaçı ərizə yazmayacağını bildirdikdə iddiaçını şərləyib Əmək Məcəlləsinin maddəsi ilə işdən çıxarmaqla hədələdi. İddiaçı otaqdan çıxanda Bəxtiyar otağa daxil oldu və Elnarə Bəxtiyara iddiaçı ilə danışmamağı və iş buyurmamağı tapşırdı. 09.10.2020-ci il tarixdə iddiaçını yenə otağına çağırdı, bir daha ərizə yazmağını tələb etdi, iddiaçı etiraz etdikdə onu foyedə, küncdə bucaqda saxlayacaqlarını, açıq şəkildə təzyiq edəcəklərini bildirdilər. İddiaçını bir neçə gün müəyyən müddət küncdə saxladılar, kamera ilə izlədiklərini bildirdilər və həmin yeri tərk edəcəyi təqdirdə işdən atacaqlarını bildirdilər, iddiaçını saatlarla küncdə bir “əsir” kimi saxladılar. İddiaçı bu təzyiqlər nəticəsində psixologiyasının pozulduğunu, əsəb gərginliyi keçirdiyini və artıq bu təzyiqlərə tab gətirə bilməyəcəyini qeyd edərək, işdən ayrılmaq barədə ərizə yazmışdır və həmin ərizə əsasında iddiaçını işdən azad etdilər. İddiaçı qeyri-qanuni olaraq iradəsi əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edilmişdir, iş yerini itirmişdir və nəticədə dolanacaq xərclərindən məhrum edilmişdir və bu da uzun müddət iddiaçının iş tapmasına vaxt getməsinə səbəb olmuşdur və nəticədə 2500 manat məbləğində maddi ziyana məruz qalmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(011)-5317/2021saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunur ki,iddia tələbində qeyd olunan hallar məhkəmə tərəfindən düzgün qiymətləndirilmədiyi üçün qəbul edilən qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan ******* nömrəli “İş haqqında məlumat” kitabçasına əsasən, İddiaçı 01.02.2019-cu il tarixdə Cavabdeh MMC-nə usta vəzifəsinə təyin olunmuşdur. 12.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 09.10.2020-ci il tarxili ərizəyə əsasən, İddiaçı sağlamlığı ilə əlaqədar olaraq 10.10.2020-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan 12.10.2020-ci il tarixli 267/20 K nömrəli əmrə əsasən, İddiaçı 12.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş, 12.10.2020-ci il tarixi son iş günü hesab edilmiş, istifadə olunmayan məzuniyyət günlərinin sayı fevral 2020 - fevral 2021ci iş ili üçün 14 gün hesablanmış, son haqq-hesabının ödənilməsi mühasibatlığa tapşırılmışdır. İş materiallarına əlavə edilmiş 12.10.2020-ci il tarixli 88 nömrəli Ödəniş tapşırığına əsasən İddiaçı hesabına 580,02 manat pul vəsaiti köçürülmüşdür. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, İddiaçı Cavabdeh MMC-nə usta vəzifəsinə təyin olunmuşdur. Daha sonra özü yazılı ərizəsi ilə Cavabdeh MMC-nə müraciət edərək işdən çıxarılmasını xahiş etmiş, nəticədə İddiaçı öz xahişi ilə işdən ayrılması barədə əmrlə işdən ayrılmışdır. İddiaçı işdən iradəsinin zidd ayrılmağa məcbur edildiyini və bütün bu proseslerdə işsiz qaldığına görə maddi ziyan, psixoloji gərginliyə görə mənəvi ziyana məruz qaldığını bildirsə də, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə həmçinin iddia tələbinin “15000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə hüquqi qiymət verərək, hesab etmişdir ki, həmin hissədə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər( ziyan) törədir. Bu baxımdan zərər social və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda qeyd olunanlara əsasən, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında araşdırılan sübutlarla, tərəflərin verdikləri izahatlarla və mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab etmişdiir ki, qeyd edilən hissədə iddia əsassız olduğundan rədd edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı, həmçinin mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(011)- 5317/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9459/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9459/2021
03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver