Məhkəmə qərarları › İş №2(103)-9513/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9513/2021

07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9513/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-392/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Klinikasına qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, “Stimul Hospital” tərəfindən ona vurulduğu 6.000 (altı min) manat maddi ziyanın və 25.000 (iyirmi beş min) manat mənəvi ziyanın alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin yaz aylarının əvvəlində o, yaşadığı streslərdən sonra saç tökülmə şikayəti ilə yaşadığı yer üzrə “Stimul Hospital” Klinikasına müraciət etmişdir. Resepşenda onu qarşılayan klinika işçiləri ona məhz endekrinoloqa müraciət etməyini və həkim Amaliya Əmirovaya getməyini tövsiyyə etmişdilər. Həkimi görmədən, məsləhətinin ödənişini edib, endekrinoloqla görüşmüş və saç tökülmə problemini ona bildirmişdir. Həkim ona bu problemin bir neçə səbəbi olması barədə liqbezını keçirdikdən sonra ona düzgün diaqnoz üçün bir neçə analizlərdən keçəcəyini söylədi və həmin ödənişləri edib labarator və USM analizlərindən keçmişdir. Boğazında bir düyün olmasa da, labarator analizlərin cavabında həkimin normadan kənar bir cavab görüb, ona “zəhərli zob” diqnozunu qoydu və həqiqətən bütün həyatını böyük bir zəhərə çevirdi. Əmirova onun analiz cavablarından az qala şok yaşayıb uzun bir dərman siyahısını və artıq necə bir gərgin vəziyyətdə olmağını başa saldı. Qəbul etdiyi dərmanlar siyahısında ağır bir hormonal TİRAZOL preparatı var idi. İlk öncə dərmanların qəbulunun birinci həftəsində dad hissiyətini itirmiş, dilinin üst hissəsi qaralmış, sinir sistemi daimi gərgin, əhvalı dəyişik olumşdur. İki-üç gün yuxusuz qalmışdır. Əmirovayla danışanda və şikayətlərini ona bildirəndə - Əmirova ona qəbul etdiyi preparatların dozasını azaltmağı, lakin, müalicəni davam etdirməyi israr etmişdir. Bir neçə dəfə o ictimai yerlərdə, qonaqlıqlarda və evdə huşunu itirmişdir. Müalicənin üçüncü ayında o, hər qida qəbul edərkən ürək bulanması və qaytarmaqdan əziyyət çəkmiş, Əmirova onu qəbul edib, dozanın artırılmasına qərar vermişdir. Müalicənin üçüncü ayında çəkisi birdən birə artmağa başlamış və bir neçə aya o, otuz kiloqramdan artıq çəki yığmışdır. Ən pisi o idi ki, piy qatları anormal şəkildə bədənin üst nahiyyəsində toplanmağa başlamış və bu onu çox eybecər və əcaib formaya salmışdır. Saçları qısa müddətdə kişi tipli alopesiya formasında tökülməyə başlamış və Əmirova bunu görüb, onu həmkarı - həmin Klinikanın trixoloqu Şəfa Əliyeva yönləndirmişdir ki, artıq bərbad vəziyyətə düşmüş saçları ilə Əliyeva məşqul olsun. Əliyeva onu bahalı plazmoliftinq və mezoterapiya prosedurlara cəlb etmiş, hətta, beş-altı dəfə ödənişi kassaya yox - öz cibinə ödəməyini xahiş etmişdir. Artıq o, mənəvi cəhətdən, ağır depresiya yaşayan, hər kəsdən uzaq duran və heç bir sözlə özünə təsəlli tapa bilməyən bir məxluqa çevrilmişdir. Dərisi, saç dərisi yağ içində, üzünün dərisi dərin qara nöqtələrlə dolu - hər iki saatdan bir duş qəbul etmək məcburiyyətində qalmışdır. Gecələr boğulmağa başlamış və artıq çəkidən sinir sistemi tamamilə pozulmuş və o, polikistozdan əziyyət çəkməyə başlamışdır. Artıq, göz yaşları içində Əmirovaya zəng edib, boğularaq, ona hər şeyi danışanda, Əmirova ona - “narahat olmayın, çəki gedəcək. Saçda bərpa olacaq, yaxşı ki, siz vaxtında müalicəyə başladız» sözləri ilə ona ikinci dərəcəli şəkər xəstəsinin dietasını tövsiyyə edib, bu sahədə də öz məsləhətlərini vermiş və onu bahalı diateloq Ləman Süleymanovaya göndərmişdir. Həmin il, onu Çeçenistan Prezidenti cənab X6 şəhərinə dəvət etmişdir, bu onun üçün böyük bir şans olmasına baxmayaraq, Əmirovanın müalicəsindən sonra - o, artıq yataqdan qalxa bilməmişdir. Artıq müalicə aldığı “hospital” bütün ümidini itirib, o, Gürcüstan Respublikasına üz tutmuş və orada onu qəbul edən “Avesta” Klinikasının professoru onun heç bir vaxt zob xəstəsi olmaması barədə, zobun heç bir əlaməti onda olmaması barədə və analiz cədvəlinə baxıb, həkimin səhvini ona göstərib, müalicədən qəti formada imtina etmişdir. Hazırda üç həkimdə müalicədədir və davamlı bahalı müalicəyə ehtiyacı vardır. Artıq bir neçə ildir ki, “Stimul Hospital”ın həkimi tərəfindən buraxılmış səhvə görə o, əziyyət çəkməkdədir və bütün dediklərinin rəsmi sübutu - analiz və resept siyahısı, Respublika Endokrin Mərkəzinin komisyon ekspertizasının rəyi var. Bu bardə dəfələrlə hospitalın tez-tez dəyişən baş həkimlərinə müraciət etsə də, onlar onu ələ salıb, aldatma yolu ilə reseptlərin surətini ondan alıb, ona “nə istəyirsən et” sözlərini demişdirlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-392/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “Stimul Hospital” Klinikasına qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 392/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X11 tərəfindən verilmiş 323/KEŞ nömrəli, 21 aprel 2021-ci il tarixli ekspert rəyini vermiş ekspertlər tərəfindən bir sıra suallara ətraflı cavab verilməmiş, bəzi suallar açıq qalmış, ekspertiza keçirilən zaman onun iştirakı təmin edilmədiyindən, onun səhhətində yaranmış problemlərin mənbəyi müəyyən edilməmişdir. Ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara aydın və tam cavab verilməmiş, onun müayinəsi keçirilmədən, ekspertizada iştirakı təmin edilmədən iş üzrə natamam rəy verilmişdir. Halbuki, məhkəmənin qərardadı ilə ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq müayinə edilməsi üçün onun iştirakının təmin edilməsi ekspertin üzərinə vəzifə kimi qoyulmuşdur. Ekspert öz cavabında diaqnoza uyğun olaraq ona “tirozol” dərmanının təyin edilməsini göstərmiş, lakin bu təyinatın düzgün olub-olmamasına toxunmamışdır, Sadəcə ekspert sualı təkrarlayıb cavab vermişdir. məhkəmə tərəfindən verilmiş “X1 tərəfindən 14.05.2016-cı və 23.06.2016-cı il tarixli reseplərdə yazılan “Tirazol” dərmanının İddiaçı hansı mənfi və müsbət təsiri olmuşdur? Əgər həmin dərman düzgün olaraq yazılmışdırsa o, həmin dərmanı hansı müddətə qədər qəbul etməli idi?” suala da ekspertlər dolayı üsulla cavab vermiş, həmin suala ətraflı cavab verilməsi üçün onun müayinəsinin zəruri olmasını vurğulasalarda, bu müayinəni həyata keçirməmişlər. Ekspertlər onda hansı xəstəliklərin olması sualına cavab verməmiş, onda hansı xəstəliyinin olmasını müayinə etməmiş, əgər xəstəlik varsa bu xəstəliklərin “Tirozol” dərmanının qəbulu nəticəsində yaranıb yaranmamasına cavab tapmamışlar. Məhkəmə tərəfindən məhkəməyə təqdim edilmiş sübutların heç birini öz qətnaməsində göstərməmiş, həmin sübutları araşdırmamış, onlardan istifadə etməmiş, sübutlara qərəzli yanaşaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-392/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı 19 oktyabr 2021-ği il tarixli məhkəmə iclasında iştirak etsədə, sonrakı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X4 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-392/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehdən maddi və mənəvi zərərin əvəzinin tutulmasını tələb etsə də, cavabdeh "xxxx" MMC-nin həkimi X5 tərəfindən iddiaçıya səhv diaqnoz və yanlış müalicə təyin edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmiş və məhkəmə iclasında İddiaçı xəstəliyi ilə aparılmış müalicələr arasında səbəbli əlaqənin olması sübut edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 77.1-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Yusif Seyfəlovun şıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, 25.05.2018-ci il tarixli qalxanabənzər vəzin ultrasəs müayinəsidən görünür ki, qalxanabənzər vəzin struktur dəyişikliyi və xəfif hiperplaziya US əlamətləri qeyd edilir. Tireoid hormonların yoxlanılması tövsiyə olunur. 2-3 aydan sonra təkrar dinamik USM tövsiyə olunur.(İ.vər. 124 - 125) İş materiallarında olan Respublika Endokrinoloji Mərkəzi X10 tərəfindən verilmiş 194 nömrəli, 08 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki; 1) Tirozol preparatı nə qədər uzun müddətdə qəbul olunmasına baxmayaraq Anti Tpo göstəricinin yüksəlməsinə və ya azalmasına təsir göstərə bilməz. 2) X12 göstəricinin yüksək olması Autoimmun tireoidit xəstəliyinin diaqnostik meyarıdır. Anti Tpo göstəricisinin qalxıb-düşməsi heç bir fəsad yarada bilməz. 3) Pasientdə olan Anti Tpo göstəricinin (60-80) polikistoz sindromunun yaranması ilə heç bir əlaqəsi yoxdur. 4) Pasientdə hipotireoz xəstəliyinin diaqnozu Free T3, Free T4, TSH analizi əsasında qoyulur. 5) Xəstə Tirozol preparatını uzun müddət qəbul edilib-edilməməsini müəyyən etmək üçün qalxanvari vəzin hormonları (T3, T4, TSH) müayinə olunmalıdır. Hormonların müayinəsi Tirozol qəbulu fonunda aparılmalıdır. əks təqdirdə müayinə nəticələri doğru olmaya bilər. 6) Tirozol preparatının yüksək dozalarda (30 mq və yuxarı) uzun müddət qəbulu fonunda (ən azı 6 ay) TSH səviyyəsi qalxa bilər. Bu dərman fonunda olan vəzziyyətdir və prepaaratın qəbulu dayandırıldıqda normaya qayıda bilir. Hipotireoz xəstəliyi deyil.(İ.vər. 101) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X10 tərədindən verilmiş 323/KEŞ nömrəli, 21 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki; 1) “Stimul Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o 12.05.2016-cı il tarixdə hospitala müraciət etdikdən sonra aparılmış müvafiq müayinələr əsasında ona “Autoimmun tireodit (toksiki mərhələ)” diaqnozu düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq ona “tirozol” dərman preparatı 5 (mg 3 dəfə) təyin edilmişdir. 2) Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 14 may və 23 iyun 2016-cı il tarixlərdə təyin edilmiş “Tirozol” dərman preparatı qalxanvari vəzinin hormonlarının normal səviyyəyə gəlməsinə və xəstənin ümumi vəziyyətində (ürək döyünmə, tərləmə, əsəbilik) müsbət dinamika əldə olunması üçün yazılmışdır. Xəstə qeyd olunan dərman preparatını həkim təyinatı əsasında, mütəmadi olaraq həkim qəbulunda, müayinə olunaraq və hormonların səviyyəsinə uyğun olaraq qəbul etməli idi. Uzun müddətli həkim təyinatı və müayinə olunmadan “tirozol” dərman preparatını qəbul etmək məqsədə müvafiq hesab edilmir. Xəstədə “tirozol” preparatının üzün müddət qəbul edilibedilməməsinin müəyyən etmək üçün qalxanvari vəzi hormonları (T3, T4, TSH) mütəmadi olaraq müəyyən olunmalı və hormonlaarın müayinəsi “tirozol” qəbulu fonunda aparılmalıdır. Əks təqdirdə müayinə nəticələri doğru hesab edilməyə bilər. Müalicə həkimi tərəfindən təyin edilmiş resept blankına əsasən, İddiaçı “Tirozol” dərman preparatı 2 ay müddətinə təyin edilmişdir. 3) “Tirozol” dərman preparatının xəstəyə necə təsir etməsi yalnız qəbulu zamanı hormonların səviyyəsinə baxılaraq qiymətləndirilə bilər. “Tirozol” dərman preparatının yüksək dozalarda (30 mg və yuxarı) uzun müddət qəbulu fonunda TSH səviyyəssi qalxa bilər ki, (tərtib edilmiş tibbi sənədlərdə öz əksini tapmamışdır) bu da dərman fonunda olan vəziyyətdədir və prepatının qəbulu dayandırıldıqda normaya qayıda bilir. Bu da hipotireoz xəstəliyi hesab edilmir.(İ.vər. 162 - 166) Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllnin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Odur ki, maddi zərər hissəsində məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı "xxxx" MMC-dən 6.000 manat maddi ziyanın, 25.000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları, yəni onun sağlamlığında yaranmış fəsadların cavabdehin təqsiri üzündən baş verməsi barədə sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri əsasizdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə kollegiyası həmşinin qeyd edir ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 6.000 manat maddi ziyanın cavabdehin təqsirli hərəkəti nəticəsində vurulması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC tərəfindən sağlamlığına zərər yetirilməsini sübut etməsi yükü iddiaçının üzərinə düşür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bundan başqa İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-392/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar