Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-96/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, üçüncü şəxs qismində cəlb olunmuş Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, qeyri-qanuni tikilinin sökülməsi, əvvəlki vəziyyətə gətirilməsi və s.”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinə qarşı “maneələrin aradan qaldırılması ilə evə baxan pəncərələrin cavabdehin hesabına sökülərək bağlanması,vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-323/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, üçüncü şəxs qismində cəlb olunmuş Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, qeyri-qanuni tikilinin sökülməsi, əvvəlki vəziyyətə gətirilməsi və s.” tələb ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 48 saylı evin yaşayış sahəsi 69,4 kv/m, ümumi sahəsi 101,9 kv/m olan 3 otaqlı mənzili İddiaçı1, bir otağı isə İddiaçı2 xüsusi mülkiyyətindədir. Cavabdeh isə onların evinin yerləşdiyi torpaq sahəsindən pilləvari aşağıda yerləşən torpaq sahəsində yaşayır. Onun həmin sahəyə dair hansı sənədinin olması onlara məlum deyil. Yaşadıqları ərazi landşaft baxımından yüksəklik formasındadır. Buna görə də torpaq sahələri biri digərindən hündürdə və ya aşağıdadır. Cavabdehin də torpağı onların torpağından aşağıda yerləşir. Hazırda cavabdeh həmin torpaq sahəsinə olan bir mərtəbəli evin üstündə ikinci mərtəbə qaldırır. Bununla o, qeyri-qanuni olaraq iddiaçıların evlərinin pəncərələrinin qarşısını tamamilə kəsir. Mübahisəli sahələrə baxış keçirilərsə və evin sxeminə baxılarsa, bu hal daha dəqiq və aşkar surətdə müəyyən olunacaqdır. Hesab edirlər ki, tikintinin bu formada aparılması qanunsuzdur. Göstərilən tikintinin dayandırılması ilə bağlı müxtəlif orqanlara müraciət etsələr də, bir nəticə əldə edə bilmirlər. İcra Hakimiyyətindən artıq telefon zənglərinə cavab vermirlər. Cavabdeh isə tikməyi davam edir. Onların etirazlarına məhəl də qoymur. Buna görə son çarələri məhkəmədir. Cavabdeh qanunsuz tilikili apararaq pəncərələrinin qarşısın kəsməklə həm evə daxil olan hava və işığın qarşısı tamamilə kəsilir, həm də mənzildə yarana biləcək hər bir qəza onların mülkiyyətinə və ailələrinə küllü miqdarda zərər vura bilər. Hesab edirlər ki, cavabdehin hərəkətləri ilə onların mülkiyyətinə və ailələrinin həyatına qəsd edilir, mülkiyyətçi olaraq hüquqları pozulur. Odur ki, mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdeh tərəfindən evin qarşısında inşa edilmiş qeyriqanuni tikililərin sökülməsi, həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılması, cavabdehin hərəkətlərində cinayət tərkibi aşkar edildiyi təqdirdə müvafiq tədbir görülməsi, müvafiq ekspertiza təyin edilməklə işin faktiki hallarının müəyyən olunması xahiş edilmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ünvan 2 ünvanında cavabdehlərə məxsus evin onun evinə baxan hissəsində ki pəncərələri cavabdehin hesabına sökülərək bağlanması, 19.336 manat maddi, 10.000 manat mənəvi ziyan cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* seriyalı, 15.10.2014cü il tarixli Çıxarış verilmişdir. Qeyd olunan mənzil cəmi 43,7 kv/m (30 kv/m yaşayış, 13,7 kv/m yardımçı sahə) ibarətdir. Şəraitsiz və darısqal mənzildə üç azyaşlı uşağı ilə yaşamaq çətin olduğundan mənzil şəraitinin yaxşılaşdırmaq qərarına gəlmişdir. Tikinti işlərinin aparılmasına icazə alınması məqsədilə ərizə ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə 22.08.2017-ci il tarixdə müraciət etmiş və müraciətinə müsbət cavab verilmişdir. Belə ki, “xxxx”MMC tərəfindən ikinci mərtəbənin tikilməsi barədə Eskiz Lahiyəsi 22.08.2017-ci il tarixdə, Q-56-151 nömrəli qeydlə Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Daha sonra ilkin iddia üzrə iddiaçılardan ünvan 4 ünvanında olan məzilin rəsmi mülkiyyətçisi İddiaçı1 olsa da faktiki olaraq onunla qonşu olan və evin əsl sahibi X3 bildirmişdir ki, o, yaşadığı evin ikinci mərtəbəsini tikmək üçün İcra Hakimiyyətinə müraciət etmişdir. Yaxın günlərdə tikinti qaydalarına riayət etməklə tikinti işlərinə başlayacaq. Həmçinin digər əsas divar qonşusu olan X5 isə 12 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat kontoruna ərizə yazaraq, tərəfindən aparılan tikinti işlərinə etiraz olmadığını bildirmiş və notarius imzasının həqiqiliyini təsdqi etmişdir. Beləliklə tikinti işlərinə başladığı andan ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 müxtəlif maneələrlə tikinti işlərinin aparılmasına özbaşınalıq edərək maneələr törətmiş daha sonra məhkəməyə müraciət edərək ona qarşı mülkiyyət hüquqlarının bərpası və özbaşına tikilinin sökülməsi barədə iddia irləli sürmüşlər. İddiaçı2 sözü gedən evin birinci mərtəbəsində yaşadığından aparılan tikinti işlərinin ona nə aidiyyəti olduğunu və onun hansı hüquqlarının pozduğunu istinad edəcəyi əsas yoxdur. İddiaçı1 məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 09.01.2012-ci il tarixli fərdi yaşayış evinə dair Texniki Pasportdan görünür ki, ona məxsus fərdi yaşayış evinin onun evinə tərəf açmış olduğu pəncərələr həmin sxemdə qeyd olunmamışdır. Belə ki, sözü gedən qanunsuz pencərələr sökülərək öz hesabına bağlanmalıdır. Qeyd olanları nəzərə alıb, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilərək, ünvan 1 ünvanda yerləşən yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ünvan 2 ünvanında cavabdehlərə məxsus evin onun evinə baxan hissəsində ki pəncərələri cavabdehin hesabına sökülərək bağlanması, 19.336 manat maddi, 10.000 manat mənəvi ziyan cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-323/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, Cavabdeh2 mülkiyyətində olan Bayıl qəsəbəsi, F.Əbdülrəhmanov küçəsi ev 9, mənzil 5 ünvanında yerləşən mənzilində rekonstruktiv və yenidən qurma işlərinin aparılması ilə bağlı törədilə bilən maneələrin aradan qaldırılması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.05.2018-ci il tarixli 10259 saylı ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsaitdən 50 manat hissəsinin İddiaçı1, 50 manat hissəsinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə (hesab: VÖEN **********; X2, Kod:210005; VÖEN: **********; Müxbirhesab: AZ41NABZ********************; S.W.İ.F.T. BikCTREAZ22) köçürülməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyətli olan hallar araşdırılmamışdır, çıxarılmış qətnamə həddindən artıq qeyri-obyektivdir, qərəzlidir və qanunsuzdur. Hakim qanunu və normativ hüquqi aktları düzgün tövsif etməmişdir, tərəflər arasında yaranmış mübahisəni ya anlamamış, ya da qəsdən anlamaq istəməmişdir. Qızışdırıcı mövqe tutmuşdur.İşin hallarından görünür ki. mübahisə divar-divara qonşu olan tərəflər arasında baş vermişdir. Mübahisənin yaranmasına səbəb ilkin iddia izrə cavabdeh olan Cavabdeh2 olmuşdur. O şəxsi mülkiyyətində olan Bayıl qəsəbəsi, F.Əbdülrəhmanov küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilini genişləndirmək qərarına gəlmişdir. Mənzili yan tərəflərə genişləndirmək mümkün olmadığından mülkiyətçisi olduğu mənzilin üstündə, yeni otaqlar inşa etmək qərarına gəlmişdir. Cavabdeh2 mərtəbəni qaldıranda Əbdülrəhmanov küçəsi ilə paralel olan A.Məmmədov küçəsində yerləş saylı evin sakinlərinə ciddi narahatlıq yaradır, onların otaqlarına açılan pəncərələr tamamilə bağlanır, hava və işıqdan eyni zamanda dəniz görüntüsündən məhrum olurlar. Onsuz da Cavabdeh2 sol tərəfində yaşayan qonşusu yaşadığı mənzili 4 mərtəbəli hotel etməklə A.Məmmədov küçəsində yaşayan mənzillərin bir hissəsini dəniz görüntülərindən, havadan və işıqdan məhum etmişdir. Qalan hissəsini də məhrum etmək niyyətindədir. Səbail rayonunun Bayıl qəsəbəsində salınmış yaşayış massivi sıldırım enişdə yerləşir, mənzillərin pəncərələri çox halda dəniz istiqamətində açılır. Biri-birinə paralel salınmış küçələrdən birində iki mərtəbəli ev tikilərsə, həmin küçəyə paralel olan yuxarı küçədə yerləşən mənzilin pəncərələri bağlanır, mənzil sahibi işıqdan havadan və dəniz görüntüsündən məhrum olur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10113/202018 saylı, 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1921/2019 saylı, 29 mart 2019cu il tarixli qərarı ilə həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti təmin edilmiş qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...İddiaçıların tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, sonuncuların hazırkı iddianı qaldırmaqda məqsədi yaşadıqları mənzilə törədilən manelərin aradan qaldırılmasından ibarətdir. İddiaçılar bu məzillərin mülkiyyətçiləridir. Onların mülkiyyət hüququ qanunla müdafiə olunur və mülkiyyətçi mülkiyyət hüququnun pozulmasının qarşısını alınması üçün müstəqil qaydada məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində təbii işığın, havalanmanın və görüntünün qarşısının alınmasının müəyyən edilməməsi əsası ilə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi. barədə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması əsaslı sayıla bilməz. Çünki tikilinin inşası tam başa çatacağı halda iddiaçıların evinə təbii işığın, havalanmanın və görüntünün qarşısının alınacağı iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir və cavabdehin apardığı tikinti işləri nəticəsində bu halların gələcəkdə baş verməsinin iddiaçılar tərəfindən şüurlu olaraq qəbul edilməsi və bu hallara görə onların mənəvi zərər çəkməsi istisna edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissələrdə tikilinin sökülməsinə dair iddianın rədd edilməsi ilə əsaslandırıldığından və tikilinin sökülməsinə dair hissədə qətnamə ləğv edildiyindən qalan hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz ..” Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda qətnaməni yalnız İddiaçı1 mübahisələndirsə də, mübahisə predmeti bölünməz olduğu üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 328065 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küç, 48 № fərdi yaşayış evinin 3 otağı İddiaçı1, 2 otağı X1, 1 otağı X6, 10 otağı X4, 1 otaq İddiaçı2 məxsusdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Q.Əbdürəhmanov küçəsi, ev 9, mənzil 5 Cavabdeh2 mülkiyyətindədir. Mənzil 3 otaqlı olaraq, ümumi sahəsi 43,7 kv/m, yaşayış sahəsi 30,0 kv/m, yardımçı sahəsi13,7 kv/m-dir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 28.03.2018-ci il tarixli 3/10-269 saylı məktubundan görünür ki, ... vətəndaş Cavabdeh2 Səbail rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mülkiyyətində olan Bayıl qəsəbəsi, F.Əbdülrəhmanov küçəsi ev 9, mənzil 5 ünvanında istismara yararsız olan mənzilində rekonstruktiv və yenidən qurma işlərinin aparılması üçün təqdim edilmiş eskiz lahiyyəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdıma həlli layihəsi razışlaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.05.2018-ci il tarixli 10259 saylı ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında aparılan tikinti işləri ilə əlaqədar Cavabdeh2 məlumatlandırma icraatı qaydasında eskiz layihəsini Səbail rayon İcra Hakimiyyətinə təqdim etmiş və Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 28.03.2018-ci il tarixli 3/10-269 saylı məktubula razılaşdırılmışdır. Tədqiq olunan 5 saylı mənzilin eskiz layihəsinə əsasən yan divarlar boyunca hündürlüyü 6,2 metr nəzərdə tutulduğunu, 48 saylı evin iddiaçılara məxsus mənzillərinin otaqlarından 5 saylı mənzilə tərəf 3 ədəd pəncərə açıldığını, eləcə də iddiaçılara məxsus yaşayış evinin divarı ilə cavabdeh tərəfindən inşa olunması nəzərdə tutulan tikili arasındakı məsafə 0,7-0,9 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikili inşa edildiyi halda 48 saylı ünvanda yerləşən mənzillərə təbii işığın, havalanmanın və görüntünün qarşısı alınacağı müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 48 saylı evin 5 saylı mənzilə və küçə tərəfə baxan hissəsindəki 3 ədəd pəncərənin texniki pasportda öz əksini tapdığı, yalnız 1 pəncərənin (9 saylı otaqdakı) texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 48 saylı evin yaşayış sahəsi 69,4 kv/m, ümumi sahəsi 101,9 kv/m olan 3 otaqlı mənzili ilkin iddia üzrə İddiaçı1, bir otağı isə ilkin iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətindədir. ünvan 5 ilkin iddia üzrə Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 məxsus ev pilləvari qaydada olaraq İddiaçı1 və İddiaçı2 məxsus mənzilə münasibətdə aşağı səviyyədə yerləşir. Yaşadıqları ərazi landşaft baxımından yüksəklik formasındadır. Buna görə, relyef üzrə bir yaşayış sahəsi digərindən hündürdədir. Hazırda Cavabdeh2 bir mərtəbəli evin üstündə ikinci mərtəbə qaldırmaq niyyətindədir, İddiaçı1 və İddiaçı2 isə buna etiraz edirlər. Cavabdeh2 öz növbəsində İddiaçı1 evinin pəncərələrinin onun evinə tərəf baxan hissəsini qanunsuz saydığından onların bağlanmasını tələb edir. Kollegiya yuxarıda göstərilənləri nəzərə almaqla yaranmış mülki mübahisənin həlli məqsədilə irəli sürülmüş iddia tələblərini qarşılıqlı qaydada təhlil olunmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İlkin iddia üzrə cavabdeh tərəfindən aparılan tikinti işlərinin qanunvericilikdə nəzərdə tutulmuş lazımi icazələr alınmaqla və şəhərsalma normalarına uyğun şəkildə inşa edilmiş olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd, qarşılıqlı iddia tələbini isə qismən təmin edərkən işdə olan Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 28.03.2018-ci il tarixli 3/10-269 saylı məktubuna əsaslanmışdır. Həmin məktubdan görünür ki, ... vətəndaş Cavabdeh2 Səbail rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mülkiyyətində olan Bayıl qəsəbəsi, F.Əbdülrəhmanov küçəsi ev 9, mənzil 5 ünvanında istismara yararsız olan mənzilində rekonstruktiv və yenidən qurma işlərinin aparılması üçün təqdim edilmiş eskiz lahiyyəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdıma həlli layihəsi razışlaşdırılmışdır. Bununla belə təkrar apellyasiya baxışı zamanı məlum olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qərarı ilə sözügedən Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 28.03.2018-ci il tarixli 3/10-269 saylı məktubu ləğv edilmiş, sözügedən qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Cavabdeh2 tikinti işlərinin aparılması üçün verilmiş icazə hazırda olmadığından tikinti işlərinin aparılması qanunsuz hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin baxışı alınmış ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 5 ünvanında aparılan tikinti işləri ilə əlaqədar Cavabdeh2 məlumatlandırma icraatı qaydasında eskiz layihəsini Səbail rayon İcra Hakimiyyətinə təqdim etmiş və Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 28.03.2018-ci il tarixli 3/10-269 saylı məktubula razılaşdırılmışdır. Tədqiq olunan 5 saylı mənzilin eskiz layihəsinə əsasən yan divarlar boyunca hündürlüyü 6,2 metr nəzərdə tutulduğunu, 48 saylı evin iddiaçılara məxsus mənzillərinin otaqlarından 5 saylı mənzilə tərəf 3 ədəd pəncərə açıldığını, eləcə də iddiaçılara məxsus yaşayış evinin divarı ilə cavabdeh tərəfindən inşa olunması nəzərdə tutulan tikili arasındakı məsafə 0,7-0,9 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikili inşa edildiyi halda 48 saylı ünvanda yerləşən mənzillərə təbii işığın, havalanmanın və görüntünün qarşısı alınacağı müəyyən olunur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının mənzilinin pəncərələrinin qarşısında qanunsuz tikinti işlərinin aparılması və bunun nəticəsində mənzilin normal havalanmadan və təbii işıqlanmadan məhrum olunması faktının öz təsdiqini tapmadığı barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin hallarına uyğun deyildir. Başqa sözlə, mübahisəli tikiliyə aid müvafıq sənədlərin təqdim olunmaması və tikilinin tikinti norma və qaydalarının tələblərinə zidd və yolverilməz olduğu işin materiallarında olan sənədlər və məhkəmə aktları ilə tam şəkildə sübuta yetirilmişdir və bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, ilkin iddia tələbi “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, qeyri-qanuni tikilinin sökülməsi və əvvəlki vəziyyətə gətirilməsi” hissəsində təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Həmçinin kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi “maddi və mənəvi ziyanın ödənilməsi” hissəsində də əsassızdır. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Plenum Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Zərər yetirmə ilə subyektiv hüququn pozulması, zərər vuran şəxsin aşkar olması və hüquqa zidd hərəkətlərdən zərərçəkmiş özünə məxsus qeyri-maddi nemətlərə aid hüquqların pozulması nəticəsində mənəvi sarsıntı, iztirabların yaranması mümkün olar. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərində iştirak edən subyektlər arasında mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlər olmalıdır. Bunlar: 1) borclunun (zərərvuranın) hüquqazidd davranışı, 2) həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və 3) borclunun (zərərvuranın) təqsirliliyin təsdiq edilməsi. Göründüyü kimi, Cavabdeh2 İddiaçı1 və İddiaçı2 eyni zamanda maddi və mənəvi ziyanın ödənilməsini tələb etsə də mülki hüquqi məsuliyyətin yaranması üçün qanunvericilikdə müəyyən edilən bir sıra məcburi şərtlərin mövcudluğunu sübut edə bilməmiş, habelə delikt nəticəsində mülkiyyətçinin real zərərə uğradığı müəyyən olunmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-323/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evdə tikintinin aparılması ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulsun. Cavabdeh2 tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evdə özbaşına inşa edilmiş tikili onun öz hesabına sökülsün və ev əvvəlki vəziyyətinə qaytarılsın. İlkin iddia tələbi qalan hissələrdə təmin edilməsin. Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinə qarşı “maneələrin aradan qaldırılması ilə evə baxan pəncərələrin cavabdehin hesabına sökülərək bağlanması,vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.05.2018-ci il tarixli 10259 saylı ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsait Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə (hesab: VÖEN **********;X2, Kod:210005;VÖEN:**********;Müxbirhesab: AZ41NABZ********************; S.W.İ.F.T. BikCTREAZ22) köçürülsün. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğ onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-96/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-96/2021
14.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver