Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9518/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2(007)-2335/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat pul və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 3000 manat pul alaraq oğlunu metropolitendə maşinist vəzifəsinə işə düzəltməyi öz öhdəsini götürmüş, pulu Xətai rayon ərazisində yerləşən "xxxx" filialından götürərək elə bankın qarşısında cavabdehə vermiş, lakin cavabdeh onu aldatmış, nə oğlunu işə düzəltmiş, nə də ki, ona verdiyi pulu geri qaytarmamışdır. Bununla bağlı şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcud olsa da polis orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 oktyabr 2017-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda cavabdehin ondan 3000 manat pulu alması faktı barədə etirafı mövcuddur. Lakin bu vaxta qədər dəfələrlə məhkəməyə müraciət etməsinə baxmayaraq hələ də cavabdehdən 3000 manat məbləğində pulu ala bilmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2(007)-2335/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2940 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(007)- 2335/2021 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2335/2021 saylı iş üzrə qəbul etdiyi 14.06.2021-ci il tarixli qətnamədə getmiş yanlışlıq aradan qaldırılmış və “lakin cavabdeh məhkəməyə gəlməmiş və öz sübutlarını təqdim etməmişdir” cümləsinin qətnamənin mətnindən çıxarılması qərara alınmışdır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Həqiqətən 2015-ci ildə iddiaçını tanımış və yaxın münasibətləri olmuşdur. Həmin ilin sentyabr ayında yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona pul lazım olmuş və münasibəti yaxşı olduğuna görə iddiaçıdan öz adına kredit götürməsini xahiş etmiş, sonuncu da bankdan kredit götürərək, 2940 manat ona vermişdir. 5-6 ay kredit ödənişlərini etmiş, sonra maddi durumu ilə əlaqədar krediti ödəməkdə çətinlik yaranmışdır. Buna baxmayaraq kreditin məbləğinin bir hissəsini banka, bir hissəsini isə iddiaçıya ödəmişdir, yəni iddiaçıya olan borcunu tam ödəmişdir. Hazırki mübahisə üzrə iddia müddəti keçmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçıdan həmin pulu oğlunu işə düzəltmək adı ilə almamışdır. İddiaçı bankdan kredit götürmüş, 2940 manat ona vermiş, o da aylıq ödəniş 122 manat ödəmişdir. Axırıncı dəfə 1170 manat ödəmiş, iddiaçı da onun yanında olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 19 oktyabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı Cavabdeh verdiyi izahatında bildirmişdir ki, 2015-ci ilin iyun ayında Bakı-Xarkov qatarında bələdçi işləyən İddiaçı ilə tanış olmuş, tanışlıqdan sonra münasibətləri yaxın olmuş, mütəmadi olaraq görüşmüşlər. 2015-ci ilin sentyabr ayında dostu Nicata məxsus «Toyota-Prado» markalı avtomobili idarə edərkən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş, avtomobili təmir etdirmək üçün imkanı olmadığından maddi sıxıntılar keçirməyə başlamış, bu zaman Şeydaya hadisə barədə danışmış və bankdan kredit götürmək istədiyini bildirmişdir. Şeyda öz adına kredit götürə biləcəyini söyləmiş, bu məqsədlə 2015-ci ilin sentyabr ayının sonlarında Şeyda öz adına bankdan 3 il müddətinə ayda 120 manat ödəniş etməklə 3000 manat kredit götürmüş və komisyon xərcləri çıxıldıqdan sonra 2940 manat pulu şəxsən ona vermişdir. Bundan sonra o mütəmadi olaraq hər ay krediti ödəməyə başlamış, təxminən 5-6 ay normal ödənişlər etdikdən sonra maddi sıxıntıları olduğundan kredit ödənişlərində müddət pozuntuları yaranmış, lakin 5-10 gün gecikmə olsa da sonradan tərəfindən kredit ödənilmişdir. Bu günədək kredit tərəfindən ödənilmiş, banka 1000 manat civarında boc qalmışdır. Təxminən bir il əvvəl Şeyda ilə aralarında olan yaxın münasibətlərə son qoymaq qərarına gəlmiş və artıq Şeyda ilə görüşlərdən yayınmağa başlamışdır. Bu zəmində aralarında narazılıq yaranmış, Şeyda polis orqanına şikayət edərək ondan guya 3000 manat pulu oğlunu işə düzətmək məqsədilə alması barədə yalan məlumat vermişdir. O, həqiqətən Şeydadan 2940 manat pulu almışdır. Lakin qeyd etdiyi kimi Şeydanın oğlunu işə düzəltmək barədə danışıq olmamışdır. Bir də ki, o pulu götürən ərəfədə Şeydanın oğlu əsgəri xidmətə çağırılmışdı, o yalnız bu ilin aprel ayında əsgərlikdən qayıtmışdır, ona görə də o Şeydanın oğlunu heç cür işə düzəldə bilməzdi. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İşin mübahisəsiz halıdır ki, iddiaçı 3000 manat məbləğində kredit götürmüş və 2940 manat cavabdehə vermişdir (cavabdeh tərəf özü də bu halı etiraf etmişdir). Cavabdeh kredit məbləğinin bir hissəsini banka, bir hissəsini isə iddiaçıya ödədiyini, hazırda iddiaçıya borcu olmadığını qeyd edir, belə olan halda, borcunu tam qaytardığını sübut etmək yükü cavabdehin üzərindədir, lakin cavabdeh kredit məbləği üzrə ödənişlər etdiyini, həmçinin iddiaçıya ödənişlər etdiyini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir, əksinə iş materialları ilə bu hal təkzib edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin iddiaçıya cavab məktubunda göstərilmişdir ki, 28.09.2015-ci il tarixdə 36 ay müddətinə illik 28,23 faiz dərəcəsi ilə 3000 manat məbləğində rəsmiləşdirilən kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edilmədiyindən borc məbləğinin tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş, Ağdaş Rayon Məhkəməsinin 21.10.2016-cı il tarixli əmrinə əsasən iddia ərizəsi təmin edilərək, ondan əsas borc üzrə 2605,98 manat, faiz borcu üzrə 344,77 manat olmaqla, cəmi 2950,75 manat məbləğində vəsaitin və 20 manat dövlət rüsumunun alınaraq ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri üzrə borcun tutulması istiqamətində icra hərəkətləri davam etdirilir. "xxxx" QSC İstismar Xidməti tərəfindən verilmiş 12.10.2021-ci il tarixli arayışın məzmunundan müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 21.10.2016-cı il tarixli məhkəmə əmrinə əsasən "xxxx" ASC-nin xeyrinə 933,18 manat borcu iddiaçının əmək haqqından tutulmuşdur. Göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən məhkəmə əmri ilə borcun tutulması əmr edilmişdir və icra sənədinin icrası məqsədi ilə borcun tutulması iddiaçının əmək haqqına da yönəldilmişdir. Cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə Kollegiya qeyd edir ki, göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni təqdim etmək imkanı olduğu halda belə bir ərizə ilə müraciət etməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2335/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9518/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9518/2021
25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver