Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-952/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 ASC-yə qarşı iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı və ləğvi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 ASC-yə qarşı “hərracın nəticələrinin etibarsızlığı və ləğvi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1859/2023 nömrəli 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin ümumi sahəsi 166,5 kv.m., yaşayış sahəsi 80,0 kv.m., yardımçı sahəsi 86,5 kv.m. olan 3 otaqlı 28/31 saylı mənzili tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin ümumi sahəsi 86,2 kv.m., yaşayış sahəsi 55,1 kv.m., yardımçı sahəsi 31,1 kv.m. olan 3 otaqlı 29/30 saylı mənzili tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır.
3. Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında imzalanmış PB/GTC-018/2014 saylı, xx.xx.2014-cü il tarixli ümumi şərtlər toplusu çərçivəsində olan xx.xx.2015-ci il tarixli, K1671 saylı maliyyələşdirmə üçün ərizəyə görə bank tərəfindən borcalana 40 ay müddətinə, yəni xx.xx.2019-cu ilədək faktiki illik faiz dərəcəsi 14% olmaqla 4.200.000,0 manat məbləğində kredit verilmişdir.
4. “Bank” qismində Cavabdeh1 ASC ilə “Zamin” qismində X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, Z1251 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 ASC ilə borc alan "xxxx" MMC arasında bağlanılmış PB/GTC018/2014 saylı, xx.xx.2014-cü il tarixli ümumi şərtlər toplusu çərçivəsində borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7983/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərara əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-1425/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, zamin X4 Cavabdeh1 ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.705.966,25 manat borcun və iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5076/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X9 və İddiaçı arasında olan nikah ləğv edilmişdir.
7. Səbail Rayon Məhkəməsinin 2(009)-859/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X6 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 166,5 kv.m., yaşayış sahəsi 80,0 kv.m., yardımçı sahəsi 86,5 kv.m., 3 otaqlı 3 mərtəbəli 28/31 saylı mənzilin (RX seriyalı ******* No-li Çıxarış), ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 86,2 kv.m., yaşayış sahəsi 55,1 kv.m., yardımçı sahəsi 31,1 kv.m.,3 otaqlı 3 mərtəbəli 29/30 saylı mənzilin (RX seriyalı ******* No-li Çıxarış), ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 66,6 kv.m. olan 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsinin (RX seriyalı ******* No-li Çıxarış), ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 37,5 kv.m.olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* No-li Çıxarış) X9 ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakların hesab edilməsi və həmin əmlakların ½ (50%) hissəsinə İddiaçı mülkiyyət hüquqlarının müəyyən edilməsi, hazırki qətnamənin İddiaçı ilə X6 yuxarıda sadalanan əmlakların ½ (50%) hissəsinə mülkiyyət hüquqlarının Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən rəsmiləşdirilməsi üçün əsas olması qət edilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı ilə cavabdeh X9 arasında olan nikah Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1554/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
8. "xxxx" MMC tərəfindən verilmiş sənədlərə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X4 Cavabdeh1 ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.705.966,25 manat borcun və iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat pulun tutulması qət edilmişdir.
9. Səbail Rayon Məhkəməsinin 8(009)-241/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına görə Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun təqdimatı təmin edilmiş, X6 adına qeydiyyatda olan ünvan 4 ünvanında yerləşən 17,18, 28/31,29/30 nömrəli mənzillər, ünvan 5 ünvanda yerləşən ü/s-66,6 kv.m. və ü/s-37,5 kv.m.olan qeyri-yaşayış sahələri, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu 300-cü metr sağ tərəf 32A ünvanında yerləşən qeyri-yaşayış binası (3-cü mərtəbədən ü/s 141,1 kv.m. (1, 2, 16, 17, 18, 19, 22, 23 saylı sahələr) açıq eyvan 38,4 kv.m. (36, 37, 38, 39 saylı sahələr) üzərlərinə həbs qoyulmuşdur.
10. "xxxx" MMC tərəfindən Səbail rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, QXM/2654 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya xx.xx.2020-ci il tarixli Qərarı və 4851/19-16- 15/1210 saylı xx.xx.2020-ci il tarixli müraciətinə əsasən təqdim etdiyi sənədləri və qiymətləndirmə obyektinə məlumatları nəzərə alaraq ünvan 4 ünvanında yerləşən 28/31 və 29/30 saylı mənzillər analoji bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx.xx.2020-ci il tarixə 28/31 saylı mənzil üçün bazar dəyəri 413.000 manat, 29/30 saylı mənzil üçün bazar dəyəri 212.000 manat müəyyən edilmişdir.
11. Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC, Səbail Rayon Məhkəməsi, Cavabdeh1 ASC və X7 ünvanlanmış xx.xx.2022-ci il tarixli 48512/2019-xx-xx/1480 nömrəli məktuba əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1425/2018-002 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu X4 2.705.966,25 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ödənilməlidir. X1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 28/31 saylı mənzil 413.000 manata, ünvan 4 ünvanında yerləşən 29/30 saylı mənzil isə 212.000 manata "xxxx" ASC-yə təklif edilmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. “X2” MMC-dən daxil olan QXM/2654 saylı, xx.xx.2020-ci il tarixli məktuba əsasən X1 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən 28/31 saylı mənzilin bazar dəyəri 413.000 manata, ünvan 4 ünvanında yerləşən 29/30 saylı mənzilin bazar dəyəri isə 212.000 manata müəyyən edildiyi göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə uyğun olaraq sözügedən əmlakların açıq hərracda satışını təmin edib, nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur.
12. "xxxx" MMC tərəfindən sifarişçi Səbail rayon İcra şöbəsinə, borclu X7, tələbkar Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 265/22 saylı hərrac bildirişindən görünür ki, Səbail rayon İcra və probasiya şöbəsinin 485132/2019-xxxx/1480 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən borclu X7 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzilinin ilkin satış qiyməti 413.000 manata, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzilinin ilkin satış qiyməti 212.000 manata satılması ilə bağlı xx.xx.2022-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmiş, hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, KİV-də müvafiq elanlar dərc edilmişdir.
13. “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli buraxılışında LOT 265/22 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzilin 413.000 manata, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzilin 212.000 manata olmaqla açıq hərraca çıxarıldığı və hərracın xx.xx.2022-ci il tarixdə, saat 11.00-da keçirilməsi barədə elan verilmişdir.
14. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli AZ1000/**********, AZ1000/**********, AZ1000/********** nömrəli teleqramlara əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə X7 ünvanlanmış SS787791803AZ, SS787791825AZ, SS787791817AZ saylı göndərişlər xx.xx.2022-ci il tarixdə saat 07.55-də təyinatı üzrə çatdırılmışdır.
15. "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 265/1/22 nömrəli protokola əsasən Səbail Rayon Məhkəməsinin 2(009)- 1425/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin və Səbail Rayon Məhkəməsinin 8(009)-241/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar Səbail rayon İcra şöbəsinin 48512/2019-xx-xx/1480 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən X7 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzili ilkin satış qiyməti 413.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün hərracda 413.000 manata Cavabdeh1 ASC-yə satılmışdır.
16. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X7 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzili 413.000 manata Cavabdeh1 ASC-yə satılmışdır.
17. "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 265/2/22 nömrəli protokola əsasən Səbail Rayon Məhkəməsinin 2(009)- 1425/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin və Səbail Rayon Məhkəməsinin 8(009)-241/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar Səbail rayon İcra şöbəsinin 48512/2019-xx-xx/1480 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən X7 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzili ilkin satış qiyməti 212.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün hərracda 212.000 manata Cavabdeh1 ASC-yə satılmışdır.
18. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X7 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzili 212.000 manata Cavabdeh1 ASC-yə satılmışdır.
19. Sabunçu Rayon Məhkəməsinin 2(008)-221/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh "xxxx" MMC-yə qarşı Səbail rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh1 ASC 3-cü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5319/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli 265/1/22 saylı protokolun və həmin protokol əsasında ünvan 4 ünvanında yerləşən 28/31 mənzilin Cavabdeh1 ASC-yə satılması barədə xx.xx.2022-ci il tarixli müqavilənin və cavabdeh "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli 265/2/22 saylı protokolun və həmin protokol əsasında ünvan 4 ünvanında yerləşən 29/30 mənzilin Cavabdeh1 ASC-yə satılması barədə xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddiaçı işin yuxarıda istinad olunan faktiki hallarına istinad edərək tələbini belə əsaslandırılmışdır ki, o, X9 ilə birgə nikah dövründə əldə etdikləri əmlaklarında özünə məxsus paylarını heç bir banka girov və ya ipotekaya qoymamış və eləcə də X9 tərəfindən girov və ya ipotekaya qoyulmasına razılığını verməmişdir. X9 öhdəliklərinə görə onunla birgə nikah dövründə əldə etdikləri əmlakların yalnız özünə məxsus payları həcmində məsuliyyət daşıya və sərəncam verə bilər, N.Piriyevin borcları üzrə tutma da yalnız özünə məxsus paya yönəldilə bilər. O, birgə nigah dövründə əldə edilmiş və birgə mülkiyyət olan daşınmaz əmlakda özünə məxsus payı üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilmiş razılıq verməmişdir. X9 paylı mülkiyyətin mülkiyyətçisi olaraq yalnız özünə məxsus payı sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa cür sərəncam verə bilər. O, ümumi mülkiyyət hüququndakı payının satışı üçün açıq hərraca razılıq verməmişdir və dolayısı ilə həmin hərrac qanunvericiliklə müəyyən edilmiş qaydalara zidd olaraq keçirilmişdir. Açıq hərrac keçirildikdə və paylı mülkiyyətin digər mülkiyyətçisi bura razı olmadıqda kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını tələb etsin. Lakin, ona belə təklif daxil olmayıb. Ona hərracın keçirildiyi yer, tarix və vaxt bildirilməmişdir.
22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 oktyabr 2023-cü il tarixli 2(009)-1859/2023 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzilin 413.000 manata Cavabdeh1 ASC-yə satılması barədə "xxxx" MMC tərəfindən 20 iyul 2022-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 265/1/22 saylı protokol və əmlakın alqı-satqısı barədə 20 iyul 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 29/30 saylı mənzilin 212.000 manata Cavabdeh1 ASC-yə satılması barədə "xxxx" MMC tərəfindən 20 iyul 2022-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 265/2/22 saylı protokol və əmlakın alqı-satqısı barədə 20 iyul 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv edilməsi qət edilmişdir.
23. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçının hərracın qanuni əsaslarla həyata keçirilməməsi barədə dəlilləri əsassızdır, bu hal məhkəmədə tədqiq olunan sübutlarla təkzib olunur.
24. Məhkəmə göstərmişdir ki, hazırki işin faktiki halları ilə müəyyən edilir ki, zamin N.Piriyevin bank qarşısında olan öhdəliyi ər-arvadın birgə öhdəliyi kimi qəbul edilə bilməz, bu öhdəlik şəxsi öhdəlikdir. Digər tərəfdən borclu zaminə qarşı tutulmalı olan pul məbləğinin onun adına olan daşınmaz əmlaklara yönəldilməsi məqsədi ilə həmin əmlaklar üzərinə həbs xx.xx.2019-cu il tarixli məhkəmə qərardadı ilə qoyulsa da, həmin əmlaklar üzərində iddiaçının və onun keçmiş həyat yoldaşının paylı mülkiyyət hüququnu müəyyən edən məhkəmə qətnaməsi xx.xx.2019-cu il tarixdə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Yəni faktiki olaraq tələbin yönələ biləcəyi borcluya məxsus əmlaklar üzərinə həbs artıq həmin əmlakların hüquqi rejimi dəyişərək paylı mülkiyyətə keçdikdən sonra qoyulmuşdur. Nizami Piriyevin bank qarşısında zamin kimi götürdüyü öhdəlik şəxsi xarakterli öhdəlik olduğundan, tələb yalnız ona məxsus əmlaka yönəldilə bilərdi. Lakin iş materialları ilə müəyyən edilir ki, şəxsi xarakterli öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borclunun tələbi ümumi paylı mülkiyyətdə olan ər-arvadın ümumi əmlakına yönəldilmiş və bu hal iddiaçının əmlaklar üzərində mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Ümumi paylı mülkiyyət hüququndakı payın açıq hərracdan satılması zamanı paylı mülkiyyətçi üstünlük hüququna malik olmasa da, payın hərracdan satılmasına onun razılıq verməsi tələb olunduğundan hərracın nəticələri tam etibarsız hesab edilməlidir.
25. Məhkəmə Cavabdeh1 ASC-nin nümayəndəsinin iddianın rədd edilməsi barədə gətirdiyi dəlilləri – mənzillərin paylı mülkiyyət kimi tərəflərin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi, N.Piriyevin öhdəliyinə iddiaçının da cavabdehlik daşıması barədə dəlillərini əsaslı hesab etməmiş, göstərmişdir ki, yuxarıda qeyd edilən hallar bunu təkzib edir, eyni zamanda birgə nikah dövründə əldə olunan əmlakın ər və ya arvadın hər hansı birinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması digərinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olmaması anlamına gələ bilməz. Bu hal Mülki və Ailə qanunvericiliyin tələbləri ilə də (həmin əmlak üzərində tək sərəncam vermənin hüquqi nəticələri barədə) müəyyən edilir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 34, Mülki Məcəllənin 213, 225.1,152.1, 157.2, 218.1, 416.2, Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2.1, 32.2.2, 41-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarına, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamədən Cavabdeh1 ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayətində göstərilmişdir ki, Nizami Piriyev hərracın keçirilməsi barədə məlumatlı olmuş, qiymətləri mübahisələndirmişdir. Həmçinin, İddiaçı qeyd edilən əmlaklar üzərində payının müəyyən edilməsi ilə bağlı Banka və ya hərrac mərkəzinə məlumat verə bilərdi. Tərəf susaraq, bunlarla bağlı heç hərəkət etməmiş, payların müəyyən olunması barədə qətnamədən nə Bakın, nə də hərrac mərkəzinin məlumatı olmamışdır. X8 payın dəyərinin X4 tələb etmək hüququnu saxlayır və bununla bağlı müraciət edə bilər.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı tərəf etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
31. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
32. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
34. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
35. Maddə 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.
36. Maddə 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin.
37. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
38. Maddə 31.1. Nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
39. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir.
40. Maddə 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər;
“İcra haqqında” Azərbaycan Respublikası Qanunu
41. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir;
42. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür;
43. 45.6-cı maddəyə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir;
44. 45.8-ci maddəyə görə, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir;
45. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
54. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
55. Göründüyü kimi mübahisə predmeti olan mənzillər İddiaçı ilə Nizami Piriyevin birgə nikah dövründə olduqları vaxt əldə edilmiş və tərəflər həmin əmlakın bölgüsü ilə bağlı məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin əmlaklar üzərində tərəflərin ½ pay üzrə mülkiyyət hüquqları müəyyən edilmişdir.
56. X9 Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanılmış müqavilə üzrə yaranmış öhdəliklərin təminatı kimi bankla zaminlik müqaviləsi bağlanmış və bununla da onun həmin pulun qaytarılmasına borcalanla birgə öhdəliyi yaranmışdır və borcun tutulması tələbi üzrə qanuni qüvvəsini almış qətnamə üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş icra tədbirləri nəticəsində mübahisəli mənzillər açıq hərracdan satılması üçün icra şöbəsi tərəfindən "xxxx" MMC-yə sifariş verilmiş və Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir.
57. İddiaçı isə hazırki tələbində keçirilmiş hərracı və nəticələrini mübahisələndirərək, göstərir ki, Nizami Piriyev öhdəliklərinə görə onunla birgə nikah dövründə əldə etdikləri əmlakların yalnız özünə məxsus payları həcmində məsuliyyət daşıya və sərəncam verə bilər, N.Piriyevin borcları üzrə tutma da yalnız sonuncuya məxsus paya yönəldilə bilər.
58. Kollegiya qeyd edir ki, hərracın qanuni əsaslarla həyata keçirilməməsi barədə dəlilləri öz təsdiqini tapmasa da, iddiaçının tələbi haqlı və əsaslı tələbdir.
59. Belə ki, yuxarıda da qeyd edildiyi kimi mübahisəli mənzillər iddiaçı ilə Nizami Piriyvin birgə nikah dövründə əldə edilmiş əmlaklar olmaqla, mənzillər üzərində tərəflərin ½ hissədə pay üzrə mülkiyyət hüquqları müəyyən edilmişdir.
60. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
61. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ərarvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.
62. Məhkəmə haqlı olaraq göstərmişdir ki, zamin N.Piriyevin bank qarşısında olan öhdəliyi ər-arvadın birgə öhdəliyi kimi qəbul edilə bilməz, bu öhdəlik şəxsi öhdəlikdir. Belə olan halda iddiaçı hər hansı məsuliyyət daşımamışdır. Nizami Piriyevin bank qarşısında zamin kimi götürdüyü öhdəlik şəxsi xarakterli öhdəlik olduğundan, tələb yalnız ona məxsus əmlaka (o cümlədən ümumi əmlakdakı payına) yönəldilə bilərdi.
63. Borclu zaminə qarşı tutulmalı olan pul məbləğinin onun adına olan daşınmaz əmlaklara yönəldilməsi məqsədi ilə həmin əmlaklar üzərinə məhkəmə qərardadı ilə həbs qoyulması tələbin həmin mənzillərə “İcra haqqında” Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş qaydada yönəldilməsini ehtiva etmir. Mübahisəli mənzillər birgə nikah dövründə əldə edildiyindən, həmin mənzillərin iddiaçı ilə N.Piriyevin birgə mülkiyyətində olması prezumpsiyası qüvvədə olmuşdur. Belə olan halda isə “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin mənzillərə tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq borclunun (N.Piriyevin) ümumi mülkiyyətdə olan payı həddində yönəldilə bilər.
64. Belə ki, Mülki Məcəllənin 224.1-cü maddəsinin tələbinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.
65. Həmin Məcəllənin 224.2-ci maddəsinə görə isə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin.
66. Ailə qanunvericiliyində də eyni qayda müəyyən olunmuşdur.
67. Belə ki, Ailə Məcəlləsinin 41.1-ci maddəsinə görə, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
68. Qanunun tələbinə görə, borcluya ümumi mülkiyyət hüququ üzrə məxsus olan əmlaka tutma yönəldilməsi bu əmlakın üzərinə həbs qoyub, onu tələbkara təklif etmək, sonuncu qəbul etmədikdə isə açıq hərracdan satışa çıxarmaq yox, kreditorun tələbi ilə borclunun payının ayrılması, bu mümkün olmadıqda və ya digər iştirakçı etiraz etdikdə isə borclunun payının bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını yolu ilə mümkündür. Digər iştirakçı borclunun payını almadıqda, kreditor tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər (Mülki Məcəllənin 220-ci maddəsində müəyyən olunmuş ardıcıllığa oxşar).
69. Göründüyü kimi, icra icraatı çərçivəsində icra məmurunun aşkar etdiyi ümumi mülkiyyət hüquqü üzrə borcluya məxsus əmlaka tutma yönəldilməsinin xüsusi qaydası və ardıcıllığı müəyyən olunmuşdur:
1. kreditorun borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etməsi;
2. payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməsi;
3. ümumi mülkiyyətin qalan iştirakçıları borclunun payını almaqdan imtina etdikdə kreditorun tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etməsi.
70. Göstərilən məsələ qətnamənin icrası qaydasında həll olunmalıdır, yəni tələbkar və ya icra məmuru qətnamənin icrasının üsul və qaydasının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir.
71. Beləliklə, əmlak ərlə arvadın ümumi (birgə) mülkiyyətindədirsə, həmin əmlaka tutma yalnız borclu olan ərin (arvadın) payı həcmində, özü də Mülki Məcəllənin 224-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Ona görə də tələbin tam şəkildə birgə mülkiyyətdə olan mənzillərə yönəldilməsi İddiaçı həmin mənzillərdə payına qanunsuz müdaxilə ilə nəticələnməsinə səbəb olmuşdur.
72. Bankın mənzillərin paylı mülkiyyət kimi tərəflərin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi, iddiaçının qeyd edilən əmlaklar üzərində payının müəyyən edilməsi ilə bağlı Banka və ya hərrac mərkəzinə məlumat verməməsi barədə dəlillərini Kollegiya əsassız hesab edir, belə ki, mübahisəli mənzillər birgə nikah dövründə əldə edildiyindən, həmin mənzillərin iddiaçı ilə N.Piriyevin birgə mülkiyyətində olması prezumpsiyası qüvvədə olmuşdur, buna görə də əmlakların ər və ya arvadın hər hansı birinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması digərinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olmaması anlamına gələ bilməz. İddiaçının bu barədə hər hansı məlumat verməsinə zərurət olmamışdır.
73. Beləliklə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
74. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1859/2023 nömrəli iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.