Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9468/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(011)-96/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mənzilinə vurulmuş ziyana görə 7000 manat, mətbəx mebelinə dəymiş ziyana görə 2500 manat, çilçırağa dəymiş ziyana görə 400 manat, mənəvi ziyana görə 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qonşusudur və Abşeron Gənclər şəhərciyi yaşayış kompleksi, blok 74-də yerləşən 24 saylı mənzilin sahibidir. Həmin mənzildə cavabdeh özü yaşamır və yarımçıq təmir edərək, kirayə vermişdir. İddiaçı cavabdehə məxsus mənzildən onun evinə su axması ilə bağlı cavabdehə məlumat vermiş və tədbir görülməsini ondan xahiş etmişdir. Cavabdeh onun sözlərinə əhəmiyyət verməmiş, evində heç bir problem olmadığını bildirərək boyun qaçırmışdır. Lakin bu hal dəfələrlə təkrarlanmış, iddiaçı ona evini təmir etməsini bildirmişdir. İddiaçı dəfələrlə evinin tavanını dəyişmiş, çilçıraqları yeniləmiş, mətbəx mebelini təmir etdirmiş, işıq sistemini yenidən bərpa etdirmiş, evini əsaslı şəkildə təmir etdirmişdir. Mənzilə köçdükdən sonra cavabdehin təqsiri səbəbindən iddiaçının mənzilinin hamam otağı, dəhlizi, mətbəxi su içərisində qalmışdır. Mətbəxi tavanı saralmış, yararsız hala düşmüşdür. Su axıdıldığı üçün dəhliz və mətbəxin işıq sistemi sıradan çıxmışdır. Cavabdeh bu günə kimi iddiaçıya 7000 manat ziyan vurmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(011)-96/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh iddiaçının mənzilinə dəymiş zərərin əvəzi olaraq 1090 (min doxsan) manat maddi ziyan, mətbəx mebelinə və çilçırağa dəymiş ziyana görə 960 (doqquz yüz altmış) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmətikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatının İddiaçı, 50 (əlli) manatının Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 (üç yüz) manatın tərəflər arasında bölünməsi və 150 (bir yüz əlli) manatın İddiaçı, 150 (bir yüz əlli) manatın Cavabdeh tutulub “X1” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyil. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsinində belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan sübutlarla, iddiaçıya məxsus mənzilə cavabdehin qanunsuz əməlləri nəticəsində zərər vurulduğu öz təsdiqini tapıb. Lakin məhkəmə qətnaməsinin əsasını təşkil edən həmin sübutlarla iddiaçıya məxsus mənzilə zərər vurulmasında cavabdehin təqsirinin olduğunu müəyyən etmək mümkün deyil. Aktlarla yalnız iddiaçıya məxsus mənzilə su axıdılması faktı müəyyən edilmişdir ki, bu su axıdılmasında təqsirkar şəxsin müəyyənləşdirilməsi mümkün deyildir. Eyni zamanda, həmin aktlarla iddiaçıya məxsus mənzilə su axıdılmasının səbəbləri də aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə alınmış məhkəmə tikinti-texniki ekspertizasının 03.06.2021-ci il tarixli rəyinə istinad edərək iddiaçıya məxsus mənzilə vurulmuş real zərərin həcminin 2050 manat olduğunun müəyyən edildiyini göstərsə də, ekspertiza rəyi ilə real zərərin əvəzinin müəyyən olunması üçün bütün zəruri hərəkətlərin yerinə yetirilib-yetirilmədiyini araşdırmamışdır. Halbuki, ekspertiza rəyi tikinti və təmir bazarında olan real qiymətlərin müəyyən olunması istiqamətində heç bir iş görməmişdir. Bundan başqa ekspert evə gəlsə də ciddi baxış keçirməmiş, cəmi bir dəqiqə mənzilin içərisində olmuş, cavabdehi dinləməmiş, hədə qorxu gəlmiş, dərhal çıxıb getmişdir. Halbuki, cavabdehin mənzilinə baxdıqda suyun onlardan yuxarı mərtəbədən axdığı gözlə görünür. İddiaçının haqsız olaraq mətbəx üçün cavabdehdən tələb etdiyi külli miqdarda pulun heç bir əsası yoxdur. Belə ki, hadisə zamanı cavabdehi çağıranda sonuncu baxarkən mətbəxdəki çılçıraqlar işlək vəziyyətdə olmuş, mebellərə isə heç bir ziyan dəyməmişdir. Cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının heç birinə əhəmiyyət vermədən, işin tam, hərtərəfli və obyektiv tədqiqinə şərait yaratmaq məqsədi ilə onun məhkəmə iclasında iştirakını təmin etmədən və məhkəmə iclaslarının vaxtı və yeri haqqında ona heç bir məlumat vermədən birtərəfli araşdırma aparmış və onun hüquqlarını pozan qanunsuz qətnamə qəbul etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən, yalnız cavabdehə aid hissədə yoxlanılması təşkil edir, çünki iddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşin mübahisələndirilməyən hallarına əsasən, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi, blok 74-də yerləşən 19 saylı mənzil İddiaçının, həmin blokda yerləşən 24 saylı mənzil isə Cavabdeh sahiblik və istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli 10/369 nömrəli rəydən görünür ki, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi, blok 74-də yerləşən 19 saylı mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1090 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, həmin rəydən görünür ki, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi, blok 74-də yerləşən 19 saylı mənzilə baxış keçirilmiş və həmin mənzilə yuxarı mərtəbədəki 24 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Lakin 24 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 19 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “X1” MMC-nin 03 iyun 2021-ci il tarixli 161 nömrəli rəyindən görünür ki, Cavabdeh məxsus Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi, blok 74-də yerləşən 24 saylı mənzildən su sızma nəticəsində Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi, blok 74-də yerləşən 19 saylı mənzildə yerləşən əşyalara, yəni iddiaçıya məxsus mətbəx mebelinə və çilçırağa ziyan vurulmuşdur, vurulmuş ziyanın miqdarı 960 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını və ekspert rəylərini nəzərə alaraq, hesab etmişdir ki, həmin rəylər real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməli və iddiaçının mənzilinə su axıdılmasının cavabdehə məxsus mənzildən olması və həmin su axıdılması nəticəsində iddiaçıya məxsus mənzilə və mənzildə olan əşyalara ziyanın vurulması iş materialları və ekspertiza rəyləri ilə təsdiq olunduğundan, su axıdılmasının nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair tələb əsaslıdır. Məhkəmə hesab etmişdir ki, mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın ekspert rəyləri ilə müəyyən edilmiş məbləği işin hallarına uyğun olmaqla ağlabatan və ədalətlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus olan mənzildən susızma baş vermişdir. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı müvafiq akt və ekspertiza rəyi ilə təsdiqini tapır. Cavabdeh apellyasiya şikayətində zərərin mənbəyinin onun mənzilindən olmadığını bildirmiş, həmçinin zərərin məbləği ilə razılaşmamışdır. İddiaçı cavabdehin mənzilindən ona məxsus mənzilə su axıdılmasını və mənzilinə maddi zərər dəydiyini məhkəməyə təqdim etdiyi, Abşeron Gənclər Şəhərciyinin komendantı tərəfindən təsdiq olunan 10 yanvar 2020-ci il və 24 yanvar 2020-ci il tarixli aktlarla sübut etmişdir. Həmin aktların mötəbərliyi hər hansı şübhə doğurmur, cavabdehə məxsus mənzildən aşağı mərtəbədə yerləşən iddiaçının mənzilinə su axıdıldığı iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də öz təsdiqini tapır. Ekspert rəyi ilə iddiaçının evinə suyun cavabdehin mənzilindən axdığı müəyyən edilmiş, lakin su sızmasının səbəbini cavabdehin mənzilinin qapısının bağlı olması və həmin mənzilə baxış keçirilməsinin mümkün olmaması səbəbindən texniki cəhətdən müəyyən etmək mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olması müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi ağılabatandır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin o, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Mülki iş üzrə alınmış hər iki ekspert rəyində göstərilən məbləğlərin yaranması zərurəti detallı şəkildə açıqlanmış, rəylər kifayət qədər əsaslandırılmışdır. Rəyin məlumatlarını şübhə altına almaq, habelə iş üzrə yeni (təkrar və ya əlavə) ekspertiza təyin etmək üçün əsaslar yoxdur. Apelyasiya baxışı zamanı da dəymiş zərərlə bağlı ekspert rəylərində göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarına və məhkəmə iclas protokollarına əsasən, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş və məhkəmə iclaslarında iştirak edərək iddia ilə bağlı izahat vermişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Beləliklə, cavabdehin apelyasiya şikayətində irəli sürdüyü yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(011)-96/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9468/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9468/2021
28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver