Məhkəmə qərarları › İş №2(103)-958/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-958/2020

14.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-958/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-4447/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışının gedişində İddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 6000 manat, Cavabdeh2 isə 16000 manat məbləğində pulun alınıb ona verilməsi və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2009-cu ilin avqust ayında övladını ali məktəbə qəbul etdirmək üçün Cavabdeh1 12000 manat, özünün Lənkəran rayonlararası tibbi sosial ekspert komissiyasının sədri vəzifəsinə təyin olunmasına köməklik göstərməsi üçün Cavabdeh2 həmin ilin dekabr ayında 15500 manat, 2010-cu ilin yanvar ayında isə 5000 manat pul vermişdir. Cavabdeh1 həmin puldan 6000 manatı, Cavabdeh2 isə 4500 manatı qaytarmış, hal-hazırda Cavabdeh1 ona 6000 manat, Cavabdeh2 isə 16000 manat borcu qalmışdır. Cavabdehlərin dələduzluq əməlləri barədə hüquq mühafizə orqanlarına müraciət etmiş, həmin şəxslərin ona və başqa şəxslərə qarşı dələduzluq hərəkətləri ilə bağlı cinayət işi başlanaraq istintaq aparılmışdır. xx xxxxxxxx 2017-ci il tarixdə Cavabdeh2 iltizamnamə yazaraq ona 16000 manat məbləğində borclu olmasını etiraf etmişdir. Cavabdehlər bir-birinə yaxın münasibətdə olmaqla ona qarşı əlbir hərəkət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 34447/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 16000 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia müddəti keçdiyinə görə iddia tələbinin Cavabdeh1 qarşı hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclasında onun iştirakı təmin edilməmiş və hüquqlarının müdafiəsi üçün şərait yaradılmamışdır. Buna görə də qətnamənin ləğv edilməsini və onun iştirakı ilə yenidən araşdırma aparılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə uyğun olaraq Cavabdeh2 apelyasiya şikayəti çərçivəsində baxmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında göstərdi ki, Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılmasının yeri və vaxtı barədə kifayət qədər məlumatlandırılmış, hətta onunla telefon əlaqəsi də saxlanılmışdır. Lakin o qəsdən prosesdən yayınmış və bununla da prosesi uzatmağa çalışmışdır. Hal-hazırda da onun apelyasiya qaydasında işə baxılarkən məhkəmə iclasına gəlməməsi onu sübut edir ki, əslində onun təqdim edəcəyi heç bir sübutu yoxdur və ancaq məhkəmə prosesini uzatmağa çalışır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-34447/2019 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh2 tərəfindən imzalanmış qəbzlərə əsasən o, İddiaçı 15500 və 5000 manat, ümumilikdə 20500 manat pul almışdır. xx xxxxxxxx 2017-ci il tarixli yazılı iltizama əsasən Cavabdeh2 İddiaçı aldığı 20000 manat puldan 1000 manatı qaytardığını bildirmiş, digər 1000 manatı isə xx xxxxxxx 2017-ci il tarixdə qaytaracağı, qalan 18000 manat pulu isə 8 ay müddətində ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh2 Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə verdiyi xx xxxxxxx 2016-cı il tarixli yazılı izahatına əsasən, o, 2009-cu ilin dekabr və 2010-cu ilin yanvar ayında İddiaçı aldığı 15500 manat və 5000 manat olmaqla 20500 manat borcdan 10500 manat hissəsini qaytarmışdır. Cavabdeh2 istintaq orqanına verdiyi xx xxxxxxx 2016-cı il tarixli yazılı izahatında İddiaçı 10000 manat borclu qaldığını göstərsə də, xx xxxxxxxx 2017-ci il tarixli yazılı iltizamnaməsində İddiaçı 18000 manat məbləğində borclu qalmasını göstərmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi 16000 manat pulun borc kimi Cavabdeh2 alınıb İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 İddiaçı ödənilməmiş 16000 manat borclu olması iş materialları ilə təsdiqini tapdığından və cavabdeh həmin məbləğdən 10500 manatı qaytardığını bildirsə də, bu halı təsdiq edəcək sübutlar təqdim edə bilmədiyindən məhkəmə haqlı olaraq iddia tələbini ona qarşı hissədə təmin etmişdir. Qeyd edilənlərə görə də birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin yeganə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə ona SMS bildirişlər və qeydiyyatda olduğu ünvana sifarişli poçt vasitəsilə məhkəmə bildirişləri göndərilmiş, SMS bildirişləri ona çatmış, sifarişli poçt vasitəsilə göndərilmiş bildirişlər isə o, qeydiyyatda olduğu ünvanda yaşamadığına görə çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-34447/2019 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apelyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apelyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 4447/2019 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh2ya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar