Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9610/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 avqust 2021-ci il tarixli qərardaddan cavabdehin Cavabdeh2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlərə qarşı irəli sürdüyü “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.03.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən 24.05.2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qərardad ilə apellyasiya şikayətini prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. Cavabdeh2 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin buraxılmasını üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.08.2021-ci il tarixli qərardad ilə ərizənin təmin edilməməsini qərara almışdır. Həmin qərardaddan Cavabdeh2 verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.08.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh2 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, o, apellyasiya şikayətini poçta vaxtında vermiş, lakin hansısa ödənişlə bağlı apellyasiya şikayəti poçtda saxlanmış və təxminən bir ay sonra o, xaricdən ölkəyə qayıtdıqdan sonra şikayətini yola salmışdır. Cavabdeh2 qərardaddan verdiyi şikayətin əsasları ərizədə qeyd edilən əsaslar ilə eynidir. Şikayətdə əlavə olaraq qeyd edilir ki, müddətin buraxılmasının üzürlü səbəbdən baş verməsinə baxmayaraq Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 363-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-nin 108.1.7-ci maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Buraxılmış prosessual müddətinin bərpasını xahiş edən Cavabdeh2 bildirir ki, o, apellyasiya şikayətini poçta vaxtında versə də, hansısa ödənişlə bağlı apellyasiya şikayəti poçtda saxlanmış və təxminən bir ay sonra o, xaricdən ölkəyə qayıtdıqdan sonra şikayətini yola salmışdır. Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iş materiallarından görünür ki, Cavabdeh2 apellyasiya şikayətinin göndərilməsi ilə bağlı onunla poçt arasında yaranmış problemi təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Bu səbəbdən hesab edilməlidir ki, Rayon Məhkəməsi Cavabdeh2 “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan Cavabdeh2 verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin təmin edilməsi və Rayon Məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 avqust 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-9610/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9610/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver