Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9507/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Pərvanə Talıbovanın, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “artırılmış eyvanın sökülməsi və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 23.06.2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər qonşdurlar. Onların hər ikisinin mənzili Nəsimi rayonu, 20 Yanvar küçəsidəki 21B №-li çoxmənzilli binada yerləşir. Həmin binanın 4-cü mərtəbəsində yerləşən 41 №-li mənzil iddiaçıya, 3-cü mərtəbəsində yerləşən 38 №-li mənzil isə cavabdehə məxsusdur. Tərəflərin arasındakı mübahisə artırılmış eyvan tikilisi ilə bağlıdır. Belə ki, cavabdeh mənzilinin eyvanını artırmışdır. Artırma lazımi icazələr alınmadan aparılıb, artırma ilə bağlı heç bir hüquq müəyyənedici sənəd yoxdur, o, özbaşına tikinti hesab olunur. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, artırılmış eyvan cavabdehin hesabına sökülsün və eyvan əvvəlki vəziyyətə qaytarılsın, maddi zərərin əvəzi kimi 5.000 manat, mənəvi zərərin əvəzi kimi 2.000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia onunla əsaslandırılıb ki, artırma nəticəsində iddiaçıya aid olan mənzilin eyvanının qabağı tutulmuşdur. Onun eyvanı həyətə baxan eyvan olsa da hal-hazırda binanın həyətini görmək mümkün deyil. Bundan başqa, artırılmış eyvanın dam örtüyündə olan zibillər hər dəfə külək əsəndə iddiaçının eyvanının qarşısına toplanır, iddiaçı və onun ailə üzvləri eyvanda əyləşə bilmirlər, eyvandan paltar asa bilmirlər. Artırılmış eyvan iddiaçının mənzilinin bazar dəyərinə mənfi təsir edib. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Pərvanə Talıbova apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, eyvanı 17 il bundan qabaq iddiaçının anasının razılığı ilə artırıb. Qətnamənin yoxlanılması: Qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, cavabdehin mənzilinə aid olan eyvanın artırılması iddiaçının öz mənzilindən istifadə etməsinə hər hansı maneə törətmir və iddiaçının eyvanını yararsız hala salmayıb. Məhkəmə, ekspert rəyi ilə razılaşmır. Artırılmış eyvan iddiaçıya öz mənzilinin eyvanından rahat istifadə etməyə maneə törədir. Bunu müəyyən etmək üçün iş materiallarında olan fotoşəkillərdəki (iş v. 20- 23, 60) təsvirlər kifayətdir. Belə ki, birinci, artırılmış eyvan iddiaçının eyvanından binanın həyətinə olan görüntünün qarşısını kəsib. İkinci, artırılmış eyvanın damına (yəni iddiaçının eyvanının qarşısına) müxtəlif tullantılar yığılır, nəticədə isə iddiaçının eyvanının qarşısında natəmiz vəziyyət yaranır. Üçüncü, artırılmış eyvan iddiaçıya paltar və digər əşyaları qurutmaq məqsədilə öz eyvanından istifadə etməyə mane olur. Dördüncü, artırılmış eyvanın dam (şifer) örtüyü yay aylarında qızdığına görə iddiaçının eyvanında tempraturun artmasına təsir edir. Bundan başqa, yuxarıda qeyd olunan 4 əlamət belə qənaətə gəlməyə əsas verir ki, artırılmış eyvan iddiaçının mənzilinin bazar dəyərinə mənfi təsir göstərib. İddiaçı artırılmış eyvanın sökülməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 180.4-cü maddəsindən görünür ki, özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququ olan şəxslərdən biri “maraqlı tərəf” kimi göstərilib. Yuxarıda qeyd olunan hallar iddiaçının maraqlı tərəf sayılması üçün əsasdır. Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. Belə ki, cavabdehin hərəkətinin, yəni öz mənzilinin eyvanını artırmasının iddiaçıya maddi və ya mənəvi zərər vurduğu müəyyən edilmir. Mülki Məcəllənin 21-ci maddəsinin görünür ki, zərərin əvəzinin ödənilməsinin tələb edilməsi üçün əvvəlcə zərərin vurulduğu müəyyən edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev № 21B-də yerləşən 38 №-li mənzilin artırılmış eyvanı (əlavə eyvan tikilisi) Cavabdeh hesabına sökülsün və eyvan əvvəlki vəziyyətə qaytarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9507/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9507/2021
22.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver