Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9667/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülk iş üzrə Səbail Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, cavabdehin “iş üzrə icraata xitam verilməsi barədə” vəsatət təmin edilməsin. Cavabdeh şikayət verərək tələb edib ki, qərardad ləğv olunsun. Şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin (MPM) 395-ci maddəsindən görünür ki, birinci instansiya məhkəmələrinin qərardadlarından 2 halda şikayət verə bilər: 1) MPM-də göstərilən hallarda; 2) qərardad işin sonrakı hərəkətinə mane olduqda. İcraata xitam verilməsindən imtina olunması barədə qərardad onların heç birinə aid deyil. Belə ki, MPM-də bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmayıb. MPM-in 262.5-ci maddəsində qeyd olunub ki, iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayət verilə bilər. Göründüyü kimi, icraata xitam verilməsindən imtina olunması barədə qərardaddan deyil, icraata xitam verilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulub. O cümlədən iş üzrə icraata xitam verilməsindən imtina edilməsi barədə qərardad işin sonrakı hərəkətində mane olmur. İcraata xitam verilməsindən imtina olunmasından ümumiyyətlə prosesin hər hansı mərhələsində şikayət verilməsi mümkün deyil, çünki məhkəmə baxışının davam etdirilməsi və qətnamə çıxarılması qanunsuz olarsa, narazı tərəf qətnamədən şikayət verə və icraata xitam verilməsini yuxarı instansiya məhkəməsində tələb edə bilər. Beləliklə, 27.08.2021-ci il tarixli qərardaddan şikayət verilə bilməz. Həmin qərardadın məzmununda qərardaddan şikayət verilməsinin mümkünlüyü qeyd olunsa da, bu, MPM-in tələblərinə ziddir. MPM-in 264.0.7-ci maddəsinə görə qərardaddan şikayət verilə bilərsə, şikayət verilmə qaydası və müddəti qərardadda göstərilməlidir. Həmin maddədə istifadə olunun “şikayət verilə bilərsə” ifadəsi onu göstərir ki, qərardaddan şikayət vermək hüququnun olub-olmadığını qanun müəyyən edir, əgər qanun qərardaddan şikayət vermək hüququnu nəzərdə tutmursa məhkəmə öz təşəbbüsü ilə qərardadın məzmununda belə bir hüququn olmasını göstərə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 27.08.2018-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. İş Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9667/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9667/2021
16.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver