Məhkəmə qərarları › İş №2(103)-9560/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9560/2021

02.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9560/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər X12 Limited Şirkətinə və X2rşı «tələbin əvəzləşdirilməsi ilə xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(009)-1715/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X12 Limited Şirkətinə və X2rşı «tələbin əvəzləşdirilməsi ilə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X13 Limited Şirkətinin ona qarşı Səbail Rayon Məhkəməsinin 2(009)-676/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsindən irəli gələn 300.000 manat tələbi ilə X10 və Abdulla X6 borclu X2rşı Yasamal Rayon Məhkəməsinin 2(004)-4753/2019 saylı 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən irəli gələn tələbinin 300.000 manat hissəsinin əvəzləşdirilməsi və həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbinə görə – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 676/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən X7 X13 Limited Şirkətinin xeyrinə 300.000 manat tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4753/2019 saylı, 16 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən X16 X1 və Abdulla X6 xeyrinə ümumilikdə 337.856 manat tutulması qət edilmişdir. Qeyd olunan hər iki qətnamə qanuni qüvvəsini almış və icra mərhələsindədir. Səbail Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qətnaməsi üzrə tələbkar X13 Limited Şirkəti digər məhkəmənin qətnaməsinə əsasən (Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi) borclu X16 Assambleyasının şirkətidir və X13 Limited Şirkətinin direktoru və təsisçilərindən biri olan Dr.Saleh ibn X23 eyni zamanda X16 Assambleyasının sahibi və Baş katibidir. Yasamal Rayon Məhkəməsinin qətnaməsi üzrə tələbkar X15 onun anası, Abdulla X11 isə həyat yoldaşıdır. Anası təşkilatın mühasibi, həyat yoldaşı isə 22 ildən artıq müddətdə təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsində işləmişlər. Hər iki şirkət onların yaşdıqları yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Hər iki cavabdeh təşkilat faktiki olaraq bir şəxsə Dr.Saleh ibn X22 məxsusdur və faktiki olaraq bir təşkilat kimi idarə olunmuşdur. Bundan başqa, təşkilatın Hüquq idarəsinin göndərdiyi məktubda da tələblərin əvəzləşdirilməsi qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(009)-1715/2021 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi hüquq normalarının pozulmasını, iş üzrə tam və obyektiv araşdırma aparılmaması göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(009)-676/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdeh X13 Limited Şirkətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 432,3 m2, yaşayış sahəsi 227,6 m2, yardımçı sahəsi 204,7 m2 olan 11 otaqlı fərdi yaşayış evinə dair iddiaçı X14 ilə cavabdeh X13 Limited Şirkəti arasında 01.12.2016-cı il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış və 4Ə-1093 reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X13 Limited Şirkətinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 432,3 m2, yaşayış sahəsi 227,6 m2, yardımçı sahəsi 204,7 m2 olan 11 otaqlı fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüquqlarına xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış 10.01.2017-ci il tarixli qeydiyyyatın ləğv edilməsi və X9 fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair qeydiyyatının bərpa edilməsi, X7 X13 Limited Şirkətinin xeyrinə 01.12.2016-cı il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış və 4Ə-1093 reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə ödənilmiş 300.000 manat məbləğində pulun tutulması qət edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(004)-4753/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar Abdulla X6 və X10 cavabdeh X2rşı əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbinə dair iddiası təmin edilərək, cavabdeh X16 Assambleyasından 197947,55 manat əmək haqqı borcu, 71261,118 manat 1 faiz ödənc borcu, 68648,22 manat faiz olmaqla, cəmi 337856,88 manat məbləğində pulun iddiaçı Abdulla X6 xeyrinə, 26291,4 manat əmək haqqı borcu, 4206,62 manat 1 faiz ödənc borcu, 35756,30 manat faiz olmaqla, cəmi 66254,32 manat məbləğində pulun iddiaçı X10 xeyrinə tutulması qət edilmişdir. İddiaçı hazırkı iddia tələbində – qeyd edilən məhkəmə qərarları üzrə tələblərin əvəzləşdirilməsi yolu ilə öhdəliklərə xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən göstərmişdir ki, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, müxtəlif məhkəmələrdə müxtəlif tərəflər arasında olan iddia tələblərinə baxılaraq qətnamələr qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qanunun tələblərinə zidd olaraq İddiaçı müxtəlif şəxslər arasında olan tələblərin əvəzləşdirilməsi barədə tələb irəli sürdüyündən həmin tələb əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 540.1-ci maddəsinə əsasən, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. MM-in 542-ci maddəsinə əsasən, əgər tələbin əvəzləşdirilməsinin hələ mümkün olduğu vaxtadək tələb üzrə müddət keçməyibsə, tələbin müddəti öhdəliklərin əvəzləşdirilməsini istisna etmir. MM-in 543-cü maddəsinə əsasən, əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. MM-in 544-cü maddəsinə əsasən, öhdəliklərin icrası üçün müxtəlif yerlər nəzərdə tutulduqda da onların əvəzləşdirilməsinə yol verilir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, qarşılıqlı tələb hüququna malik olan iki şəxs arasında həmin tələblərin əvəzləşdirilməsi ilə xitam verilməsi imkanı müəyyən edilmişdir. Belə qarşılıqlı tələblərin əvəzləşdirilməsinə bir qayda olaraq həmin tələblərin icra müddəti çatdıqda yol verilir. Məhz bu şəraitdə tələblərin əvəzləşdirilməsi yolu ilə tərəflər həmin tələbləri icra etmək vəzifəsindən azad edilirlər və bu tələblərin əsasında duran öhdəliklərə xitam verilir. Bununla yanaşı, tələblərin əvəzləşdirilməsinə yol verilməyən hallar MM-in 545-ci maddəsində və Məcəllənin bir sıra digər normalarında birbaşa nəzərdə tutulmuşdur. Hazırki işin hallarından və məhkəmə qərarlarından isə göründüyü kimi, tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilməsi üçün zəruri şərt kimi müəyyən edilmiş – «iki şəxs arasında mövcud olan qarşılıqlı tələblər» şərti mövcud deyildir (müxtəlif tərəflər arasında olan iddia tələblərinə baxılaraq qətnamələr qəbul edilmişdir). Belə olan halda isə, hətta həmin tələblərin icra müddəti çatmışdırsa belə, əvəzləşdirmə MM-in 540.1-ci maddəsi anlamında həyata keçrilə bilməz (lakin qeyd edilməlidir ki, tərəflərin qarşılıqlı razılığı ilə məhkəmədənkənar qaydada məsələnin həlli istisna olunmur). Eyni zamanda, apellyasiya şikayətində göstərildiyi kimi, iddiaçı ilə digər qətnamə üzrə fiziki şəxslərin qohum olması halı da vəziyyəti dəyişdirmir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər X12 Limited Şirkətinə və X2rşı «tələbin əvəzləşdirilməsi ilə xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(009)-1715/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(009)- 1715/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar