Məhkəmə qərarları › İş №2(103)-9600/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9600/2021

22.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9600/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Firmasının vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4641/2021 saylı mülki iş üzrə qəbul etdiyi 28 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aldığı qüsurlu malın yenisi ilə dəyişdirilməsi və ya mala görə ödənilən məbləğin tam həcmdə geri qaytarılması öhdəliyinin cavabdeh "xxxx" Firmasının üzərinə qoyulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 14 sentyabr 2020-ci il tarixdə "xxxx" Firmasının mağazasından 1611 manat dəyərində “Asus Zhenbook” dizüstü kompüter alımışdır. Kompüterin veb-kamerasında nasazlıq olması səbəbindən 4 oktyabr 2020-ci il tarixdə “CompClinic” Servis Mərkəzinə müraciət etmiş, diaqnostika zamanı avadanlığın aparat təminatında nasazlığın olduğu, veb-kameranın işləmədiyi öz təsdiqini tapmışdır. Servis rəyində avadanlığın istifadə qaydalarının pozulmadığı və zəmanətli hala aid olduğu qeyd olunmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən şirkət rəsmilərindən avadanlığın yenisi ilə əvəz olunmasını və ya ödənilmiş məbləğin tam həcmdə geri qaytarılmasını tələb etsə də, tələbinin əsassız olduğunu və veb-kameranın yalnız servis mərkəzində dəyişdirilə biləcəyi bildirilmişdir. 7 Oktyabr 2020 ci il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, xidmətin 15 yanvar 2021-ci il tarixli məktubunda xüsusi karantin rejiminin 31 yanvar 2021-ci il tarixinədək uzadıldıması səbəbindən bəhsi keçən mağazanın fəaliyyət göstərə bilmədiyi, ölkədə qüvvədə olan karantin müddəti bitdikdən sonra Xidmətə yenidən müraciət edə biləcəyi qeyd olunmuşdur. 27 fevral 2021-ci il tarixdə yenidən adıçəkilən Xidmətə müraciət etmiş, lakin müraciətin icra vəziyyəti ilə əlaqədar adı çəkilən qurumdan ona indiyədək hər hansı məlumat verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4641/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı aldığı və kamerasında qüsur olan “Asus Zhenbook” dizüstü kompüterin yenisi ilə dəyişdirilməsi, bu mümkün olmadıqda (malın qaytarılması şərti ilə) mala görə ödənilmiş 1611 manat məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh "xxxx" Firmasının üzərinə qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun "xxxx" Firmasından alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4641/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsindən "xxxx" Firması apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Firmasının vəkili X2 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4641/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, İddiaçı 14 sentyabr 2020-ci il tarixdə cavabdeh firmaya aid mağazadan nəğd qaydada 1611 manat dəyərində “Asus Zhenbook” dizüstü kompüter (model-UM462-DA- Aİ012T) alımışdır. Kompüterin alınmasından bir müddət sonra onun kamerasında nasazlıq ortaya çıxmışdır. İşin qeyd edilən halı “CompClinic” Servis Mərkəzinin 07.10.2020-ci il tarixli texniki qərarı ilə də öz təsdiqini tapır; həmin sənəddə avadanlığın (model-UM462-DA- Aİ012T) istifadə qaydalarının pozulmadığı halda, kamerasının ağ-qara göstərdiyi və kamerada nasazlıq aşkarlandığı qeyd edilmişdir. İddiaçı məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciətlər etmişdir. İddiaçı ilə cavabdeh "xxxx" Firması arasında pərakəndə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin müqavilə ilə cavabdeh tərəfindən iddiaçıya lazımi keyfiyyətli olmayan mal satılmış, iddiaçı isə keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini, bu mümkün olmadıqda isə mala görə ödənilən məbləğin tam həcmdə geri qaytarılmasını istəmişdir; cavabdeh iddiaçının bu tələbindən əsassız olaraq imtina etmişdir. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx" Firması arasında pərakəndə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin müqavilə ilə cavabdeh tərəfindən iddiaçıya lazımi keyfiyyətli olmayan mal satılmış, iddiaçı isə keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini, bu mümkün olmadıqda isə mala görə ödənilən məbləğin tam həcmdə geri qaytarılmasını istəmişdir; cavabdeh iddiaçının bu tələbindən əsassız olaraq imtina etmişdir. İddiaçı “aldığı qüsurlu malın yenisi ilə dəyişdirilməsini və ya mala görə ödənilən məbləğin tam həcmdə geri qaytarılmasını” tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: - keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin (624.1.1); - alış qiyməti mütənasib surətdə azaldılsın (624.1.2); - malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın (624.1.3); - malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.4). Mülki Məcəlləsinin 624.3-cü və 624.4-cü maddələrində deyilir ki, malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun “Qüsuru olan mal satılarkən istehlakçının hüquqları” başlıqlı 7-ci maddəsindəki müddəalar da Mülki Məcəllədəki tənzimləmə ilə paralellik təşkil etməkdədir. Həmin maddəyə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan 1) lazımi keyfiyyətli mala dəyişdirməyi; 2) satış qiymətini uyğun məbləğdə azaltmağı; 3) malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; və ya 4) malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; və ya 5) müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdeh "xxxx" Firması apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi iddiaçının 1611 manat dəyərində “Asus Zhenbook” dizüstü kompüterini 14 sentyabr 2020-ci il tarixdə almasına baxmayaraq, yalnız 4 oktyabr 2020-ci il tarixində "xxxx" Firmasına müraciət etməsinə və müvafiq olaraq “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş 14 günlük müddəti ötürməsinə istinad etmişdir. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, "xxxx" Firması malda yaranan naqsazlığı aradan qaldırmağı, 150 AZN dəyərində xarici vebkameranı hədiyə kimi təklif etməsinə baxmayaraq iddiaçı onların təklifi ilə razılaşmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsində də irəli sürülmüş, birinci instansiya məhkəməsi həmin dəlilləri hüquqi cəhətdən dəyərləndirərək, iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi həmin qərara gələrkən qeyd etmişdir ki, cavabdehin “...14 günlük müddət ötürülməsi səbəbindən kompüterin dəyişdirilməsi tələbinin deyil, ondakı nasazlığın aradan qaldırılması (təmir edilməsi) tələbinin irəli sürülməli olması” arqumentinin də əsassız olduğunu vurğulayır. Belə ki, iddia tələbi alıcıya qüsurlu malın satılması halında ona tanınan seçimlik haqların istifadəsi ilə bağlıdır. Mülki Məcəllənin 589.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Maddənin 2-ci bəndinə görə, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4641/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4641/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar