Məhkəmə qərarları › İş №2(103)-9654/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9654/2021

10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9654/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-61/2021 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat məbləğində maddi zərər və 60000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 oktyabr 2017-ci il tarixdə Cavabdeh fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən klinikada Mübariz Məmmədli adlı həkim tərəfindən İddiaçı abdominoplastika və məməböyütmə əməliyyatları həyata keçirilmişdir. Əməliyyatların keçirilməsi ilə bağlı İddiaçı üzərində “Real Hospital ödənilib” ştampı vurulmuş, ciddi hesabat blankı olmayan ödəniş qəbzləri verilmişdir. Həmin qəbzlərdən və analiz sənədlərindən başqa iddiaçıya hər hansı bir başqa sənəd təqdim edilməmişdir. Ödəniş qəbzlərindəki ümumi məbləğ 3772 manat təşkil edir. Əməliyyatlar uğursuz alınmış və bu günə qədər həkimin verdiyi vədlərə baxmayaraq əməliyyatın nəticələri müsbətə doğru dəyişməmişdir. Belə ki, məməböyütmə əməliyyatı aparıldıqdan sonra iddiaçının bir sinəsi digərindən daha böyük qalmışdır. Sinənin qeyri mütənasibliyi bu gün də davam etməkdədir. Məməböyütmə əməliyyatı zamanı istifadə edilən xammal (silikon implant) isə vəd edilən Alman mənşəli “Mentor” markalı və keyfiyyətli xammal olmamış, ucuz və keyfiyyətsiz “Politech” xammaldan (silikon implant) istifadə edilmişdir. Bu implant isə vaxt keçdikcə öz formasını dəyişir və kiçilir. Hazırda da sinə nahiyyəsində gözlə görüləcək şəkildə qeyri-mütənasiblik vardır. Abdominoplastika əməliyyatından sonra isə müəyyən edilmişdir ki, əməliyyat zamanı dəri lazım olandan daha çox kəsilmiş, mədə üzərində gözlə görünəcək şəkildə deşik qalmış və həmin deşiyin üzərinə yalnız plastr yapışdırılmışdır. Həmin yara bitişmiş və qabarmış, yəni qabağa doğru gəlmişdir. Bu isə iddiaçının qarın nahiyyəsinin estetik görünüşünə xələl gətirməklə yanaşı, yemək yediyi zaman və fiziki hərəkətlər etdiyi zaman ağrılar verir. Göbək nahiyyəsinin yeri düzgün qoyulmamış və göbək həddindən artıq böyük qoyulmuşdur. Bu səbəbdən də hazırda heç bir digər həkim bu əməliyyatın fəsadlarını aradan qaldırmaq məsuliyyətini öz üzərinə götürmək istəmir. İddiaçı göbəyini hiss etmir və dözülməz ağrılar olduğu üçün hətta əli ilə də toxuna bilmir. Əməliyyatın üzərindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq əməliyyatın fəsadları aradan qalxmamış, qarın nahiyyəsində əməliyyatın izləri, o cümlədən kobud tikiş izləri və tikişdən qalma dərin çapıqlar açıq şəkildə görünməkdə davam edir. Dəri lazım olandan daha çox götürüldüyündən iddiaçı əllərini belə yuxarı qaldıra bilmir. Dəri lazımi şəkildə tarıma çəkilmədiyindən əllər yuxarı qaldırılarkən ağrılar baş verir. Bu hal hətta iddiaçının cinsiyyət orqanına belə təsir göstərir və həmin orqanın həssaslığı əməliyyatdan sonra əhəmiyyətli dərəcədə azalmışdır. Belə ki, qarın ətrafının dərisi həddindən artıq tarım dartıldığından cinsiyyət orqanı öz yerini daha yuxarıya doğru dəyişmişdir. Hətta həmin orqanın üzərində iki yerdən deşik şəklində çapıqlar və izlər qalmışdır. Bununla yanaşı iddiaçı ağır əşyalar qaldıra, o cümlədən azyaşlı övladlarını belə qucağına ala bilmir. Belə ki, bu hərəkətləri görmək istədiyi zaman kəskin ağrılar baş verir. İddiaçı ümumiyyətlə heç bir idman növü ilə məşğul ola bilmir və fiziki güc tətbiq etdiyi zaman dözülməz ağrıları olur. İddiaçının iki azyaşlı övladı vardır. Lakin, bu əməliyyatdan sonra iddiaçı artıq ana ola bilməyəcəkdir. Yuxarıda sadalanan hallar iddiaçının normal həyatına həddindən artıq mənfi təsirlər göstərmiş. İddiaçı fəal ictimai həyat tərzindən, şəxsi və cinsi həyatdan tamamilə məhrum olmuşdur. Tək olmadığı şəraitdə, əməliyyat olunan bədən nahiyyələrini göstərməkdən utanır, idmanla məşğul ola bilmir və hətta çimərliyə belə getmək imkanından məhrumdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 15.000 manat maddi zərər dəymişdir. Belə ki, yalnız əməliyyat zamanı iddiaçı cavabdehin xəzinəsinə 3772 manat vəsait ödəmişdir. Əməliyyatdan sonra iddiaçı 2 ay işləməmiş, evdə ona baxılması üçün tibb-bacısı tutmuş, dərmanlara və xidmətə 2000 manatdan artıq vəsait sərf etmişdir. Əməliyyatların fəsadlarını aradan qaldırmaq üçün isə yeni əməliyyatlar keçirilməlidir. Bu əməliyyatların dəyəri isə 10.000 manatdan artıq təşkil edir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-61/2021 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 3772 (üç min yeddi yüz yetmiş iki) manat maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyan, ümumilikdə 4772 (dörd min yeddi yüz yetmiş iki) manat məbləğində pulun tutulması, iddianın qalan hissədə rədd edilməsi və cavabdeh "xxxx" MMC-dən 2 (iki) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə nəzərə almamışdır ki, yalnız əməliyyat zamanı iddiaçı cavabdehin xəzinəsinə 3772 manat vəsait ödəmiş. Əməliyyatdan sonra iddiaçı 2 ay işləməmiş, evdə ona baxılması üçün tibb-bacısı tutmuş, dərmanlara və xidmətə 2000 manatdan artıq vəsait sərf etmişdir. Əməliyyatlann fəsadlarını aradan qaldırmaq üçün isə yeni əməliyyatlar keçirilməlidir. Bu əməliyyatların dəyəri isə 10.000 manatdan artıq təşkil edir. Birinci instansiya məhkəməsi bu hallara dair iddiaçı tərəfin sübut təqdim etmədiyini göstərsə də, əməliyyatların fəsadlarının aradan qaldırılması üçün keçirilməli olan yeni əməliyyatların dəyərini müəyyənləşdirmək məqsədi ilə ekspert qarşısında sual qoyulduğunu, lakin ekspertin həmin suala cavab vermədiyini də nəzərə almamışdır. Mənəvi zərəri isə birinci instansiya məhkəməsi cəmi 1000 manat qarşılığında kompensasiya etmişdir. Halbuki cavan bir xanımın 2 il ərzində bu şəkildə mənəvi iztirab çəkməsi və sarsıntı keçirməsi əlbətdə ki, pulla ölçülə bilməz. Lakin, zərərvuran şəxslərin təqsiri və əmlak vəziyyətini nəzərə alaraq, belə qənaətə gəlinir ki, vurulmuş mənəvi zərərin 50000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatan olacaqdır. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin apellyasiya icraatı qaydasında təmin edilmiş hissədə ləğv edib iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cərrahi əməliyyatı Mübariz Məmmədli həyata keçirmişdir. Həkimin Cavabdeh MMC-də əmək müqaviləsi əsasında işləməsini təsdiq edən heç bir sənəd mövcud deyildir. Buna baxmayaraq məhkəmə Mübariz Məmmədlini Cavabdeh MMC-nin işçisi kimi qiymətləndirmişdir. Birinci növbədə həm məhkəmənin həm də iddiaçının Əmək Müfəttişliyinə sorğu verməklə bu məsələni aydınlaşdırmaq imkanı olmuşdur, lakin bunu nə məhkəmə nə də iddiaçı etməmişdir. İkinci növbədə isə iddia tələbini əsaslandırmaq iddiaçının vəzifəsidir və iddia tələbində göstərilənləri sübut etmək yükü onun üzərinə düşür. Lakin məhkəmə qanunvericiliyin bu tələblərini kobud şəkildə pozaraq iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq bu halı cavabdehin ziyanına qiymətləndirmişdir. Ona görə də Cavabdeh MMC-nin həkim Mübariz Məmmədlinin hərəkətlərinə görə məsuliyyət daşımaq vəzifəsi yoxdur. Bundan başqa cərrahi əməliyyat nəticəsində istifadə olunmuş implantın hansı marka olması, həmin marka implantm ümumiyyətlə keyfiyyət sertifikatının olması, əgər əməliyyatdan sonra iddiaçının məmələrində yaranmış fərqin implantın kiçilməsi səbəbindən yoxsa həkimin təqsiri üzündən baş verməsi ümumiyyətlə araşdırılmamışdır. Lakin məhkəmə tərəfindən düzgün araşdırma aparılacağı təqdirdə iddiaçının məmələrində yaranmış fərqin səbəbi dəqiqləşdirilsə o zaman bu fərqə görə məsuliyyət daşıyan cavabdeh də fərqli olacaqdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən ümumiyyətlə məmələrdə yaranmış fərqin səbəbi dəqiq deyil belə olan halda cavabdehin kim olması da dəqiq deyil. Çünki xəstəyə istifadə edilən implantın istehsalçısı başqa biridir və onun keyfiyyətinə zəmanəti də həmin istehsalçı verir. Real Hospital heç bir dərman preparatının, o cümlədən silikon implantın keyfiyyətinə zəmanət vermək imkanında deyil. Bundan başqa iddiaçı iddia ərizəsində göstərmişdir ki, ona məməböyütmə əməliyyatı icra edilərkən silikon implant yerləşdirilmişdir. Həmçinin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən ümumilikdə 3772 manat pul ödənilmişdir. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olan silikon implantın qiyməti məhkəmə tərəfindən dəqiqləşdirilməmişdir. Çünki silikon implant ömürlük istifadə üçün nəzərdə tutulmuşdur və onun dəyəri vardır. Hesab edilir ki, məhkəmə maddi zərəri hesablayarkən iddiaçının istifadəsində olan silikon implantın dəyərini və xəstəxanada qaldığı günlərdə göstərilmiş xidmətə görə ödədiyi pul məbləğini nəzərə almamaqla cavabdehin hüquqlarını pozmuş və həmçinin Cavabdeh MMC-nin sahibkarlıq fəaliyyətinə müdaxilə etmişdir. Çünki qeyd edilən xərclər ümumiyyətlə başqa istiqamətə xərclənmişdir. Həmin məbləğlərdə isə dövlətə vergilər verilmişdir. Bu səbəbdən hesab edilir ki, müvafiq sorğular verilməklə silikon implantın hazırkı bazar dəyəri dəqiqləşdirilməli və buna uyğun yenidən maddi zərər hesablanmalıdır. Bundan başqa cərrahi əməliyyatdan sonra toxumaların yenidən bərpa olunması, tikiş izlərinin yox olması və ya hansı müddətdə yox olması orqanizmin xüsusiyyətləri ilə əlaqədardır. Bu xüsusat ilə bağlı Real Hospitalın hər hansı təqsirinin olması ümumiyyətlə müəyyən edilməmişdir. Lakin təqsir müəyyən edilmədiyi halda məhkəmə maddi ziyanın və mənəvi ziyanın olması barədə qərar qəbul etmişdir. Lakin hüquqazidd hərəkət olmadığı halda mənəvi zərərin mövcud olması ümumiyyətlə mümkün deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçını əməliyyat edən həkimlə "xxxx" MMC arasında hər hansı bir bağlılıq olmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, 03 oktyabr 2017-ci il tarixdə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında tibbi yardım və xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinin c) yarımbəndinə əsasən tibbi xidmətlərə cərrahiyyə əməliyyatlarının həyata keçirilməsi də daxildir. X1 03.10.2017-ci il tarixli anesteziya vərəqəsindən görünür ki, abdominoplastika və mamaplastika əməliyyatlarının keçirilməsi üçün ona ümumi anasteziya olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 500/keş saylı, 23.11.2020-ci il tarixli rəyinə əsasən: 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir;

1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 03.10.2017-ci il tarixdə “Real Hospital’a müraciət etmiş və aparılmış obyektiv müayinələrdən sonra ona “Qarın diastazı. Qarının ön divarının sallanması” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq ona yalnız "Dermolipektomiya” cərrahiyyə əməliyyatı icra edilmiş, lakin süd vəzilərində implantasiya əməliyyatı aparıldığı halda, əməliyyatın gedişatı tibbi sənədlərdə qeyd edilməmişdir. Əməliyyatdan sonra müayinə və müalicələr davam etdirilmiş, 06.10.2017-ci il tarixdə İddiaçı kafi vəziyyətdə evə yazılmışdır. Tibbi müdaxilələrinin aparıldığı halda və tibbi sənədlərdə rəsmilləşdiriləməməsi Səhiyyə sistemində mövcud olan təlimat qaydasının pozulması kimi qiymətləndirilir. 2.8. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda əməliyyat bölgəsində artıq piy toxuması, abdominal çapıq toxumalarında qulaqcıqlar, göbək nahiyəsində nahamarlıq və eyni zamanda süd vəzilərində assimetriya qeyd olunur. Bu dəyişikliklər təkrar korreksiya edici əməliyyatla aradan qaldırılıa bilər. 3.5.6. Əməliyyatdan sonra uzun müddətli ağırların və digər dəyişikliklərinin olması toxuma xüsusiyyətləri ilə əlaqədar ola bilər. 4. İddiaçı süd vəzilərində aparılmış müdaxilə ilə əlaqədar tibbi sənədlərdə hər hansı bir qeydiyyat aparılmadığı üçün süd vəzilərinə qoyulmuş implantların qeyri mütənasibliyinin səbəbi haqqında fikir söylənilməsi mümkün olmadı. 7. Əməliyyatdan öncə orqanizmin toxuma xüsusiyyətlərinin qiymətləndirilməsi mümkün deyildir. Lakin estetik əməliyyatlar pasiyentin istəyinə uyğun olaraq həyata keçirilir. Tibbi müdaxilələrlə bağlı hər hansı vəsaitin tələb olunması məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllnin 21.1 -ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1099.1–ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2.-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, 2017-ci ildə iddiaçı özünün xarici görünüşünün yaxşılaşdırılması üçün estetik əməliyyatlar keçirilməsi qərarına gəlmiş və bu məqsədlə Cavabdeh MMC-yə müraciət etmiş, sonuncu ilə bu barədə müqavilə bağlamış və onda MMC-nin həkimi tərəfindən abdominoplastika və məməböyütmə əməliyyatları həyata keçirilmiş, lakin əməliyyatlar düzgün aparılmadığından iddiaçının bədəni üzərində əməliyyatdan sonra da qeyri-estetik izlər əmələ gəlmiş, sağlamlığına zərər vurulmuşdur. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, İddiaçı \qızı ilə "xxxx" MMC arasında tibbi yardım və xidmətlərin göstərilməsi barədə 03 oktyabr 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinin c) yarımbəndinə əsasən tibbi xidmətlərə cərrahiyyə əməliyyatlarının həyata keçirilməsi də daxildir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı "xxxx" MMC-də müxtəlif analizlər verilmiş eləcə də əməliyyatdan əvvəlki vəziyyət eyni zamanda əməliyyat önü baxış həyata keçirilmiş və həmin sənədlərdən müəyyən edilir ki, əməliyyatın adı – abdominoplastika və mamaplastika (i.v 79) olmuşdur. Göründüyü kimi tərəflər arasında müqavilə öhdəlikləri olmuş, həmin müqaviləyə əsasən də cavabdeh "xxxx" MMC İddiaçı cərrahiyyə əməliyyatlarının da həyata keçirilməsi razılaşdırılmışdır. Həmçinin cavabdeh tərəf əməliyyatı həyata keçirən həkimin MMC-də icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyini bildirsə də, bu halı təsdiq edə biləcək sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının haqlı olaraq Cavabdeh MMC-yə qarşı maddi zərər tələbi ilə məhkəməyə müraciət etməsi barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əməliyyatlar aparılması üçün MMC-yə 3772 manat məbləğində vəsait ödənilməsi iddiaçıya Cavabdeh MMC tərəfindən verilmiş ödəniş sənədləri ilə təsdiq olunur. Lakin iddiaçı əməliyyatdan sonra tibb-bacısı tutmasını, dərmanlara və xidmətə 2000 manatdan artıq vəsait sərf etməsini, əməliyyatların fəsadlarını aradan qaldırmaq üçün isə yeni əməliyyatların keçirilməsi üçün 10.000 manatdan artıq vəsaitin tələb olunduğunu bildirsə də bu halı təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Odur ki, maddi zərər tələbi qismən 3772 manat məbləğində hissəsində təmin edilməli və həmin məbləğ Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin qeyd olunan hissəsində də düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda göstərildiyi kimi iddiaçı tərəf tələbinin təmin edilməyən – maddi ziyanla bağlı hissəsində mötəbər sübutları təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası iddia tələbinin – mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İşin müəyyən olunmuş hallarına əsasən iddiaçının estetik görünüşünə və sağlamlığına cavabdeh "xxxx" MMC-nin təqsirli hərəkətləri nəticəsində zərərin vurulması təsdiq edilmişdir və həmin hərəkətlər mənəvi sarsıntının keçirilməsinə səbəb olan hallardır. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin hansı dərəcədə olduğunu və onun qarşılığında zərərin əvəzi kimi kompensasiyanın ödənilməsini qanunvericilik işə baxan məhkəmənin mülahizəsinə və daxili inamına həvalə etmişdir. Lakin hər bir halda nəzərə alınmalıdır ki, mənəvi zərərin məbləği işin halları baxımından ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, zərərvuran şəxsin təqsirini və əmlak vəziyyətini, zərərçəkən şəxsin fərdi xüsusiyyətlərini, yəni qadın olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, mənəvi zərərin məbləğinin 1000 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə tərəflərin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-61/2021 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar