Məhkəmə qərarları › İş №2(103)-95/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-95/2023

04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-95/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iş üzrə (Açar sözlər: torpağın sahibliyinə qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh "xxxx" ASC-in nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı torpağın sahibliyinə qaytarılması və vurulmuş ziyanın tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2770/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1436 saylı sərəncamına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X5 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincisinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 m2 torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmişdir.

2. Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 600 m2 topraq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün X17 Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Saziş müddətinə istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir.

3. Daha sonra həmin torpaq sahəsi Kontrakt sahəsindən çıxarılaraq Socarın istifadəsinə qaytarılmış, sonuncu isə Azərişıq ASC-nin müraciətinə əsasən həmin ərazinin 110 kv-luq yarımstansiyasının tikintisi üçün ayrılmasına, eləcə də 220 kv-luq Böyük Şor yarımstansiyasından 110 kv-luq elektrik xəttinin çəkilməsinə etiraz etməmişdir.

4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)- 1419\2015 saylı qərardadından müəyyən olunur ki, iddiaçı X17 Şirkətinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı 3-cü şəxs İddiaçı işə cəlb edilməklə cavabdehin İddiaçı istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1436 saylı xx.xx.2006-cı il tarixli sərəncamının etibarsız hesab edilməsinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan daha sonra müəyyən olunur ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş mütəxəssis rəyinə əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 600 m2 topraq sahəsinin yerləşdiyi coğrafi kordinatların Saziş blokunun kontrakt sahəsinin coğrafi kordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-530\2016 saylı qərardadından müəyyən olunur ki, X17 Şirkətinin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(81)-1419\2015 saylı qərardadı dəyişdirlmədən qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(102)-817\2016 saylı qərarından müəyyən olunur ki, X17 Şirkətinin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)- 530\2016 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır.

5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)- 1177\2017 saylı qərardadından müəyyən olunur ki, iddiaçı X17 Şirkətinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı 3-cü şəxs İddiaçı işə cəlb edilməklə Binəqədi qəsəbə Bələdiyyəsinin 749 saylı xx.xx.2004-cü il tarixli qərarı Sazişin qüvvəyə mindiyi xx.xx.2005-ci il tarixdən qüvvədən düşdüyündən, həmin Bələdiyyə qərarı ilə X4, Dövlətin müstəsna istifadəsində saxlanılan sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün X17 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 2 saylı mədənin 7-ci sahəsində, 271194, 271545, 271546, 271547, 271548, 232500, 231409 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində ayrılmış 600 m2 torpaq sahəsinin İddiaçı adına keçirilməsi barədə Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı, xx.xx.2006-cı il tarixli sərəncamının etibarsızlığının tanınmasına dair iddia tələbi qeyri-mümkün sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-1383\2017 saylı qərardadı ilə X17 Şirkətinin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(81)-1177\2017 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı toprağın sahibliyinə qaytarılması, vurulmuş 11.200 manat maddi ziyan, 30.000 manat mənəvi ziyan olmaqla, cəmi 41.200 manatın cavabdehlərdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1436 saylı sərəncamı ilə bələdiyyənin ərazi hüdudlarında Bakı şəhər sakiniləri X1 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 m2 torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının X2 adına keçirilməsi qərara alınmışdır. Həmin vaxtdan etibarən torpaq sahəsi İddiaçı istifadə və sahibiliyindədir. 2007-ci ildən başlayaraq iddiaçı özünə məxsus torpaq sahəsində tikinti işləri aparmış və mənzil inşa edərək yaşamışdır. Səhhəti ilə əlaqədar bir müddət orada yaşamışdır. Bir müddət ərzində "xxxx" ASC orada tikinti işləri aparmış, ona məxsus tikililəri sökmüş, əmlakına ziyan vurmuş və hal-hazırda da davam edir. Bunun nəticəsində ona 15.000 manata qədər ziyan dəymişdir. İddiaçı “X17” Şirkəti cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı üçüncü şəxs İddiaçı cəlb edilməklə Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1436 saylı sərəncamının etibarsızlığının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 2-1(81)-1177/2017 saylı qərardadına əsasən iddia tələbi mümkün sayılmamışdır. Eyni zamanda, ona məxsus torpaq sahəsi SOCAR tərəfindən "xxxx" ASC-yə müqavilə əsasında verilmişdir.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2770/2021 nömrəli qətnaməsi ilə (S.R.Səlimova) iddia təmin edilməmişdir.

10. Məhkəmə iddiaçının torpaq sahəsinin onun sahibliyinə qaytarılması tələbi ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlmişdir ki, Dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə İddiaçı ayırmaq səlahiyyəti olmadığından İddiaçı da həmin sərəncama istinad edib torpaq sahəsinə sahiblik hüququnun yaranmasını iddia etmək, torpaq sahəsini sahibliyinə qaytarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia tələbi bu hissədə təmin edilə bilməz.

11. Məhkəmə iddiaçının ona vurulmuş maddi və mənəvi ziyan tələbləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə ona ayrılan torpaq sahəsində tikinti işlərinin aparmasını, həmin tikililərin "xxxx" ASC-nin əməkdaşları tərəfindən sökülməsini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi çəkildiyi vaxt, yer müəyyən olunmayan foto şəkillərdən iddiaçının həmin ərazidə tikinti işləri aparmasını, həmin tikintinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən sökülməsini müəyyən etmək qeyrimümkündür. Bundan başqa, iddia ərizisində iddiaçı həmin ərazidə mənzil inşa etdiyini qeyd etsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin ərazidə qeyri-yaşayış sahəsinin mövcud olmasını, anbar kimi istifadə edilməsini göstərmişdir. Daha sonra Binəqədi RPİ-nin 43-cü PB-də aparılan araşdırma zamanı X7 həmin ərazidə tikinti işlərinin onun tərəfindən aparılmasını bildirmişdir.

13. İstinad olunanlara əsasən məhkəmə iddiaçının cavabdehlərə qarşı maddi və mənəvi ziyan tələbini sübuta yetirilməməsi əsası ilə əsassız hesab edib təmin etməmişdir.

14. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəlləsinin 139.1, 164.1, 164.2, 165.1-ci maddələrinə, Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında xx.xx.2005-ci il tarixli 901-İİQD №-li Azərbaycan Respublikası Qanununun 4, 5-ci bəndlərinə, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə, 11-ci maddəsinin 4-cü bəndinə, 22-ci maddəsinin 3-cü bəndinə, 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə, 48-ci maddəsinin 4-cü bəndinə, 66, 67, 68-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnaməsində işin faktiki hallarında əmlakın qanunsuz sökülməsi, ziyan vurulması sübut olunmağına baxmayaraq iddia təmin olunmamışdır. Binəqədi RPİ-nin 43-cü PB-nə əmlakın qanunsuz sökülməsi ilə bağlı müraciət edilmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin qərarına əsasən həmin əmlakın cavabdehlər tərəfindən dağıdılması təsdiq olunsa da, məhkəmə iş üzrə qəbul olunan qərarı nəzərə almamışdır. Həmçinin 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən X18 şirkətinin həmin torpaq sahəsinə qarşı iddiası təmin olunmamış və qərarlar qanuni qüvvəyə minmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-in nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, "xxxx" ASC-nin orada söküntü işləri aparmağına dair hər hansı sübut yoxdur. İşçiləri torpaq sahəsinə tikinti materialları aparan zaman orada heç bir tikili olmamışdır.

19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Maddə 48.4. Əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

22. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X19.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu Maddə 1. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X19.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. Maddə 4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Maddə 5. Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, araşdırma zamanı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-11194/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5565 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Xidməti “Daşınmaz Əmlakın Döviət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********05 nömrəli mütəxəssis rəyinə əsasən, sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən sərhədlənmiş ərazinin bir hissəsi olmaqla “Kontrakt sahəsi”nin sərhədləri daxilində olduğu, sözügedən ərazinin yaxınlığında vaxtilə neft quyularının olduğu, bundan əlavə ümumi əraziyə ASC-nin müraciətlərinin olduğu müəyyən olundu.

29. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikasının 901-İİQD saylı, xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X19.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş xx.xx.2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı həmin tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Odur ki, Binəqədi qəsəbə Bələdiyyəsinin mülkiyyətində olmayan həmin torpaq sahəsinə dair hər hansı sərəncam vermək səlahiyyəti olmadığından, həmçinin həmin bələdiyyənin 1436 saylı, xx.xx.2006-cı il tarixli Sazişin qanuni qüvvəsini aldığı xx.xx.2005-ci il tarixdən sonra qəbul edildiyindən, adı çəkilən bələdiyyə qərarının hər hansı hüquqi qüvvəsi olmamışdır.

30. Beləliklə, mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmadığı müəyyən edildiyindən onun toprağın sahibliyinə qaytarılması tələbinə dair iddiası təmin edilə bilməz.

31. Məhkəmə kollegiyası iddianın maddi və mənəvi ziyan tələbi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə ona ayrılan torpaq sahəsində tikinti işlərinin aparmasını, həmin tikililərin "xxxx" ASC-nin əməkdaşları tərəfindən sökülməsini bildirsə də, qeyd olunanlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli torpaq sahəsində inşa edilmiş iddiaçının iddia etdiyi hər hansı tikililərin sökülməsində hazırki iş üzrə cavabdehlərin təqsiri müəyyən edilmir.

32. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi çəkildiyi vaxt, yer müəyyən olunmayan foto şəkillərdən iddiaçının həmin ərazidə tikinti işləri aparmasını, həmin tikintinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən sökülməsini müəyyən etmək qeyri-mümkündür. Bundan başqa, iddia ərizisində iddiaçı həmin ərazidə mənzil inşa etdiyini qeyd etsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin ərazidə qeyri-yaşayış sahəsinin mövcud olmasını, anbar kimi istifadə edilməsini göstərmişdir.

33. O da qeyd edilməlidir ki, işdə olan fərdi yaşayış evinin layihəsi X5 adına tərtib edilmiş, üzərində əks olunmuş tarix isə xx.xx.2004-cü ildir. İddiaçı isə torpaq sahəsinin onun sahibliyinə verilməsi barədə sərəncamın tarixindən, yəni xx.xx.2006-cı il tarixdən sonra torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı hər hansı sənədlər (tikiləcək daşımaz əmlakın layihəsi, tikintinin aparılması üçün alınmış icazə və s.) təqdim etməmişdir.

34. Həmçinin, iş materiallarından olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin 43-cü PB-nin baş təhqiqatçısı E.Abbaszadənin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçının qohumu X7 mübahisəli torpaq sahəsində ayrıayrılıqda 6 otaq inşa etdirdiyini, 2009-cu ildə Binəqədi Oyl şirkətinin əməkdaşlarının qeyd edilən torpaq sahəsi üzərində inşa etdirdiyi tikililərə sənədinin olmamasını zənn edib səhvən tikililəri sökdüyünü, daha sonra ondan üzr istədiklərini bildirmişdir.

35. Göründüyü kimi, iddiaçının qohumu izahatında cavabdehlər tərəfindən hər hansı söküntü işlərinin aparılmadığını təsdiq etmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2770/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar