Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-949/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Oqtay oğluna qarşı «pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2473/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh Oqtay oğluna (bundan sonra, cavabdeh) qarşı «pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23000 manat pul vəsaitinin, 8000 manat əldən çıxmış faydanın və ödənilmiş 183 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(006)- 2473/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin olunmuş, 23000 manat pul vəsaiti və ödənilmiş 183 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində maddi və prosessual hüquq normalarının pozulmasını, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmamasını, sözügedən pul məbləği biznes həyata keçirmək məqsədi ilə iddiaçı tərəfindən ona verilməsini, qoyulmuş pul müqabilində Türkiyədən ayaqqabı gətirərək, qazanc əldə etmək və əldə etdiyi qazancın 50% hissəsini iddiaçıya vermək öhdəliyi götürməsini, hazırki mübahisənin predmeti olan pul məbləğinin verilməsinə əsasın borc yox, biznes şərikliyi olmasını, məhkəmə aidiyyəti qaydalarının pozulmasını və s. göstərmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh şikayəti müdafiə edərək orada göstərilənlərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, işə baxılarkən aidiyyət qaydaları pozulmuşdur, çünki hər iki tərəf fərdi sahibkar olmaqla, aralarında məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar münasibətlər yaranmış, bir müddət malların satışından qazanc əldə edərək, aralanda bölüşdürmüşlər. Hesab edir ki, hazırki mübahisə kommersiya məhkəməsinin səlahiyətinə aiddir. Bu səbəbdən də işin məhkəmə aidiyyəti üzrə göndərilməsini xahiş edir. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq təmin olunmamasını xahiş etmiş, həmçinin qeyd etmişdir ki, o fərdi sahibkar kimi qeydə alınmış, lakin hazırda fəaliyyəti dayanmışdır. Cavabdehlə aralarında məhz biznes fəaliyyəti ilə bağlı münasibətlər yaranmış, bu məqsədlə cavabdehə pul vəsaitləri vermiş, niyyətləri müvafiq malların əldə olunması, satışının həyata keçirilərək, əldə olunmuş qazancın bölünməsi olmuşdur. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən aralarında hazırki mübahisə yaranmışdır. O, hazırki iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, işə ədalətli baxılmışdır. Bu səbəbdən də mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz edir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, mülki iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» 6 oktyabr 2012-ci il, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair» 4 aprel 2012-ci il, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair» 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hər bir iddia ərizəsini icraata qəbul edib, ona mahiyyəti üzrə baxarkən ilk növbədə həmin mübahisənin onun səlahiyyətinə aid olub-olmaması məsələsini yoxlamalıdır. İşdə olan Elektron Məhkəmə İnformasiypa Sistemindən çıxarışlardan görünür ki, tərəflər fərdi sahibkar statusuna malik olmaqla, qeydiyyata alınmışlar. Belə ki, iddiaçı xx.xx.2016-ci il tarixdə ********** saylı VÖEN əsasında fərdi sahibkar (ayaqqabı təmizləyənlərin xidmətləri) kimi dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1yni zamanda, cavabdeh xx.xx.2011-ci il tarixdə ********** saylı VÖEN əsasında fərdi sahibkar (poçt və internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satış) kimi dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2r arasında yaranmış mübahisəli hüquq münasibətinin xarakterindən aydın olur ki, hazırki mübahisə onlar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində yaranmışdır (tərəflər bu halı təsdiq edirlər). MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25-ci və 26-cı maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12 və 13-cü bəndlərində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 28-ci bəndinə əsasən, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almayaraq, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aid olması məsələsini həll etmədən işi icraata götürmüş və mahiyyəti üzrə baxmışdır. Halbuki, MPM-in 31-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. İş materiallarından görünür ki, cavabdehin yaşayış yeri Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, işə kommersiya xarakterli mübahisə kimi məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. MPM-in 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə aidiyyəti (prosessual hüquq) qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26.1, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh Oqtay oğluna qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2473/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2473/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-949/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-949/2024
23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver