Məhkəmə qərarları › İş №2(103)-9574/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9574/2021

25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9574/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı X1 vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçı X1 "xxxx"MMC-yə qarşı “ vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 13.01.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 49800 manat məbləğində maddi zərər, 3237 manat məbləğində faiz və 30000 manat məbləğində mənəvi zərəri, 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13.01.2020-ci il tarixli 316001 saylı müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 55.3 kv.m olan 316 nömrəli mənzili 42000 manata almışdır. Ancaq onlar tərəfindən bağlanmış müqavilədə onun ödədiyi məbləğ cəmi 34000 maııat göstərilmişdir. Əlavə olaraq o, makler pulu kimi 800 manat ödəmişdir. Sonradan başa düşmüşdür ki, "İnşaat Konstruksiyaları“ MMC-ııin rəhbərliyi onu aldadaraq, pulunu mənimsəmişdir. Hal-hazırda tikinti işləri dayandırılıb, şirkətin rəhbərliyi və işçiləri gizlənirlər. O, dəfələrlə pulunun qaytarılması ilə bağlı rəsmi qaydada şirkətə müraciət etmişdir. Ondan da artıq telefon vasitəsi ilə həmin şirkətin işçiləri ilə əlaqə saxlamış pulunun qaytarılmasını tələb edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 6.5 faiz səviyyəsində dəyişmə saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi 7 faiz həddində saxlanılıb. Cavabdeh ona ödənilmiş 42000 manata görə 800 manat makler puluna görə 7000 manata görə məsuliyyət daşıyır və cavabdeh 49800 və ona hesablanmış 3237 manat məbləğində faizi ödəməlidir. Baş vermiş hadisə nəticəsində sarsıntıdan atası X3 19.01.2021-ci il tarixdə ölmüşdür. Bu hadisə ilə bağlı hesab edir ki, onun mənəvi sarsıntı keçirdiyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb elməkdə haqlıdır. Cavabdeh faktiki onun etibarından sui-istifadə edərək, onu aldadıb, ona maddi və mənəvi ziyan vurmuşdur. Onun hərəkətləri və hərəkətsizliyi nəticəsində o və digər ailə üzvləri sarsantı keçirərək, dəfələrlə təcili yardıma və xəstəxanaya müraciət etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13.01.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 34000 (otuz dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini,cavabdeh "xxxx" MMC-dən 49800 manat məbləğində maddi zərər, 3237 manat məbləğində faizi və 30.000 manat məbləğində mənəvi zərəri, 30 manat dövlət rusumunun tutulub ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X1 vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsinin qisnən ləğv edilməsini, cavabdeh "xxxx" MMC-dən 49800 manat məbləğində maddi zərər, 3237 manat məbləğində faizi və 30.000 manat məbləğində mənəvi zərəri, 30 manat dövlət rusumunun tutulub iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx"MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı X1 apellyasiya şikayəti qətnamənin qismən ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən etmişdir ki, 13.01.2020-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin 1.1.-ci bəndindən görünür ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən 55.3 kv.m olan 1 otaqlı 316 saylı mənzil pay kimi İddiaçı verilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kv.m sahəsi üçün 615 manat təyin edilir. Cəmi 55.3 kv.m sahəsi üçün 34000 manat təşkil edir. İş materiallarında olan 21.01.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən 55.3 kv.m olan 1 otaqlı 316 saylı mənzilin dəyəri payçı tərəfindən tam olaraq ödənilmişdir. İddiaçı apellyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2291/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsinin qisnən ləğv edilməsinin, cavabdeh "xxxx" MMC-dən 49800 manat məbləğində maddi zərər, 3237 manat məbləğində faizi və 30.000 manat məbləğində mənəvi zərərin tutlmasının əsası kimi ona istinad etmişdir ki, o, mənzilin alınması üçün cavabdeh "xxxx" MMC-yə 42.000 manat ödəmiş, lakin onunla bağlanmış müqavilədə mənzilin dəyəri 34.000 manat göstərilmişdir. Bundan əlavə o, maklerə də 800 manat ödəmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, İddiaçı cavabdehdən 49800 manat pulun maddi zərər qismində tutularaq ödənilməsini tələb etməsinə baxmayaraq, iş materiallarında olan sənədlərdən İddiaçı MMC-yə cəmi 34000 manat məbləğində pul ödəməsi sübuta yetirilir. İddiaçı tərəfindən maklerə 800 manat pulun ödənilməsi də həmin məbləğdə pulun cavabdeh "xxxx" MMCdən tələb olunması üçün əsas ola bilməz. Beləliklə, İddiaçı ona vurulmuş maddi zərərin 49800 manat olması barədə məhkəməyə lazımi sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi maddi zərərin ödənilməsi hissəsində qismən əsaslı hesab edilməsini qəbul edir. İddiaçı apellyasiya şikayətinin dəlillərindən biri də tikinti işlərinin dayandırılması, onun qızı ilə birlikdə hər ay 500 manat ödəməklə kirayədə qalmaqla cəmi 7000 manat kirayə haqqı ödəməsi və həmin məbləğin cavabdeh tərəfindən ödənilməli olmasıdır. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 13 yanvar 2020-ci il tarixli müqavilədə "xxxx" MMC-nin iddiaçıya kirayə haqqı ödəməsi nəzərdə tutulmamışdır. Bundan əlavə müqavilədə "xxxx" MMC-nin tikintini nə vaxt qurtaracağı, mənzili iddiaçıya nə vaxt təqdim edəcəyi ilə bağlı heç bir öhdəliyi öz ifadəsini tapmamışdır. 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə tikintinin iddia ərizəsinin verildiyi tarixə, yəni 02.03.2021-ci ilə kimi tikinti işlərinin başa çatdırılmaması ağlabatan müddətin pozulması kimi də dəyərləndirilə bilməz. Ona görə apellyasiya şikayətinin həmin dəlili də əsassız hesab edilməlidir. İddiaçı apellyasiya şikayətinin dəlillərindən biri də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsaslanmaqla "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinin qanunsuz saxlanılmasına görə faiz məbləğinin ödənilməsi ilə əlaqədardır. İddiaçı hesab edir ki, onun "xxxx" MMC-yə ödədiyi 49800 manat vəsaitə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən "xxxx" MMC ona 3237 manat məbləğində faiz ödəməlidir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-nin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyət” nəzədə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və“(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. İddiaçı "xxxx" MMC-yə pul vəsaitini onunla bağladığı müqavilə əsasında ödəmişdir. İş materialları ilə "xxxx" MMC-nin həmin pul vəsaitini qanunsuz olaraq özündə saxlaması təsdiqini tapmır. Ona görə də apellyasiya şikayətinin həmin dəlili də rədd olunmalıdır. Apellyasiya şikayətinin dəlillərindən biri də 30000 manat mənəvi zərərin cavabdehdən tutulması ilə bağlıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Yuxarıda qeyd olunduğu kimi "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 13 yanvar 2020-ci il tarixli müqavilədə "xxxx" MMC-nin tikintini nə vaxt qurtaracağı, müqavilədə nəzərdə tutulmuş mənzili iddiaçıya nə vaxt təqdim edəcəyi ilə bağlı heç bir öhdəliyi öz ifadəsini tapmamışdır. 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə tikintinin iddia ərizəsinin verildiyi tarixə, yəni 02.03.2021-ci ilə kimi tikinti işlərinin başa çatdırılmaması ağlabatan müddətin pozulması kimi də dəyərləndirilə bilməz. Ona görə də İddiaçı tərəfindən tikintinin dayanması səbəbindən 02.03.2021-ci il tarixdə birtərəfli qaydada müqavilənin üzrə ödədiyi pul vəsaitinin ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etməsi ona mənəvi ziyana görə kompensasiya ödənilməsinə əsas vermir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsas kimi qəbul etmir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar