Məhkəmə qərarları › İş №2(103)-9615/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9615/2021

26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9615/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair 2(001)-3489/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra isə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsi üzrə iki il ödənilməmiş 209554,10 manat məbləğində pul vəsaitinin 5 faizi həcmində, yəni ümumilikdə 20955,41 manat həcmində faizin, hüquqi xidmət üçün ödənilmiş 400 manat, 30 manat dövlət rüsumu olmaqla, cəmi 21385,41 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi və pulun tutulması», eyni zamanda Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlaklara payların müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(001)-1224/2018 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsi ilə ləğv edilərək, yeni qətnamə çıxarılmış və Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən, "xxxx" MTK-nın inşa etdiyi 126 saylı evin 52 saylı mənzilinin Cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən «Renessans palace» yaşayış kompleksinin 2 saylı binasının E blokunun 11-ci mərtəbəsindəki 580 və 581-ci mənzillərin İddiaçı verilməsi, "xxxx" ASC tərəfindən Cavabdeh ödənilmiş 926 806,50 manat pulun 1/2 hissəsindən, yəni 463403,25 manatdan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən «Renessans palace» yaşayış kompleksinin 2 saylı binasının E blokunun 11-ci mərtəbəsindəki 580 və 581 saylı mənzillərə görə tərəflərin birgə yaşadıqları dövrdə ödədikləri 131920 manatın 1/2 hissəsi, yəni İddiaçı Cavabdeh ödəməli olduğu 65960 manat çıxmaqla 397 443,25 manat, habelə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi 126 saylı evin 52 saylı mənzilinə görə 12500 manat, yəni cəmi 409 945,25 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərarından heç bir tərəf şikayət verməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. 16 avqust 2019-cu il tarixdə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin icraata başlamaq haqqında qərarın 2019-cu ilin avqust ayından verilməsinə baxmayaraq keçən iki il ərzində İddiaçı tərəfindən dəfələrlə icra məmuruna müraciətlər edilməsinə baxmayaraq 409 945,25 manat məbləğində vəsaitdən 209 554,1 manat məbləğində vəsait Cavabdeh tərəfindən indiyədək İddiaçı ödənilməmişdir. İcra haqqında qərarın qəbul edilməsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq qətnamənin cavabdeh tərəfindən icra edilməyərək 209 554,1 manat vəsaitin İddiaçı ödənilməməsi nəticəsində İddiaçı ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozuntusu baş vermişdir. Odur ki, cavabdeh İddiaçı pul vəsaitini ödəməklə yanaşı, bu vəsaitin qanunsuz saxlandığı bütün müddət üçün faiz və vurulmuş zərəri də İddiaçı ödəməlidir. Cavabdeh İddiaçı ödəməli olduğu vəsaitin icrasından qəsdən yayınır. Halbuki, cavabdehin bu pul vəsaitini rahat şəkildə ödəməsi üçün kifayət qədər imkanı var. Belə ki, 01.10.2019-cu il tarixdə Cavabdeh məxsus bank hesabında 625421,13 manat məbləğində pul vəsaiti olub. Bu fakt "xxxx" ASC-nin 18 yanvar 2021-ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Qeyd edilən məktubda yazılır ki, "xxxx" ASC ilə "xxxx" MMC-nin əməkdaşı Cavabdeh arasında bağlanmış HYS-00558/16 saylı həyatın yaşam sığortası şəhadətnaməsi üzrə 367894,78 USD Cavabdeh bank hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdehin bank hesabında pul vəsaitinin olmasına baxmayaraq, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qəsdən tam icra etməmişdir. Cavabdeh qətnamə əsasında İddiaçı ödənilməli olan 409945,25 manat vəsaitdən cəmi 200391,15 manat vəsaiti ödəmişdir. Cavabdeh bu vəsaitin 49391,15 manat məbləğində hissəsini Binəqədi rayon İcra şöbəsi vasitəsilə pul şəklində ödəmişdir. 160000 manat pul vəsaitinin əvəzinə isə 27 sentyabr 2019-cu il tarixdə "xxxx" MTK tərəfindən ünvan 1 ünvanda yerləşən binanın 2-ci giriş, 3-cü mərtəbəsindəki 92,12 m2 sahəsi olan 2 otaqlı 52 saylı mənzili verilib. Beləliklə, verilmiş ev və ödənilmiş pul vəsaiti ilə birlikdə cavabdeh tərəfindən İddiaçı cəmi 200391,15 manat vəsait ödənilmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, Cavabdeh tərəfindən Nigar Həsənovaya ödənilməli olan 209.554,10 manat pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 5 % ödəməyə borcludur. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsinin qanuni qüvvəsini almasını və məhkəmədə mülki işə baxılmasının 3 ayadək uzanmasını nəzərə alaraq, Cavabdeh pul vəsaitinin ödənişini gecikdirdiyi müddət 2 il təşkil edir. Həmin müddət üçün də faiz məbləği hesablanmalıdır. Belə ki, 2 il üçün 5 % həcmində, yəni ümumilikdə 20955,41 manat faiz ödənilməlidir. Hüquqi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən Nigar Həsənova vəkilə 400 manat pul vəsaiti ödəyib. Odur ki, Nigar Həsənovanın hüquqi xidmət üçün ödədiyi 400 manat cavabdeh tərəfindən dəymiş zərərin əvəzi kimi ona ödənilməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı icra vərəqəsi üzrə 183268,29 manat məbləğində qalıq borca 2 il müddətində illik 5 faizlə hesablanmış 18326,83 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı münasibətlər müqavilə öhdəliklərinə dayanmadığından və məhkəmə qərarı üzrə ödənilməli pul məbləğinin gecikdirilməsinə görə qanunvericilikdə digər əsaslar mövcud olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinin məzmunu birinci instansiya məhkəməsinə təqdim olunmuş iddiaya etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya baxışı zamanı Cavabdeh təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın qismən təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(001)-1224/2018 saylı qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlaklara payların müəyyən edilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi 12 saylı evin 52 saylı mənzilinin Cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən «Renessans Palace» yaşayış kompleksinin 2 saylı binasının E blokunun, 11-ci mərtəbəsindəki 580 və 581 saylı mənzillərin isə İddiaçı verilməsi, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi və pulun tutulması» tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" ASC tərəfindən Cavabdeh ödənilmiş 926806,50 manat məbləğində pulun 1/2 hissəsindən, yəni 463403,25 manatdan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən «Renessans Palace» yaşayış kompleksinin 2 saylı binasının E blokunun, 11-ci mərtəbəsindəki 580 və 581 saylı mənzillərə görə tərəflərin birgə yaşadıqları dövrdə ödədikləri 131920 manatın 1/2 hissəsi, yəni İddiaçı Cavabdeh ödəməli olduğu 65900 manat çıxılmaqla, 397443,25 manat, habelə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi 12 saylı evin 52 saylı mənzilinə görə 12500 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 01.10.2019-cu il tarixli sığorta müqaviləsinə görə, ASC tərəfindən həyatın yaşam sığortası üçün Cavabdeh hesabına 367894,78 ABŞ dolları sığorta məbləği ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi bankının rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə ödəniləcəkdir. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Nəbi Allahverdiyevin 16.08.2019-cu il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2019-cu il tarixli, 2(103)-1503/2019 saylı icra sənədi əsasında icraata başlanılması və tələbin könüllü şəkildə 5 gün müddətində icra edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanan 13 aprel 2018-ci il tarixli məlumatda qeyd edilmişdir ki, Cavabdehla "xxxx" ASC arasında həyatın yaşam sığortası üzrə iki müqavilə bağlanılmışdır. 24.09.2013-cü il tarixli, C-ELİ- 0189/13 saylı sığorta müqaviləsinin müddəti 24.09.2016-cı il tarixdə bitmişdir. "xxxx" ASC tərəfindən 27.09.2016-cı il tarixdə müqavilənin şərtlərinə əsasən sığorta təminatı üzrə faydalanan şəxslərə ümumilikdə 1048882,79 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta müqaviləsinə əsasən bankdan götürülmüş kredit borcu məbləğinə münasibətdə faydalanan şəxs "xxxx" ASC müəyyən edilmiş və bu səbəbdən 122076,29 manat vəsait adıçəkilən banka köçürülmüşdür. 926806,5 manat məbləğində sığorta ödənişi isə digər faydalanan şəxs olan Cavabdeh hesabına köçürülmüşdür. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 20 may 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01.2019-cu il tarixli, 2(103)-1503/2019 saylı icra vərəqəsi 16.08.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədi üzrə tərəflər arasında razılıq əldə olunaraq, icra vərəqində göstərilən Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi 126 saylı evin 52 saylı mənzili 160000 manat dəyərində İddiaçı təklif edilmiş və o, həmin mənzili qeyd olunan qiymət dəyərində qəbul etmişdir. Daha sonra borclu Cavabdeh tərəfindən 05.11.2019-cu il tarixdə 3000 manat və 03.12.2019-cu il tarixdə 2500 maat olmaqla cəmi 5500 manat pul vəsaiti şöbənin depozit hesabına ödənilmişdir. Şöbənin depozit hesabında olan 5500 manat pul vəsaiti 11.12.2019-cu il tarixli ödəniş tapşırığına əsasən tələbkar İddiaçı müvafiq bank hesabına köçürülmüşdür. İcra vərəqəsi üzrə qalıq borc məbləğinin ödənilməsini təmin etmək məqsədi ilə borclu Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla 16.12.2019-cu il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin 07.01.2020-ci il tarixli, 8(001)-16/2020 saylı qərardadına əsasən təqdimat təmin edilməmişdir. Qeyd olunan qərardaddan icra məmuru tərəfindən şikayət verilsə də, şikayət təmin edilməmişdir. İcra vərəqəsi üzrə borclu Cavabdeh borc məbləğinin hissəhissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Binəqədi Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 8(001)-164/2020 saylı qərardadına əsasən borclunun ərizəsi təmin edilməmişdir. Borclunun şöbəyə ünvanladığı ərizəyə əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, onun tələbkarın müvafiq hesabına 30.12.2019-cu il tarixdən 07.07.2020-ci il tarixədək 22500 manat pul vəsaiti ödənilmişdir. Qalıq borc məbləğinin ödənilməsini təmin etmək üçün 15.07.2020-ci il tarixdə borclu Cavabdeh iş yerinə əmək haqqına yönəltmə məktubu ünvanlanmışdır. Görülmüş icra tədbirləri nəticəsində borclu tərəfindən tələbkara bu günədək 226674,96 manat pul vəsaiti ödənilmişdir. İcra vərəqəsi üzrə qalıq 183268,29 manat pul vəsaitinin ödənilməsi istiqamətində icra tədbirləri davam etdirilir. 23.02.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 14 saylı vəkil Bürosunun hesabına (213+213) 416 manat ödəniş edilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında «birgə nikah dövründə əldə olunmuş əmlaklara payların müəyyən edilməsi» tələbinə dair mübahisə 2018-ci ildən başlamışdır. Mübahisənin nəticəsi kimi sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsi qəbul edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qətnamə üzrə Cavabdeh ümumilikdə 409943,25 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 20 may 2021-ci il tarixli məktubuna əsasən, görülmüş icra tədbirləri nəticəsində borclu tərəfindən tələbkara bu günədək 226674,96 manat pul vəsaiti ödənilmişdir. İcra vərəqəsi üzrə qalıq borcun 183268,29 manat olduğu göstərilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsi üzrə iki il ödənilməmiş 209554,10 manat məbləğində pul vəsaitinin 5 faizi həcmində, yəni 20955,41 manat pul vəsaitinin ödənilməsini gecikdirməsi səbəbindən cavabdehdən tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək rədd edilməsini, qətnamə üzrə ödənişləri hər ay əmək haqqından tutulmalar hesabına ödəyəcəyini bildirir. Mübahisənin xülasəsi ondan ibarətdir ki, iddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, cavabdehin icra sənədi üzrə ödənilməli olan məbləğin gecikdirilməsinə görə, yəni Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixdən 2 il müddət üçün hər il 5 faizlə hesablanmış məbləğ tələb edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək yaranmış borcun kredit münasibətlərindən deyil, birgə əmlakın bölünməsindən irəli gələn öhdəlik olduğunu bildirir. Eyni zamanda, cavabdehin başqa əmlakı olmadığından aliment və həmin icra sənədi borclunun əmək haqqından tutulur. Yəni, cavabdeh, borcun ödənilməsindən qərəzli olaraq yayınmır. Yekun olaraq cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından və Mülki Məcəllənin 445.7-ci maddəsi müqavilə münasibətlərinə aid edildiyindən iddia tələbinin qanuni əsası tapılmır və iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Konstitusiya Məhkəməsinin qərarındakı mövqedən aydın olur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edilən 5 faiz məbləğ nə vurulmuş zərərdən, nə pul öhdəliklərinin icra edilməsi ilə bağlı məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 449-cu maddəsindən asılı deyildir. Bu isə onu deməyə əsas verir ki, həmin norma icranın gecikdirilməsi nəticəsində vurulmuş zərər və ya öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti üçün sanksiya olmamaqla, borclunun təqsiri ilə bağlı olan halı özündə ehtiva etmir. Həmin norma pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələrini müəyyən edir. Yəni kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etmirsə və ya həmin məbləği sübut edə bilmirsə, ən azı 5 faiz tələb etmək hüququ var. Qanunun bu norması kreditora onun qarşılaşdığı maliyyə itkisini minimal qaydada kompensasiya etmək imkanı tanıyır. Bu baxımdan, cavabdehin icra sənədi üzrə borcunun onun təqsiri olmadan yaranması və təqsiri olmadan ödənilə bilməməsi barədə dəlili əsaslı deyil. Bundan başqa, cavabdehin Mülki Məcəllənin 445.7-ci maddəsinin yalnız müqavilə münasibətlərinə şamil edilməli olması barədə dəlili də əsaslı deyil. Çünki, Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 14.2.3-cü maddəsi mülki hüquqları və vəzifələri müəyyənləşdirən məhkəmə aktlarını mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən etmişdir. Məhkəmə qərarı əsasında öhdəliyin yaranmış olması Mülki Məcəllənin öhdəliklərin xitamı ilə bağlı 551.2.4-cü maddəsində öz əksini tapmışdır. Sadalanan normalardan göründüyü kimi, öhdəliyin yaranmasının Mülki Məcəllədə nəzərdə tutulan digər əsaslarından biri də məhkəmə qərarının olmasıdır. Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında borclunun kreditor (tələbkar) qarşısında öhdəliyi yaranmışdır. Tələb olunan məbləğə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi verilən zaman cavabdehin 209554,1 manat borcunun qaldığını bildirsə də, iş materiallarına əlavə edilmiş icra məmurunun məktubundan borclunun faktiki olaraq 183268,29 manat qalıq borcunun olduğu müəyyən edilmişdir. Bu səbəbdən, məhkəmə qətnaməsi əsasında 24.01.2019-cu il tarixdə verilmiş icra vərəqəsindən 2 il müddət keçdiyindən cavabdehdən qalıq borc məbləğinin illik 5 faizi miqdarda vəsait tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı qismən təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(001)- 3489/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar