Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9583/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı X3 iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı «ziyan tələbi» tələbinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1946/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 - Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat məbləğində maddi və mənəvi ziyanın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş gəlininin dayısı Cavabdeh 31 may 2019-cu il tarixdə iddiaçının yaşadığı mənzilə gələrək, onun həyat yoldaşını təhqir edəcək sözlər işlətmiş, iddiaçıya hədə-qorxu gəlmişdir. Buna qonşular da şahiddir. Bu haqda Binəqədi rayon 40-cı polis bölməsinə yazılı surətdə müraciət edilsə də, bu günə qədər heç bir tədbir görülməmişdir. Bu hadisə ilə əlaqədar güclü stress keçirdiyi üçün iddiaçı Respublika klinik xəstəxanasına aparılmışdır. Həmin anda huşunu itirdiyi üçün hadisənin necə baş verdiyini xatırlamır. Müalicə müddətində iddiaçı 5.000 manatadək ziyana düşmüşdür. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1946/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qətnamədən apellyasiya şikayət verən iddiaçı onun ləğv olunmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla yanaşı bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etməklə əlavə olaraq bildirdi ki, Cavabdeh 31 may 2019-cu il tarixdə onun evinə gələrək mübahisə yaratmaqla dalaşmışdır. Həmin hadisələrdən sonra səhhətində ciddi problemlər yaranmış, bununla bağlı xəstəxanaya müraciət etmişdir və müəyyən bir müddət xəstəxanada yatılı şəkildə müalicə almışdır. Həmçinin cavabdehin etdiyi qanuna zidd hərəkətlərlə bağlı polisə də müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Respublika Klinik Xəstəxanasının 31 may 2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, 26 may 2019-cu il tarixdən İddiaçı xəstəxananın İ sinir xəstəlikləri şöbəsində “Keçici mənşəli işemik tutmalar və oxşar sindromu” diaqnozu ilə stasionar müalicədədir. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin 26 may 2019-cu il tarixli məktubundan görünür ki, X1 06 may 2019-cu il tarixdə yazmış olduğu ərizə araşdırılmış və ərizədə göstərilən xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğundan toplanmış material işə alınaraq bölmənin dəftərxanasının arxivinə təhvil verilmişdir. Bu barədə rayon məhkəməsinə müraciət edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin 13 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı Binəqədi rayon prokurorluğuna yazmış olduğu ərizə 29 avqust 2019-cu il tarixdə icraata daxil olmuş və araşdırılmışdır. Ərizə ilə bağlı X2 izahatının alınması üçün ərizədə göstərilən nömrəyə dəfələrlə zəng edilmiş, lakin həmin nömrənin Nizaməddinin olmadığını və başqa bir şəxs olduğunu bildirildiyi üçün Nizaməddin Heydərovun izahatının alınması mümkün olmamışdır. Ərizədə göstərilən xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğundan toplanmış material işə alınaraq bölmənin dəftərxanasının arxivinə təhvil verilmişdir. Bu barədə rayon məhkəməsinə müraciət edilməsi məqsədə müvafiqdir. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd olunan maddələrin tələbləri baxımından isə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının iddia etdiyi kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan dəyməsi və xəstəxana arayışında qeyd olunan səhhətində yaranmış narahatlıqların məhz cavabdeh tərəfindən törədilmiş hərəkətlər nəticəsində yarandığı iş materialları ilə öz təsdiqini tapmır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd olunması barədə düzgün nəticəyə gəlmişdir, həmçinin iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində əsassız olduğu üçün iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tələbində göstərmişdir ki, Cavabdeh 31 may 2019-cu il tarixdə iddiaçının yaşadığı mənzilə gələrək, onun həyat yoldaşını təhqir edəcək sözlər işlətmiş, iddiaçıya hədə-qorxu gəlmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə iddiaçının hüquq mühafizə orqanlarına, eləcə də səhhəti ilə bağlı xəstəxanaya müraciət etməsi fərqli tarixlərdə olmaqla, iddianın əsası kimi istinad edilən hadisənin məhz 31 may 2019-cu il tarixdə baş verməsi ilə bağlı dəlillərlə uyğunluq təşkil etmir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1946/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9583/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9583/2021
20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver