Məhkəmə qərarları › İş №2(103)-952/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-952/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-952/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Məmmədov Ceyhun Əziz oğlunun iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(001)-7250/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 250 manat məbləğində sığorta ödənişinin və 20,4 manat məbləğində dövlət rüsumunun əvəzinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 01 mart 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Hyundai Veloster” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 31 may 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan “Opel Astra” markalı, 99 0T 496 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri BDYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan avtonəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 250 manat məbləğində sığorta ödənişi verilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(001)-7250/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, qeyd olunur ki, qətnamə işin halları araşdırılmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Отделением УФМС РОССИИ, По Ханты – Мансийский АВТ.ОКР-ЮГРА tərəfindən verilmiş 67 13 344733 nömrəli pasportun surətindən görünür ki, Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır. 14 noyabr 2014-cü il tarixdə, Ханты – Мансийский АВТ.ОКР-ЮГРА tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “B”, “B1” və “M” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ var. Vəsiqənin etibarlılıq müddəti 14 noyabr 2024-cü il tarixədəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yolis İdarəsinin avtomobilin nəqliyyat hərəkətləri barədə məlumatlarının kompüter çıxarışının təsdiq edilmiş surətindən görünür ki, “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdır. İcbari Sığorta müqaviləsinə dair 01 mart 2021-ci il tarixli PGU********** saylı məlumatdan görünür ki, “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi 01 mart 2021-ci il, müqavilənin qüvvədən düşmə tarixi isə 01 mart 2022-ci ildir. Bakı şəhəri X13 İdarəsinin polis baş leytenantı X5 tərəfindən tərtib olunan inzibati xəta haqqında 31 may 2021-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən yol hərəkət qaydaları pozulmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri X13 İdarəsinin polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 31 may 2021-ci il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 iyun 2021-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair akt”ın təsdiq edilmiş surətindən görünür ki, “Opel Astra” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində zərər dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 iyun 2021-ci il tarixli, PGU-211761 nömrəli sığorta ödənişi ilə bağlı aktının və 23 iyun 2021-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətlərindən görünür ki, 31 may 2021-ci il tarixdə Bakı şəhəri, 3-cü mikrorayon dairəsində “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə “Opel Astra” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu avtomobilə 250 manat məbləğində zərər dəymişdir. Həmin məbləğ "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 ödənilmişdir. 17 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, 31 may 2021-ci il tarixdə Bakı şəhəri, 3-cü mikrorayon dairəsində Cavabdeh tərəfindən “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən yol hərəkət qaydaları pozulmuş, nəticə də “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə “Opel Astra” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, sonuncu avtomobilə 250 manat məbləğində zərər vurulmuşdur. Sonuncu avtomobilə dəymiş zərər "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 ödənilmişdir. Həmçinin, yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 916.1, 922.1, 926.1, 926.2, 926.3, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, “İcbaroi sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.2, “Yol hərəkəti havqqında” Azərbaycan Respublikası Qanununun 33, 35-1-ci maddəsinin İİ və İİİ hissələrinə istinad etmişdir. Göründüyü kimi, 31 may 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin “Hyundai Veloster” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında idarə etməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəf “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü və “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin İİ hissəsinə istinad edərək hesab etmişdir ki, sığorta hadisəsi baş verən zaman cavabdehin avtomobili idarə etmək hüququ olmamış və bu səbəbdən iddiaçının subroqasiya hüququ yaranmışdır. Qeyd olunmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsi ilə müəyyən edilmiş hallar sığortaçının mənafelərinin müdafiəsini təmin etməyə yönəldilmişdir. Nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi olmaqla yanaşı, şəxsin onun idarə edilməsi və ya digər formada istismarı üçün xüsusi nəzəri və təcrübi bilikləri olmalıdır. Belə bilikləri olmayan şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş vermə riskini artırır və son nəticədə sığortaçının üçüncü şəxslər qarşısında məsuliyyətini əmələ gətirir. Cavabdehin Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi olmuş və “Yol hərəkəti haqqında” Qanuna əsasən onun Azərbaycan Respublikasında avtomobili idarə etmək hüququ ümumən tanınmışdır. Belə olan halda, onun avtomobili idarə etməyə nəzəri bilikləri və vərdişi olmuş, avtomobili idarə etməklə sığortaçının məsuliyyət riski, Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik şəxslərlə müqayisədə artmamışdır. Göründüyü kimi, “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin məqsədi nəqliyyat vasitələrini idarə edən şəxslərin uçotunu aparmaqdan ibarət olmuşdur. Əks halda, qanunvericiliklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün xüsusi qaydalar, o cümlədən şəxsin imtahan vermək, mütləq tibbi yoxlanışdan keçmək və s. tələblər müəyyən olunardı. Halbuki, “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin İİ hissəsinə görə sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Başqa sözlə, qanunvericiliklə belə şəxslərin nəqliyyat vasitəsini idarə etməyə nəzəri biliklərinin və praktiki vərdişlərinin yenidən yoxlanılması nəzərdə tutulmamışdır. Həmçinin, “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin İİİ hissəsi ilə sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılması da nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, sözügedən yol-nəqliyyat hadisəsi törədilən zaman cavabdeh “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulduğu mənada Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarəetməyə hüququ olmayan şəxs hesab oluna bilməz və göstərilən vəziyyətdə sığorta şirkətinin subroqasiya hüququ yaranmadığından iddiaçının qeyd olunan maddəyə istinadən tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(001)-7250/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar