Məhkəmə qərarları › İş №2(103)-952/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-952/2021

03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-952/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Dadaşov Əlimusa Sərxoş oğlunun iştirakı ilə, İddiaçı Dadaşov Əlimusa Sərxoş oğlunun cavabdeh Mustafayev Mehman Məzahir oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3105/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Dadaşov Əlimusa Sərxoş oğlu cavabdeh Mustafayev Mehman Məzahir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Mehman Mustafayev onun oğlunu Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyini vəd edərək 3000 manat pul almış, lakin oğlunu işə düzəltməmişdir. Onun şikayəti əsasında cavabdehə qarşı cinayət işi açılaraq, M.Mustafayevin İstintaq Şöbəsində izahatı alınmış və o, pulu aldığını etiraf edərək, könüllü olaraq 3.000 manat puldan 1.000 manatı qaytarsada, qalan 2000 manatı qaytarmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3105/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında onun iştirakını təmin etməyərək prosessual pozuntuya yol vermişdir. Həmçinin, o iddiaçıdan borc pul almamış və onun iddiaçıdan borc aldığını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmiş, bununla belə məhkəməyə ərizə təqdim edərək cavabdehin tələb olunan borcdan 1000 manat da ödədiyini bildirmiş və cavabdehdən onun xeyrinə 1000 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi yanlış olaraq tərəflər arasında yaranmış münasibətə borc münasibət kimi qiymən vermişdir. Lakin işin hallarında da görünür ki, tərəflər arasında yaranan münasibətə əsassız varlanmaya dair qanunvericilik normaları tətbiq edilməlidir. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan cinayət işi üzrə qərarlardan müəyyən edilir ki, Mustafayev Mehman Məzahir oğlu Əlimusa Dadaşovdan 3.000 manat pul almışdır. O, aldığı 3000 manat puldan könüllü olaraq 1000 manatı geri qaytarmış, sonda Dadaşov Əlimusa Sərxoş oğlunun müraciəti üzrə toplanmış materialda cinayət tərkibi olmadığına və cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən məmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Mustafayev Mehman Məzahir oğlu Dadaşov Əlimusa Sərxoş oğluna 1000 manat pulu ödəmiş və sonuncu bu pulu qəbul etmiş, qalan 2000 manat pulu isə xx.xx.2019-cu il tarixədək ödəyəcəyini bildirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçı ərizə təqdim edərək tələbinin azaltdığını bildirmişdir. Kollegiya vurğulayır ki, qanunvericilikdə iddiaçının qətnamə qəbul edilənədək iddia həcmini azalmaqda haqlı olduğu qeyd edilsə də, hazırki işdə iddiaçı tərəf borcun bir hissəsinin ona ödənildiyini etiraf edərək iddia həcminin azaldılmasını xahiş edir. Kollegiya hesab edir ki, bu hal cavabdeh tərəfin vəziyyətini yüngülləşdiran hal olduğundan və tərəflərin hüququnu pozmadığından, hazırki qətnamə həcmi azaldılmış iddia tələbi əsasında qəbul edilməlidir. Kollegiya xüsusilə vurğulayır ki, iddia tələbinin predmetini müəyyənləşdirmək iddiaçının mühüm hüququdur; məhkəmənin vəzifəsi isə irəli sürülən tələbin əsaslı və qanuni olması halında onun həqiqi mahiyyətinə və həcminə uyğun təmin olunmasından ibarətdir. Buna görə də prosessual qanunvericiliklə müəyyən olunmuşdur ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM-in 218.3-cü maddəsi), iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüququ xüsusi olaraq iddiaçıya məxsusdur (MPM-in 53-cü maddəsi). Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır, 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İş materiallarından görünür ki, cinayət işi üzrə qərarlardan müəyyən edilir ki, Mustafayev Mehman Məzahir oğlu Əlimusa Dadaşovdan 3.000 manat pul almışdır. O, aldığı 3000 manat puldan könüllü olaraq 1000 manatı geri qaytarmış, sonda Dadaşov Əlimusa Sərxoş oğlunun müraciəti üzrə toplanmış materialda cinayət tərkibi olmadığına və cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sonradan Mustafayev Mehman Məzahir oğlu Dadaşov Əlimusa Sərxoş oğluna 1000 manat pulu ödəmiş və sonuncu bu pulu qəbul etmiş, qalan 2000 manat pulu isə xx.xx.2019-cu il tarixədək ödəyəcəyini bildirmişdir. Apellyasiya baxışı zamanı iddiaçı ərizə verərək cavabdehin 2000 manat olan borcundan 1000 manatını ödədiyini bildirmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən cavabdeh Mehman Mustafayev iddiaçı Əlimusa Dadaşovun hesabına 1000 manat məbləğində əsassız varlanmış və iddiaçı həmin vəsaiti geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, Mustafayev Mehman Məzahir oğlundan iddiaçı Dadaşov Əlimusa Sərxoş oğlunun xeyrinə 1000 manat məbləğində pul vəsaiti tutulmalı, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat iddiaçıdan tutularaq ona ödənilməsi və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə adi edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3105/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Dadaşov Əlimusa Sərxoş oğlunun cavabdeh Mustafayev Mehman Məzahir oğluna qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. Cavabdeh Mustafayev Mehman Məzahir oğlundan 1000 (bir min) manat pul məbləği tutularaq iddiaçı Dadaşov Əlimusa Sərxoş oğluna ödənilsin. Cavabdeh Mustafayev Mehman Məzahir oğlundan dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq Dadaşov Əlimusa Sərxoş oğluna ödənilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar