Məhkəmə qərarları › İş №2(103)-9496/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9496/2021

06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9496/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-4223/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən 280 manat məbləğində pul vəsaitinin, 18 manat notariat haqqının və vəkilə ödənilən 200 manat haqqın, cəmi 498 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 09 dekabr 2019-cu il tarixində oğlu X2 tərəfindən onun adına 22 aprel 2020-ci il tarixinə Bakı-Kiyev marşrutu üzrə reysə Buta Airways aviaşirkətindən bilet (bilet nömrəsi: **********776) əldə olunmuşdur. Bron edilən gün biletin dəyəri tam ödənilmişdir (aviabilet əlavə edilir). Uçuş biletinin dəyəri 279.47 manat təşkil edirdi. Ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində yuxarıda adıçəkilən uçuş reysi təxirə salınmışdır. Şirkətin internet səhifəsində pandemiya səbəbindən təxirə salınmış uçuşlara dair qeyd olunan məlumatlara əsaslanaraq biletə görə edilmiş ödənişin geri qaytarılması üçün onlayn qaydada şirkətə müraciət edilsə də (müraciət nömrəsi: #853291), şirkət cavab olaraq bildirmişdir ki, yeni daxili qaydalarına görə “Aviaşirkət normal fəaliyyətini bərpa etdiyi andan” müraciətə baxacaq. Qeyd edilməlidir ki, biletin əldə olunmasıyla vətəndaşla Aviaşirkət arasında müqavilə münasibətləri yaranmışdır. Vətəndaş istehlakçı qismində ödəniş üzrə Öhdəliyini yerinə yetirmiş, cavabdeh isə aviadaşımayla bağlı xidmətin göstərilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və sözügedən reysi ləğv etmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-4223/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 348 manat məbləğində pulun cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi və iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin – vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan təkzib edilməz sübutlardan da görünür ki, vəkilə 200 manat məbləğində haqq ödənilmişdir. Göründüyü kimi, vəkilə ödənilən xərcin ağlabatan olmaması da əsaslandırılmalı idi və hakimin fərdi mülahizələri sözügedən məbləğin ağlabatan olub-olmamasını müəyyən edə bilməzdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə apellyasiya şikayətində qətnamənin – vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi – vəkilin göstərdiyi yardıma görə cavabdehdən pul vəsaitinin tutulması hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iddia tələbini – vəkilin göstərdiyi yardıma görə cavabdehdən pul vəsaitinin tutulması hissəsində qismən, yəni 50 manat məbləğində təmin edərkən, həmin məbləğin daha ağlabatan olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan 21.06.2021-ci il tarixli mədaxil qəbzindən və hüquqi yardım göstərilməsi haqqında 0806/2021-01 saylı, 08.06.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən fərdi qaydada fəaliyyət göstərən Vəkil ona hüquqi yardım göstərməsi üçün 200 (iki yüz) manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.3-cü və 115.0.6-cı maddələrinə əsasən tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda vəkilin göstərdiyi yardıma görə iddiaçı tərəfindən 200 (iki yüz) manat ödənilməsi işin mübahisəsiz halı olmaqla, təqdim edilmiş müqavilə eləcə də kassa mədaxil orderi ilə təsdiq edilir. Birinci instansiya məhkəməsi isə həmin məbləğin 50 (əlli) manat miqdarında ağlabatan olmasını əsaslandırmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi vəkilin göstərdiyi yardıma görə cavabdehdən pul vəsaitinin tutulması hissəsində tam əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməklə, cavabdehdən hüquqi xidmət xərcinə görə 200 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-4223/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyul 2021-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan - hüquqi xidmət xərci məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Hüquqi xidmət xərcinə görə 200 (iki yüz) manat məbləğində pul cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar