Məhkəmə qərarları › İş №2(103)-954/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-954/2024

05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-954/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "qanunsuz olaraq işləməkdən məhrum olunma nəticəsində dəyən maddi zərərin və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz olaraq işləməkdən məhrum olunma nəticəsində dəyən maddi zərərin və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X4, İddiaçı vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "qanunsuz olaraq işləməkdən məhrum olunma nəticəsində dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4045/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilən xx.xx.2022-ci il tarixli 203 nömrəli əmrdən görünür ki, İddiaçıçalışmanın yaş həddinə çatmış və müddətli əmək müqaviləsinin bağlanması məktəb tərəfindən məqsədəuyğun hesab edilməyən ingilis dili müəlliminin BŞTİ-nə fərdi müraciəti əsasında, idarə tərəfindən müvafiq razılıq verilmişdir. Çalışmanın yaş həddinə çatmış İddiaçı 10 noyabr 2022-ci il tarixdən 2022-2023-cü il tədris ilinin İ yarımilinin sonuna qədər xx.xx.2023-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanması əmr edilmişdir.

2. Bakı şəhəri Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli 21 saylı əmrindən görünür ki, məktəbin ingilis dili müəllimi İddiaçı 10 nyabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixinədək bağlanmış əmək müqaviləsinin müddəti qutardığından xitam verilməsi əmr edilmişdir. Əmrin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsnin 68-ci maddəsinin “b” bəndi göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu qanunsuz olaraq işləməkdən məhrum etmiş cavabdehin qeyri-qanuni hərəkəti nəticəsində dəymiş 5264 manat miqdarında maddi zərərin və 5000 manat miqdarında mənəvi zərərin əvəzini ondan tutaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1979-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız va ingilis dilləri ixtisası üzrə tam kursunu bitirərək ali təhsil haqqında diplom almış və Bakı şəhəri Binəqədi rayonunda yerləşən R.Əliyev adına 3 saylı tam orta məktəbdə ingilis dili müəlliməsi kimi çalışmış, 35 ildir fasiləsiz olaraq pedaqoji fəaliyyətlə məşğul olaraq şagirdlərə dərs deməklə xarici dillər öyrətmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsində göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaşı 65-dir. 65 yaşı xx.xx.2022-ci ildə tamam olduğundan məktəb direktoruna müraciət edərək onunla müddətli əmək müqaviləsinin bağlanmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək müddətdə cavabdeh-məktəb direktoru Cavabdeh müxətlif bəhanələr gətirərək onunla müqavilə bağlanmasını süni şəkildə uzatmışdır. Bu hal isə onun əmək hüququnun kobud şəkildə pozulması demək idi. xx.xx.2022-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın qəbulunda olarkən bildirildi ki, qanuni əsaslarla cari tədris ilinin sonuna qədər işində qalıb işləyə bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları»nın 2.3-cü bəndinə uygun olaraq çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi və Nazirliyin xx.xx.2011ci il tarixli 1404 nömrəli əmrində, həmçinin Nazirliyin xx.xx.2022-ci il tarixli F-467 nömrəli əmrində tədris ili ərzində çalışmanın yaş həddinə çatacaq müəllimlər ilə razılıqları əsasında həmin tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanması və tədris ilinin sonunda yaranacaq vakansiyaların yeni tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində elan edilməsi tapşırılmışdır. Qeyd olunan normativ aktlara və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsasən mənimlə Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəb arasında xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində işçi qismində o və işəgötürən qismində məktəbin direktoru Cavabdeh qeyd edilmiş, həmin müqavilə işəgötürən tərəfindən imzalansa da, ona imzalanması üçün təqdim edilməmiş, əmək müqaviləsinin müqaviləsinin surətini surətini belə almamışdır. xx.xx.2022-ci il tarixdən müəllimlik fəaliyyətini davam etdirmiş və cari tədris ilinin sonuna qədər, yəni xx.xx.2023-cü ilə qədər işləyəcəyini güman etmişdir. Sonradan məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti qanunun tələblərinə əsasən cari tədris ilinin sonuna qədər deyil, xx.xx.2023-cü il tarixinə kimi müəyyən edilmişdir. Bu müddət ərizənin üzərinə dərkənar qoymuş məktəb direktoru Cavabdeh iradəsinə əsasən müəyyən edilmişdir. Onun iş saatı cavabdeh tərəfindən heç bir əsas olmadan yarıbayarı azaldılmış, nəticədə aldığı təqaüdün məbləği nisbətən aşağı miqdarda hesablanmışdır. Əmək müqaviləsi qanuni əsaslarla bağlandığı halda o, cari tədris ilinin sonuna qədər məktədbə ingilis dili müəlliməsi kimi çalışacaq və iş saatlarına əsasən müvafiq mək haqqı alacaqdı, həmin məbləğ 5184 (beş min yüz səksən dörd) manat təşkil edir. Xüsusilə qeyd edilməlidir ki, xx.xx.2023-dən xx.xx.2023-cü il tarixinə kimi işləmiş, həmin işlədiyi günlərin almadığı əmək haqqı 80 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Hesab edir ki, cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində ona mənəvi zərər dəymişdir, həmin mənəvi zərərin məbləği 5000 (beş min) manat təşkil edir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4045/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin 16 iyun tarixinədək ingilis dili müəllimi kimi 18 saat dərs yükünə uyğun hesablanmaqla (həmin dövrdə aparılmış ödənişlər nəzərə alınmaqla) əmək haqqının məbləğinin Bakı şəhəri Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbin direktoru Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, çalışmanın son həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı heç də direktora müstəsna səlahiyyətlər verilməmişdir. Belə ki, bununla bağlı yuxarıda göstərilən qaydalara əsasən xüsusi prosedurlar müəyyən edilmiş və bu barədə Təhsil Nazirliyi əmr qəbul etmişdir. Həmin əmrdə qeyd edilən tələblərə isə cavabdeh tərəfindən əməl edilməmişdir. Belə ki, əmrə əsasən çalışmanın yaş həddinə çatmasına 1 ay qalmış göstərilən ixtisaslar üzrə müəllimlərin siyahısını hazırlamaq və onlara bildirişlərin göndərilməsi tələb edilsə də direktor tərəfindən icra edilməmişdir. Bu tələb ondan irəli gəlir ki, onunla müddətli əmək müqaviləsinin bağlanmasına müəllimin razılığının olub-olmaması qabaqcadan aydınlaşdırılmalı, müqavilə bağlanılmayacağı barədə səbəblər göstərilməli, meyarlar üzrə hallar qiymətləndirilməli və işçinin də bu barədə məlumatı olmalıdır. Yəni işçi ilə müddətli əmək müqaviləsinin bağlanmayacağı onun üçün surpriz olmamalıdır. Bununla yanaşı “Çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması presudurları barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F- 223 nömrəli əmrdə göstərilmişdir ki, fən yükü 1 stavkadan az olmamalı, bir qayda olaraq müddətli əmək müqaviləsi tədris ilinin sonunadək bağlanmalıdır. Lakin cavabdeh iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması barədə əmr qəbul etsə də, həmin müqavilənin hansı əsasa görə tədris ilinin sonunadək deyil, 2 ay 15 gün müddətinə bağladığını və orta dərs yükü şərtinə əməl etmədiyini əsaslandıra bilməmişdir. Belə ki, çalışmanın son həddinə çatanadək son 1 il ərzində müəllimin barəsində intizam tənbehi tətbiq edilməmiş, müddətli əmək müqaviləsi bağlanan zaman da bu hal olmamışdır. Hansı ki, qeyd edilən həmin meyar müddətli əmək müqaviləsinin bağlanması üçün müstəqil əsas kimi çıxış etmişdir. Bundan başqa cavabdehin imzalanmamış əmək müqaviləsi barədə bildirişi elektron sistemə daxil etməsi, əmək müqaviləsi və onun şərtləri ilə işçini tanış etməsi barədə hər hansı sübut təqdim etməməsi, məhz müddətli əmək müqaviləsi bağlandıqdan sonra işçi barəsində intizam tənbehi verməsi(halbuki həmin dövrə qədər işçi barəsində hər hansı intizam tənbehinin tətbiq edilməsi barədə sübut təqdim edilməmişdir) və işçinin fəaliyyətini mütəmadi olaraq yoxlamağa başlaması, müəllimin işləmədiyi dövrə aid şagirdlərdən izahat alması(xx.xx.2022-ci il tarixində bir neçə şagird tərəfindən ərizə təqdim edilmiş və hansı ki, müəllimlə əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir), müəllimin işləmədiyi dövrə aid dərs dinləməsi aparması(cavabdeh bununla bağlı xx.xx.2022-ci il tarixdə keçirildiyini iddia etdiyi qeydiyyat vərəqi təqdim etmişdir), tədris ilinin başlanmasından 1 həftə keçməmiş şagirdlərdən onun fəaliyyəti barədə ərizə alması onunla cari tədris ilinin sonunadək müqavilə bağlamamasında, dərs yükünün azaldılmasında qərəzli mövqeyindən xəbər verir. Məhkəmə işəgötürənə qarşı deyil, işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxsə qarşı iddianı ona görə əsaslı sayır ki, bu işçinin istəyindən asılıdır.

7. Məhkəmə gəldiyi nəticəni Əməl Məcəlləsinin 1, 2.3, 10-1.1, 16.1, 191, 194, 296.4, 290-cı maddəsinin 2-ci bəndinə, 300-cü maddələri, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedoqoji kadrların işə qəbulu və yerdəyişməsi (1 mart 2017-ci il tarixli, 54 nömrəli əmrlə təqdiq edilmiş qaydalar) qaydalarının 1.2, 2.2, 2.3, 6-cı bəndinə, “Çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması presudurları barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F- 223 nömrəli əmrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi, xx.xx.2023-cü il tarixli, 2(001)-4045/2023 qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamə mülki prosessual qanunvericiliyinin yuxarıda göstərilən hüquq normalarının tələblərinin heç birinə cavab vermir. Belə ki, tərəflərindən məhkəməyə iddiaçının ərizəsinin əsassız olmasına dair yetəri qədər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutlara və cavabdeh tərəfin izahatlarına qiymət vermədən əsassız qərar qəbul etmişdir. Həmçinin məhkəmə prosesində iddiaçının əmək müqaviləsindən “xəbərsiz” olmasına münasibətdə bildirilmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən biri də əmək müqaviləsinin surəti olmuşdur. Belə ki, o, əmək müqaviləsinin müddətli olmağından məlumatlı olmuş, işə qəbul üçün yazdığı ərizəsinin üstündə olan və müddətin göstərildiyi qeyd müəllimin iştirakı ilə özü tərəfindən yazılmış, əmək bildirişi elektron sistemə müəllimin şifahi razılığı və özünün iştirakı ilə daxil edilmişdir. Lakin bu halların heç biri məhkəmə araşdırmasında nəzərə alınmamışdır. Halbuki müəllim əmək müqaviləsindən də, əmək haqqı və onun məbləğindən də kifayət qədər məlumatlı olmuşdur və bu faktı təsdiq edəcək şahidlərin/dəlillərin olduğu bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə qərarları ilə əlaqədar hüquqi müəyyənlik prinsipinə dair formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır. Belə olduğu təqdirdə, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. İddiaçı müddətli əmək müqaviləsi ilə işə qəbul edildikdən sonra işlədiyi müddətdə dərs yükü və əməkhaqqından şikayətçi olmamış, ona ayrılan dərs saatlarında məktəbə gəlmiş, hər ayın sonunda da əməkhaqqını almışdır. Halbuki o, məhkəmədə iddia edib ki, guya ona ayrılan dərs saatlarından xəbəri olmayıbmış və məhkəmə də onun bu əsassız (absurd) iddiasını haqlı sayıb. 65 yaşı tamam olan İddiaçı işdən qanun çərçivəsində yaş həddinə görə azad edilsə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın tövsiyəsi ilə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı keyfiyyət göstəricilərinin aşağı olması nəzərə alınaraq bu müqavilə qısa müddətli olmuşdur. Özünə də bu haqda məlumat verilmişdir. Lakin təəssüflər olsun ki, o, bir müəllimə yaraşmayacaq şəkildə qeyri-səmimilik etmiş, Cavabdeh qarşı əsassız iddia ilə çıxış etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmuş, etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin dəlili tam əsassızdır, belə ki, 65 yaşına çatmış işçinin cari tədris ilinin sonuna qədər razılığı əsasında əmək müqaviləsinin uzadılması heç də direktorun səlahiyyəti, yaxud üstünlükləri ilə əlaqəli deyildir, həmin əsa nomativ akt olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.3-cü bəndinə uyğun olaraq çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1 maddəsi və Nazirliyin xx.xx.2011-ci il tarixli 1404 nömrəli əmrində, həmçinin Nazirliyin xx.xx.2022-ci il tarixli, F-467 nömrəli əmrində tədris ili ərzində çalışmanın yaş həddinə çatacaq müəllimlər ilə razılıqları əsasında həmin tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanması və tədris ilinin sonunda yaranacaq vakasiyaların yeni tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində elan edilməsinin tapşırılmasıdır. Cavabdehin şikayətində göstərilən digər bir dəlil də həqiqəti əks etdirmi, iddiaçının dərs yükünün azaldılmasından və əmək haqqından şikayətçi olmadığı kimi əsaslar göstərilir. Halbuki, iddiaçı direktordan dərs yükünün azaldılmasının və nəticədə əmək haqqının azalmasının səbəbini dəfələrlə soruşmuş və bu barədə ona etirazını bildirsə də, bir nəticəsi olmamışdır.Bir neçə dəfə Bakı şəhəri üzrə Təhsil İdarəsinə, hətta Ombusmana şikayət və şikayət xarakterli müraciətlər etmiş, həmin müraciətlərin surətləri məhkəməyə təqdim edilmişdir.

b) Proses iştirakçılarının izahatı

11. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirdi ki, 2022-сi ilin oktyabr ayında iddiaçının 65 yaşı tamam olduğuna görə işəgötürən kimi məsul şəxs olaraq əmək funksiyalarına xitam verilmişdir. Bu Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən həyata keçirilib. Əmək müqaviləsinə xitam verildikdən 1 ay sonra iddiaçı yenidən işə götürməyi üçün onlara müraciət etmişdir. Birinci instansiya məhkəməsində sənədlər təqdim ediblər ki, iş fəaliyyətində hansı meyarlara üstünlük verilir. Çalışmanın yaş həddini bitirmiş İddiaçı Bakı Şəhəri Təhsil İdarəsinə müraciət etmiş və orada mənə zəng vurularaq yaş həddinin uzaldılmasını xahiş etmişdir. Onlar da birinci rübün sonuna qədər əmək müqaviləsini uzatdılar. Bütün bunlar iddiaçının iştirakı ilə baş verib. Təəssüflər olsun ki, iddiaçı bunu danaraq onun iştirakı ilə olmadığını bildirmişdir. İşçinin razılığı olmadan o necə məktəbə gələrək işləyə və aylıq da əməkhaqqısını ala bilər. Əmək müqaviləsinə görə işinə xitam verilmiş işçini müddətli əmək müqaviləsi imzalayanda verilən dərs müddətini nizamlamaq işəgötürənin səlahiyyətindədir. Dərs müddəti təbii ki, 9 saat verilmişdir, təqaüdə çıxan ərəfədə onlardan təqaüdə çıxan müəllimlər məbləğin artıq olması üçün dərslərini 1 stavka artıq etməyini xahiş edirlər və onlar da bunu nəzərə alırlar. Müddətli əmək müqaviləsi veriləndə artıq neçə saat dərs verilməsi onların səlahiyyətlərindədir. Yeni işçi kimi 9 saat iddiaçıya dərs veriblər və İradə xanım da razılıq verdi. Həmkarlar Komitəsinin rəhbərliyinin, direktor müavinin,iddiaçının iştirakı ilə iddiaçıya 9 saat dərs verilməsi üçün akt da tərtib edildi və özü də buna razı olduğunu bildirdi. 31 yanvara qədər müddətli əmək müqaviləsi imzalandı, 31-i müddəti bitdikdən sonra müddətin bitməsinə görə yenidən müddət uzadılmadı və işinə də xitam verildi. Əmək Məcəlləsində göstərilən normaya əsasən onlar bunu ediblər. Aylarla tabellər gedib və iddiaçı əməkhaqqı onu qane etdiyinə görə o müddətdə heç bir etiraz etməyib. Vaxtında onlara etirazını bildirsəydi, onların məlumatı olardı. Müddət bitdikdən sonra məhkəməyə müraciət edib. İddiaçı onu qanunsuz əməl törətməyə vadar edib, amma o qanundan kənara çıxa bilməz. Birinci instansiya məhkəməsinin hakimi təqdim edilən əmrlərə, faktlara və sənədlərə diqqət yetirmədi. O heç bir qanunsuz hərəkət etməyib. O İradə xanıma yeni işçi kimi işə qəbul edildiyinə görə 9 saat dərs saatını verə biləcəyini də bildirib. İddiaçı Əmək Müfəttişliyinə müraciət etmişdir və məktəbə 3000 manat cərimə yazılmışdır. Əmək Müfəttişliyinə müraciət ediblər və ədalətli qərar çıxarıldı. İddiaçı xəbəri olmadığını deməsinə baxmayaraq Əmək Müffəttişliyinə müraciətləri arasında əmək müqaviləsinin surəti olub. Əmək Müfəttişliyi burada onların heç bir qanunsuz əməlinin olmadığına aydınlıq gətirdi. 18 saatla nə qədər əməkhaqqı olacağını direktor müavinindən dəqiqləşdirib deyə bilər. İddiaçının Əmək kitabçasında tədris etdiyi fənn fransız dili yazılıb, amma sonradan əmrlərə baxdıqda ingilis dilinə çevirdiyini görüblər. İddiaçının keyfiyyət göstəricisi çox aşağıdır. Digər direktorlar da iddiaçının ingilis dilini düzgün tədris edə bilmədiyini bildirmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirir ki, iddiaçı işdən çıxarılmasını qanunsuz hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsində göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaşı 65-dir. Cavabdeh də bu maddəyə istinad etmişdir. Almaz xanım məktəbin direktoru olduğundan bu qərarı verib. İddiaçının işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq müvafiq şəkildə rəsmiləşdirilib. Bununla bağlı müvafiq dövlət qurumunun elektron sistemində qeyd aparılıb,özünə məlumat verilib.Ona görə də iddiaçının kompensasiya tələb etmək hüququ yaranmır, çünki məktəb direktoru Azərbaycan Respublikasının qanunlarınə rəhbər tutaraq hərəkət edib, bu davranışa görə cavabdehə hər hansı bir tənbeh, töhmət olmayıb.İşdən azad olunan iddiaçı bununla bağlı şikayət etməyib,yəni rəsmi şəkildə mübahisələndirilməyib. İddiaçının işdən çıxarılmasının qanuni olubolmaması,onun təzminat tələb etmə hüququnun yaranıb-yaranmaması araşdırılmalıdır. İddiaçı hər dəfə əmək müqaviləsini almadığını deyir, iddia ərizəsində əlavə edilmiş sənədlərin arasında əmək müqaviləsinin surəti var. Əmək müqaviləsi onda olmadığı halda necə iddia ərizəsinə əlavə edib. İddiaçı Almaz xanımın etibarından sui-istifadə edib. Müqaviləni aparıb oxuyub-imzalayacağını deyərək çıxıb gedib, bu müəllimə yaraşmayan davranışdır. Ondan sonra müqavilə ilə 3 aya yaxın fəaliyyət göstərib. Ondan sonra iş saatlarında işə gəlib,həmin dövrdə barəsində intizam tənbehi tədbiri olub və onun bir şikayəti olmayıb.Əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra şikayət edib ki, müqaviləni ümumiyyətlə görməyib. İddiaçı hansı sinifə dərs deyibsə, o sinifin şagirdlərinin və ingilis dili müəllimlərinin izahatı da var. Onlar yazıblar ki, iddiaçı jurnalı xəbərsiz şəkildə ələ keçirərək əvvəlki günlərə qeydlər edib. Bu da müəllimə yarşmayan hərəkətdir. Rayon məhkəməsində hakim Almaz xanımı öz hüquqlarını müdafiə etməyə imkan vermirdi. X1 Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə Almas xanımı cəzalandırması doğrudur. Almaz xanım bununla bağlı məhkəməyə müraciət edib, sadəcə olaraq məhkəmə məsələnin ikinci hissəsini araşdırmağa zərurət görməyib. İddia müddəti keçdiyinə görə tamamilə ləğv edilib. Bakı Şəhəri Təhsil İdarəsində iddiaçıya tələb etmək hüququ olduğunu deyiblər. İddiaçı Almas xanıma 500 manat verərək rüşvət təklif edib, Almaz xanım bunu qəbul etməyib. Rüşvət ilə iddiaçını 67 yaşında 143 nömrəli məktəbə müəllim kimi işə düzəldiblər.Bakı Şəhəri Təhsil İdarəsinin marağı nədir ki, 67 yaşlı qadını müəllim kimi işə düzəldib. Rayon məhkəməsində Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi nümayəndə göndərməkdən imtina etdi. Onlar məsələ qaldırıblar ki, nümayəndə iştirak etsin. Bakı Şəhəri Təhsil İdarəsi iddiaçıya məhkəməyə müraciət etməyin haqqı olduğunu deməsinə baxmayaraq gəlib məhkəmədə iştirak etmir. Bakı Şəhəri Təhsil İdarəsinin nümayəndəsi hazırkı məhkəmə iclasına iştirak etməli idi.Harada görülüb ki, məktub qanundan üstün tutulsun. Əmək Məcəlləsinə görə 65 yaşı tamam olduqda iddiaçı işdən çıxmalıdır. Bu məsələ ilə bağlı iddiaçıya izah edilib ki,qanun budur. İddiaçı əmək müqaviləsinə xitam veriləcəyini bildiyinə görə jurnalı götürərək öz səhifəsinə qeydlər edib ki,guya ki, onun əmək müqaviləsinə xitam verilməsindən xəbəri olmayıb. Məktəbdə jurnalların heç bir açarla qorunmur. O illərin müəllimini çağırıb ona suallar verir,o necə neçə ilin müəllimini yanına çağırıb imtahan edə bilər. Direktor qanuni iş görərək iddiaçının əmək müqaviləsinə xitam verib. Müddətli əmək müqaviləsi ona görə imzalanıb ki, Bakı Şəhər Təhsil İdarəsindəki qanunsuzluq iddiaçıya yardımçı olub və bu xaosu yaradan şəxs də artıq vəzifədən çıxarılıb.Həmin şəxs aşağı vəzifəyə keçirilib və barəsində araşdırma aparılır.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, o, 1989-cu ildən 3 nömrəli məktəbdə fəaliyyət göstərir. İndiyə qədər heç bir direktorla mübahisəsi olmayıb. 2022-ci ilin oktyabrın 9-da onun 65 yaşı tamam oldu və o sabahısı gün işə gəldikdə hazırkı direktor onu işləməyə qoymayaraq artıq onun 65 yaşının tamam olduğunu dedi. Nazirliyin əmri ilə 65 yaşı tamam olmuş müəllimlər tədris ilinin sonuna kimi fəaliyyət göstərə bilərlər. O bunu direktora dedikdə ona elə bir şey olmadığını, səbəbini soruşduqda isə onun heç bir elmi dərəcəsinin olmadığını bildirdi. Cavabdehə ona təqdimat göndərdiyini və təqdimatın cavabı gəldikdə ona məlumat verəcəyini bildirdi. Oktyabrın 10-dan ayın sonuna kimi evdə qalıb. O cavabdehə nə qədər zəng etməyinə baxmayaraq zənglərinə cavab vermədi. O da məcbur qalıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin qəbuluna yazılıb, onun diaqnostik qiymətləndirməmə və təcrübəsinə baxıb ona nazirin əmrinin olduğunu və onun tədris ilinin sonuna qədər-iyunun 16-na qədər işləməli olduğunu bildirdi. O amma məktəb gələndə direktor onu yenə işləməyə qoymadı, onun orada işləməyini istəmədiyini dedi. O cavabdehə bu məktəbin özəl məktəb yox, dövlət məktəbi olduğunu və dövlətin qanunlarına tabe olmalı olduğunu bildirdi. Noyabrın 1-də o Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin qəbulunda olduqdan sonra ona cavabdeh noyabrın 10-da işləməyə icazə verdi. Noyabrın 10-da ərizə cavabdehə yazıb ki, ona müddətli müqavilə ilə işləməyə icazə verər. Cavabdeh ona necə deyirdisə ərizəni elə yazıb. xx.xx.2022-ci il tarixini yazıb. Əgər bilsəydi ki, yanvarın 31-nə kimi cavabdeh məktəb onu saxlayacaq, ərizəni yazmazdı. O da nomral qaydasında işə gedib amma, 6 fevral tarixində Təranə xanımı və müavin Yeganə xanımı cavabdeh onun yanına göndərdi ki, işdən çıxmadığı halda onu polislə işdən çıxaracaq. O nə etmişdi ki, polis onu çıxarmalıdır. Növbəti gün Almaz xanımdan niyə belə etdiyini soruşub. Ondan nə vaxta qədər işdə olmağını öyrənmək üçün müqaviləni verməyini istəyib. O müqaviləni alıb evə gətirib və orada onun imzasının olmadığını görüb, onun imzası olmadan necə müqaviləni elektron sistemə vurula bilər. Onun sentyabrda 18 saat dərsi var idi, gəlib müqavilə ilə işləyəndə ona 9 saat cavabdeh dərs verdi. Ona müqaviləyə görə yenə 18 saat dərslə işləyə biləcəyini deyəndə cavabdeh ona “Sən analıq məzuniyyətindən qayıtmamısan ki, sənin dərslərini geri qaytarıb verim” dedi. Ona heç olmasa 12 saat verməyini istəyib, amma 9 saat dərs saatının olduğunu dedi. O diplomunu gətirib, onun ixtisasının ingilis-fransız dili müəllimliyidir, yəni hər iki dil üzrə dərs deyə bilər. O yanvar ayında əməkhaqqı alıb, fevralda isə 6 gün işlədiyinə görə almayıb. 308 manat alıb. Əmri mübahisələndiriblər. Cavabdehin nümayəndəsinin bildirdikləri yalandır. O xx.xx.2022-ci ildə Bakı şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın qəbulunda olub. Ona deyib ki, işləyə bilər, çünki 65 yaşı tamam olmuş müəllim tədris ilinin sonuna qədər işləməlidir. Ona müqavilə 7 fevral verilib. Cavabdeh 3 ildir ki, məktəbdə işləyir,hər il məhkəmədə olur.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iş materiallarında təqdim edilən diaqnostik qiymətləndirmə var, iddiaçının diaqnostik qiymətləndirilməsinin nəticəsi yüksəkdir. Bakı Şəhəri Təhsil İdarəsinin müvafiq məktubları var və hər il orta məktəblərə göndərilir. Tədris ili müddətində çalışmanın yaş həddi 65-ə çatdıqda nazirin fərmanına əsasən tədris ilinin sonuna qədər müddətli müqavilə bağlanılmalıdır. Cavabdehin müqaviləni evə aparmaq üçün işçiyə vermək ixtiyarı yoxdur. Müqavilədə iddiaçının imzası yoxdur. Cavabdehin bu hərəkətinə görə direktor 3000 manat cərimə olunub.Birinci instansiya məhkəməsində sənədlər məhkəməyə təqdim edilib.İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət edib.Cavabdeh bu əməllərinə görə cəzalandırılıb.Uşaqlara saxta şəkildə ərizə yazdırılıb. Cavabdeh yalandan müəllimlərə ərizə yazdırıb ki, guya iddiaçı jurnalı oğurlayıb öz adından qeydlər aparıb.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh Əmək Müffəttişliyi tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunduğunu bildirib. Məhkəməyə şikayət verdilər. Qərarda qeyd edilib ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sənədlərlə və yuxarıda qeyd olunanlarla tam sübuta yetirilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar həmin inzibati xətanın törədildiyi gündən 3 aydan artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Nazirliyin xx.xx.2022-ci il tarixli F- 467 nömrəli əmrində tədris ili ərzində çalışmanın yaş həddinə çatacaq müəllimlər ilə razılıqları əsasında həmin tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılmalıdır. Lakin, cavabdeh öz iradəsinə uyğun olaraq dərkənar ilin yarısından qoyub. Yuxarı orqanlara və müvafiq qurumlara iddiaçı müraciət edib və hər yerdən iddiaçının tələbinin qanuni olduğunu cavabı gəlib. Əmək müqaviləsində iddiaçının imzası yoxdur, yalnız Almaz xanımın imzası var.Əmək müqaviləsinin surətini onlar 3-4 ay sonra əldə ediblər. Qanunsuz hərəkətlər silsilə şəklində davam edib,baxmayaraq ki,tabe olduğu orqandan rəsmi cavabları qarşı tərəfə də göndərib, iddiaçıya da verib ki,iddiaçının tələbi haqlıdır və təmin edilməlidir. Ancaq cavabdeh iddiaçıya müvəqqəti əmək müqaviləsi bağlaması barədə ərizə yazdırıb, iddiaçının əmək müqaviləsinin dərkənarından xəbəri yoxdur. Cavabdeh qanunsuz hərəkətlər etdiyinə görə onlar cavabdehin məsuliyyət daşımalı olması qənaətinə gəliblər. İddianı ona görə şəxsən cavabdehə qaldırıblar ki, bütün bunlar fiziki şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verib. Məktəb direktoru belə bir səlahiyyəti olmadığı halda qərəzlilik nümayiş elətdirib. Məhkəmə dövründə cavabdeh məktəbdən imza toplayıb ki,iddiaçı qar yağanda dərsə gəlmir. İddiaçı 35 ildir orada fasiləsiz fəaliyyət göstərib. Almaz xanımın süni şəkildə iddiaçıya 6 ay işləməsini qoymaması düzgün deyil. Onların cavabdeh kimi fiziki şəxsi qoymağı cavabdehin qanunsuz hərəkətindən qaynaqlanır. 16.İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 3. 2-ci bənd. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Maddə 3. 3-cü bənd. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 290. 2-ci bənd. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Maddə 290. 3-cü bənd. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Maddə 300 1-ci bənd. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 300 2-ci bənd. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

23. İşin halları ilə müəyyən olunur ki, İddiaçı 10 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən R.Əliyev adına 3 saylı tam orta məktəbin direktoru Cavabdeh ərizə ilə müraciət edərək, 65 yaşı tamam olmağı ilə bağlı onunla müddətli əmək müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilən xx.xx.2022-ci il tarixli 203 nömrəli əmrdən görünür ki, İddiaçı-çalışmanın yaş həddinə çatmış və müddətli əmək müqaviləsinin bağlanması məktəb tərəfindən məqsədəuyğun hesab edilməyən ingilis dili müəlliminin BŞTİ-nə fərdi müraciəti əsasında, idarə tərəfindən müvafiq razılıq verilmişdir. Çalışmanın yaş həddinə çatmış İddiaçı 10 noyabr 2022-ci il tarixdən 2022-2023-cü il tədris ilinin İ yarımilinin sonuna qədər xx.xx.2023-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanması əmr edilmişdir. Bakı şəhəri Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli 21 saylı əmrindən görünür ki, məktəbin ingilis dili müəllimi İddiaçı 10 nyabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixinədək bağlanmış əmək müqaviləsinin müddəti qutardığından xitam verilməsi əmr edilmişdir.

24. İddiaçı hazırda Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək onunla əmək müqaviləsinin xx.xx.2023-cü il tarixinə kimi deyil, 31 yanvar 2023-cü il tarixinə kimi bağlandığı üçün ona vurulan maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir.

25. İşə baxan məhkəmə qeyd etmişdir ki, işəgötürənə qarşı deyil, işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxsə qarşı iddianı ona görə əsaslı sayır ki, bu işçinin istəyindən asılıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. 26.Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin mövqeyi yanlışdır. 27.İlk növbədə qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh işçi deyil, işəgötürəndir. 28.Belə ki, işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Qanunvericiliyin tələbindən görünür ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında imzalanır, işəgötürən əmək müqaviləsi imzalanan müəssisənin rəhbəri və ya ayrılıqda fiziki şəxs ola bilər. §17 29.Bundan əlavə, məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 1099-cu maddəsi hüquqi və ya fiziki şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məslulliyyətini tənzimləyir. Yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında işçi tərəfindən üçüncü şəxslərə qarşı törədilmiş mülki hüquq pozuntusuna görə zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiasının işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilinməsi qeyd edilmişdir. 30.Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə düzgün olmayaraq Mülki Məcəllənin 1099-cu maddəsini hazırki işə tətbiq etmişdir.

31. Çünki, hazırki iddia tələbinin mahiyyəti üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi deyil, işəgötürən tərəfindən işçinin hüquqlarının və qanuni mənafelərinin pozulmasına görə işçiyə maddi və mənəvi zərərin ödənilməsi tələbidir.

32. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi düzgün olmayan cavabdehə qarşı yönəlmişdir.

33. Belə ki, iddiaçı ayrıca fiziki şəxs olaraq Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanı olaraq onun yaşadığı ünvan – ünvan 1şdir.

34. Halbuki, iddia tələbi işəgötürən- Bakı şəhəri Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh qarşı yönəlməli idi. Yəni hazırki iş üzrə əsl cavabdeh işəgötürən olmalıdır.

35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4045/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı cavabdehin qeyri-qanuni hərəkəti nəticəsində dəymiş 5264 manat miqdarında maddi zərərin və 5000 manat miqdarında mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 36.Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

37. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4045/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehin qeyri-qanuni hərəkəti nəticəsində dəymiş 5264 manat miqdarında maddi zərərin və 5000 manat miqdarında mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar