Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-955/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı2, Cavabdeh3 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, Cavabdeh3 QSC, "xxxx" MMC və Hacıqabul rayon İcra şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın yekun protokolunun etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(009)-217/2021 saylı qətnaməsindən Cavabdeh3 QSC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, Cavabdeh3 QSC, "xxxx" MMC və Hacıqabul rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 28 noyabr 2019-cu il tarixli 19-181 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın” və "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 498/2017 saylı qətnaməsinə əsasən iddiaçılardan 36671,51 ABŞ dolları məbləğində borc pul və 40 manat məbləğində dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalıdır. Tələb Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməlidir. Sözügedən mənzilə qiymət qoyulması üçün cavabdeh şirkətə müraciət olunmuş, həmin şirkətin mütəxəssisi tərəfindən əmlaka 36.000 manat qiymət qoyulmuşdur. Həmin qiymət reallığı əks etdirmir və dəyərindən əksik qiymətləndirilmişdir. Hərrac mərkəzi tərəfindən keçirilmiş hərrac baş tutmadığına görə sözügedən əmlak ilkin satış qiymətindən 40% aşağı qiymətə tələbkar banka təklif edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(009)-217/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən qəbul olunmuş 28.11.2019-cu il tarixli 19-181 nömrəli «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat» və Y- 16/9 saylı 06 fevral 2020-ci il tarixli Hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulub iddiaçılara ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehlərdən tutulub "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 QSC apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, icra icraatı zamanı aparılmış qiymətləndirmənin nəticəsindən icra vərəqəsi üzrə borclu və ya tələbkar narazıdırsa, bu narazılıq həmin şəxslə qiymətləndirməni aparmış şəxs arasında deyil, onunla icra məmurunun arasında yaranmış mübahisə kimi qəbul olunmalıdır. Qiymətləndirmənin nəticəsindən narazı qalan borclu və tələbkar qiymətləndirmə hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. barədə icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdir, vəsatətləri təmin edilmədikdə icra məmurunun qərarı, hərəkət və hərəkətsizliyi ilə bağlı inzibati məhkəmədə iddia qaldıra bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh QSC-nin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətinin əsassız olduğunu və onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin 12.12.2018ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı1 və İddiaçı2 36671,51 ABŞ dolları məbləğində borc pul və 40 manat məbləğində dövlət rüsumu və 21 manat xidmət haqqı turularaq Cavabdeh3 QSC-yə ödənilməlidir. Hacıqabul rayon İcra və probasiya şöbəsinin 11.12.2019-cu il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, İddiaçı1 mülkiyyətində olan Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil 36.000 manata qiymətləndirilmişdir və bu barədə "xxxx" MMC tərəfindən 28.11.2019-cu il tarixdə 19-181 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat” tərtib edilmişdir. Y-16/9 saylı 06 fevral 2020-ci il tarixli Hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil 22.950 manata Cavabdeh3 QSC tərəfindən alınmışdır. İddiaçılar hazırki tələbində qiymətin reallığı əks etdirmədiyini və əmlakın ilkin satış qiymətindən 40% aşağı qiymətə tələbkar banka təklif edildiyini bildirərək, həmin hesabatın və Hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə İddiaçı1 mülkiyyətində olan Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş, MMC-nin 06.01.2021-ci il tarixli ƏEM/Y 06-006/21 saylı ekspert rəyi ilə Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin 2019-cu ilin noyabr ayı üçün orta bazar dəyərinin 50.000, likvid dəyərinin isə 42.000 manat olduğu göstərilmişdir. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq, qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, göstərilən əmlakın 28.11.2019-cu il tarixdə 36.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətini əks etdirmir. Belə ki, mübahisəli "xxxx" MMC tərəfindən qəbul olunmuş 28.11.2019-cu il tarixli «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» Hesabatda Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin 28.11.2019-cu il tarix üçün ilkin qiymətinin 36.000 manat təşkil etməsi göstərildiyi halda, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticələri üzrə isə qeyd olunan əmlakın bazar qiyməti əslində 50.000, likvid dəyərinin isə 42.000 manat təşkil edir. Ona görə də "xxxx" MMC tərəfindən qəbul edilmiş qiymətləndirilmənin nəticələri haqqında hesabat etibarsız hesab edilməli, müvafiq olaraq hərracın keçirilməsinə və əmlakın 36.000 manata hərraca çıxarılmasına səbəb olan "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə barədə hesabat etibarsız hesab edildiyindən keçirilmiş hərracın yekun protokolunun etibarsız hesab edilməsi hissəsində də iddia tələbi təmin edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi sadalanan qanunvericilik normalarına əsaslanaraq, əmlakın real qiymətinin düzgün müəyyən edilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdeh QSC-nin apelyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən qəbul edilmiş 24.11.2021-ci il tarixli qərardadda göstərilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Baxılan iş üzrə artıq hərrac keçirilmişdir ki, bu halda da qiymət iddia icraatı qaydasında mübahisələndirilməlidir. Göstərilən yanaşma onunla izah olunur ki, qiymətləndirmənin ləğvi və ya etibarsız hesab olunması həmin qiymət əsasında keçirilmiş hərracın da etibarsızlığı ilə nəticələnəcəkdir, icra məmurunun isə hərracın nəticələrini etibarsız hesab etmək səlahiyyəti yoxdur, bu yalnız məhkəmə aktı ilə mümkündür, ona görə də hərrac keçirildikdən sonra qiymətləndirmənin və həmin qiymətlə keçirilmiş hərracın nəticələrinin mübahisələndirilməsi yalnız iddia icraatı çərçivəsində həyata keçirilə bilər. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-217/2021 saylı iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-955/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-955/2022
07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver