Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9585/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Rasim İbrahimxəlilovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Səbail Rayon Mühafizə İdarəsinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində pul tələb olunub. İddia onunla əsaslandırılıb ki, İddiaçı cavabadeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Səbail Rayon Mühafizə İdarəsində polis nəfəri kimi xidmət etmişdir. Xidmət apardığı dövrdə iş vaxtından əlavə 4 saatdan artıq işə cəlb edilmişdir. Lakin əlavə xidmətə görə cavabdeh tərəfindən heç bir əlavə vəsait ödənilməmişdir. Bundan başqa, polis əməkdaşlarının almalı olduğu xəstəlik pulu 2015-ci ildə ona verilməyib. 2016-2017-ci illərdə məzuniyyətdən gec qayıtdığına görə əmək haqqının bir hissəsi əsassız olaraq cavabdeh tərəfindən kəsilib. Səbail Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tələbinə uyğun yeni qətnamə qəbul olunsun. İddiaçı apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırıb, habelə qeyd edib ki, onkoloji xəstədir, bütün xərcləri valideynlərinin üzərindədir, belə olan halda hesab edir ki, xidmət illərində iş vaxtından əlavə etdiyi xidmət saatlarına görə ödəniş, 2015-ci ilə görə xəstəlik pulu və 2016-2017-ci illərdə əmək haqqından kəsilən hissələr hesablanaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apellyasya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı 28.12.2010-cu il tarixdən 15.02.2021-ci tarixədək polis nəfəri vəzifəsində xidmət edib. Cavabdeh Səbail Rayon Mühafizə İdarəsinin nümayəndəsi bildirir ki, cavabdehin iddiaçının qarşısında hər hansı pul öhdəliyi yoxdur. O cümlədən cavabdeh iddiaçıya göndərdiyi 08.06.2021-ci il tarixli, 554/i-30 nömrəli məktubdan (iş v. 11) görünür ki, xidmət illərində iddiaçının almalı olduğu bütün ödənişlər ona verilmişdir. Beləliklə, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyinin olduğu müəyyən edilmir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9585/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9585/2021
08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver