Məhkəmə qərarları › İş №2(103)-9494/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9494/2021

04.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9494/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-1660/2021nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 126.720 manat əsas borc, 19.008 manat məbləğində cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 145.758 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan aldığı külli miqdarda pulu könüllü surətdə qaytarmaq istəmədiyindən onun barəsində «pul» tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh etibardan sui-istifadə edərək 2017-ci ilin iyul ayından etibarən 4 ay ərzində müxtəlif hissələrdə və müxtəlif vaxtlarda, cəmi 126.720 manat pul almışdır. Cavabdeh götürdüyü borcu ən geci 8 ay ərzində geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh bu günə qədər iddiaçıya ödəniş etməmişdir. Cavabdeh uzun illər iddiaçı ilə birgə işləmişdir. İddiaçı onu xeyli müddətdir ki, tanıyır və aralarında şəxsi münasibətlər olmuşdur. Cavabdeh qeyd edilən məbləğdə pulu biznes qurmaq üçün iddiaçıdan istəmişdir və əldə edəcəyi gəlir hesabına borcu 8 ay ərzində qaytaracağını bildirmişdir. Aralarında yaxın münasibətlər olduğundan iddiaçı ona etibar edərək pul vermişdir. Buna baxmayaraq, bu müddət ərzində cavabdeh iddiaçıya olan borcunu qaytarmaq istiqamətində hər hansı tədbir görməmişdir. Dəfələrlə tələb etdiyinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirmiş və ödənişin vaxtını hər dəfə təxirə salmışdır. Son günlərdə isə cavabdeh ümumiyətlə iddiaçının zənglərinə cavab verməkdən imtina etmişdir. Beləliklə, artıq iddiaçı başa düşmüşdür ki, cavabdeh onun etibarından sui-istifadə etmiş və ona məxsus külli miqdarda pulu mənimsəmişdir. Bu səbəbdən də Cavabdeh 126.720 manat məbləğində pul məhkəmə qaydasında tutulmalı və iddiaçıya ödənilməlidir. Bundan başqa, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməməyə görə məsuliyyət daşıdığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən cərimənin məbləği Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Odur ki, cavabdehin 3 ilə yaxın müddət ərzində öz borc öhdəliklərini yerinə yetirməməsini nəzərə alaraq ondan illik 5% olmaqla, 3 il üçün ümumilikdə 19008 manat məbləğində pul tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-1660/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-1660/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını ümumiyyətlə araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, bununla da əsassız qərar qəbul etmişdir. Məhkəmə şahid ifadələrinə ümumiyyətlə əhəmiyyət verməmiş, onları bir sübut növü kimi qiymətləndirməmişdir. Həmçinin, iş üzrə faktı təsdiqləyəcək digər şahidlər dindirilməmişdir. Cavabdehin prosesdə iştirakı təmin olunmamışdır və məhkəmə onun mövqeyini öyrənə bilməmişdir. Bu səbəbdən də mülki iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəflər arasında borc münasibətlərinin mövcud olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda iddiaçının cavabdehdən pul tələb etməsi əsassız olmuşdur. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən normaların dispozisiya şərtlərindən çıxış edərək bu qənaətə gəlmək olur ki, tərəflər arasında borc münasibətlərinin mövcud olması yalnız onlar arasında bağlanmış yazılı müqavilə ilə təsdiq oluna bilərdi. Lakin iddiaçı 126.720 manat məbləğində pul vəsaitini Cavabdeh borc olaraq verdiyini iddia etsə də, bu halı təsdiq edən yazılı borc müqaviləsini sübut qismində təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-1660/2021 nömrəliqətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar