Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9611/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İbayev sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Səbinə Eldəniz qızı Şirinovanın katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-141/2021 saylı mülki iş üzrə qəbul etdiyi 16 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs ismində X4 cəlb edilməklə) cavabdeh “X2” MMC-nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, məhkəməyə müraciət edərək, cavabdeh “X2”-dan cərahiyə əməliyyatına görə ödədiyi 2500 manat ziyanın, mənəvi ziyana görə 80000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(009)-141/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “X2” MMC-dən cərahiyə əməliyyatına görə 2500 manat, mənəvi ziyana görə 300 manat və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC 28.07.2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(009)-141/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 2(009)-141/2021 saylı mülki iş üzrə Cavabdeh MMC-ni etibarnamə əsasında Ruslan Həsənov təmsil etmişdir. Məhkəmə gedişi zamanı Ruslan Həsənov başqa işə keçmiş, öhdəsində olan işlərin təhvil-təslimini həyata keçirməmişdir. İcra məmurunun əlaqə saxlamasından sonra bu mülki iş barədə məlumatları olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(009)-141/2021 saylı qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizə ilə eyni qaydada əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, mülki işin 108-ci vərəqəsində olan və poçt göndərişinin alınması barədə xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(009)-141/2021 saylı qətnaməsinin surəti 31.05.2021-ci il tarixdə Cavabdeh MMC-yə rəsmi qaydada verilmişdir. Cavabdehin apellyasiya şikayəti isə 28.07.2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən 1 aylıq müddət ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, Cavabdeh MMC-nin nümayəndəsinin başqa işə keçməsi və öhdəsində olan işlərin təhvil-təslimini həyata keçirməməsi üzrlü səbəb hesab edilə bilməz. Qeyd olunan halları və Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyil və ona görə də, prosessual müddətin bərpası barədə ərizə rədd edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı, şikayətin dəlilləri isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-141/2021 saylı mülki iş üzrə qəbul etdiyi 16 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9611/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9611/2021
20.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver