Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9623/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(001)-5664/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən avtomobilinə dəyən maddi ziyana görə 6215 manat, mənəvi zərərə görə isə 1000 manatın və 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, özünə məxsus avtomobillə 18 fevral 2021-ci il tarixdə saat 10:00 raddələrində Salatın Əsgərova küçəsi ilə hərəkət edən zaman cavabdehin idarə etdiyi Fiat markalı, **-VV-*** dövlət nömrəli avtombil özündən sağ tərəfdə “STOP” nişanın tələbinə riayət etməyərək, qəfil onun yoluna çıxmış və onun idarə etdiyi “JEEP” markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma zamanı idarə etdiyi avtomobilə sol tərəfdən zərər yetirilmiş və ziyan dəymişdir. Dəymiş ziyan barəsində “Pit Stop” servis xidməti tərəfindən tərtib olunmuş qüsur aktına əsasən zədələnmiş detalların təmiri ümumilikdə 6215 manat təşkil etmişdir. Qəza baş verən zaman cavabdeh tərəfindən verilmiş izahatdan aydın olur ki, o, törətdiyi xətanı etiraf etmiş və onun avtomobilinə dəymiş ziyanı təxmin etmişdir. Sonda isə o, cavabdehə dəfələrlə müraciətlərinin heç bir nəticə verməyəcəyini təyin etdiyi üçün mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(001)- 5664/2021 saylı qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) cavabdehdən dəymiş maddi zərərə görə 1215 manat və ödənilmiş dövlət rüsumunun 5 manatı tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin tam və hərtərəfli araşdırılmaması, həqiqətən onun təqsiri üzündən yol-nəqliyyat hadisəsinin baş verməsi, lakin zərərin məbləğinin şişirdilməsi, zərərin məbləğinin dəqiqləşdirilməsi üçün ekspertizanın təyin olunmaması, yalnız qüsur aktına istinad olunması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan AB seriyalı 659918 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, **-NE-*** dövlət qeydiyyat nişanlı, “Jeep Wrangler” minik markalı avtomobilin sahibi İddiaçıdur. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYP tərəfindən tərtib edilmiş 18 fevral 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibatı xəta törədilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYP tərəfindən tərtib edilmiş 18 fevral 2021-ci il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə) 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan 06 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Beləliklə, işdə olan sübutlara və tərəflərin bildirdiklərinə əsasən cavabdeh idarə etdiyi avtomobillə 18.02.2021-cu il tarixdə saat 10.00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq iddiaçının idarə etdiyi **-NE-*** dövlət qeydiyyat nişanlı, “Jeep Wrangler” minik markalı avtomobillə toqquşmuşdur. Nəticədə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə) 40 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, işdə olan 26 fevral 2021-ci il tarixli “Pit Stop” Servisin tərtib etdiyi aktdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus **-NE- *** dövlət qeydiyyat nişanlı, “Jeep Wrangler” minik markalı avtomobilə 6215 manat maddi ziyan hesablanmışdır. Həmçinin, işdə olan 02 mart 2021-ci il tarixli sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, 18 fevral 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda baş vermiş yol nəqliyyat hadisəsinə görə "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Ümumi zərərin məbləği 6215 manat təşkil edir, zərərvuran şəxs Cavabdehdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilini zədələmiş və bunun nəticəsində dəymiş zərərin məbləği 6215 manat məbləğində müəyyən edilmişdir. Həmin zərərin 5000 manatı cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Bu səbəbdən də iddia həmin hissədə qismən təmin edilməli, dəymiş maddi zərərə görə 1215 manat (6215-5000) məbləğində vəsait cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, işdə olan sübutlarla cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin 6215 manat təşkil etməsi müəyyən olunur. Bu hal həmçinin istər qüsur aktından, istərsə də sığorta ödənişi ilə bağlı tərtib olunmuş aktdan da görünür (icbari sığorta növü üzrə maddi zərərin son məbləği 5000 manat olduğundan, sığorta şirkəti məhz həmin vəsaiti zərərçəkənə ödəmişdir). Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu (zərərin daha az olması və s.) təqdim etməmiş, etirazını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Belə olan halda isə, məhkəmə kollegiyası ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-in 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdə zərəri iddiaçıya ödəmək vəzifəsi vardır. Cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(001)-5664/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(001)- 5664/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9623/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9623/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver