Məhkəmə qərarları › İş №2(103)-953/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-953/2021

16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-953/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh2 direktoru Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 direktoru Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X2 və Cavabdeh2nə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, baş vermiş yol nəqliyyat qəzası zamanı **-OT-*** dövlət nömrə nişanlı “GMC Accadia” markalı avtomobilə vurulmuş 25.839,00 (iyirmi beş min səkkiz yüz otuz doqquz) manat məbləğində maddi ziyanın və 5.000,00 (beş min) manat məbləğində dəymiş mənəvi ziyanın, həmçinin 30,00 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 30.866,00 (otuz min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus **-OT-*** dövlət nömrə nişanlı “GMC Accadia” markalı avtomobilinin idarə edilməsi üçün *0123 ayıq sürücü xidmətinə müraciət etmişdir. *0123 ayıq sürücü xidməti tərəfindən göndərilmiş sürücü Cavabdeh1 sifariş üzrə təyinat yerinə göndərilmişdir. O, avtomobilin qabaq sağ oturacağında, Cavabdeh1 isə **-OT-*** dövlət nömrə nişanlı “GMC Accadia” markalı avtomobilin sükanı arxasında əyləşərək avtomobili idarə etmişdir. X4 Hövsan-Zığ yolunda sərt döngə də sağa manevr edərkən ağır yol qəzası törətmiş və avtomobili təxminən 3 metr dərinliyində olan çuxura salmışdır. Nəticədə o, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Cavabdeh1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində TYP 142049 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(010)-858/2019 saylı,xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Digər cavabdehlər ‘'Cavabdeh2” MMC və direktoru Cavabdeh3 fiziki şəxs olaraq ********** sayla vergi uçotuna alınmışdır. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 *0123 qısa nömrəsi ilə taksi və ayıq sürücü xidmətinin təşkili ilə məşğul olurlar. İnternet vasitəsilə ayıq sürücü axtaran zaman *0123 qısa nömrəsini tapmış və bu xidmətdə təklif edilən ayıq sürücülərin sığortalı olması elanını gördükdən sonra bu xidmətə daxili inam yaranmış və *0123 təklif etdiyi xidmətdən istifadə etmək qərarına gəlmişdir. Hadisədən sonra *0123 xidməti təşkil edən cavabdehlər ilə görüş zamanı məlum olmuşdur ki, onlar internetdə yalan məlumat veriblər, sürücülərin heç biri sığortalı deyil. Dəfələrlə həmin xidmətə müraciət edərək dəymiş ziyanın ödənilməsini xahiş etsə də *0123 qısa nömrəsi ilə fəaliyyət göstərən cavabdehlər Cavabdeh2 MMC xidməti və həmin xidmətin rəhbəri fiziki şəxs Cavabdeh3 bundan imtina etmiş və əsası kimi onu göstərmişdir ki, Xaliq Bədiyev artıq onların işçisi deyil onu işdən azad ediblər. Hesab edir ki, Cavabdeh2 MMC-nin rəhbəri və fiziki şəxs Cavabdeh3 digər cavabdeh Xaliq Bədiyevi artıq işdən çıxartmışıq deməsi sadəcə olaraq məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Həmçinin pretenziya qaydasında da maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə cavabdehlərə müraciət olunmuşdur. Cavabdehlərin qanunazidd əməlləri nəticəsində hüquqları kobudcasına pozulmuş və onun sağlamlığına, eyni zamanda əmlakına həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, qəza zamanı avtomaşına 25.839,00 manat ziyan vurulmuşdur. Onun sağlamlığına zərər dəymiş və hadisə baş verən zaman qorxu və stress keçirtmişdir. Bundan əlavə cavabdehlərin qanuna zidd hərəkətləri və ona biganə yanaşmaları onun mənfi psixoloji reaksiyasına səbəb olmuş və o, psixoloji gərginlik, psixoloji sarsıntı keçirmişdir. Bununla da ona vurulmuş mənəvi ziyanın miqdarı 5.000 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 16.812 manat və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 120 manatın X1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulması və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi Həmin qətnamədən narazı qalan Cavabdeh2 direktoru Cavabdeh3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə razı deyil, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia tələbi onlara münasibətdə rədd edilməlidi. Belə ki, məhkəmə hazırki mübahusəyə Mülki Məcəllənin Deliktlə bağlı 1096-1108-ci madələrini və Zərəlrə bağlı isə 21-ci maddəsini tətbiq edərək Cavabdeh2 MMC-nin də zərərin vurulmasında cavabdeh olması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Hazırki işdə Cavabdeh2 MMC tərəfindən qanuna zidd hərkətə, yaxud qəsdən və ya kobud ehtiyatsızlıqdan qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh1 Firudin oğlu ilə Cavabdeh2 MMC-nin direktoru kimi onunla (vasitəçi) arasında bağlanmış xidməti müqavilənin 1.4-cü bəndində qeyd edilmişdir ki, sürücü Yol Hərəkət qaydalarına ciddi riayət etməli və dəymiş zərərin əvəzini ödəməlidir. Bundan başqa ayıq sürücü tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış ərizədən də görünür ki, Cavabdeh1 Cavabdeh2 MMC-yə müraciət edərək sığorta məbləğini ödəməyə vəsaiti olmadığı üçün yol nəqliyyat hadisəsi zamanı hər hansı bir hadisə baş verərsə tam məsuliyyət daşıyır. İş materiallrından da görünür ki, sürücü Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olmamışdır, onunla Cavabdeh2 MMC arasında əmək müqaviləsi bağlanmamışdır. İddiaçı tərəfindən dəymiş ziyanla bağlı mütəxəssis və məhkəmə ekspertizasının rəylərinin heç biri işin həqiqi hallarını əks etdirmir. Ekspert rəyi ilə müəyyən edilən 16.812 manat məbləğində ziyanlada razılaşmır. Məhkəmə işin bu hissəsində də ədalətli mövqe tutmayaraq işin həqiqi hallarım müəyyən etmək istəməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 463/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin Cavabdeh2 MMC-yə münasibətdə ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 və onun vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə etdikləryini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin Cavabdeh2 MMC-yə münasibətdə ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh1 Firudin oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin Cavabdeh2 MMC-yə münasibətdə ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 izahatını və onun vəkili Vəkil2 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin TYP № 142049 saylı, xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2019-cu il tarixində saat 01.00-radələrində GMC Accadia markalı, **-OT- *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 tərəfindən sürücü Hövsan-Zığ yolunda hərəkət edərkən sağa manevr edərək idarəetməni itirmiş və yolun sağında olan çuxura düşmüşdür. Nəticədə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 858/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinmiş və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı ərazi vergilər idarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********831500 saylı məktubundan görünür ki, Cəmiyyətin dövlət reyestr məlumatları aşağıdakı kimidir:- Qurumun adı: Cavabdeh2 MMC, qeydiyyata alındığı tarix: xx.xx.2017, Dövlət qeydiyyat (VÖEN): **********, Təsisçisi: Cavabdeh3. İş materiallarında olan, ayıq sürücü xidmətlərinin göstərilməsi haqqında xx xxx 2019cu il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 Umuxan oğlu (vasitəçi) və fiziki şəxs Cavabdeh1 (icraçı) arasında bağlanmış müqaviləyə əsasən vasitəçi sərnişin daşıma və ayıq sürücü xidmətlərinin göstərilməsi haqqında müqavilə ilə müəyyən edilmiş qaydada, müddətlərdə və informasiya xidmətləri göstərməyi, icraçı isə təqdim olunan informasiyaları qəbul etməyi və həmin müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada, müddətlərdə və şərtlərdə onların haqqını vasitəçiyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, xx xxx 2019-cu il tarixli ərizənin surətinə əsasən Cavabdeh1 Cavabdeh2 MMC-yə müraciət edərək sığorta məbləğini ödəməyə vəsaiti olmadığı üçün yol nəqliyyat hadisəsi zamanı hər hansı bir hadisə baş verərsə tam məsuliyyət daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4403 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Performance Center LTD tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı GMC Accadia markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi təqdim edilməklə təxminən 16.812 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, həmin Məcəllnin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllnin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına əsasən, maddi zərər hissəsində məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahusəyə Mülki Məcəllənin Deliktlə bağlı 1096-1108-ci və Zərəlrə bağlı 21-ci maddələrini tətbiq edərək Cavabdeh2 MMC-nin də zərərin vurulmasında cavabdeh olması ilə bağlı düzgün nəticəyə gəlməməsini bildirsədə bunu əsaslandıran sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 apelyasiya şikayətində sürücü Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-yə ərizə ünvanlanaraq yol nəqliyyat hadisəsi zamanı hər hansı bir hadisə baş verərsə tam məsuliyyət daşımasını üzərinə götürdüyünü və sürücü Cavabdeh1lə Cavabdeh2 MMC arasında əmək müqaviləsinin bağlanmadığını bildirsədə, bu hallar Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 hazırki mülki iş üzrə onun cavabdeh kimi cəlb edilməməsinə əsas vermirür. Odur ki, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 apelyasiya şikayətinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 direktoru Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar