Məhkəmə qərarları › İş №2(103)-959/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-959/2021

02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-959/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-4163/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində sağlamlığı pozulduğuna görə itirilmiş qazancın əvəzi olaraq hər cavabdehdən ayrı-ayrılıqda 12000 manat, cəmi 24000 manat, vurulmuş maddi zərərə görə hər cavabdehdən ayrı-ayrılıqda 8000 manat, cəmi 16000 manat və mənəvi zərərin əvəzi olaraq hər cavabdehdən ayrı-ayrılıqda 18000 manat olmaqla cəmi 36000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildən əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyində (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) müxtəlif vəzifələrdə işləmişdir. 2015-ci ildə onda şəkərli diabet xəstəliyinin əlamətləri aşkar olunmuşdur. 2018-ci ildə vergilər nazirinin müavini vəzifəsinə təyin olunan Cavabdeh1 və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini Cavabdeh2 qanunsuz təzyiqləri nəticəsində səhhəti daha da pisləşmiş, nəhayət 2018-ci ilin sonunda işdən çıxarılmışdır. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 4163/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla mülki işə baxılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-4163/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı məxsus olan İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2003-cü tarixdən xx.xx.2018-ci il tarixə qədər Azərbaycan Respublikası Vergilər Nazirliyində (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) müxtəlif vəzifələrdə xidmət etmiş, vergilər nazirinin xx.xx.2018ci il tarixli **********689300 nömrəli əmri ilə xx.xx.2018-ci il tarixdən tutduğu dövlət vergi müfəttişi vəzifəsindən kənarlaşdırılmış və üç ay müddətinə Vergilər Nazirliyinin sərəncamına verilmiş, xx.xx.2018-ci il tarixli **********19600 nömrəli əmrlə xx.xx.2018-ci il tarixdən sərəncamdan çıxarılmışdır. Həmçinin, əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı xx.xx.2018-ci il tarixdən “şəkərli diabet tip-2” diaqnozu ilə 24 nömrəli şəhər poliklinikasında qeydiyyata alınmışdır və müalicə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 9-cu maddəsinə əsasən, məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin hərəkətləri nəticəsində şəkərli diabet xəstəliyinə tutulması və xəstəliyinin kəskinləşməsini, bu səbəbdən də maddi və mənəvi zərərə məruz qaldığını iddia etsə də, iddia tələblərini əsaslandırmamış, ümumi mülahizələrlə kifayətlənmiş, iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-4163/2020 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, apellyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 4163/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar